Bu, şəhid ailələrinə və qazilərə yüksək dövlət qayğısıdır
Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 18 ilə yaxın dövrün sosial və iqtisadi göstəriciləri qürurvericidir Bu dövrdə ölkəmizin başçısının rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşıb. Bu modelin çox diqqətçəkici istiqamətlərindən biri də sosial sahədir. Cənab İlham Əliyevin modern sosial siyasətinin qloballığı və əhəmiyyəti ondadır ki, o inkişafyönümlü prinsiplərə əsaslanır. Ən önəmli məqam isə ondan ibarətdir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının firavan yaşam tərzi dayanır. Xüsusən sosial məsələlərin həlli ilə bağlı ölkədə çoxsaylı Dövlət proqramları, böyük layihələr həyata keçirilmişdir. Çox önəmli faktdır ki, hər il ölkəmizin başçısının imzaladığı Fərman və sərəncamların 65 faizi məhz sosialyönümlüdür.

Ölkəmizin başçısının sosial siyasətində şəhid ailələrinin, müharibə əlilləri və veteranlarının həyat şəraitinin yaxşılaşdırılması da prioritet məsələdir. Xüsusən 44 günlük müharibədəki tarixi Zəfərimizdən sonra bu istiqamətdə önəmli addımlar atılıb. Belə ki, ötən ay Prezident İlham Əliyev Bakının Binəqədi rayonunun Xocahəsən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin, avtomobillərin təqdimatı mərasimində iştirak etmişdir. Bu, dövlətin torpaqlarımızı düşmən işğalından azad edən şəhid və qazilərə göstərdiyi növbəti ehtiram və diqqətin təzahürüdür.
Kompleksdəki 810 mənzil 300 şəhid ailəsinə və müharibə əlillərinə təqdim olunmuşdur. Sosial obyektlərin də inşa edildiyi kompleksdə 620 nəfərlik məktəb və uşaq bağçası da istismara verilmişdir. Ümumiyyətlə, ölkəmizdə şəhid ailələrinə göstərilən qayğı davamlıdır. Bunu statistika da təsdiq edir: yeni kompleks daxil olmaqla bu günədək 10 min şəhid ailəsi və müharibə əlili mənzillərlə, həmçinin fərdi evlərlə təmin edilib.
Prezident İlham Əliyev şəhid ailələri və müharibə əlilləri ilə görüşündə dövlətin bu kateqoriyadan olan insanlara göstərdiyi qayğıdan bəhs edərək demişdir: «Keçən il, 2020-ci ildə biz bu istiqamətdə ən böyük göstəriciyə nail olduq - 1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunmuşdur. Elə keçən il mən demişdim ki, 2021-ci ildə biz öz vətəndaşlarımızı daha böyük sayda evlərlə, mənzillərlə təmin etməliyik və bu gün bunun nəticələrini görürük. Bu il 3 minədək şəhid ailəsi, müharibə əlili evlərlə, mənzillərlə təmin ediləcək və bu yaşayış kompleksini də nəzərə almaq şərti ilə artıq bu kateqoriyadan olan 1300-dən çox ailə mənzillə təmin olunub. Bununla bərabər, biz uzun illərdir Qarabağ qazilərini fərdi avtomobillərlə də təmin edirik. Bu gün də bir neçə avtomobil təqdim ediləcəkdir və bütövlükdə, 7200 avtomobil verilib».
Dövlət başçısı, həmçinin bildirmişdir ki, Azərbaycanda bu sahədə aparılan siyasət humanist, ədalətli və vicdanlıdır. Vətən uğrunda canlarını fəda edən qəhrəman övladlarımızın ailələri, qazilər dövlət dəstəyi ilə əhatə olunublar. Halbuki Prezidentin də qeyd etdiyi kimi, Ermənistan İkinci Qarabağ müharibəsində bizdən 2-3 dəfə çox itki versə də, bu ölkədə müharibədə ölənlərin ailələrinə nəinki mənzil, heç daxma da verilmir, müharibə əlillərinə avtomobil verilməsi isə ağıllarına da gəlmir.
Müharibənin acı nəticələrindən biri də döyüşlərdə müəyyən sayda əsgər və zabitlərimizin sağlamlıqlarını itirmələridir. Ölkəmizdə müharibədən dərhal sonra bu kateqoriyadan olan insanların da sağlamlığını bərpa etmək, onları lazım olan protez və əlil arabaları ilə təmin etmək üçün tədbirlər görülməyə başlandı. Qəhrəman qazilərimiz sağlamlıqlarına qovuşmaları üçün xarici ölkələrin ən yaxşı klinikalarına müalicəyə göndərildi. Artıq onların bir çoxu sağalaraq evlərinə dönüb. Ümumiyyətlə, bizdə hər bir qazinin sağlamlığı ilə bağlı müraciətinə həssas yanaşılır və lazım olan bütün məsələlər vaxtında həll olunur.
Bu gün qazilərimizdən 1300 nəfərinə reabilitasiya mərkəzlərində sağlamlıqlarını bərpa etmək üçün xidmət göstərilir. Bununla yanaşı, 84 hərbçiyə yüksək texnologiyalı protez, 957 əlilə 6400 reabilitasiya vasitəsi təqdim olunub. Şəhid və qazi ailələrinə sosial-psixoloji dəstək verilməsi də unudulmur. 2950-dən çox ailəyə psixoloji dəstək vermək üçün yerli və xarici psixoloqların xidmətindən istifadə olunub.
Şəhid ailələrinə və müharibə əlillərinə verilən təqaüdlər də artırılır. Onlara, həmçinin müxtəlif sosial ödənişlər verilir. Bu kateqoriyadan olan 24 min şəxsə sosial dəstək göstərilib. Bununla yanaşı, 8400 şəhid ailəsi və müharibə əlili, eyni zamanda, şəhid hərbi qulluqçularının 7401, mülki şəhidlərin 206 nəfər ailə üzvü sosial ödənişlər alıb. Ən etibarlı sosial müdafiə hər bir vətəndaşın məşğulluğundan keçir. Ölkəmizdə təkcə cari il 16 min insanın iş problemini həll etmək üçün genişmiqyaslı özünüməşğulluq proqramı həyata keçirilir ki, onlardan da 5100 nəfər şəhid ailə üzvləri və müharibə əlilləridir.
Qazi və şəhid ailələri haqqında danışarkən, əlbəttə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixində «Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında» Fərmanı ilə «YAŞAT» Fondunun təsis edilməsinə də diqqət yetirmək lazımdır. «YAŞAT» Fondunun hesabına fəaliyyət göstərdiyi dövrdən avqust ayının 1–dək 36 995 025.16 manat vəsait mədaxil olub. Fond tərəfindən 3652 şəhid ailəsi üzvü və yaralının məişət şəraitinin yaxşılaşdırılmasına, 37 şəhid ailəsi üzvü və yaralının təhsil haqqının, 1004 şəhid ailəsi üzvü və yaralının istehlak kreditlərinin, 1319 şəhid ailəsi üzvü və yaralının isə tibb xidmətlərin ödənilməsinə vəsait ayrılıb.
Eyni zamanda, indiyə qədər dövlətimiz tərəfindən 90-dan çox Vətən müharibəsi qazisi müayinə, müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib, onlardan 30 nəfəri sağalaraq geri qayıdıb.
Bütün bunlarla yanaşı, qeyd edilməli məqamlardan biri də Prezident İlham Əliyevin 25 yanvar 2021-ci il tarixli Sərəncamıdır. Sərəncama uyğun olaraq 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi evin verilməsi nəzərdə tutulub.
Elçin Zaman, «İki sahil»
Şuşada daşların üzərinə yazılanlar mədəni irsimizə və tariximizə qarşı qəsddir - RƏY