Xarici himayədarlarından asılılıqları ucbatından prezident və parlament seçkilərini bir-birindən ayırd edə bilməyən dağıdıcı ünsürlər yeni “Rüstəm İbrahimbəyov” ssenarisi ilə gündəmdə olmağa çalışırlar
Hər bir seçki prosesi zamanı müxalif düşərgədə cərəyan edən proseslər bir reallığı ortaya qoyur ki, bu ünsürlərin birgə düşünmək, vahid mövqe nümayiş etdirmək bacarıqları sıfıra bərabərdir. Ən əsası xaricdən asılılıq onları elə çaş-baş qoyur ki, hansı seçki ərəfəsində olduqlarını unudurlar. Necə ki, gələn il keçiriləcək parlament seçkilərini prezident seçkiləri kimi qəbul edib gündəmdə olmaq, ictimai diqqəti özlərinə yönəltmək üçün yeni “Rüstəm İbrahimbəyov” ssenarisi ətrafında baş sındırırlar. Burada əsas diqqət çəkən məqam Rüstəm İbrahimbəyov obrazında kimin olması yox, dağıdıcıların canfəşanlığıdır. Bu ssenariyə əsasən “Rüstəm İbrahimbəyov” obrazında olacaq şəxs müxalifəti bir araya gətirəcək, guya onun vasitəsilə xaricdən Azərbaycan hakimiyyətinə təzyiqlər göstəriləcək. Gülünc, eyni zamanda, ikrah doğuran fikir deyilmi? Əvvəla, Azərbaycan müstəqil dövlətdir. Heç bir kənar qüvvə xalqın iradəsinə təsir göstərmək imkanında deyil. Müstəqil dövlət olaraq Azərbaycan böyüklüyündən-kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı hörmət prinsipləri əsasında əlaqələr qurur və inkişaf etdirir.
Düşərgə təmsilçilərinin də etiraf etdikləri kimi, parlament seçkilərində prezident seçkilərinə uyğun planların tətbiq edilməsi real görünə bilməz. Parlament seçkilərində bir namizəddən bəhs olunmur. Parlament seçkilərinə bir ildən artıq qalmasına baxmayaraq dağıdıcı ünsürlərin bu gündən əl-ayağa düşmələri diqqətdən kənarda qalmır. Ən əsası nəzərə alaq ki, 2019-cu il də ölkəmizdə seçki ilidir. Cari ilin dekabrında ölkəmizdə bələdiyyə seçkiləri keçiriləcək.
Sirr deyil ki, hər bir seçki dağıdıcı ünsürlərin hər hansı ad altında birlik yaratmaları, yaxud “vahid namizəd” məsələsi ətrafında baş sındırmaları ilə yadda qalır. 2013-cu ildə onların xarici himayədarlarının sifarişi əsasında həyata keçirdikləri “Rüstəm İbrahimbəyov” ssenarisinin hansı sonluqla başa çatdığı məlumdur. Xatırlasaq, “Milli Şura”nı yaradanda onu müxalifətin “20 ildə ən böyük birliyi” kimi ictimai fikrə təqdim edib, hətta xarici diqqətin bu quruma böyük olduğunu qeyd edərək, “birliyin” xarici sifariş olduğunu ört-basdır etmək üçün dəridən-qabıqdan çıxdılar. Amma hər zaman yazımızın əsas ideyasını təşkil edən bir fikri yenə də qeyd etməyi özümüzə borc bilirik ki, hadisələrə ən böyük dəyəri zaman özü verdi. Bu birliyin Moskva layihəsi olduğu çox keçmədi ki, açıqlandı.
Qurumun “fədakar” sədrinin ( Rüstəm İbrahimbəyovun) ilk gündən hansı ölkəyə deyirsən böyük sevinc hissi ilə üz tutması, amma Azərbaycan adı gələndə müxtəlif bəhanələrlə yayınmağa çalışması müxtəlif versiyaların yaranmasına rəvac verdi. “Yalançını mənzilinədək qovarlar” deyiminə uyğun olaraq irəliləyən günlərdə Rüstəm İbrahimbəyovun yalanları üzə çıxdı. “Dostlarım Bakıya gəlişimi hələ istəmir” söyləyən kinorejissor özlərinə “sirr”, ictimaiyyətə bəlli olan bir çox məqamlara aydınlıq gətirdi. İlk gündən düzgün seçilməyən yol, məqsədin, məramın açıqlanmaması sonrakı proseslərə kölgə saldı, qaranlıq məqamlara yol açdı. Atalar əbəs yerə deməyiblər ki, örtülü bazar dostluğu pozar. Müxalif ünsürlərin bu gün ictimaiyyət üçün sirr saxlamaq istədikləri olaylar onsuz da hadisələrin gedişi zamanı elə özlərinin dilindən açıqlanır. Düşərgə təmsilçilərinin “Milli Şura”, həmin dövrdə müxalifətin guya vahid namizədi R.İbrahimbəyov haqqında söylədiklərini yada salmaq kifayətdir. Növbəti mərhələdə vahid namizədlik Cəmil Həsənliyə qismət oldu.
Bunları xatırlamaqda məqsədimiz dağıdıcıların yeni “Rüstəm İbrahimbəyov” ssenarisindən gözləntilərinin sabun köpüyündən başqa bir şey olmadığını qeyd etməkdir. Sosial baza problemini yaşayan bu ünsürlərin ölkədə keçirilən bütün seçkilərdən məglubiyyətlə çıxmaları qaçılmazdır. Amma siyasi savadsızlıqları bu məqamda da özünü qabarıq şəkildə göstərir ki, xalqa deyil, xarici dayılarına arxalanır, onlar üçün parlamentdə yer alınacağını düşünürlər. Xatırlasaq K.Smit hər zaman əli kərimliləri belə aldadıb. Yaxın dostları kimi tanınan A.Qross bu ünsürlərə 20-25 yerə söz verdiyi halda K.Smit bir qədər də irəli gedib 40 yerdən danışıb. Bu yalanlara uyan əli kərimlilər xaricdən gələn sifarişləri yerinə yetirmək üçün canlarını fəda ediblər. Azərbaycanın demokratik inkişafının aşağı səviyyədə olmasını iddia edən əli kərimlilər, qrosslar, smitlər unudurlar ki, belə düşüncələri ilə demokratik prinsipləri pozur, demokratiya anlayışından xəbərsiz olduqlarını təsdiqləyirlər. Parlamentdə yerlər alınmır, xalqın iradəsi əsasında qazanılır.
Parlament seçkilərini prezident seçkiləri ilə səhv salan dağıdıcı ünsürlərə bu xatırlatmanı da edirik ki, seçkilərin nəticələri xalqın iradəsi əsasında müəyyənləşdirilir. “Rüstəm İbrahimbəyov” ssenarilərinin hansı tərkibdə olmasından asılı olmayaraq, xalq bu ünsürlərə çoxdan “yox” deyib. Daim vurğulandığı kimi, onların siyasi meydanları iqtidarın gördüyü işlərin fonunda daralıb. Xarici dairələrin maraqlarının ifadəçisi olmaqdan məmnunluq hissi keçirən dağıdıcıların xalqdan bu və ya digər şəkildə dəstək gözləməsi mənəviyyatsızlıqdır.
Yeganə Əliyeva, “İki sahil”
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...