Çinin “Bir kəmər, bir yol” təşəbbüsü regionda yeni siyasi vəziyyət yaradır
Azərbaycanda səfərdə olan Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sun Taonunla görüşən Prezident İlham Əliyev rəsmi Pekinin təşəbbüsü olan “Bir kəmər, bir yol” layihəsini yüksək qiymətləndirərək dövlətlərarası əlaqələrin möhkəmlənməsindəki əhəmiyyətindən də bəhs etdi. Tarixi İpək Yolunun bərpası olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun dünyanın nəqliyyat xəritəsini dəyişməsi ilə bağlı fikirlərini bildirdi. Dövlət başçımız bu yaxınlarda Çinin Sian şəhərindən Azərbaycana yük qatarının gəlməsini əməkdaşlığımızın iqtisadi, o cümlədən nəqliyyat sahələrində yaxşı perspektivinin göstəricisi kimi dəyərləndirdi.
Dünyanın 100 möhtəşəm layihəsi siyahısına daxil edilən, Azərbaycanın təşəbbüsü ilə gerçəkləşən neft- qaz kəmərlərindən sonra qitələri birləşdirən qlobal infrastruktur kimi dünya birliyinin diqqətini cəlb edən Bakı-Tbilisi-Qars dəmir yolunun beynəlxalq əhəmiyyəti qısa müddətdə təsdiqləndi. Dünya dövlətlərinin “ənənəvi iqtisadi hesabat tribunası”na çevrilən Davos Dünya İqtisadi Forumu çərçivəsində təşkil olunan “Bir kəmər, bir yol”” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı”” mövzusuna həsr olunmuş sessiyada çıxış edən Prezident İlham Əliyev qlobal müasir infrastrukturun yaradılmasının mahiyyət və əhəmiyyətindən ətraflı bəhs edərək BTQ dəmir yolunu tərəfdaş ölkələrə iqtisadi səmərə gətirən, xalqları yaxınlaşdıran, bölgədə sabitliyi təmin edən mənəvi körpü adlandırdı. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən layihələrin uğurla nəticələnməsini tərəfdaş ölkələrin birgə səyinin nəticəsi kimi dəyərləndirən cənab İlham Əliyev bildirdi ki, qonşularsız tranzit ölkə olmaq mümkün deyil: “Bizim qonşularımız onların qonşuları olmadan tranzit ölkələr ola bilməzlər. Buna görə bu, ölkələr zənciridir və bayaq dediyim kimi, biz Şərqdən Qərbə və Şimaldan Cənuba gedən yol üzərindəyik. Beləliklə, biz qitələri, ölkələri birləşdiririk və daha proqnozlaşdırıla bilən gələcək yaradırıq.”
Bakı-Tbilisi-Qars dəmir yolununun çəkilməsində əsas məqsəd beynəlxalq nəqliyyat şəbəkəsini genişləndirmək, tarixi İpək Yolu üzərində yerləşən ölkələr arasında siyasi, iqtisadi münasibətləri möhkəmləndirməkdir.
Eyni fikirlərini daha ətraflı Çinin CGTN televiziyasına müsahibəsində şərh edən, qlobal əhəmiyyət daşıyan infrastruktur layihələrinin genişlənməsində Çinlə əməkdaşlıqda maraqlı olduğunu bildirən Prezident İlham Əliyev vurğulamışdır ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan, gəlir gətirən layihələr həm də başqa ölkələrin iqtisadi inkişafı üçün əlavə imkanlar yaradır: “Lakin uzunmüddətli investisiyalara gəldikdə əsas məqsəd elə bir infrastrukturun yaradılmasıdır ki, o, uzun zaman ərzində fəaliyyət göstərsin və ölkəni dəyişmiş olsun, dünyanın ölkəyə münasibətini dəyişmiş olsun. Çünki bu infrastruktur layihələri olmadan Azərbaycanın coğrafi mövqeyinin bir o qədər də böyük mənası yoxdur. Biz ölkələri və insanları birləşdirməyə nail olmuşuq. Sizə deyə bilərəm ki, nəqliyyatla bağlı infrastruktur layihələri regionumuzda tamamilə yeni siyasi vəziyyət yaradır. Bir-birindən asılı olan ölkələr; biri tranzit ölkəsindən asılıdır, digəri tranzit ölkəsi olur, əlbəttə ki, onlar arasında daha yaxın münasibətlər yaranır. Onlar faydaları paylaşır, onlar bütün tərəflərin uduzmadığı bir vəziyyət tapa bilir.”
Dövlət başçımız onu da qeyd edir ki, təkcə ikitərəfli yox, çoxtərəfli formatda da Xəzər dənizi vasitəsilə qitələrin birləşdirilməsi, Bakıda dəniz limanının tikintisi, dəmir yolu sisteminin Avropa strukturları ilə birləşməsi yeni əməkdaşlıq formatını yaradır: “Bizim hədəfimiz Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir. Eyni zamanda, məqsədlərimizə - siyasi, iqtisadi və maliyyə məqsədlərimizə fəal əməkdaşlıq və qarşılıqlı dəstək vasitəsilə nail olmaqdır.”
Pekində II “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda çıxış edən Prezident İlham Əliyev bildirdi ki, BTQ-ni istifadəyə verməklə, müasir nəqliyyat və loqistika infrastrukturu yaratmaqla biz yalnız ölkəmizi mühüm nəqliyyat mərkəzinə çevirmədik. BTQ Şərq-Qərb və Şimal- Cənub dəhlizləri layihələrində iştirak edən ölkələr arasında möhkəmlənən əməkdaşlığa töhfədir. Azərbaycan Çin hökumətinin “Bir kəmər, bir yol”” təşəbbüsünü daim dəstəkləyir, qonşu ölkələrin qlobal layihələrə qoşulmaq istəklərini yüksək dəyərləndirir. Çünki Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir ki, infrastrukturun yenilənməsi ilə Xəzərin sahilində 25 milyon tona qədər yük daşımaq gücündə olan ən böyük dəniz limanı respublikamızın ərazisindədir.
Davos Dünya İqtisadi Forumunun hesablamalarında qeyd olunduğu kimi, yolların keyfiyyətinə görə dünyada 34-cü yerdə olan Azərbaycan “Bir kəmər, bir yol” layihəsini dəstəkləməklə qlobal nəqliyyat infrastrukturunun fəal üzvü olduğunu təsdiqlədi. Azərbaycan və Çin “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının təşviqinə dair Anlaşma Memorandumunu imzalamaqla Avropa ilə Asiya arasında müasir nəqliyyat infrastrukturuna malik vacib tranzit ölkəyə çevrildi. “Bir kəmər, bir yol” təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açmaqla, ticarət, turizm, xalqlar arasında əlaqələri möhkəmləndirir, Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olmasına xidmət edir. Eyni əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmir yolu da təkcə Azərbaycan üçün deyil, bölgə dövlətləri üçün siyasi, iqtisadi, strateji baxımdan böyük əhəmiyyət daşıyır. Çindən başlayaraq Londona qədər uzanan BTQ dəmir yolu vasitəsilə Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinə və Türkiyəyə birbaşa gediş imkanları yaranır.
Prezident İlham Əliyevin vurğuladığı kimi, “Dəmir İpək Yolu” tikintidə iştirak edən, dəmir yolunun inşası üçün iradəsini ortaya qoyan tərəfdaş dövlətlərin birgə səyinin töhfəsidir.
Dəmir yolunun açılışını tarixi hadisə, tərəfdaşların birgə səyinin bəhrəsi adlandıran, “Çindən gələn və əsasən Transsibir magistralı ilə daşınan yükləri Gürcüstandan keçərək İstanbula çatdıracaq, oradan isə Avropaya istiqamətlənəcək layihə əsas tranzit mərkəzinə çevrilməklə iqtisadi səmərəlilik baxımından da böyük əhəmiyyətə malikdir. Bakı-Tbilisi-Qars tarixi İpək Yolunun bir hissəsinin bərpası deməkdir və bundan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri istifadə edəcəklər. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək. Azərbaycan hər iki layihədə fəal iştirakçıdır və öz maliyyə resurslarını ortaya qoyan ölkədir” söyləyən Prezident İlham Əliyev onu da qeyd edir ki, Azərbaycan nəqliyyat sektoruna çox böyük önəm verir və sərmayə ayırır.
Ölkəmizin təşəbbüsü və başçılığı ilə reallaşan Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Cənub-Qərb nəqliyyat dəhlizlərin, eləcə də Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu (TBNM) kimi layihələr təkcə iqtisadi səmərəsi ilə deyil, ölkələrarası əməkdaşlığın genişləndirilməsi baxımından da diqqət çəkir.
Açıqlamalara görə, Şərqlə Qərb arasında il ərzində təxminən 40 milyona yaxın konteynerlərlə müxtəlif yüklər daşınır. Azərbaycan isə artıq həmin yüklərin daşınmasında mühüm halqalardan birinə çevrilir. İlkin hesablamalara görə, “Şimal-Cənub”” beynəlxalq nəqliyyat dəhlizi üzrə ilə 10-15 milyon ton yük daşınması planlaşdırılır və Azərbaycanın tranzitdən çox böyük gəlirlər əldə etmək imkanları artır. Bu, təxminən, ildə 250-300 milyon dollar deməkdir. Ümumiyyətlə, bu layihələrin reallaşması nəticəsində yüklərin Çin, Hindistan, Fars körfəzindən, Pakistan, İran Azərbaycan, Gürcüstan üzərindən keçməklə, şimalda Rusiya və oradan Avropaya, qərb istiqamətində isə Gürcüstan və Türkiyə üzərindən Avropaya, əksinə yüklərin daşınmasına imkanlar yaranacaq. Bu baxımdan Azərbaycanın Çinin “Bir kəmər,bir yol”” strategiyasının iki istiqamətindən biri olan və ölkələr arasında iqtisadi sahədə münasibətlərin daha da genişləndirilməsini nəzərdə tutan layihələrə töhfə vermək imkanı daha çoxdur.
BTQ vasitəsilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilən BTQ-nin fəaliyyəti nəticəsində bu yolun ərazisində yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Qısa müddət keçməsinə baxmayaraq BTQ-nin rəqabət qabiliyyətinə malik olması artıq təsdiqlənib. Əvvəllər mənzil başına 40 günə çatan ənənəvi yüklər artıq 2 həftə ərzində daşınır.
“Bizim güclü iradəmiz, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bunun əyani misalıdır. Əminəm ki, regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr - Azərbaycan, Gürcüstan və Türkiyə bundan sonra da daim bir yerdə olacaqlar, bir-birini dəstəkləyəcəklər. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi kimi nəhəng layihələr bizim birliyimizi, dostluğumuzu daha da möhkəmləndirir” söyləyən Prezident İlham Əliyev onu da vurğulayır ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan layihələr dünyanın enerji, nəqliyyat xəritəsini dəyişməklə ölkəmizə marağı artırır, beynəlxalq aləmdə nüfuzumuzu yüksəldir.
Xuraman İsmayılqızı, “İki sahil”
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...