29 iyul 2019 20:16
1208

Mən dünyada ikinci ölkələr tanımıram ki, Türkiyə və Azərbaycan qədər biri-birinə bağlı olsunlar

Viza tələbinin qarşılıqlı olaraq ləğvi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlıq nümunəsi olmaqla, tərəfdaşlığın yüksələn xətlə inkişafına ən layiqli töhfədir

Eyni kökdən qaynaqlanan tarixi, milli-mənəvi dəyərləri oxşar olan Türkiyə və Azərbaycan arasında möhkəmlənən qardaşlığı başqalarına nümunə göstərən ulu öndər Heydər Əliyev “ Cahanda sülh, yurdda sülh, bölgədə sülh” söyləyən, Azərbaycana bağlılığını “Azəri türklərinin dərdləri bizim dərdlərimiz və sevincləri öz sevinclərimiz olduğu üçün onların muradlarına nail olmaları, hürr və müstəqil yaşamaları bizi həddindən artıq sevindirir” sözləri ilə bildirən Mustafa Kamal Atatürkün türk dünyasının birliyi naminə göstərdiyi xidmətləri yüksək dəyərləndirmişdir. Bu qardaşlığı “Biz bir millət, iki dövlətik” sözləri ilə daha da məhrəmləşdirən ulu öndər Heydər Əliyevin bu dostluğun möhkəmləndirilməsi üçün göstərdiyi xidmətlər indi daha geniş miqyasda davam etdirilir.

Müstəqillik əldə etdikdən sonra illərdən bəri imperiya məngəsində sıxılan Azərbaycanın dost ölkə ilə əlaqələri genişləndi, müxtəlif sahələr üzrə inkişaf etdi, şaxələndi. Əsrlərə söykənən bu yaxınlığın dəyanətini səhifələrində saxlayan tarixi vərəqləyək.

Şamil Qurbanovun “Atatürk və Nərimanov” adlı kitabında bu dostluğun sarsılmazlığı sənədlərin dili, diplomatların sözləri ilə ifadə olunur. Bəllidir ki, Türk Cümhuriyyətinin  yeni yarandığı günlərdə ölkədə vəziyyət çox-çox ağır idi: “Hara əl atırdın pul tələb olunurdu. Pul da yox idi... Mustafa Kamalın yalnız, şəkərsiz, qəhvəsiz, yeməksiz deyil, hətta əkməksiz qaldığı günlər də olmuşdur. Qarabəkir paşa gənc Azərbaycan hökumətindən pul istəməyi məsləhət gördü... Mustafa Kamal Paşa özü Nərimanova məktub yazmış və borc pul verməsini xahiş etmişdir... Nərimanov dərhal 500 kiloluq qızıl göndərdi. Daha sonra Rusiyadan 10 milyon qızıl yenə göndərilir. N.Nərimanov Mustafa Kamal Paşaya yazırdı: “Paşam, qardaş qardaşa borc verməz, əl tutar.”

...1918-ci ildə bolşevik-daşnak tör-töküntülərinin törətdikləri qırğınların qarşısının alınmasında azəri qardaşlarına köməyə gələn, xalqımızın qatı düşməni, daşnak Şaumyanın başçılıq etdiyi erməni-rus ordusuna zərbələr endirən Nuru paşanın komandanı olduğu  Qafqaz İslam Ordusunun qəhrəmanlığı zəfər günü, türk birliyinin, qardaşlığının nümunəsi oldu. Müstəqilliyimizi ilk tanıyan dövlət kimi 20 Yanvar faciəsi, Xocalı soyqırımı zamanı da Azərbaycanın yanında olan Türkiyə sınaqdan çıxmış bu dostluğa sadiq qalaraq  erməni lobbisinə qarşı mübarizədə eyni mövqedən çıxış edir.

Tarixi, milli-mənəvi dəyərləri  eyni kökdən qaynaqlanan hər iki xalqın maraqlarının ən çətin məqamlarda belə üst-üstə düşməsinə həmrəylik nümunəsi Surix protokolunu göstərmək olar. ABŞ-ın, Rusiyanın, Fransanın, Sloveniyanın rəsmi nümayəndələrinin iştirakı ilə imzalanan, Ermənistana dəstək olan Surix protokolu Türkiyə-Azərbaycan birliyinin qarşısında kölgədə qaldı.

ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsində “erməni soyqırımı” ilə əlaqədar qəbul olunmuş ədalətsiz qərara ilk olaraq rəsmi etirazını bildirən Azərbaycan  qardaş türk xalqına siyasi, mənəvi dəstək göstərməklə, ermənilərin etnik təmizləmə, işğalçılıq əməllərini pisləməklə bu dostluğun sarsılmazlığını dünya birliyinə çatdırdı.

Fransada “erməni soyqırımı”nın tanınması ilə əlaqədar cəhdlər göstərilsə də Azərbaycanın məsələ ilə bağlı münasibəti yenə də sərt oldu. Fransanın Konstitusiya Məhkəməsi bu ədalətsiz qərarı ləğv etdi. Almaniya Bundestaqında “erməni soyqırımı”nın tanınmasına etirazını bu ölkəyə səfəri zamanı deputatlarla görüşməkdən imtina etməklə bildirən Prezident İlham Əliyev Türkiyə-Azərbaycan birliyinin siyasi güc kimi yenilməzliyini göstərdi.

Azərbaycan-Türkiyə birliyinin dünya siyasətinin başlıca amilinə çevrildiyi, hər iki dövlətin birgə iştirakı ilə həyata keçirilən qlobal enerji layihələrinə marağın artdığı məqamlarda Türkiyəyə qarşı yönəlmiş hər hansı ədalətsizliklə barışmayacağını bəyan edən Azərbaycan dövləti və xalqı həmişə olduğu kimi, Mustafa Kamal Atatürkdən və ulu öndər Heydər Əliyevdən miras qalan həmrəylik tövsiyəsinə sadiq qaldı.

Xalqlarımız arasındakı sarsılmaz birlik nümunəsi olan qlobal enerji və nəqliyyat layihələrinin gerçəkləşməsində hər iki dövlət rəsmilərinin göstərdikləri qətiyyət əsrlərdən bəri bu günümüzə ərmağan olan qardaşlığın sarsılmazlıq nümunəsi idi. TANAP-ın istismara verildiyi mərasimdə bu birliyin hər iki dövlətin iqtisadiyyatına, regionda sabitliyin təminatına verdiyi töhfələri qardaşlıq nümunəsi adlandıran Prezident İlham Əliyevin  “TANAP Türkiyə ilə Azərbaycanın növbəti zəfəridir. TANAP tarixi layihədir. Bu gün biz XXI əsrin enerji tarixini birlikdə yazırıq. Bu tarix işbirliyi tarixidir, bu tarix sabitlik tarixidir. Enerji layihələrimiz bölgəmizə sabitlik gətirir. Bu layihələrdə iştirak edən bütün ölkələr, bütün şirkətlər fayda görür, xalqlar fayda görür. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə-Azərbaycan liderlərinin birgə güclü siyasi iradəsi nəticəsində mümkün olmuşdur” sözləri, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu kimi qlobal layihələrin reallaşması dünya siyasətinə təsir imkanları artan Türkiyə-Azərbaycan birliyinin təntənəsidir.

“Gezi parkı”nda, qarışıqlıq yaratmaqla , İstanbul hava limanında  terror törətməklə qardaş ölkədə siyasi vəziyyəti gərginləşdirməyə çalışan kənar qüvvələrin 2016-cı ilin 15 iyulunda dövlət çevrilişinə cəhdlərinin qarşısının alınması türk xalqının M.K.Atatürkün “Vətənə xəyanətin səbəbi olmaz, tez ya gec bədəli olar” sözlərinə sadiqliyi idi.

Dost ölkədə dövlət çevrilişinə cəhd edən xəyanətkar qüvvələrin məqsədi demokratiyanı devirmək, ölkədə gərginlik yaratmaq, vətəndaşları iqtidara qarşı qaldırmaq idi.  Bu xəyanətkar planların “müəllifləri” unudurdular ki, Türkiyə kimi sivil cəmiyyətdə dövləti hərbi yolla devirmək, türk əsgərinin ölkədə müqəddəs sayılan nüfuzuna xələl gətirmək, ordu ilə xalqın birliyini sarsıtmaq heç kimə nəsib olmayıb. Xarici qüvvələr tərəfindən idarə olunan “fetoçu”ların yaratdıqları xaos Vətən uğrunda ölməyə hazır olduğunu Çanaqqala döyüşündə göstərən, terrorçulara qarşı mübarizədə canını qurban verən türk əsgərləri xainlərin hazırladığı dövlət çevrilişinə cəhd planlarının qarşısını şəhidlik zirvəsinə qalxmaqla aldılar.

“Biz nə qədər güclü olsaq, bizim həqiqətlərimiz də bir o qədər üstün olacaqdır. O qədər də bizim sözümüzü eşidəcəklər” söyləyən Prezident İlham Əliyev Türkiyədə baş verən hərbi çevriliş cəhdini pisləyərək  dost ölkəyə mənəvi dəstək olmaqla bu gücün yenilməzliyini bəyan etdi.

Bölgədə sülh, barışıq, əməkdaşlıq tərəfdarı olan Türkiyə qonşuları ilə  mehriban münasibətlərini genişləndirməklə iqtisadi əlaqələrin şaxələndirilməsinə də töhfəsini verməkdədir. Türkiyənin təşəbbüsü ilə yaradılan Cənubi Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması strateji tərəfdaşlıq, sülhyaratma missiyasının həllinə yönəldilir.

Türkiyənin qüdrətli dövlətlərlə əməkdaşlığına,  dünyanın enerji bazarında möhkəmlənən mövqeyinə və roluna qısqanclıqla yanaşan daxili və xarici qüvvələr təbii ki, Prezident Rəcəb Tayyib Ərdoğanın bölgədə güclənən nüfuzuna da həsəd aparırlar. 15-16-iyul hadisələrində bütün türk xalqının meydanlara toplaşaraq iqtidarla həmrəylik nümayiş etdirməsi və bu gün də dövlətçilik naminə birliyini qoruması buna misaldır.

Talelərinə oxşar qismət yazılmış Türkiyə və Azərbaycanda təxribatlar, terrorlar törətməklə mənfur niyyətlərini həyata keçirməyə çalışan, bölgədə sabitliyin pozulması üçün ən çirkin usullara əl atanlar bilməlidirlər ki, bütün hallarda məğlubiyyətə məhkum qərəzli qüvvələrdir. Həmişə olduğu kimi, bu gün də türk millətinin  silahı əlindəki bayraq, qəlbindəki qala kimi alınmaz Vətən sevgisidir. M.K.Atatürkün “Millətin zəkasından qaynaqlanan gücü heç bir qüvvət dayandıra bilməz” kimi hikmətlərdən qaynaqlanan qüdrət türk həmrəyliyinin əbədiyyət rəmzidir.

15 iyul hadisələri ilə bağlı keçirdiyi görüşdə mitinqlərdə kənar partiyaların, həmkarlar təşkilatlarının bayraqlarının gətirilməsini məqbul hesab etmədiyini bildirən Prezident Rəcəb Tayyib Ərdoğan yalnız Şimali Kipr Türk Cümhuriyyətinin və Azərbaycanın bayrağının dalğalana biləcəyini söyləmiş, ölkəmizə qardaş münasibətini bu sözləri ilə ifadə etmişdir: “Azərbaycan bizim ailəmizin üzvüdür.” Əsrlərin dostluğunu, qardaşlığını özündə ehtiva edən bu sözlərdə Türkiyə və Azərbaycan xalqlarını birləşdirən illərin sınağından çıxmış sədaqət, inam, etibar əksini tapır.

Əvvəllər də hər iki xalq arasındakı dostluğun sarsılmazlığını “Türkiyə ilə Azərbaycan tək ürəkdir” sözləri ilə ifadə edən Rəcəb Tayyib Ərdoğan hər zaman  Azərbaycan xalqının dəstəyini qardaş köməyi kimi qiymətləndirir.

Xarici İşlər Nazirliyinin Azərbaycanla Türkiyə arasında viza rejiminin ləğvi ilə bağlı məlumatı qardaşlığın möhkəmliyinə daha bir örnəkdir. Məlumatda qeyd olunduğu kimi xalqlarımız arasında ortaq etnik-mədəni, tarixi köklərə, qardaşlığa, dostluq və həmrəyliyə söykənən Azərbaycan-Türkiyə əlaqələrinin yüksək səviyyədə olduğunu təsdiqləyən bu addım ikitərəfli münasibətlərin uğurlu inkişafına ən layiqli töhfədir. Ölkələrimiz arasında viza sahəsində əməkdaşlığın dəyərləndirilməsi və xalqlarımız arasında sərbəst gediş-gəlişin asanlaşdırılması insanları daha da yaxınlaşdırır. Artıq Azərbaycana  30 gün müddətinədək səfər etmək istəyən Türkiyə Respublikasının ümumvətəndaş pasportuna malik vətəndaşları üçün 1 sentyabr 2019-cu il tarixdən etibarən viza tələbi ləğv olunur. Azərbaycanda 30 gündən artıq qalmaq istəyən Türkiyə vətəndaşlarının statusu ölkəmizin müvafiq qanunları ilə tənzimlənir. Türkiyə Hökumətinin qərarına əsasən bu ölkəyə 30 günədək səfər edən azərbaycanlılar da viza tələbindən azad olunurlar. Viza tələbinin qarşılıqlı olaraq ləğvi Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlıq nümunəsi olmaqla  tərəfdaşlığın yüksələn xətlə inkişafına ən layiqli töhfədir.

“Türkiyənin gücü bizim gücümüzdür. Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq. Bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycan və Türkiyə dünya miqyasında qardaşlıq və həmrəylik nümunəsi göstərirlər. Mən dünyada ikinci ölkələr tanımıram ki, Türkiyə və Azərbaycan qədər biri-birinə bağlı olsunlar. Bu bizim böyük sərvətimizdir” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi,  dünyanın enerji, nəqliyyat xəritələrini dəyişən, hər iki dövlətin qətiyyəti sayəsində reallaşan nəhəng layihələr bu qardaşlığın simvolu, türk birliyinin beynəlxalq ictimaiyyətə təqdimatıdır.

Xuraman İsmayılqızı, “İki sahil”