13 fevral 2022 00:20
652

Bakı Avropa çempionatını keçirməyə iddialıdır

Bakı gələn il Avropa çempionatını keçirməyə namizədliyini irəli sürüb.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Qeyd edilib ki, 2023-cü ilin aprelin 17-dən 23-dək böyüklər arasında təşkil olunacaq qitə birinciliyi üçün digər namizəd Xorvatiyanın paytaxtı Zaqrebdir.

Xatırladaq ki, 2010-cu ildə analoji yarış ölkəmizdə keçirilib. Nüfuzlu yarışın təşkili paytaxtımıza həvalə olunsa, Avropanın ən güclü güləşçiləri 13 ildən sonra yenə Heydər Əliyev adına İdman Sarayında müəyyənləşəcək.

Bakıda səfərdə olan Dünya Güləş Birliyinin (UWW) Büro üzvü Karl-Martin Ditman nəhəng idman zalıyla tanış olub. Güləş yarışlarının keçiriləcəyi zalla yanaşı, məşq zalı, püşkatma zalı, çəki mərasiminin keçiriləcəyi məkan, hakimlər otağı, tibb otağı və s. yerlərə baxış keçirilib. UWW rəsmisi komandaların və digər qonaqların qalacaqları otellərdəki şəraitlə də yaxından tanış olub və bütün bunlarla bağlı qeydlərini aparıb.

Azərbaycan Güləş Federasiyasının rəsmi saytına açıqlama verən Ditman  deyib ki, yenidən Bakıda beynəlxalq turnirlərin keçirilməsində heç bir problem yoxdur: “Paytaxtınızda çox yaxşı otellər var. Heydər Əliyev adına İdman Sarayında olan şərait isə ən nüfuzlu yarışları keçirməyə imkan verir. Belə böyük arenada güləş üzrə istənilən çempionatı keçirmək olar".