Martın 13-də Milli Gimnastika Arenasında Akrobatika Gimnastikası üzrə qadınlar və kişi cütlükləri arasında temp və tarazlıq hərəkətləri proqramı üzrə 28-ci Dünya çempionatının müvafiq olaraq qalib və mükafatçılarının mükafatlandırılması mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, temp hərəkətləri proqramında qadın cütlüklər arasında fəxri kürsünün birinci pilləsini Portuqaliya təmsilçiləri Rita Ferreyra və Ana Teyşeyra, ikinci yeri Qazaxıstandan olan qadınlardan ibarət duet Aleksandra Rudakova və Damira Talqat tutublar, üçüncü yerdə - Macarıstanı təmsil edən Dorina Bernat və Noemi Stattner qərarlaşıb.

Kişi cütlükləri arasında balans hərəkətləri proqramında qızıl medalı Qazaxıstan təmsilçiləri – Vadim Şulyar və Daniel Dil, gümüş medalı Portuqaliyadan olan kişi dueti – Fabio Beko və Bruno Ramalyo, bürünc medalı ABŞ-dan olan Brayden Makduqal və Encel Feliks qazanıblar.
Qeyd edək ki, martın 10-13-də Milli Gimnastika Arenasında akrobatika gimnastikası üzrə Bakıda ilk dəfə olaraq dünya çempionatı keçirilir. Yarışlarda 17 ölkədən 170 gimnast iştirak edir.
Yarışlarda qadın, qarışıq və kişi cütlüklər, qadın və kişi qrupları tərkibində gimnastlar tarazlıq, temp və kombinə edilmiş hərəkətləri təqdim edirlər.