KÖŞƏ

Mahir Rəsuloğlu

Ermənilər niyə və nədən qorxurlar?

11 fevral 2022 23:17
1543

UNESCO missiyasının regiona səfəri bir çox həqiqətlərin üzə çıxmasına şərait yarada bilər

2022-ci il fevral ayının 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilmiş görüşdə UNESCO-nun hər iki ölkəyə ayrı-ayrı missiyalarının göndərilməsinə dair əldə olunmuş razılıq düşmən ölkə tərəfindən təhrif edilir, onlar növbəti dəfə üzərlərinə götürdükləri öhdəlikdən yayınmağa çalışırlar. Səbəb sadə, məqsəd isə bəllidir. Tarixi torpaqlarımızda yaradılmış Ermənistanın uzun illər boyu apardığı məqsədyönlü siyasət nəticəsində xalqımızın bu bu qədim ərazisində mövcud olan mədəni irsi tamamilə yox edilib. Bu proses ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə siyasəti ilə müşayiət olunub. Məlum olduğu kimi, azərbaycanlıların dədə-baba yurdlarından ötən əsrin əvvəllərindən başlamış və əsrin sonunda başa çatmış kütləvi deportasiyası nəticəsində bu gün faktiki olaraq Ermənistanda azərbaycanlı qalmayıb. Təkcə 1988-ci ildə həyata keçirilən sonuncu deportasiya nəticəsində 250 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovulublar.

Beləliklə, Ermənistan həm etnik, həm də mədəni soyqırımı siyasəti aparmaqla bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silib, xalqımızın mədəni irsini talayıb, dağıdıbn, özününkiləşdirib və mənşəyini dəyişdirib. Uzun illər ərzində sözügedən ərazilərdəki qədim toponimlərimizin erməni adları ilə əvəzlənməsi siyasəti də həyata keçirilib. Qeyd edilənlərlə bağlı faktlar fotoşəkillərlə və digər sübutlarla birlikdə UNESCO-ya da təqdim edilib. Odur ki, indi Ermənistan bu ali qurumun faktaraşdırıcı missiyasının düşmən ölkəyə göndərilməsindən ehtiyat edir, hədəfi yayındıraraq Azərbaycan ərazisindəki işğal dövründə erməniləşdirməyə çalışdıqları tarixi abidələrin taleyindən “narahat olduqlarını” bildirirlər.

Vəziyyətdən yenə ermənicə çıxmağa çalışan düşmən ölkə məsələnin mahiyyətini dəyişməyə, ona dini don geyindirməyə çalışır. Ermənistanın Eçmiədzin kilsəsi ATƏT-in artıq heç bir fəaliyyəti qalmamış Minsk qrupunun həmsədrlərinə, “qardaş kilsə və dini təşkilatlara” ünvanladığı müraciətdə Azərbaycan ərazilərində yerləşən xristian ziyarətgahlarının “erməni kimliyinə təcavüzünü” pisləməyə çağırıb. Maraqlıdır, niyə bu “Allah adamları” 30 il ərzində işğal olunmuş torpaqlarımızda bütün evləri, məktəb və bağçaları, mədəniyyət ocaqlarını, inzibati binaları, hətta qəbiristanlıqları dağıdan ermənilər milli dəyərlərimizə, tarixi və mədəniyyət abidələrimizə də eyni vandallıqla, barbarlıqla yanaşanda susurdular? Guya bilmirdilər ki, Qaregin Njdenin faşizm xislətli törəmələri tərəfindən məscidlərimiz yandırılıb, təhqir edilib, tarixi abidələrimiz dağıdılıb, dəyişdirilməyə, erməniləşdirilməyə cəhd edilib? Guya bilmirdilər ki, mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününküləşdirilməsi beynəlxalq humanitar hüququn – 1949-cu il Cenevrə konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il konvensiyalarının kobud şəkildə pozulmasıdır? Bütün bunlar həm də müharibə cinayətləridir. BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi 2347 saylı tarixi qətnamənin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması yolverilməzdir. Bu gün Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi erməni vandalizminin üzə çıxmasına da şərait yaradıb və indi necə deyərlər, hesab vermək vaxtıdır!

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Ermənistanın UNESCO missiyalarının hər iki ölkəyə səfərləri ilə bağlı əldə olunmuş razılığı təhrif etmək cəhdlərinə cavab olaraq fevralın 11-də yaydığı bəyanatda bildirilir ki, Azərbaycan tərəfi bu missiyanın həyata keçirilməsi üçün 20 ildən artıq müddətdə israrlı şəkildə UNESCO-ya müxtəlif çağırışlar edib, çoxsaylı məktublar ünvanlayıb. Lakin təəssüflər olsun ki, belə bir missiya həyata keçirilməyib və bunun yeganə səbəbkarı Ermənistan olub. Təşkilatın 2005-ci il hesabatında Azərbaycan torpaqlarının Ermənistanın işğalı altında olduğu açıq şəkildə vurğulanaraq səfərin qarşısının məhz Ermənistan tərəfindən alındığı etiraf edilib. Odur ki, faktaraşdırıcı missiyanın həm işğaldan azad edilmiş ərazilərimizə, həm də Azərbaycan tərəfinin UNESCO-ya təqdim etdiyi faktların araşdırılması məqsədilə Ermənistana göndərilməsi zəruridir.

Nəhayət, ümid yaranır ki, uzun illərdən sonra xalqımızın tarixi torpaqlarımızda əsrlər boyu yaratdığı mədəni irsinə qarşı ermənilərin vəhşilikləri cəzasız qalmayacaq. Faktaraşdırıcı missiyanın öz işini ədalətlə aparması dünyanın hər zaman görməzdən gəldiyi, susduğu dağıdılmış mədəni və tarixi abidələrimizə görə Ermənistanın məsuliyyətinin müəyyən edilməsinə imkan yarada bilər. Bu, eyni zamanda, işğaldan azad edilmiş torpaqlarımızda yerləşən və ermənilərin öz adlarına çıxdıqları pqədim Alban-udi xristian abidələrinə görə yersiz narahatlıq keçirən ölkələrin, beynəlxalq təşkilatların ikili standartlı yanaşmalarına da son qoyacaq. Əgər Ermənistan keçmişdə işğal altında saxladığı ərazilərə beynəlxalq missiyanın səfərlərinin qarşısının almaq siyasətindən fərqli olaraq, bu dəfə UNESCO-nun fəaliyyətinə şərait yaratsa.

Ermənilər isə qorxurlar. Bəlli səbəblərdən – törətdikləri vəhşiliklərlə üzləşməkdən və hesab verməyə məcbur qalmaqdan...