05 mart 2022 19:39
725

Dağlar diyarının idman həyatı

Dağlar diyarı Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasında 5 mart- Bədən Tərbiyəsi və İdman Gününə  həsr olunmuş  rayonun idman ictimaiyyəti nümayəndələri ilə görüş keçirildi. Tədbiri   açan Lerik rayon Gənclər və İdman İdarəsinin rəisi Natiq İsaqov  iştirakçıları salamlayaraq  bildirdi ki, 5 mart - Bədən Tərbiyəsi və İdman Günü Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamı əsasında  təsis edilib. 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları  ilə görüşdən sonra  ölkədə İdman Fondu yaradıldı, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyuldu.

Daha sonra  Lerik Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Cəlil Baxşıyev idman mütəxəssislərini, idmançıları bayram münasibətilə təbrik edərək dedi:-   Bədən tərbiyəsi və idman  dövlətimiz  üçün hər zaman ən mühüm sahələrdən biri olub.  Dünya miqyasında idman ölkəsi kimi tanınan Azərbaycanın son 20 ildə qazandığı yüksək nəticələrin təməli  Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub, bu gün isə  ölkə rəhbəri , Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla aparılır.  Qabaqcıl idman ölkələrinin  sırasında  Azərbaycan hazırda beynəlxalq Olimpiya hərəkatının fəal üzvdür.  

Natiq çıxışın  sonunda   rayon idmançılarının qazandıqları uğurlardan söz açdı,  onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı.

Tədbir  rayonda bədən tərbiyəsi və idmanın təbliğində göstərdikləri fəallığa görə bir qrup idman ictimaiyyəti nümayəndəsi Lerik rayon Gənclər və idman İdarəsi tərəfində fəxri fərmanlar verməklə tamamlandı .

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü