XX əsrdə Azərbaycan ədəbiyyatşünaslıq elmi özünün böyük korifeylərini yetirmişdir.
Bu dövrdə qədim elm və sənət mərkəzlərindən olan Naxçıvan Muxtar Respublikası da Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafına mühüm töhfələr vermişdir. Görkəmli alimlərimizdən Məmməd Cəfər Cəfərov, Abbas Zamanov, Məhəmmədhüseyn Təhmasib, Yəhya Seyidov və başqaları məhz Naxçıvan diyarında formalaşmışdılar.
Etiraf etmək lazımdır ki, görkəmli alimlər olan bu ədəbiyyatşünaslardan hər biri sonrakı dövrlərdə də Azərbaycanda ədəbiyyatşünaslığın inkişafına böyük təsir göstərmiş, istiqamət vermiş, məktəb yaratmışlar. Azərbaycan ədəbiyyatşünaslığı tarixində bu görkəmli alimlər içərisində akademik İsa Həbibbəyli də öz dəst-xətti ilə seçilmiş, elmi məktəb yaratmağa müvəffəq ola bilmişdir.
Bu görkəmli ictimai xadim elmi yaradıcılığının 50 ilə yaxın hissəsini Naxçıvan diyarına həsr etmiş, burada elm və təhsilin, ədəbiyyat və mədəniyyətin inkişafına var qüvvəsi ilə xidmət göstərmişdir.Cəsarətlə deyə bilərik ki, bu gün Azərbaycan ədəbiyyatşünaslığında, türk dünyası miqyasında akademikin elmi məktəbi tam şəkildə formalaşmış və böyük uğur qazanmışdır.
Akademik İsa Həbibbəylinin həyat və fəaliyyətinin Naxçıvan dövrü onun bioqrafiyasında xüsusi yer tutur. O, ədəbiyyat tarixi, ədəbi tənqid və ümumiyyətlə, filologiya və mədəniyyətşünaslıq üzrə bütün türk dünyasında böyük xidmətləri olan elm xadimi kimi tanınır və qəbul edilir. Akademik İsa Həbibbəyli doğulduğu diyara bütün, varlığı, səmimiyyəti ilə bağlı olan, onun inkişafına, uğurlarına sevinən, bu yolda bütün enerjisini əsirgəməyən və böyük Azərbaycan sevgisi ilə yaşayan vətəndaş alimdir.
İsa müəllim qədim Naxçıvanımızın ədəbi mühitini hərtərəfli şəkildə araşdırmış, bölgənin ədəbi-elmi və mədəni inkişafını mühüm ədəbi qaynaqlar və arxiv materialları əsasında tədqiq etmişdir. Görkəmli ədib Naxçıvana həsr edilmiş "Nuhçıxandan Naxçıvana" monoqrafiyasında Naxçıvan ədəbi mühiti, onun nümayəndələri haqqında geniş məlumat vermiş, buradakı ədəbi mühiti obrazlı şəkildə "Azərbaycan ədəbiyyatının Naxçıvan məktəbi" adlandırmışdır.
Hazırda Naxçıvanda ədəbiyyatşünaslıq fəaliyyəti ilə məşğul olanların, necə deyərlər, böyük bir qvardiyası yaranmışdır. Onların sıralarında 1 nəfər akademik, 1 nəfər müxbir üzv, 4 nəfər elmlər doktoru, 30 nəfərdən çox elmlər namizədləri təmsil olunur. Naxçıvan ədəbiyyatşünaslıq cəbhəsini təmsil edən elm adamlarının tədqiqatlarında filoloji elmin ən aktual, zəruri və əhəmiyyətlı məsələləri yüksək şəkildə özünün həllini tapır. Muxtar respublikada ədəbiyyatşünaslıq elminin ədəbiyyat tarixi, ədəbiyyat nəzəriyyəsi, ədəbi tənqid, ədəbi əlaqələr və folklorşünaslıq sahələrində ardıcıl olaraq inkişaf prosesləri davam edir, bu sahələrin hər biri üzrə geniş tədqiqatlar aparılır, məqalələr və monoqrafiyalar çap olunur, yeni tədqiqatçılar yetişib formalaşır.
Bütün bunların nəticəsində artıq Azərbaycan ədəbiyyatşünaslıq elminin Naxçıvan məktəbi hər keçən gün daha da inkişaf edir. Bu məktəbin nümayəndələrindən elmlər doktorları İsa Həbibbəyli, Hüseyn Həşimli, Əsgər Qədimov, Fərman Xəlilov, Əjdər İsmayılov, Yusif Səfərov, Həmid Arzulu, elmlər namizədlərindən İman Cəfərli, Xanəli Kərimli, Əbülfəz Əzimli, Hikmət Mehdiyev, Seyid Surə, Seyfəddin Eyvazov, Mehriban Sultan, Əli Allahverdiyev, Xumar Məmmədova, Əli Həşimov, Aygün Orucova, Ramiz Qasımov, Əminə Zalova və başqaları Azərbaycan ədəbiyyatşünaslıq elmini ölkəmizdə və onun hüdudlarından kənarlarda da layiqincə təmsil edirlər. Naxçıvanda yaşayan Azərbaycan ədəbiyyatşünaslarının ölkəmizdən başqa Türkiyədə, İranda, Rusiyada, bir sıra Avropa ölkələrində də elmi əsərləri nəşr olunur. Bunun nəticəsidir ki, artıq Naxçıvanda yaşayıb-yaradan ədəbiyyatşünas alimlərin əsərlərindən böyük bir kitabxana yaratmaq mümkündür.
Prinsipcə Naxçıvan ədəbiyyatşünaslıq məktəbinin ilk böyük uğuru da İsa Həbibbəylinin adı ilə bağlıdır. Onun “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” monoqrafiyası bu məktəbin ən mühüm göstəricisidir.
“Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” əsəri ilə müəllif göstərdi ki, Naxçıvan MR-də yaşayaraq nəinki Azərbaycan ədəbiyyatşünaslığında yeni söz demək, həmçinin elmi fikrin bir çox yanlışlıqlarını təshih etmək də mümkündür.
Şübhəsiz ki, Naxçıvan ədəbiyyatşünaslıq məktəbinin əməli fəaliyyətində akademik İsa Həbibbəylinin xidmətlərindən ayrıca söz açılmalıdr. Böyük alim nəinki bu məktəbin fəaliyyətinə rəhbərlik etmiş, eyni zamanda Naxçıvanda yaşayıb-yaratmış ədəbiyyatşünasların elmi axtarışlarının təbliği işini də gərəkli saymışdır.
Naxçıvan ədəbiyyatşünaslıq məktəbi mövzu baxımından Azərbaycan elmi fikrinə bir neçə istiqamətdə xidmət göstərmişdir.
I istiqamət ədəbi əlaqələrə dair elmi araşdırmaların aparılması: İsa Həbibbəylinin rəhbərliyi altında müdafiə olunan elmi işlərin bir qismi ədəbiyyatımızı ədəbi əlaqələrə dair yeni müddəalarla zənginləşdirmişdir: Əli Allahvеrdiyеvin «Kitabi-Dədə Qоrqud» dastanları Fransada, Xumar Məmmədоvanın “Azərbaycan ədəbiyyatı çağdaş Amеrika еlmi-ədəbi mənbələrində”, Şəhla Qurbanovanın “Amerika ədəbiyyatı Azərbaycan ədəbiyyatşünaslığında” dissertasiyaları məhz bu istiqamətdə aparılmış elmi araşdırmalardır.
II istiqamət. Azərbaycan ədəbiyyatşünaslığının bəzən tərəddüdlə yanaşdığı məsələlərə aydınlıq gətirilməsidir: Bu istiqamətə Hüseyn Həşimlinin “Azərbaycan ədəbiyyatında sеntimеntalizm”, Həmid Əliyеvin “Alman klassik pоеziyasının Azərbaycan dilinə tərcüməsinin nəzəri və praktik prinsipləri” kimi elmi araşdırmaları misal göstərmək olar.
III istiqamət- Naxçıvanşünaslığın tərkib hissəsi məqamında ciddi elmi uğurlara imza atılmasıdır.
Bu məqamla bağlı onu deyə bilərik ki, Naxçıvan ədəbiyyatşünaslıq məktəbində o problemlər elmi həllini tapdı ki, həmin problemləri tədqiq edəcək şəxs məhz muxtar respublikada yaşamalı idi. Buna görə də İsa Həbibbəylinin elmi rəhbərliyi ilə müdafiə olunan dissertasiyaların böyük əksəriyyətinin mövzuları sırf muxtar respublikamızla bağlıdır.
Akademik İsa Həbibbəylinin elmi rəhbərliyi ilə 1998-2018-ci illər ərzində Azərbaycan ədəbiyyatşünaslığının köklü problemlərinə həsr olunmuş 66 fəlsəfə doktorluğu, elmi məsləhətçiliyi ilə 6 elmlər doktorluğu dissertasiyaları müdafiə olunmuş, daha 25 elmlər doktorluğu və 13 fəlsəfə doktorluğu işləri isə hazırlanmaqdadır. Bu illər ərzində akademik 15 dissertasiya müdafiəsində rəsmi opponent qismində çıxış etmişdir.
İsa Həbibbəyli məktəbinin davamçılarından olan İman Cəfərov yeni dövr Azərbaycan mollanəsrəddinşünaslığının tanmmış nümayəndəsidir. Aygün Orucova Cəlil Məmmədquluzadə satirik şeirinin poetikasına aydınlıq gətirən araşdırmaları ilə fərqlənir. Hikmət Mehdiyevin poema janrına və mənzum dramaturgiyaya aid araşdırmaları bu janrın inkişaf yolunu və özünəməxsusluqlarını öyrənməyə imkan verir. Seyid Surə sanballı tədqiqatları ilə Azərbaycanda mətbuat tarixini və nəzəriyyəsini dərindən öyrənənlərin sıralarına çıxır. Mehriban Sultanın mətbuat tarixinə, “Yeni yol” qəzetinə həsr edilmiş kitabları və məqalələri yeni axtarışlar və tapıntılarla zəngindir. Mərhum professor Məhərrəm Cəfərlinin formalaşdırdığı Folklorşünaslıq Mərkəzinin işi Məhsəti İsmayıl, Əkrəm Hüseynzadə, Sədaqət Nemət kimi tədqiqatçıların sayəsində uğurla davam etdirilir.
Xumar Məmmədovanın Qərb və Asiya ədəbiyyatları ilə ədəbi əlaqələrin öyrənilməsinə dair araşdırmaları ölkə miqyasında tanınır. Əli Allahverdiyev hazırda Azərbaycan-Fransa ədəbi əlaqələrinin əsas tədqiqatçılarından biridir.
Aypara Behbudova, Nigair Sadıqzadə və başqaları müasir ədəbiyyatın inkişafi problemlərinə işıq salırlar. Abbas Hacıyev və Nadir Hüseynov Naxçıvanın yeni dövr ədəbi simalarının həyatı və yaradıcılığını öyrənməkdə davam edirlər.
Bundan başqa, Naxçıvan hazırkı mərhələdə ədəbiyyatla, mifologiya, tarix və etnoqrafiya ilə də bağlı olan Azərbaycan nuhşünaslıq elminin mərkəzi funksiyasını da uğurla həyata keçirir.
Bütün bunlar Azərbaycan ədəbiyyatşünaslığının Naxçıvan məktəbinin formalaşmaqda olduğunu göstərməkdədir. Bu, ədəbiyyatşünaslıq elminin bütün sahələri üzrə inkişaf edən çoxyönlü bir ədəbiyyatşünaslıq məktəbidir. Təbii ki, bu məktəb üçün biz akademik İsa Həbibbəyliyə minnətdar olmalıyıq.
Çünki o, bütün ömrünü xalqın mədəni tərəqqisinə həsr edərək, elmi yaradıcılığı ilə müasir elmimizə yeni-yeni töhfələr vermiş, bir-birindən dəyərli elmi əsərləri ilə filologiya elmimizi zənginləşdirərək, özündən sonra onlarla filoloq, ədəbiyyatşünas alim yetişdirmişdir. Dəyərli ziyalının elmi yaradıcılığı barədə səslənən fikirlər, yazılan məqalələr, elmə verdiyi töhfələr bir daha İsa Həbibbəyli obrazının ucalığını, alicənablığını, insan zəhmətinin nələrə qadir olduğunu aydın təsəvvür etməyə imkan verir.
Bəli, Azərbaycan ədəbi elmində, həqiqətən, İsa Həbibbəyli zirvəsi var və bu zirvə bundən sonra da yeni tədqiqatlar, axtarışlar, ərsəyə gələcək dəyərli elmi əsərlər hesabına daha da ucalacaq. Çünki bu tale çoxlarının qət edə bilmədiyi əsl alim ömrüdür...
Şəhla Şirəliyeva,
filologiya üzrə fəlsəfə doktoru, dosent