KÖŞƏ

Vəli İlyasov

Əri döymüş arvadı…

10 fevral 2022 02:37
1078

Azərbaycan-Türkiyə birliyi möhkəmləndikcə beynəlxalq miqyasda həmişə Ermənistanın arxasında duran qüvvələr geri çəkilir və yeni reallıqla  barışmalı olurlar. Onlar hiss edirlər ki, işğalçı Ermənistanı müdafiə etməklə iki güclü dövlətlə əlaqələri itirirlər, qazandıqları isə heç nədir. Bu proses gedir və ilbəil də dərinləşir. Ona görə də həmin qüvvələr artıq siyasətlərində və əməllərində düzəliş etməyə başlayıblar. Bakı və Ankaranın atdıqları addımların dönməzliyini göz önünə alanlar indi haqq-ədalətə doğru meyillənirlər.

Avropa İttifaqının hazırkı sədri olan Fransanın Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşlə bağlı yayılan bəyanat buna sübutdur. Bəllidir ki, həmin görüşdə nə “Dağlıq Qarabağ”, nə “status”, nə də “Minsk qrupu” ifadələri yer almayıb. Bu da məhz Bakının iradəsinin, bölgədəki yeni geosiyasi gerçəkliyin Avropa İttifaqı tərəfindən ciddi qəbul edildiyinin əyani göstəricisidir.

Doğrudur, Makronun bir neçə gün əvvəl Rusiya səfəri zamanı Vladimir Putinlə beş saatlıq görüşündə ötəri olaraq “Qarabağ məsələsi”nə də toxunulub. Lakin bu, növbətçi müzakirələr çərçivəsində, “quş” qoymaq üçün aparılan bir söhbət idi. Üstəlik, açıqlamada heç bir “status”dan danışılmır. Rəsmi məlumata görə, prezidentlər əsasən rəsmiyyət xatirinə  “ATƏT-in Minsk qrupu həmsədrlərinin regionda mövcud humanitar və sosial-iqtisadi problemlərin həllində əhəmiyyətini” bir daha vurğulayıblar.

Ancaq bundan qat-qat önəmlisi videoformatda keçirilən görüşün nəticələrindən digər biri - BMT-nin qurumu olan UNESCO-nun Azərbaycan və Ermənistana nümayəndə heyətləri göndərməsi barədə tərəflərin anlaşmasıdır. Beləcə, uzun fasilədən sonra bu təşkilat nəhayət, Qarabağla yanaşı, “Ermənistan” adlanan qədim türk yurdunda da bizim məhv edilmiş dini-mədəni abidələrimizin taleyi, durumu ilə maraqlanmalı olacaq. Eyni zamanda, Azərbaycan tərəfindən Qarabağdakı qurama  “erməni mədəni-tarixi-dini irsi”nə hər hansı zərər vurulmadığını üzə çıxaracaq.

Ermənilərin ən zəif yerlərindən biri də elə budur - total yalanlar, tarixin saxtalaşdırılması. Çünki yüz ildən çoxdur ki, ermənilər dünya miqyasında Azərbaycanı guya onların dini, mədəni irsini məhv etməkdə həyasızcasına şərləməkdən əl çəkmirlər. Bu səbəbdən UNESCO ilə bağlı qərar qonşu ölkədə şok effekti yaradıb. Yəni, yüz ildən artıq ünvanımıza yağdırılan şər və böhtanlar bu gün bumeranq kimi öz üzərlərinə qayıdır və onların dünyanı aldatdıqları üzə çıxır.

Ermənilər həmişə öz saxtakarlıqlarının faş edilməsindən cin misdən qorxan kimi qorxublar. İndi də qorxurlar. Üstəlik, azad edilən ərazilərimizdə erməni vandallarının tarixi-mədəni irsimizə qarşı törətdiklərini UNESCO əməkdaşları öz gözləri ilə görəcək və şahidi olacaqlar. Demək, Ermənistana qarşı ağır məhkəmə iddiaları üçün yeni və daha güclü hüquqi əsaslar qazanmış olacağıq. Son proseslər, xüsusilə də İkinci Qarabağ müharibəsindən sonra Avropa İttifaqının Azərbaycana münasibətinin ilk dəfə kardinal şəkildə dəyişməsi, o sırada ölkəmizə 2 milyard avro məbləğində maliyyə yardımı ayırması, gözlənildiyi  kimi, işğalçı ölkədə panik ovqat yaradıb. Baş verənlər kapitulyant ölkənin öz əsassız ambisiyaları ilə tənha qaldığını təsdiqləməklə bərabər, həm də ondan xəbər verir ki, Ermənistan hazırkı davranışı ilə daim regionun əhəmiyyətsiz bir dövləti kimi qalacaq. Nümunə da var. Xəbər verildiyi kimi, Belarus prezidenti Aleksandr Lukaşenko bugünlərdə verdiyi müsahibədə Rusiyanın rəhbərliyi altında qurulacaq birliyə kimlərin daxil olacağı ilə bağlı suala cavab olaraq rişxəndlə belə bir cümlə işlədib: “Məgər Ermənistanın başqa yolu var? Onlar kimə lazımdırlar ki? Özləri də buna şahid oldular”. Bu yerdə  məhşur Azərbaycan zərb-məsəli yada düşür: “ Əri döymüş arvadı it də tutdu bu yandan”

Lukaşenkonun hədəfi vuran sözlərinə Ermənistandan reaksiya gecikməyib. Parlamentin “Ermənistan” blokunun deputatı, daşnak Armen Rüstəmyan deyib ki, Aleksanr Lukaşenkonun sözləri diplomatiyada nonsensdir, lakin Ermənistan bunun səbəblərini özündə axtarmalıdır. “Təbii ki, belə bəyanatlar verilməməlidir. Bu, beynəlxalq diplomatik praktikada nonsens, qalmaqallı epizodlardan biridir. Ancaq səbəbləri özümüzdə axtarmalıyıq. Biz özümüz icazə veririk ki, bizim haqqımızda belə danışsınlar. Və bunu təkcə Lukaşenko etmir”, - deyə Rüstəmyan əlavə edib.

Sözsüz ki, Ermənistana, ermənilərə qarşı belə aşağılayıcı münasibət “nümunələri”  hələ çox olacaq. O zamana qədər ki, bu millət özünə və özgələrə hörmət etməyi öyrənəcək, işğalçılıqdan, ağılsız ideyalarından, miflərdən, axmaq xəyallarından birdəfəlik əl çəkəcək və qonşularla normal münasibət saxlamağı bacaracaq. Ancaq hələ də bir xalq kimi formalaşmamış bu toplumdan bunu gözləmək bəlkə də tezdir. Bu, XXII əsrdə mümkün ola, olmaya, ya mədəd…