Astara şəhərində şəhid Pəncəli Teymurov adına Astara Budo Döyüş Növləri Klubu 2020-ci ildən fəaliyyət göstərir. Klubunun rəhbəri, VI dan qara kəmər ustası, dünya, Avropa və beynəlxalq yarışların mükafatçısı Ramiq Rəhmanov və məşqçisi, budo döyüş növləri üzrə III dan qara kəmər ustası, dünya, Avropa və beynəlxalq yarışların mükafatçısı Zamin Baxşıyevdir. Hazırda burada 41 yeniyetmə və gənc müntəzəm keçirilən təlim məşqlərində iştirak edir.
Astara Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə yeniyetmə və gənc idmançılarla görüş oldu. Tədbir iştirakçıları əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Sonra klubda idmançıların təlim məşq prosesi izlənildi.
Görüşdə çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi vəzifəsini icra edən R. Şirinov, idarənin rəis müavini İ. Cəfərov, Vətən müharibəsi qazisi Ə. Əsgər ölkəmizdə, o cümlədən Astara rayonunda dövlət gənclər siyasətinin icrası istiqamətində görülmüş işlərdən, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən idmançı gənclərin göstərdiyi qəhrəmanlıqdan danışdılar, yeniyetmə və gənc idmançıları qələbə sevincləri arzuladılar.
Sonda yeniyetmə və gənc idmançıların bir qrupuna nümunəvi çıxışlarına görə Astara Rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları təqdim olundu.
Zəfər Orucoğlu, Azərbaycan Jurnalistlər Birliyinin üzvü