Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində dövlətimizin mövqeyini dəstəkləyən
Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk bildirir ki, qurum sülhün qurulmasına yönəlmiş fəaliyyətləri dəstəkləyir və xalqları sülhə hazırlamaq üçün konkret tədbirlərlə kömək etməyə hazırdır
“Biz, ümumilikdə gərginliyin azalmasını yüksək dəyərləndiririk, lakin təmas xətti boyunca son itkilər həmsədrlər kimi bizi də narahat edir. Güc tətbiq etməmək üçün təmkinli olmaq önəmlidir, lakin, eyni zamanda, sülhə və səmərəli danışıqların aparılmasına imkan verən ab-havanın bərpasına yönəlmiş tədbirlər də mühüm əhəmiyyət kəsb edir. Avropa İttifaqı artıq sülhün qurulmasına yönəlmiş fəaliyyətləri dəstəkləyir və xalqları sülhə hazırlamaq üçün konkret tədbirlərlə kömək etməyə hazırdır.”
Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk ölkəmizə səfəri çərçivəsində mətbuata bəyanatında əsas diqqəti yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə yönəldərək bildirmişdir ki, münaqişə hərbi yolla yox, yalnız beynəlxalq hüququn prinsipləri əsasında siyasi yolla öz həllini tapmalıdır. Avropa İttifaqı Minsk qrupu həmsədrlərinin səylərini və Helsinki Yekun Aktının əsas prinsipləri əsasında diqqətin münaqişənin ədalətli və davamlı həllinə yönəlməsini tamamilə dəstəkləyir.
Nəzərə alsaq ki, müasir dövrun əsas çağırışlarından biri terrorizmə, separatizmə qarşı mübarizədə birgə səylərin göstərilməsidir, Azərbaycan terrorla üz-üzə qalan bir ölkə kimi daim bu mübarizənin önündədir. Bu həqiqəti də etiraf etmək yerinə düşər ki, dünya dövlətləri hər hansı məsələyə həqiqətin gözü ilə baxmaq, həmin problemi yaşayan ölkənin nə kimi çətinliklərə üz-üzə dayandığını dərindən dərk etmək üçün mütləq o hadisəni yaşmalıdır. Necə ki, 2001-ci il sentyabrın 11-də ABŞ-da baş verən terror aktı rəsmi Vaşinqtonun xarici siyasətində dəyişiklik etməsini şərtləndirdi. Həmin terror aktına ilk münasibət bildirən Azərbaycan dövləti oldu. Ulu öndər Heydər Əliyev Azərbaycanın terrorizmə qarşı mübarizənin önündə olduğunu önə çəkərək, bunu əməli işdə sübut etməyə hazır olduğunu bəyan etdi. Məhz həmin dövrdə Trabzon şəhərində Türkiyə, Azərbaycan və Gürcüstan dövlət başçılarının birgə görüşü keçirildi, terrorzmlə birgə mübarizəyə dair Memorandum imzalandı. İşğalçı Ermənistan isə həmin hadisəyə laqeyd münasibəti ilə diqqət çəksə də, yenə də dünyanın ikili siyasətindən bəhrələndi. Belə ki, ABŞ hökuməti Ermənistana bu yanaşmasına görə hansısa sərt münasibəti göstərmədi, əksinə maddi və mənəvi dəstəyinin miqyasını genişləndirdi. Bu, artıq işğalçılığı, terroru yürütdüyü siyasətin əsası kimi qəbul edən bir dövlətə dəstəkdən başqa bir şey deyildi. Tarixdə sınanmış bu deyimi xatırlatmaq istərdik- bir cinayətin cəzasısız qalması növbəti cinayət üçün əsasdır. Xatırlasaq, rəsmi Bakı beynəlxalq təşkilatların tribunalarından hər zaman bəyan edir ki, işağlçı, terrorçu ölkəni dəstəkləmək bu siyasəti müdafiə etmək deməkdir. Rəsmi Bakı ən yüksək tribunalardan Dağlıq Qarbağın nəzarətsiz zona olduğunu, buranın terror yuvasına çevrildiyini hər zaman bəyan edir. Lakin dünya susmağında, işğalçı Ermənistan terror hadisələrini törətməkdə davam edir.
Bu gün yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin uzanmasında dünyanın ikili siyasətinin nə kimi rol oynadığını geniş şərh etməyə ehtiyac yoxdur. ABŞ Konqresinin hər il Ermənistana və qondarma rejimə ayırdığı vəsaitlərin miqdarını artırmasını müxtəlif adlar altında ört-basdır etməsini qeyd etmək kifayətdir. Bəhanələrdən ən çox səslənəni “demokratiyaya dəstək”dir. Hansı ki, bu ölkəni təmsil edən bəzi beynəlxalq hüquq təşkilatları Dağlıq Qarabağı Ermənistanla Azərbaycanın müştərək ərazisi kimi qeyd edirlər. Ötən il Belçikanın paytaxtı Brüsseldə keçirilən “Separatizm beynəlxalq sülhə və təhlükəsizliyə təhdiddir” mövzusunda Beynəlxalq Forum bir daha bu reallılara işıq saldı ki, beynəlxalq terrorizm və etnik separatizm kimi təhlükəli meyillərin doğurduğu böhranın həlli yollarının axtarılması ilə bağlı müzakirələrin aparılması mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, bu məqam da xüsusi qeyd olunmuşdur ki, hazırda beynəlxalq münasibətlər sistemində hökm sürən “ikili standartlar” siyasəti etnik separatçılığa qarşı qətiyyətli və prinsipial şəkildə mübarizə aparılmasına əngəl törədir. Hər bir məsələyə ikili yanaşma təbii ki, problemlərin həlli prosesinin uzanmasına, ən əsası həmin dövlətlərin, təşkilatların mövqeyinə inamsızlığın yaranmasına gətirib çıxarır. Azərbaycan daim bu yanaşmaların şahididir. Beynəlxalq hüquq normalarının bu və ya digər dövlətlərə müxtəlif şəkildə tətdiq olunmasından narazılığını bildirən rəsmi Bakı bəyan edir ki, vahid mexanizm olmalıdır. BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında dövlətimizin başçısı İlham Əliyevin çıxışı işğalçı Ermənistana və onun havadarlarına ciddi mesaj olmuşdur. Ölkə Prezidenti bildirmişdir: “İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurasının Parlament Assambleyası və Avropa Parlamenti kimi digər beynəlxalq təşkilatlar oxşar qərar və qətnamələri qəbul etmişlər. Ermənistan bu qərar və qətnamələri icra etmir. Ermənistan 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur və əfsuslar ki, o, buna görə cəzalandırılmır. Bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Bizə gəldikdə isə 24 ildir ki, qətnamələr icra olunmur. Bu, ikili standarta əsaslanan yanaşmadır. Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir. BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır.”
Cənab İlham Əliyev bu sualı da səsləndirmişdir: “Necə olur ki, despotik və orta əsrlər rejiminin idarə etdiyi bu cür korrupsiyaya uğramış, uğursuz dövlət uzun illər ərzində beynəlxalq hüququ pozmağa, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə və dünyanın aparıcı ölkələrinin bəyanatlarına məhəl qoymamağa müvəffəq olur? Buna cavab isə ikili standartlardır. Təcavüzkara heç bir beynəlxalq təzyiq göstərilmir, Ermənistan diktatorluğuna heç bir beynəlxalq sanksiya tətbiq edilmir. Bu siyasətə son qoyulmalıdır. Təcavüzkara münasibətdə bu cür siyasət təkcə ədalətsizliyi nümayiş etdirmir, eyni zamanda, Ermənistan diktatorluğunda elə bir illüziya yaradır ki, sanki onlar öz terror siyasətini bundan sonra da davam etdirə bilərlər.” Dövlətimizin başçısı bu fikirləri ilə daim gündəmdə olan belə bir məsələyə- terrorizmə və separatmizə qarşı birgə mübarizəyə laqeyd, daha dəqiq desək, maraqlara uyğun yanaşmanın nə kimi problemlərə yol açdığını diqqətə çatdırır. 2016-cı ilin aprel döyüşləri, eyni zamanda ondan sonra cəbhə xəttində işğalçı Ermənistanın mütəmadi olaraq törətdiyi təxribatlar başına çəkilən sığalların davamlı olmasından irəli gəlir. Dövlətimizin başçısı BMT-nin tribunasından bəyan etmişdir ki, beynəlxalq ictimaiyyət erməni faşizminə və terroruna son qoymalıdır. Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin, eyni zamanda, Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq.
Ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq səviyyəli tədbirlərdə də əsas diqqət Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə yönəldilir və bu fikir xüsusi vurğulanır ki, problemin həlli prosesinin uzanması regionda iqtisadi inkişafa böyük maneədir. Ölkəmiz hazırda mühüm geosiyasi məkan kimi regionda sülhün və təhlükəsizliyin təmin olunması üçün dayaq nöqtəsi, ən perspektivli tərəfdaş hesab edilir. Prezident İlham Əliyev Azərbaycanın dövlət siyasətini dünya dövlətlərinin siyasəti ilə uzlaşdırır, konstruktiv, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, regional və qlobal miqyasda sabitliyə xidmət edən siyasət həyata keçirir.
Günümüzün əsas çağırışlarından biri əvvəldə də qeyd etdiyimiz kimi, hər bir məsələnin həllində səylərin birləşdirilməsi, vahid mövqenin ortaya qoyulmasıdır. Beynəlxalq hüququn norma və prinsiplərinə əməl edilməsi, suverenlik, ərazi bütövlüyü, dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı, suveren bərabərliyə hörmət və daxili işə qarışmama regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsində təməl olmaqla, sabitliyi təmin edir. Bu prinsiplər münasibətlərin və əməkdaşlığın inkişafında əsasdır.
Yeganə Əliyeva, “İki sahil”
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...