01 avqust 2019 20:32
1571

Müasirlik, yeni texnologiyaların tətbiqi, davamlı inkişaf...

Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, iqtisadiyyatın elmi əsaslara söykənməsi davamlı inkişafı şərtləndirir

“Ölkəmizdə savadlılığın səviyyəsi təxminən 100 faizə yaxındır. Eyni zamanda, təhsillə bağlı olan islahatlar, yeniliklər əlbəttə ki, öz nəticəsini verəcək və verir... Azərbaycanda təhsil ölkəmizin dinamik inkişafı ilə addımlamalıdır. Təhsilə göstərilən diqqət bizim büdcə xərclərimizdə də özünü büruzə verir. Büdcə xərclərimizin əsas hissəsi təhsillə və müdafiə potensialımızla bağlıdır. Bu da təbiidir. Çünki biz müharibə şəraitində yaşayırıq və müdafiə xərcləri əlbəttə ki, prioritet məsələ olmalıdır. Bu gün Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Ümid edirəm ki, təhsilimizin səviyyəsi də bu hədəfə yaxınlaşacaqdır.”

Dövlətimizin başçısı İlham Əliyev, eyni zamanda, bildirir ki, əgər biz inkişaf etmiş ölkələrin tarixinə və bugünkü inkişaf dinamikasına nəzər salsaq əsas hərəkətverici qüvvənin təhsil, elm, texnologiyalar, innovasiyalar olduğunu görərik.

Bu gün elm və təhsil təkcə inkişaf etmiş ölkələrin deyil, ümumilikdə dünyanın əsas prioritetlərinin tərkib hissələrindən biridir. Hazırda metodologiyalar və texnologiyalar kökündən dəyişməkdə, elm öz inkişafında böyük dəyişikliklərə məruz qalmaqdadır. Dövrün, zamanın tələbinə uyğun təkmilləşmə digər sahələr kimi təhsildə də özünü qabarıq şəkildə göstərir. Təhsili millətin gələcəyi kimi dəyərləndirən ulu öndər Heydər Əliyev bildirirdi ki, təhsil həyatımızın ən gərəkli, mühüm sahəsidir. Ümummilli Liderin bu fikirlərinin davamı olaraq dövlətimizin başçısı İlham Əliyev bildirir ki, o ölkələr yaxşı inkişaf edir ki, orada təhsil yüksək səviyyədədir. Uğurlu iqtisadi tərəqqiyə məhz ali təhsil sisteminin beynəlxalq standartlar səviyyəsinə yüksəldilməsi sayəsində nail ola bilərik: “Biz gələcəyə bu cür baxırıq: müasirlik, dinamik inkişaf, texnologiyaların tətbiqi. Bunlar olmasa biz istədiyimiz qədər inkişaf edə bilmərik. Biz isə istəyirik ki, inkişaf etmiş ölkələrin sırasına daxil olaq və imkanlar da var.”

Təkcə bu faktı qeyd etmək kifayətdir ki, ölkəmiz son beş ildə orbitə 3 peyk çıxarıb: “Azərspace 1” telekommunikasiya peyki, “Azərsky” müşahidə peyki və “Azərspace 2”. Bu mühüm hadisələr dövlətimizin gücünü, həyata keçirilən siyasətin uğurlu gələcəyə hesablandığını təsdiqləyir. Ölkə Prezidenti İlham Əliyev üçüncü peykin orbitə buraxılması münasibətilə xalqa təbrikində qeyd etmişdir ki, kadr hazırlığı üçün Azərbaycanın kosmik sənayesinin inkişafı önəmli rol oynayır. Peykləri idarə edən kadrlar azərbaycanlı mütəxəssislərdir və onların böyük əksəriyyəti gənclərdir. Yeni texnologiyaların tətbiqi şəraitində qarşıya əsas hədəf kimi qoyulan iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin artırılmasına yüksək səviyyədə nail olmaq mümkündür.

Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında bu çağırışı edir ki, gənclərimiz bilikli, peşəkar və vətənpərvər olmalıdırlar. Bu amillərin sintezi ölkəmizin gələcək uğurlu inkişafını şərtləndirəcək. İlk təməlin, bazanın məktəblərdə formalaşdığını nəzərə alsaq, bu sahədə atılan addımların davamlılığı göz qabağındadır. Məktəb tikintisinin geniş vüsət alması, təmiri, maddi-texniki bazasının möhkəmləndirilməsi, ən əsası kompyuterlə təminatı təhsilin keyfiyyətinə öz müsbət təsirini göstərir. Son 15 ildə 3 min 200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən tikilib. Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində minlərlə məktəb tikintisi və əsaslı təmiri həyata keçirilib. “Hər şagirdə bir kompyuter” günümüzün əsas tələbləri sırasındadır. Artıq şagirdlər məktəblərdə yeni texnologiyanın yeniliklərini dərindən mənimsəyir, illər keçdikcə ixtisas seçimlərində bu və ya digər məqamlara üstünlük verərək öz gələcəklərini dövrün tələbləri səviyyəsində qurmağa çalışırlar. 2018-2019 tədris ilində ali məktəblərə qəbulun ilkin göstəriciləri də bir çox məqamlara aydınlıq gətirir. Son nəticələrin açıqlanacağı vaxta saylı günlər qalır.

Ölkə Prezidenti İlham Əliyevin təkcə cari ilin ötən dövründə təhsilin inkişafına xidmət edən addımlarına diqqət yetirmək kifayətdir. “Ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə, “Doktorantura, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” sərəncamlar, həmçinin “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Fərman deyilənlərin bariz nümunəsidir. Bu sənədlər ümumilikdə 110 min tələbəni əhatə edir.  Ən mühüm məqam budur ki, artıq ödənişli təhsil alan tələbələr də təqaüd almaq imkanı əldə edirlər. Təqaüd sisteminin təkmilləşdirilməsi tələbələr arasında rəqabət muhitini yaratmaqla yanaşı təhsilin keyfiyyətinə öz müsbət təsirini göstərəcək. Çünki əvvəllər ödənişli əsaslarla təhsil alan tələbələr təqaüd almaq imkanlarına malik deyildilər. Artıq məlum sənədlər akademik göstəriciləri yüksək olan, amma ödənişli əsaslarla təhsil alan tələbələrə də təqaüd almaq sevincini yaşatmaq onların, eyni zamanda, sosial vəziyyətlərinin yaxşılaşdırılmasına imkanlar yaradacaq.

Təhsil sahəsində ən yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək məqsədilə imzalanan Fərmana əsasən Prezident təqaüdünün həcmi 185 manatdan 210 manata qaldırıldı. O da məlumdur ki, 2019-cu ilin büdcə müzakirələri zamanı dövlət sifarişli yerlərin artırılması barədə qərar qəbul olundu. Bu ilin tədris ilindən təqaüd yerlərinin 12324-dən  20500-ə çatdırılması nəzərdə tutulub. Bu da öz növbəsində dövlət sifarişli yerlərin 42 faizə çatdırılması deməkdir. Magistratura yerlərinin 25 faiz artırılması da bu diqqət və qayğının sırasındadır. Dövlətimizin başçısı İlham Əliyev bu addımların davamlı olacağını bildirir.

Məqsəd budur ki, təhsilə ayrılan xərclərdən səmərəli istifadə olunsun, gənc nəslin dünyada gedən proseslərə uyğun, eyni zamanda, milli dəyərlərə əsaslanaraq inkişafı təmin edilsin. Dövlətimizin gənclərin malik olduğu imkanlardan maksimum istifadə istiqamətində atdığı addımların davamlılığı qəbul olunan və uğurla icra edilən Dövlət proqramlarından da aydın görünür. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına əsasən hazırlanan və dövlətimizin başçısı İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrasından gözlənilən nəticələr sırasında da gənclərin intellektual inkişafı və elmi fəaliyyətlərinin stimullaşdırılması, informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılması, beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi əsas yer tutur.  Müasir dövrün sosial-siyasi reallıqlarının, dünyanın yeni çağırışlarının intellektual gənclik qarşısında qoyduğu mühüm vəzifələr əsas tutularaq ötən ilin sonunda Gənc alimlərin I qurultayı keçirildi. İntellektual gəncliyin innovativ potensialının üzə çıxarılması, onların təhsil və məşğulluq məsələlərinə diqqətin artırılması, ölkəmizdə və xaricdə yaşayan gənc alimlərin fəaliyyətinin əlaqələndirilməsi istiqamətində işin gücləndirilməsi əsas hədəf kimi irəli sürüldü. Bütün bu addımlar ümumilikdə yenilikçi, müasir düşüncəyə malik olan gənclərin yeni texnologiyaların öyrənilməsinə və tətbiqinə marağının artırılması, ən əsası kadr hazırlığını iqtisadi inkişafın səviyyəsi ilə uyğunlaşdırmağa xidmət edir. Həmçinin məktəblərin kompyuterləşdirilməsi, gənclərin virtual dünyaya çıxışının təmin edilməsi, onların informasiya texnologiyaları ilə işləmək vərdişlərinə yiyələnmələri üçün atılan məqsədyönlü addımlar da bu tərkibdəndir.

Dövlətimizin başçısı İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın, həmçinin 23 noyabr 2018-ci il tarixli “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın təsdiqlənməsi haqqında sərəncamları uğurlu iqtisadi tərəqqinin kadr hazırlığının beynəlxalq standartlar səviyyəsinə uyğunlaşdırılmasından asılı olduğunu bir daha təsdiqləyir. Ali təhsil sisteminin rəqabətliliyinin artırılması öz növbəsində beynəlxalq əlaqələrin inkişafını, dünya təhsil sisteminə inteqrasiyanın sürətləndirilməsini bir tələb kimi ortaya qoyur. Təcrübə mübadiləsinin genişləndirilməsinin qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olmağa böyük stimul verdiyi əldə olunan nəticələrdən də aydın görünür. Ölkə Prezidenti İlham Əliyevin təsdiq etdiyi gənclərin xarici ölkələrdə təhsili ilə bağlı Dövlət Proqramının uğurlu icrası da bu kimi məqsədlərə xidmət edir. Artıq bu Proqramın icrası müddətində 5 min tələbənin xarici ölkələrdə təhsili təmin edilmişdir. Onlar təhsillərini başa vuraraq, Vətənə qayıtmaqla əldə etdikləri təcrübələr əsasında ölkəmizin daha da inkişafına, tərəqqisinə öz töhfələrini verirlər. 

Prezident kimi fəaliyyətə başladığı gündən “Neft kapitalını insan kapitalına çevirək” tezisini irəli sürən və bu istiqamətdə mühüm addımlar atan dövlətimizin başçısı İlham Əliyev hər zaman bildirir ki, hər bir ölkənin inkişafında təhsil, bilik, yeni texnologiyalar əsas yer tutur. İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqinin səviyyəsi hər bir ölkənin intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın, demokratiyanın inkişafının əsas göstəricilərindəndir. Məhz İKT sektorunda əldə olunan uğurlara söykənərək, bu  fikri böyük əminliklə qeyd edirik ki, Azərbaycan bu gün  dünyada təkcə neft-qaz ehtiyatlarına malik ölkə deyil, həmçinin yüksək səviyyəli elmi potensiala malik və informasiya-kommunikasiya texnologiyalarının tətbiq olunduğu innovasiyalar ölkəsi kimi tanınır. “İslahatlar yenilik, yeni yanaşma, mövcud problemlərin həlli deməkdir” söyləyən cənab İlham Əliyev bu əminliyi ifadə edir ki, 2019-cu il əvvəlki illərdən fərqlənən çox ciddi il olacaq.

Yeganə Əliyeva, “İki sahil”