KÖŞƏ

Mahir Rəsuloğlu

COVID-19 kabusu

11 avqust 2021 00:06
1686

Künc zərbəsi

Etinasızlıq, məsuliyyətsizlik yenidən vəziyyəti çətinləşdirə bilər

 

"Onlar ətraflarında vaksinləməyə qarşı aparılan təbliğatın təsiri altına düşdülər. Bu, qorxan insanlara qarşı hesablanıb və onları belə tələyə salırlar". İki gün öncə Portuqaliyada yaşayan əslən britaniyalı Qonsalveş ailəsinin 3 üzvü eyni vaxtda COVID-19-dan dünyasını dəyişəndə İngiltərənin Kardiff əyalətinin sakini Frensis Qonsalveş valideynlərinin və qardaşının ölümü ilə bağlı kədərini, təəssüfünü belə ifadə edib. Frensis deyib ki, atam və anam yaşlı insanlar idilər, bəzi xəstəlikləri vardı, ancaq axı qardaşım hələ 40 yaşındaydı, özü də çox sağlam idi...

Əyalətin adı tutaq ki, Lənkəran, ailənin soyadı isə Məmmədov, Həsənov, Nəsibov və s. ola bilərdi – dünyasını dəyişənin soyadı, milliyyəti mövzunun mahiyyəti deyil. Heç bütün dünyanın qarşısında aciz qaldığı pandemiyanın haradan, necə, məqsədli və ya məqsədsiz yayılması da (Bir müddət əvvəl ABŞ-ın keçmiş kefkom prezidenti Donald Tramp virusun laboratoriya şəraitində hazırlandığını iddia etmişdi) daha o qədər önəm daşımır. Mahiyyət odur ki, insanlığın başı bəladadır, 2019-cu ildən başlayan pandemiya görülən bütün tədbirlərə baxmayaraq, hələ də yayılmaqda və can almaqdadır. Səhlənkarlıq, etinasızlıq, xüsusilə inamsızlıq yaşlı-cavan demədən insanları gözlə görünməyən quduz xəstəliyin qurbanına çevirməkdədir.

Dünyanın əksər ölkələrində, o cümlədən qonşu dövlətlərdə xəstəliyin yeni ştammının sürətlə yayılması göstərir ki, vaksinasiya və digər qabaqlayıcı tədbirlər kifayət edəcək səviyyədə aparılmayıb. Növbəti dalğa nəticəsində İranda son həftə üçün orta statistik günlük yoluxma sayı 37 mindən çoxdur və davamlı artım müşahidə olunur. Bu rəqəm qardaş Türkiyədə 24 minə yaxın, Rusiyada isə 22 min nəfərdir. Əhali sayını nəzərə alsaq, digər qonşumuz Gürcüstanda vəziyyət daha da gərgindir. Ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzi tərəfindən avqustun 10-da açıqlanan statistikaya görə, son 24 saat ərzində koronavirusa 5 697 yeni yoluxma halı qeydə alınıb, daha 54 nəfər xəstəliyin qurbanı olub. Mərkəz ölkə xəstəxanalarında çarpayı çatışmazlığının yarandığını, vəziyyətin nəzarətdən çıxmaması üçün zəruri işlər görüldüyünü qeyd edib.

Təəssüf ki, ölkəmizdə də hər iki istiqamətdə statistika ürəkaçan deyil. Yoluxma və ölüm sayında da sürətli artım var, yumşalmalardan sui-istifadə edərək qaydaları pozanların sayında da. Bir müddət öncəyə qədər 100-200 olan günlük yoluxma sayı indi dördrəqəmli saylara yüksəlib, xəstəlikdən dünyasını dəyişənlər artmaqdadır. Təəssüf doğuran həm də odur ki, sərt karantin rejiminin aradan qaldırılması, yumşalmalar insanlarımızda  etinasızlıq yaradıb. Maska taxılmalı, ara məsafə saxlanmalı olan qapalı məkanlarda, xüsusilə şadlıq evlərində toy-nişan mərasimləri zamanı keçirilən reydlərin nəticələri acınacaqlıdır. Aparılan maarifləndirmə tədbirlərinə, qaydaları pozanlara qarşı tətbiq edilən cərimələrə baxmayaraq, məsuliyyətsizlik edənlər hələ də kifayət qədərdir...  

Azərbaycan koronavirusun yayılmasının qarşısının alınması istiqamətində görülən işlər baxımından dünyanın aparıcı ölkələri sırasındadır. Ümumdünya Səhiyyə Təşkilatı dəfələrlə dövlətimizin bu istiqamətdə gördüyü tədbirləri təqdir edərək bir sıra ölkələrə nümunə kimi göstərib. Virus əleyhinə vaksin aşkarlandıqdan sonra ilk alıcılar sırasında məhz Azərbaycan da olub. Dünyanın hətta bəzi inkişaf etmiş dövlətlərinin bu gün də vaksin qıtlığı, yaxud onu almaq üçün maliyyə problemi ilə üzləşdiyi vaxtda bizdə nəinki öz vətəndaşlarımızın peyvənd olunması üçün kifayət qədər vaksin alınıb, üstəlik donor ölkəyə çevrilmişik. Bu gün səhiyyə müəssisələrinin demək olar ki, hamısında peyvənd otaqları fasiləsiz fəaliyyət göstərir və könüllülük əsasında pulsuz vaksinasiya aparılır. Artıq 5 milyondan çox insan peyvənd olunub, 2 milyon insan hər iki doza iynəni vurdurub. Kifayət qədər maliyyə vəsaiti tələb edən bütün bu işlər insanlarımızın sağlamlığının qorunması üçün atılmış zəruri addımlardır. Yəni, pandemiyanın təsirlərinin azaldılması üçün dövlətimiz tərəfindən lazım olan bütün işlər görülüb və hazırda mütəmadi olaraq görülməkdədir. Qalır vətəndaş olaraq bizim öz məsuliyyətimizi dərk edərək peyvənd olunmağımız, qaydalara əməl etməyimiz. Lap müharibədəki kimi, “dəmir yumruğ”a çevrilib bir olmağı bacarsaq, gözəgörünməz “düşmən”ə daha tez qalib gələ biləcəyik. Əks halda karantin qaydalarının sərtləşdirilməsi qaçılmaz olacaq – istəsək də, istəməsək də...

P.S. Dünən yenə 1736 nəfər koronavirusa yoluxub, 12 insan həyatını itirib.