ABŞ-ın “The Heritage Foundation” Analitik Mərkəzinin “İqtisadi Azadlıq İndeksi-2019” hesabatı ölkəmizin iqtisadi uğurlarının təqdimatıdır
Uğurlarımızın əsasında islahatların zamanın və dövrün tələblərinə uyğun olaraq təkmilləşməsi, gələcəyə hesablanmış strategiyamızın dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən hazırlanması dayanır. Ölkə Prezidenti İlham Əliyev bu məqamı xüsusi qeyd edir ki, hazırda iqtisadiyyatımızın yeni inkişaf strategiyası üzərində işlərə başlanılıb.
Bu prosesə qabaqcıl beynəlxalq mütəxəssislərin, alimlərin cəlb edilməsi yeni inkişaf strategiyasının uğurlu nəticələrə yol açmasına hesablanıb. Təbii ki, gələcəyə nikbinliklə baxmağa əsas verən əsas amil bugünkü uğurlarımızdır. Hədəflərə yüksək səviyyədə nail olmaq üçün regionların potensial imkanlarından maksimum istifadə etmək məqsədilə regional inkişaf proqramlarının uğurlu icrası nəticələrdən də aydın görünür. “Növbəti beşillik proqram - Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bu gün hələ də görə bilmədiyimiz bütün layihələri icra edəcəyik. Bu, möhkəm bir zəmindir. Biz bu zəmin üzərində yeni iqtisadi inkişaf modeli qurmalıyıq və qururuq. Bizdə həm təcrübə, həm də iradə var” söyləyən dövlətimizin başçısı İlham Əliyev həyata keçirilən siyasətin aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən dəstəkləndiyini dəyərləndirmə əmsallarına istinadən diqqətə çatdırır. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər mötəbər maliyyə qurumları ölkəmizin iqtisadi inkişaf modelini yüksək dəyərləndirir, ən əsası Azərbaycan ən islahatçı ölkə kimi mövqeyini möhkəmləndirir. Təkcə Dünya Bankının ayrı-ayrı illər üzrə hesabatlarına diqqət yetirsək, görərik ki, Azərbaycanın qərarlaşdığı yerlərdə dəyişikliklər həyata keçirilən sosial-iqtisadi siyasətin uğurlarının davamlılığına, islahatların zamanın tələbinə uyğun təkmilləşdiyinə əsaslanır. Belə ki, əgər Azərbaycan 2017-ci ildə Dünya Bankı tərəfindən hazırlanan “Doing Business 2017” hesabatında 65-ci pillədə qərarlaşmışdısa, 2018-ci ildə 8 pillə yüksələrək 57-ci yeri tutdu. “Doing Business 2019” hesabatında isə Azərbaycan dünyanın 10 islahatçı dövləti siyahısına daxil olundu. 2017-ci illə müqayisədə ölkəmiz 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşdı. Beləliklə, Azərbaycan MDB ölkələri arasında lider mövqedə dayandı.
Bu günlərdə ABŞ-ın tanınmış “The Heritage Foundation” analitik Mərkəzi tərəfindən hazırlanan “İqtisadi Azadlıq İndeksi-2019” da ölkəmizin iqtisadi uğurlarının təqdimatı oldu. Belə ki, Azərbaycan ən böyük irəliləyişə malik ölkə kimi təqdim edildi. Müqayisəli təhlil aparaq. Əgər 5 il bundan əvvəl, yəni 2014-cü ildə ABŞ-ın “The Heritage Foundation” Analitik Mərkəzinin hazırladığı “ İqtisadi Azadlıq İndeksi-2014” adlı hesabatda Azərbaycan 186 ölkə arasında 81-ci yeri tutaraq iqtisadi cəhətdən orta azad ölkələr sırasına daxil olmuşdusa, “İqtisadi Azadlıq İndeksi-2018”də 67-ci, bu il isə 180 ölkə arasında 60-cı yerə yüksəlib.
Ölkəmizin bu uğurlara gedən yoluna qısa nəzər salaq. 2016-cı ilin sentyabrında keçirilən ümumxalq səsverməsinə çıxarılan Konstitusiyaya əlavə və dəyişikliklərin bir qismi idarəçilik sistemində təkmilləşməni nəzərdə tutur. Bu prosesdə peşəkar gənclərin fəal iştirakını təmin etmək üçün yaş məhdudiyyətlərinin aradan götürülməsi ictimaiyyət tərəfindən böyük dəstək qazandı. Eyni zamanda, vitse-prezidentlik institutunun yaradılması da bu təkmilləşmə sırasındadır. Dövlətimizin başçısı İlham Əliyev Nazirlər Kabinetinin iclaslarında daim dövlət idarəetmə sisteminin təkmilləşdirilməsinə böyük ehtiyacın olduğunu bildirir: “Hesab edirəm ki, inkişafa mane olan, xüsusilə idarəetmə sahəsində problem yaradan amillər də aradan qaldırılmalıdır. Burada da çox ciddi islahatlara ehtiyac var. Bəzi strukturlar bir-birinin fəaliyyətini təkrarlayır, biz buna da yol verməməliyik, burada optimallaşdırma siyasəti aparılmalıdır və bu sahəyə də diqqət verilməlidir.”
Atılan addımlar günümüzün əsas çağırışlarından olan sahibkarlığın inkişafına da geniş yol açır. Həyata keçirdiyi siyasətin önündə yeniləşməni, modernləşməni əsas amil kimi önə çəkən Azərbaycan hər zaman ilklərə imza atan ölkə kimi tanınır və nüfuz qazanır. Azərbaycan brendi kimi dünyaya səs salınan “ASAN xidmət”, “ABAD”, “DOST” layihələri də diqqət mərkəzindədir. Bu layihələr şəffaflığın artırılmasına, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, elektron xidmətlərə keçidin sürətləndirilməsinə, habelə süründürməçilik hallarının qarşısının alınmasına və vətəndaş məmnunluğunun yüksəldilməsinə xidmət edir. Azərbaycanın dünyada yenilikçi ölkə kimi nüfuz qazanmasını təsdiqləyən mühüm hadisələrdən biri kimi ötən il İmişlidə “ASAN Həyat” kompleksinin açılışında robot “Sofiya”nın iştirakını da qeyd edə bilərik. “Bakı bu gün həqiqətən dünyanın özündə yeni texnologiya və innovasiyaların, müasir və qədim memarlıq üslubunun vəhdətini təcəssüm etdirən ən gözəl şəhərlərindən biridir” söyləyən cənab İlham Əliyev bildirmişdir ki, “ASAN” bizim milli brenddir. Bu, bizim nou-haudur. Bu gün Azərbaycanın təkcə təbii ehtiyatlarını və yaxud məhsullarını yox, eyni zamanda, intellektual məhsullarını ixrac etməsi bizi fərəhləndirir: “Biz artıq belə xidməti yaratmaq istəyən bəzi ölkələrlə də işləyirik. Buna görə də “ASAN”ın təkcə Azərbaycanda yox, bütün dünyada parlaq gələcəyi var.” “Sofiya”” bildirmişdir ki, “ASAN xidmət” dövlət idarəçiliyində innovasiyaların tətbiqi baxımından uğurlu bir nümunədir. “Sofiya” onu da bildirmişdir ki, ölkənizin gənc olmasına baxmayaraq, o, dünya miqyasında böyük layihələr həyata keçirir, yüksək texnologiyaların inkişafına töhfə verir. Bu, çox yüksək qiymətləndirilir.
Qeyd edək ki, bu il bölgələrdə beş “ASAN xidmət” mərkəzinin yaradılması nəzərdə tutulur, ümumilikdə onların sayı 20-yə çatacaq. “ASAN xidmət” mərkəzinin əsas prinsipləri operativlik, şəffaflıq, innovativlikdir. Dövlətimizin başçısı bildirir: “Mənə verilən məlumata görə, Bakı şəhərində də yeni mərkəzlərin tikintisinə ehtiyac var. Çünki “ASAN xidmət”in funksiyalarının həcmi və müraciətlərin sayı artır, bəzi yerlərdə növbələr yaranır. Biz “ASAN xidmət”i məhz ona görə yaratdıq ki, bu, asan olsun, bu xidmət rahat olsun, növbə olmasın, heç bir pozuntu olmasın, şəffaf olsun. Buna nail olmuşuq. “ASAN xidmət”in bəyənmə əmsalı 100 faizə yaxındır. Ancaq nəzərə alsaq ki, funksiya genişlənir və müraciətlərin sayı artır, bəzi yerlərdə növbələr yaranır. Ona görə göstəriş vermişəm ki, - ilkin vəsait də ayrıldı, - Bakı şəhərində əlavə iki “ASAN xidmət” mərkəzi yaradılsın və beləliklə, onların sayı 22-yə çatacaq.” Cənab İlham Əliyev “ASAN xidmət”in fəaliyyətini belə dəyərləndirir: “ASAN xidmət” vətəndaş-məmur münasibətlərinə yenilik gətirdi, rüşvətxorluğa qarşı mübarizədə bizə daha da böyük güc verdi. Yəni, göstərdi ki, rüşvətxorluqla mübarizə aparmaq və qələbə çalmaq da mümkündür. “ASAN xidmət”in mənası və əhəmiyyəti bundan ibarətdir.”
Hər bir layihə özlüyündə inkişaf, tərəqqi deməkdir. Atılan hər addımda vətəndaş amilinə verilən dəyər daha qabarıq şəkildə özünü büruzə verir. Ailə təsərrüfatlarının inkişafına dəstəyi asan şəkildə həyata keçirən “ABAD”, hər bir vətəndaşın yaxın dostuna çevrilən “DOST” idarəetmədə şəffaflığın qorunmasını, rəqabətin güclənməsini şərtləndirir. Biznesin sadələşdirilməsi, “bir pəncərə” prinsipinin tətbiqi şəraitində əldə olunan uğurlar və təcrübə beynəlxalq səviyyədə də qiymətləndirilir, öyrənilir və tətbiq olunur. Lazımsız yoxlamaların aparılmasına, yerli icra hakimiyyəti orqanlarının, o cümlədən hüquq mühafizə orqanlarının bəzi hallarda sahibkarlara problem yaratmasına, lisenziyaların sayının həddən artıq çox olmasına və digər məsələlərə hər zaman çıxışlarında diqqət yönəldən cənab İlham Əliyev qeyd olunan istiqamətlərdə atdığı addımları ilə sahibkarlığın inkişafına yaradılan imkanları daha da genişləndirdi. Ölkəmizin bu günlərdə ev sahibliyi etdiyi BMT-nin Dövlət Xidmətləri Forumunda qurumun Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin bu fikirlərini xatırlatmaq istərdik: “Azərbaycan innovativ idarəetmə vasitəsilə inklüziv, səmərəli və insanyönümlü İKT əsaslı dövlət xidməti sistemi yaradıb. Beləliklə, sosial xidmətlərin göstərilməsində dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı məsafəni qısaldıb və dövlət qulluqçuları ilə vətəndaşlar arasındakı ünsiyyəti şəffaflaşdırıb. Dövlət bu misilsiz nəticəni xidmətlərin göstərilməsini müasirləşdirməyə bütün hökumət qurumlarının birgə yanaşması, ASAN mərkəzlərin yaradılması və yenilikçi e-hökumət xidmətlərinin tətbiq edilməsi, xidmətin keyfiyyətinin yüksəldilməsi və bu xidmətlərlə vətəndaşların məmnunluğunun artırılması ilə əldə edib.”
Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu sonluqla başa çatması yeni-yeni layihələrin icrasını zərurətə çevirir. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması, 2018-ci ilin mayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı, iyunda TANAP-ın istifadəyə verilməsi Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirməklə yanaşı, iqtisadi imkanlarının artmasına geniş yol açdı. Neft-qaz gəlirlərinin səmərəli istifadəsi əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində davamlı addımları şərtləndirir. Bunun nəticəsidir ki, Azərbaycan özünü dünyaya sosial dövlət dövlət kimi təqdim edir.
Ümumiləşdirilmiş şəkildə qeyd etsək, dünyaya yeni iqtisadi və sosial inkişaf modelini təqdim edən, innovasiyalar ölkəsi kimi nüfuz qazanan Azərbaycanın beynəlxalq maliyyə qurumlarının, sorğu mərkəzlərinin hesabatlarında birinciliyi ələ alması son illərdə əldə olunan uğurların təqdimatıdır. Dövlətimizin başçısı İlham Əliyevin daim vurğuladığı kimi, görülən tədbirlər, atılan addımlar hansısa beynəlxalq təşkilata, dövlətə xoş gəlmək deyil, Azərbaycanın uğurlu gələcəyi üçündür.
Yeganə Əliyeva, “İki sahil”
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...