24 iyul 2019 19:09
1445

Media məsuliyyəti: Nəyi necə təqdim etmək...

(I yazı)

Bu günlərdə milli mətbuatımızın 144 yaşını qeyd etdik. Bəzi jurnalistlər peşəsinin tələbi ilə yenə olanları -olmazları yazdılar-pozdular, bəzi “jurnalistlər” nəyisə “bayram etdilər”, özümüzə tərif də dedik, daha cəsarətlilərimiz özümüzə tənqid güzgüsündən də nəzər saldıq.

Uzağa getməyək, elə bu günlərdəki son yazımızda jurnalist peşəsinin şərəfli, ağır və məsuliyyətli bir iş olduğundan və milli mətbuatımızda kifayət qədər işinin peşəkarı olan insanlardan söz açdıq. Bugünkü mövzumuza məhz bu fikri bir daha təsdiqləyərək keçməyi özümə borc bilirəm.

22 İyul- Milli Mətbuat Gününü də təqvimin növbəti günlərindən biri kimi atlatdıq, dedik-güldük, özümüzlə zarafatlaşdıq. İndi isə oxucuya bir az da yaxın oturub bir daha qarşılıqlı məsuliyyətimizdən ciddi-ciddi danışmağın məqamı çatdı yenə.

Pozitiv bir haşiyədən başlayım: İşə gedib -gələrkən, yaxud şəhərdə hərəkət edərkən Bakı Nəqliyyat Agentliyinin (BNA) təxminən bir il öncə başlatdığı “Sevgi-məsuliyyətdir” adlı sosial maarifləndirmə layihəsinin “Bakubus” avtobusları üzərindəki eyniməzmunlu bu mesajı ilə rastlaşarkən hər dəfə düşünürəm ki, sadə, kiçik, amma özündə çox böyük mətləbləri ehtiva etdirməyi bacaran necə gözəl və mənalı bir cümlədir. Bu minimalist cümləni maksimum şəkildə həyatımızın bəlkə də bütün sferalarına aid etmək mümkündür. Ən maraqlısı da odur ki, şəhərin müxtəlif yerlərində, fərqli zamanlarda gözə dəyən bu cümlə hər dəfə insanın oynaq əhval-ruhiyyəsinə stabilləşdirici təsir göstərərək hansısa mühüm qərarı verməsinə də yardımçı ola bilər.

Bu cümlədəki sözlərin yerini dəyişəndə məna miqyası məhdudlaşsa da, bu cümlə inversiya halında da keçərlidir: Məsuliyyət -sevgidir!

Mövzumun özəyinə də məhz burdan giriş vermək istəyirəm. Əvvəlcə çoxumuzun bildiyi məqamdan başlayım ki, xəbərin, informasiyanın, yazının təqdimat üslubu, onu oxucuya çatdırma şəkli çox vacibdir, bəzən hətta həyati əhəmiyyətlidir. Təqdimat üslubunu seçmək hər bir peşəkar jurnalistdən məsuliyyətli olmağı tələb edir. Məsuliyyətli olmaq həm də öz peşəsinə olan sevginin göstəricisidir. Tərsindən baxanda isə- peşəsini sevmək də gördüyü işə və bundan yarana biləcək nəticələrə daha məsuliyyətli yanaşmaqdır.

BNA-nın o gözəl cümləsinə gəlsək, bu yazıda məqsədimiz heç də o cümlənin müxtəlif prizmalardan məna təhlili deyil. Sadəcə, təqdimata dəyər şeyləri vaxtaşırı təkrarlamaq da gözəldir. Ümumiyyətlə, içindən məsuliyyətin adının keçdiyi və məsuliyyətin olduğu hər şey təqdirəlayiqdir.

Keçək söhbətimizin məğzinə. Dövrün tələbinə uyğun olaraq bu gün internetin böyüklü-kiçikli, cavanlı-qocalı demək olar ki, hamının əlinin altında olan nəsnəyə çevrildiyi danılmazdır. “Ağıllı” smartfonlar həyatımıza daxil olan andan artıq internet media resurslarının əlyetən olması üçün heç də kompüterlərə ehtiyac qalmayıb. Hər kəs əl boyda bir “ağıllı” ilə internet dünyasının o başından vurub bu başından çıxır.

Milli internet resurslarımıza nəzər salsaq, müxtəlif saytlarda, xəbər portallarında dəqiqəbaşı qarşımıza çıxan kriminal avtoritetlərin, “qanuni oğrular”ın həyatı, fəaliyyəti ilə bağlı həvəsləndirici, istək oyadıcı, təhrikedici üslubda oxuculara təqdim olunan xəbərləri ilə rastlaşırıq. Bəli, jurnalistin işi hər şeydən xəbər tutmaq və bu xəbəri oxucuya çatdırmaqdan ibarətdir. “Oğru dünyası”nın qan və cinayət qoxuyan yenilikləri haqqında da hərdən xəbər hazırlamaq jurnalistin fəaliyyət sferasına daxildir. Ancaq gəlin görək, media müstəvisində nəyi necə çatdırırlar? Məqsədimiz zərrəbinimizi belə xəbərlərin hazırlanması faktına yox, belə informasiyaların çatdırılma üslubuna yaxınlaşdırmaqdır. Lupanın böyüdülmüş şüşəsi altında gördüyümüz isə kriminal avtoritetlərin guya dəbdəbəli, eyş-işrətli və lüks həyatının şirnikləndirici notlarla təqdimatıdır. Əslində isə bu zahiri lüks- axıdılan günahsız qanlar, narkotika ticarəti, uyuşdurucu maddələrlə məhv edilən gənc həyatlar, müxtəlif motivli saysız-hesabsız cinayətlər, qanunlara sayğısızlıqlar və məsum insan talelərinə olan məsuliyyətsizliklərin toplusu üzərində bərqərar olmuş çürük, uydurma bir “imperiya”dır! Qanun projektorunun işığında baxanda bütün bu “imperiya” illüziyası sadəcə “avtoritet” adlandırılan canilərin, qatillərin və onların hədəf seçdikləri qurbanlarının cəhənnəmidir. Bəzi saytlar isə bu cəhənnəmi elə şəkildə oxucuya təqdim edirlər ki, yaşı və həyat təcrübəsizliyi baxımından xarakteri tam oturuşmamış gənclərdə, hansısa səbəblərdən taleyində müəyyən mənəvi, maddi boşluqlar yaşayan insanlarda həvəsləndirici effekt yaradır. Danılmaz faktdır ki, medianın kütlələr üzərində çox böyük rolu var. Ancaq media təmsilçiləri unutmamalıdırlar ki, məsuliyyətləri o roldan daha da böyük olmasa, bəlkə heç fərqinə belə varmadan insan faciələrinə “yardımçı” ola bilərlər.

Medianın “Overton pəncərəsi” texnologiyası ilə qanunsuzluq və cinayəti nəinki adiləşdirərək, hətta buna həvəs yaradaraq təqdim etməyə ən azından mənəvi haqqı yoxdur. Kiçik bir xatırlatma etsək, “Overton pəncərəsi”nin adı elmi ədəbiyyatlarda hər şeyin (hətta bəzən ağlasığmaz və mümkünsüz görünən mətləblərin belə) leqallaşdırılması, cəmiyyət tərəfindən tabu kimi qəbul edilmiş məsələlərin adiləşdirilməsi texnologiyası kimi keçir. “Mackinac Center” ictimai-siyasət mərkəzinin birinci vitse-prezidenti, 2003-cü ildə təyyarə qəzasında həyatını itirən Jozef Overtonun ölümündən sonra onun ismi ilə adlandırılan bu təqdimat modelinin mahiyyətində ictimai rəydə hansısa problem haqqında təsəvvürlərin bəzən hətta köklü şəkildə dəyişməsi dayanır. J. Overton cəmiyyətə tamamilə yad olan, bəşəriyyətin rədd etdiyi ideyaların dəyərlər sistemindən götürülərək təmizlənməsi və mərhələli aparılan proses şəklində leqallaşdırılmasının əhatəli şəkildə təsvirini verən müəllifdir. Bəli, səhv anlamadınız, “Overton pəncərəsi” texnologiyası ilə yavaş-yavaş, mütəmadi şəkildə “beyinyuma” vasitəsilə hətta hannibalizm, pedofillik kimi insanlıqdan uzaq, qəbuledilməz antibəşəri nəsnələri belə insanlar üçün adiləşdirmək, qəbuledilən etmək mümkündür. Necə? Əlbəttə ki, mətbuatın müxtəlif “qanadları” ilə- televiziya, radio, qəzet, jurnal, saytlar və sosial media vasitəsilə.

Mövzumuzun kriminal avtoritetlər hissəsinə dönsək, bəzi saytlar və sosial media şəbəkələri reytinq naminə “qanuni oğrular”ın saxta dəbdəbəsini “ballandıra -ballandıra” təqdim edib müəyyən yaş həddində təbəddülat yaşayan gənclərin fikrini qarışdırmaqdansa, bu “lüksün” nə üzərində qurulduğunu və hansı labüd sonluqla bitəcəyini anlatmalıdır. Bax, onda buna deyərlər mətbuat məsuliyyəti və media xoşniyyətliliyi.

Bütün kriminal avtoritetlərin və onların yanında yer alan cinayətkarların həyatı bu və ya digər şəkildə müxtəlif cinayət(lər)dən və dövlət qanunlarını tapdalamaqdan keçib. Və buna görə də təbii olaraq bu qövmün həyatının bəzən on illəri dəmir barmaqlıqların arasında keçir. Hansısa saxta güc göstərisi eşqilə ömürlərinin ən gənc dövrlərini həbsxanalarda xərcləyən kriminallar, mafiya üzvləri və onların tör-töküntülərinin öz “aləmlərində” yaratdıqları süni “qüdrət” illüziyası  əslində özlərini aldatmaqdan başqa bir şey deyil.

Söhbət təbii ki, taleyin gətirməzliyindən, ehtiyatsızlıqdan, bilmədən, istəmədən hansısa cinayətə bulaşan kəsimdən getmir, məhz kriminal olmağı qarşısına məqsəd kimi qoyub təcrübəsiz gəncləri də müəyyən vasitələrlə özlərinə oxşatmaq və “canilər cəhənnəminə” cəlb etmək istəyən cinayətkarlardan gedir. Bəzi saytlar xüsusilə vurğulayırlar ki, guya “qanuni oğrular” ədaləti özünəməxsus şəkildə bərpa edirlər, haqqı tapdalanan insanlara yardım göstərirlər. Özlərini “qanuni “ saysalar belə başqalarının canını, malını, etibarını, inamını, gələcəyini, taleyini “oğurlayan” , yaxud da oğurlamağa cəhd edən, adı üstündə olan bu oğrular cəmiyyətə necə xoş olan nəsə verə bilərlər? Bu “avtoritetlər”in əksəriyyəti müxtəlif psixozlardan, psixopatik şəxsiyyət pozğunluğundan əziyyət çəkən mənəvi mutantlar, residivistlər, silsilə qətllər törədən qatı cinayətkarlardır. Tibbi nöqteyi -nəzərdən ən azından müalicə olunacaq, bəzən hətta cəmiyyətdən təcrid olunacaq səviyyədə məxsusi təyinatlı səhiyyə ocaqlarına qapadılacaq ciddi psixoloji xəstələrdir. Onlar heç də bəzi media orqanlarının təqdim etdiyi kimi, “işıq savaşçıları” deyillər, məqsədli şəkildə can almaqdan, öldürməkdən, məhv etməkdən həzz alan manyaklardır. “Su sənəyi suda sınar” deyiblər. Bunların da ömürləri ya həbsxana künclərində, ya da özlərinə bənzər cinayətkarların əli ilə “arxa məhəllələrdə”, əksər hallarda da elə cavan yaşlarından kor güllələrə, sui-qəsdlərə qurban gedərək yekunlaşır. Özlərini məğlubedilməz “qüdrət” sahibləri sayan avtoritetlər mütləq şəkildə gözəl günlərin birində onsuz da ya dövlətin qanunlarına, ya da yuxarıdakı səbəblərdən gənc yaşlarından Əlahəzrət Ölümə tabe olurlar. Və tabe olmamaq haqqında özlərinin qurduqları mif elə darmadağın olur ki...

Media illah ki, qanuni oğrulardan xəbər hazırlamaqdan vaz keçə bilmirsə, o saxta “güc görüntüsü”nü bəh-bəhlə təqdim etmək əvəzinə, məqsədli kriminallaşmanın gec-tez hansı sonuclarla nəticələnəcəyini də yazdığı xəbərdə subliminal və ya açıq şəkildə mesaj vermək məsuliyyətini özündə hiss etməlidir. Belə olmadığı halda, bəzi media orqanlarının bu şirnikləndirmə fasonuna baxanda onların da hansısa kriminal dairələrə xidmət etdiyi təsəvürü yaradır.

Gənclər kriminal avtoritetlərin hədəfi olmaqdan, narkotiklərdən, cinayət dünyasına cəlb olunmaqdan və həmçinin ya qeyri-peşəkarlıqdan, yaxud da məqsədli şəkildə bu mövzunu qabardıb tirajlayan bəzi media “orqanlarından” da qorunmalıdır! Bu qoruma missiyasını maarifləndirmə yolu ilə gerçəkləşdirmək hamının- valideynlərin, cəmiyyətin, ziyalıların vəzifəsi olduğu kimi, həm də gerçək medianın - peşəkar, məsuliyyətli mətbuatın işidir. İşimizi görək. Ki, gəncliyimizi “ələ keçirməsinlər”.

Humanizm prinsiplərindən yanaşdıqda isə nə qədər yanlışlardan və günahlardan keçmiş olsa belə, insanın adam kimi adam olmaq üçün həmişə şansı var. Aleksandr Soljenitsın yazırdı ki, insan məzardan dönə bilməz, amma xətadan dönə bilər...

Sevinc Mürvətqızı, “İki sahil”

P.S. Müdriklərdən birinin maraqlı bir deyimi var: “Yaxşı mətbuat xalqın özünün özüylə söhbətidir”. Ümumiyyətlə, niyə xalq olaraq da, media olaraq da bu söhbəti işıqlı mövzuların üzərində qurmayaq, problemlərimizin həllinə pozitiv iqtiqamətdən diqqəti cəmləməyək ki? Taleyin müəyyənləşdirdiyi ömür müddətini hər gün azad bir insan olaraq başını səmaya qovzayıb günəşi, buludları, ulduzları görə bilmək, dəyər verən və dəyər verdiyin insanların əhatəsində olmaq, onları bütün qəlbinlə sevmək və bütün bunların varlığı üçün daxili minnətdarlıq duyğusu ilə, böyük Nazim Hikmət demişkən, “bir ağaç gibi tek ve hür ve bir orman gibi kardeşçesine” yaşamaqdan gözəl nə var ki?...