12 noyabr 2021 21:14
1719

Arpaçay Karate Klubu ölkə çempionatında ikinci olub FOTO

Yeni uğurlara imza atan klub “Zəfər Milli Mükafatı”na layiq görülüb

Karate idman növü üzrə ölkənin aparıcı klublarından olan Arpaçay Karate Klubu yeni uğurlara imza atmaqda davam edir. Bu yaxınlarda keçirilən Vətən müharibəsində Zəfərin ildönümünə həsr olunmuş Azərbaycan Milli Karate Federasiyasının (AMKF) Yeniyetmələr və Gənclər arasında 21-ci Respublika Birinciliyində federasiyaya üzv olan klublar arasında Arpaçay Karate Klubunun ikinci yeri qazanması da buna sübutdur. Bununla yanaşı, Arpaçay Karate Klubu bu günlərdə “MA MEDİA GROUP” tərəfindən “Zəfər Milli Mükafatı”ına layiq görülüb. 

Arpaçay Karate Klubunun prezidenti, Əməkdar məşqçi Yavər Hüseynovun “İki sahil”ə verdiyi məlumata görə, Yeniyetmələr və Gənclər arasında 28-ci Respublika Birinciliyində  klubun idmançıları 8 qızıl, 4 gümüş, 7 bürünc medal qazanıblar: “Bu günlərdə keçirilən XI Dünya Şotokan Çempionatında da klubumuz həm kata, həm də kumite yarışlarında fərqləniblər. Yeri gəlmişkən, İstanbulda keçirilən çempionatdan əvvəl təşkilatın yığıncağında Yaşar Bəşirov yekdilliklə Dünya Şotokan Federasiyasının (WSF) prezidenti seçilib. Bu məsul vəzifəyə seçilməsi Yaşar müəllimin son illərdə təkcə ölkəmizdə deyil, dünya miqyasında karate idman növünün inkişafı üçün gördüyü işlərə verilən yüksək qiymətdir”.    
Rəhbərliyində təmsil olunduğu klubun nailiyyətləri barədə qəzetimizə açıqlamasında Arpaçay Karate Klubunun birinci vitse-prezidenti, Əməkdar bədən tərbiyəsi və idman xadimi, Əməkdar məşqçi Hidayət Şabanov isə bildirib ki, klubun iki il ərzində əldə etdiyi uğurlar göz qabağındadır: “2019-cu ildə dəvət olunsam da, qısa vaxtda klubun inkişafı üçün öz bilik və bacarığımı əsirgəməmişəm. Son çempionatda klubun 19 medalla respublika üzrə ikinci olması böyük nailiyyətdir. Yeri gəlmişkən, ümumiyyətlə, ölkədə karate idman növünün inkişafında Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun, eyni zamanda Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Ülvi Quliyevin diqqəti, qayğısı və dəstəyi danılmazdır”.
Qeyd edək ki, 2015-ci ildə təsis olunan Arpaçay Karate Klubu qısa müddətdə Milli Karate Federasiyasının yeniyetmə və gənclərdən ibarət yığma komandalarına ən çox idmançı yetişdirən klublardan birinə çevrilməsi doğrudan da böyük uğurdur.