01 avqust 2019 20:20
1272

Azərbaycan düzgün istiqamətdə inkişaf edir

Cari ilin birinci yarısının sosial-iqtisadi yekunları onu deməyə imkan verir ki, ölkə iqtisadiyyatı inkişaf yolundadır. Xüsusilə də qeyri-neft sektorundakı artım tempi bu sahənin inkişafı istiqamətində həyata keçirilən siyasətin uğurlu olmasından xəbər verir.

Qeyd etdiklərimizi rəqəmlərlə əsaslandırsaq, altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub Bu sərmayənin böyük hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir. Ölkə iqtisadiyyatı bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artıb. Konkret sahələrdən bəhs etsək, əlbəttə ki,  ən yüksək göstərici qeyri-neft sənayesindədir: burada artım 15,7 faizdir. Bu isə onu deməyə əsas verir ki, postneft dövründə inkişafı prioritet sahələrdən olan qeyri-neft sənayesi artıq öz bəhrəsini verməkdədir.

Təbii ki, qeyri-neft sənayesinin inkişafı təsadüfi deyil və bunu şərtləndirən amilləri də vurğulamaq lazımdır. Bu sırada ilk növbədə, karbamid,  “SOCAR-Polymer” zavodlarının adlarını çəkmək olar. Belə ki, “SOCAR-Polymer” bu ilin birinci yarısında 44,6 milyon ABŞ dolları dəyərində ixrac həyata keçirməklə qeyri-neft sektorunda qeyri-dövlət dövlət ixracatçı subyektlərinin siyahısında ikinci olub. Eyni zamanda, may ayından daxili və xarici bazarlarda gübrə satışına başlayan Karbamid zavodu gübrə məhsulu üzrə idxaldan asılılığı aradan qaldırmaqla bərabər,  Türkiyə və Ukraynaya da məhsul ixrac edir. Ümumilikdə, Zavodun istehsal həcminin təqribən 70 faizi ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə illik 160 milyon dollara qədər əlavə gəlirin daxil olmasına imkan verəcək. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə dövlətimizin başçısı sözügedən müəssisələrin qeyri-neft sənayesinin inkişafındakı rolunu yüksək qiymətləndirib: “Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir. Bu sahədə, əlbəttə ki, bu il istifadəyə verilmiş iri müəssisələrin rolu kifayət qədər böyükdür. Bildiyiniz kimi, karbamid zavodu, “SOCAR-Polymer” zavodu istifadəyə verilmişdir və bu zavodların istehsal həcmi kifayət qədər böyükdür”.

Bu ilin ilk yarısında qeyri-neft sektorunda müşahidə edilən artıma böyük töhfə verən sahələrdən biri də kənd təsərrüfatı olub. Belə ki, kənd təsərrüfatı bu ilin altı ayında 13 faiz, o cümlədən bitkiçilik 25 faiz artıb. Burada xüsusilə də 40 faiz artımla taxıl istehsalını vurğulamaq olar. Ümumilikdə, bu il 1 milyon 12 min hektarda taxıl əkini həyata keçirilib ki, bunun 670 min hektarını buğda, 342 min hektarını isə arpa əkini təşkil edib.

Bundan başqa, digər məhsulların istehsalı - bostan məhsulları təxminən 40 faiz, meyvə 20 faizdən çox, barama 25 faiz, tərəvəz 14 faiz artıb.

Prezident İlham Əliyev sözügedən müşavirədə bunu qoyulan investisiyalar, aparılan islahatlar, verilən subsidiyalar, kənd təsərrüfatına elmi yanaşmanın nəticəsi kimi qiymətləndirib: “Əminəm ki, gələcək illərdə kənd təsərrüfatı dayanıqlı şəkildə inkişaf edəcək və beləliklə, həm məşğulluğun, eyni zamanda, kənd təsərrüfatı ixracının artırılmasına xidmət göstərəcək”.

Şübhəsiz, əvvəlki dövrlərdən fərqli olaraq kənd təsərrüfatında ikirəqəmli artım göstəricisinə nail olunması bu sahədə görülən kompleks tədbirlərin bariz nümunəsidir. Təsadüfi deyil ki, bu ilin birinci yarısında ölkəyə idxal edilən yeyinti məhsullarının ümumi idxala nisbəti 13,93 faizdən 10,38 faizədək azalıb. Eyni zamanda, həmin dövrdə ixracda ən böyük paya malik 3 qeyri-neft məhsulundan 2-si kənd təsərrüfatına (pomidor və pambıq mahlıcı) aid olub. Ümumilikdə, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında pambıq lifinin ixracı 2,6 dəfə, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,2 dəfə,  pambıq ipliyinin ixracı 47 faiz,  meyvə-tərəvəzin ixracı 15 faiz artıb.

Aydın məsələdir ki, kənd təsərrüfatının inkişafı ölkənin idxaldan asılılığını azaltmaqla yanaşı, ixrac imkanlarını da genişləndirir. Xüsusilə də Azərbaycanın qeyri-neft iqtisadiyyatında kənd təsərrüfatının ixtisaslaşmış sahələrdən olması ona böyük üstünlüklər qazandırır. Kənd təsərrüfatının inkişafını əlverişli edən başlıca amil isə bu sahəyə dövlət dəstəyidir. Uzun illərdən bəri bu sahədə istehsalın vergidən azad edilməsi (torpaq vergisindən başqa), eyni zamanda, güzəştli kreditlərin və subsidiyanın  tətbiqi kənd təsərrüfatını cəlbedici sahəyə çevirib.

Müxtəlif sahələrdə göstərilən xidmətlərin və istehsalın artımı isə xarici ticarət dövriyyəsində də özünün göstərib. Belə ki, cari ilin birinci yarısında Azərbaycanın xarici ticarət dövriyyəsi 27,6 faiz, o cümlədən ixracı 15,2 faiz artıb. Elə qeyri-neft ixracı da 15 faiz artıb. İstehsalın və ixracın artımı isə həm dövlət büdcəsinə daxilolmaların, həm də valyuta ehtiyatlarının artımı deməkdir. 

Qeyd etmək lazımdır ki, bu ilin 6 ayında Azərbaycanın valyuta ehtiyatları 4 milyard artaraq 49 milyard ABŞ dolları səviyyəsindədir. Artımın səbəblərindən bəhs etdikdə burada ilk yerdə neftin dünya bazarlarındakı qiyməti başlıca faktor olaraq qalır. Bununla belə, idxaldakı artım, eyni zamanda, ölkənin xarici borcunun 4 bənd azalaraq ÜDM-in 19 faizi həddinə endirilməsi şəraitində ümumi valyuta ehtiyatlarında artımın qeydə alınması burada idarəçiliyin də böyük rol oynamasından xəbər verir. Müşavirədə bu məsələyə də toxunan ölkə başçısı bunun qənaət hesabına reallaşdığını vurğulayıb: “Biz bu vəsaitdən çox qənaətlə istifadə edirik. Məhz buna görə hətta böhranlı illərdə, neftin qiyməti aşağı olan illərdə biz öz valyuta resurslarımızı qorumuşuq və artırmışıq. Məqsəd də məhz belə idi ki, biz ildən-ilə öz valyuta ehtiyatlarımızı artıraq və bununla paralel olaraq xarici dövlət borcumuzu da kifayət qədər əhəmiyyətli dərəcədə aşağı sala bilmişik”. Nəticə etibarilə xarici balansın müsbət olması, ixracın şaxələndirilməsi istiqamətində görülən işlər və valyuta təklifinin genişlənməsi və bazarda müsbət gözləntilər daxili valyuta bazarında əhəmiyyətli profisit yaradıb. Bu isə bütövlükdə manatın məzənnəsinin nəinki bugünkü sabitliyinə, həm də bütövlükdə gözlənilən sabitliyinə təminat verir.

Bütün bunlarla yanaşı, bu ilin əvvəlindən başlayaraq həyata keçirilən sosial tədbirlərə baxmayaraq manatın məzənnəsinin sabitliyi inflyasiyanın aşağı səviyyədə formalaşmasını şərtləndirir. Nəticədə bu ilin ilk yarısında 2,5 faizlik inflyasiya qeydə alınıb ki, bu da hazırkı vəziyyətdə aşağı göstərici hesab edilir. Aşağı səviyyədə olan inflyasiya göstəricisi isə Mərkəzi Banka uçot dərəcəsini 2018-ci ildən bəri 18 faizdən 8,25 faizə qədər endirməyə imkan verib. Həmçinin pul bazası 37 faizdən çox artırılıb ki, bu da bütövlükdə aşağı inflyasiya şəraitində iqtisadiyyatda canlanma, kredit aktivliyinin artması məqsədi daşıyır. 

Nəticədə sözügedən amillər əmanət və kredit faizlərinin də aşağı düşməsinə imkan yaradır. Qeyd edək ki, Mərkəzi Bankın uçot dərəcəsini azaltması ölkədə əmanət faizlərinin də azalmasına səbəb olub və bu proses davam etməkdədir.  Gözlənilir ki, faizlərin azalması kredit faizlərini də əhatə edəcək. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun müşavirədə bildirdiyinə görə, kredit faizlərinin yüksək olmasına səbəb ümumi fondu formalaşdıran yüksək istehlak kreditlərinin faizləridir: “Amma biznes kreditlər, yeni verilmiş biznes kreditlərinin orta faiz dərəcəsi cari ildə 11 faizdir və 5 faizdən də aşağı düşüb. Bu, bizim uçot dərəcəsinə yaxındır. Bu, onu göstərir ki, Mərkəzi Bankın uçot dərəcəsi, faiz siyasəti artıq bütövlükdə biznes kreditləri üzrə həm də əhalinin əmanətlərinin faizinin formalaşmasında mühüm rol oynamağa başlayıb”.

Məlum olan isə həm də odur ki, iqtisadiyyatdakı müsbət dinamikadan yaranan sabitlik böhran dövründəkı dollarlaşmanı da arxada qoymaqdadır. Hazırda  dollarlaşma enməyə başlayıb və  fiziki şəxslərin əmanətlərinin dollarlaşması 2016-cı ildə pik nöqtədəki 85 faizdən 56 faizə, kreditlərin dollarlaşması müvafiq olaraq 52 faizdən 35 faizə qədər aşağı düşüb.

Kredit aktivliyinə gəlincə isə cari ilin altı ayında kreditlər 3,6 faiz artıb. Lakin bu zaman başlıca olaraq bu artım 9 faizdən çox istehlak kreditləri tərəfindən baş verib. Real sektorda kreditlər  artmasa da,  azalması da ciddi həddə olmayıb: cəmi 0,3 faiz. Düzdür, E. Rüstəmov “istehlak kreditlərinin artması diqqətlə izlənilməlidir”,- deyə vurğulasa da, burada əsas rol ölkədəki kommersiya banklarına aiddir. Ümumi ənənə isə belədir ki, banklar bir qayda olaraq istehlak kreditlərində daha çox maraqlı olurlar. Mərkəzi Bankın İdarə Heyətinin sədrinin sözlərindən isə belə nəticəyə gəlmək olur ki, yaxın gələcəkdə bu sahədə stimullaşdırıcı tədbirlərin görülməsi ilə  kreditlərin bütövlükdə real sektora yönəldilməsinə, bütövlükdə ölkədə daxili investisiya prosesini dəstəkləməsinə çalışılacaq.

Bundan başqa, ölkədə kölgə iqtisadiyyatının səviyyəsinin azaldılması, şəffaflığın və hesabatlılığın təmin edilməsi istiqamətində görülən işlərin miqyası da genişləndirilir. Təkcə bir faktı qeyd etmək lazımdır ki, 6 ay ərzində büdcə daxilolmaları Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan çox artıb ki, bu da aparılan islahatların təzahürüdür.

Bu ilin qarşıdakı  aylarında da əsas vəzifə makroiqtisadi sabitliyin qorunub saxlanması və onun inkişaf etdirilməsidir. Prezident İlham Əliyevin müşavirədəki nitqindən gəlinən qənaət isə ondan ibarətdir ki, Azərbaycan innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf etməlidir. Təsadüfi deyil ki, bunu beynəlxalq maliyyə qurumları qeyd edir: “Bütün iqtisadi göstəricilər onu deməyə əsas verir ki, biz düzgün istiqamətdə inkişaf edirik və qarşıda duran bütün vəzifələri icra edirik”.

Ölkə başçısının nitqindən aydın olan digər fikir isə ondan ibarətdir ki, iqtisadi artımın dayanıqlığı üçün yeni mənbələrin axtarılması vacibdir. Bu mənada qeyri-neft sektorunun inkişafı burada əsas rol oynayır. Lakin o da məlumdur ki, Azərbaycanın bugünki iqtisadi inkişafının təmin edilməsində əsas vəzifə neft-qaz sektorunun üzərinə düşür.

Ceyhun Piriyev, “İki sahil”