II Avropa Oyunlarında ilk onluqda yer alan milli komandamız idman tariximizə yeni səhifələr yazdı
Dünya iqtisadiyyatının ayrılmaz parçası olan, özünəməxsus inkişaf modeli ilə fərqlənən, investisiya cəlbediciliyi ilə diqqət çəkən, enerji layihələrinin gerçəkləşdiyi qüdrətli ölkə kimi tanınan Azərbaycanın beynəlxalq aləmdə sayılıb-seçilən dövlət kimi maraq doğurmasında idman amilinin də böyük rolu vardır. Azərbaycanın idman tarixi isə maraqlı və möhtəşəmdir.
Müstəqil ölkə kimi ilk dəfə Atlanta yarışlarında (1996) iştirak edən Azərbaycanın qismətinə 1 gümüş medal yazıldı. Sidney (2000) görüşü ölkəmizə 2 qızıl, 1 bürünc medal qazandırdı. Afinadan (2004) Azərbaycana 5 medalla qayıdan idmançılarımız Pekin (2008) yarışlarında 1 qızıl, 2 gümüş, 4 bürünc medalla pərəstişkarlarını sevindirdilər. Azərbaycana uğur gətirməklə idmançılarımızın dünya birliyində tanınmasına səbəb olan London XXX Yay Olimpiadası daha uğurlu oldu: İdmançılarımız qaliblər üçün nəzərdə tutulan medallardan 2 qızıl, 2 gümüş, 4 bürünc qazanmaqla ölkəmizə 10 medalla döndülər.
Çində keçirilmiş yeniyetmələrin Yay Olimpiya Oyunlarında gənclərimiz idman şərəflərinə əlavə aktivlər qazandırdılar. 204 ölkənin iştirak etdiyi yarışlarda Azərbaycan yeniyetmələri komanda hesabında 10-cu yerə layiq görüldülər. Dünyada idman ölkəsi kimi tanınan respublikamızın idmançılarının Rio Yay Olimpiya Oyunlarında 18 medal qazanaraq medalların sayına görə müsəlman ölkələri sırasında birinci yeri qazanması Azərbaycan dövlətinin potensialının, gənclərimizin istedad və bacarığının məntiqi nəticəsidir. İdman tarixinə yeni səhifələr yazan Birinci Avropa Oyunlarına ev sahibliyimiz, qazanılan uğurlarımız isə respublikamızın dünyaya təqdimatı oldu.
Azərbaycanı dünyada idman ölkəsi kimi tanıdan, standartları Bakıda yazılan Birinci Avropa Oyunlarının açılış mərasimlərinin alovla başlaması Odlar Yurdunun simvolu kimi rəmzi məna daşımaqla varlığımızı təsdiqləyən amil kimi də diqqəti cəlb etdi. “Atəşgah” məbədində keçirilən mərasimdə alovlanan, 47 gün ərzində 60 rayonu dolaşan, 5,5 min kilometr məsafə qət edən məşəl ilk Avropa Oyunlarında iştirak edən 49 ölkədən 6000-dən artıq idmançının uğura aparan yolunu işıqlandırdı. 20 növ üzrə mübarizə aparan idmançıların, qonaqların etiraf etdikləri kimi, I Avropa Oyunları Yay Olimpiya Oyunları səviyyəsində təşkil edilmişdi. Azərbaycana 56 medal qazandıran, gənclərimizin idmana maraq və həvəsini artıran Birinci Avropa Oyunları təsdiqlədi ki, ölkəmizdə perspektivli, güclü idmançılar nəsli yetişməkdədir. İdmançılarımız yarışlarda böyük ustalıq göstərərək qazandıqları 21 qızıl, 15 gümüş, 20 bürünc medalla I Avropa Oyunlarında komanda hesabı ilə ikinci sırada yer aldılar. Bu uğur ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğının məntiqi nəticəsi idi.
Birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarla, onların məşqçiləri, idman ictimaiyyətinin nümayəndələri ilə keçirilən görüşdə çıxış edən Prezident İlham Əliyev millilərimizin qələbələrini xüsusilə qeyd etdi : “Təbii ki, biz bu Oyunları yüksək səviyyədə keçirməli idik və keçirdik. Bu, bir daha ölkəmizin potensialını, gücünü göstərdi. Biz bu potensialı əlbəttə ki, bilirdik. Bu potensialı biz yaratmışıq... Bu Oyunlar sadəcə olaraq bizə imkan verdi ki, bu potensialı dünyaya, Avropaya, eləcə də öz ictimaiyyətimizə nümayiş etdirək. Həm insani potensial, həm dövlətimizin iqtisadi potensialı, həm cəmiyyətdə hökm sürən xoş əhval-ruhiyyə, xalqla iqtidar arasındakı birlik, milli ideyalar ətrafında birləşməyimiz, milli həmrəylik - məhz budur bizim uğurlarımızın əsas şərtləri.”
İlk Avropa Oyunlarının, Dünya Şahmat Olimpiadasının, 17 yaşadək futbolçular arasında Avropa çempionatının, bədii gimnastika üzrə Dünya Kubokunun, Formula 1” kimi beynəlxalq yarışların ölkəmizdə keçirilməsi “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının uğurunu da şərtləndirdi
2015-ci ildə Bakı Olimpiya Stadionunda alovlanan məşəli iki il sonra- IV İslam Həmrəyliyi Oyunlarının rəmzi olan su müqəddəsliyi əvəz etdi. İslam Həmrəyliyi Oyunlarının rəmzi kimi həyat qaynağı olan suyun seçilməsi təsadüfi deyil. “Həmrəylik bizim gücümüzdür” şuarı altında keçirilən İslamiada Oyunlarına start verildiyi andan Xəzərdən götürülən su bütün Azərbaycanı “səyahət etdi.” Ölkənin 15-dən çox tarixi şəhərini, 5 gölü, 1 su anbarını, 3 çayı, 1 bulağı, 3 şəlaləni dolaşdı. 3 min kilometrdən çox məsafəni qət etdi. 15 bölgədə təntənə ilə qarşılandı. “Eurovision 2012”, I Avropa Oyunlarının yüksək səviyyədə dünyaya təqdim olunmasında böyük əməyi və xidmətləri olan, “Biz köhnə dostlarımızı salamladıq və yenilərini qazandıq” söyləyən Birinci vitse-prezident, tədbirlərin Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi, qollarını və ürəyini Avropaya açan Azərbaycan məsul yarışları, beynəlxalq tədbirləri yüksək səviyyədə təşkil etmək iqtidarında olduğunu IV İslam Həmrəyliyi Oyunlarının möhtəşəmliyində də göstərdi. Ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunan zamanda keçirilən bu Oyunlar İslam aləminin ayrılmaz parçası olan Azərbaycanın dünya birliyində möhkəmlənən uğurlarına yeni qələbələr qazandırdı. Həmrəylik Oyunlarında 57 müsəlman ölkəsini təmsil edən idmançılar İslamın sülh, bərabərlik dini olduğunu dostluqları ilə sübut etdilər. Yarışlarda 17 müxtəlif idman obyekti ilə yanaşı, 21 qeyri-yarış məkanından da istifadə olundu. Atletlər 10 gün ərzində 16 yarış məkanında 23 idman növü üzrə mübarizə apardılar. 1600 medalın təqdim edildiyi Həmrəylik Oyunlarını izləyən 50-dən çox ölkənin sayı milyardlarla ölçülən sakinləri respublikamızın həyatını, iqtisadiyyatını , mədəniyyətini, tarixini, adət-ənənələrini əks etdirən videoçarxlar vasitəsilə ölkəmizlə tanış olmaq imkanı da qazandılar. Təmsil olunan ölkələrin və iştirakçıların sayına görə əvvəlki yarışlardan fərqlənən IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edən Azərbaycan təkcə müsəlman ölkələri ilə deyil, qitə dövlətləri ilə müqayisə olunmayacaq dərəcədə inkişaf etdiyini göstərdi. Prezident İlham Əliyevin idmana, gənclərin fiziki tərbiyəsinə göstərdiyi diqqət və qayğının nəticəsi olan, IV İslam Həmrəyliyi Oyunlarında qazanılan 75 qızıl, 50 gümüş, 37 bürünc medal çəkilən zəhmətin, fədakarlığın bəhrəsi kimi hamını heyran etdi.
Azərbaycanın idmana göstərdiyi diqqətin daha bir nümunəsi ötən ayda UEFA Avropa liqasının “Arsenal”-”Çelsi” komandaları arasında keçirilən final oyununa ev sahibliyi etməsi oldu. Azərbaycan növbəti dəfə futbol azarkeşlərinin toplandığı məkan kimi tanındı. 2020-ci ildə futbol üzrə Avropa çempionatının matçlarının paytaxtımızda keçirilməsi ilə bağlı qərarın qəbulu göstərir ki, iqtisadi imkanları artan Azərbaycan idman sahəsində də missiyasını ona göstərilən etimadı doğrultmaqla yerinə yetirəcək.
Minskdə keçirilən II Avropa Oyunlarına da ciddi hazırlaşan, 82 idmançı ilə təmsil olunan Azərbaycan millisi məsuliyyətli yarışlarda ölkəmizi layiqincə təmsil etdi. Azərbaycan idmançıları 28 medal qazanaraq yarışlarda iştirak edən 50 ölkə arasında ilk onluqda yer alaraq respublikamızın idman ölkəsi olduğunu uğurları ilə təsdiqlədilər. Millilərimiz oyunları 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vuraraq Vətənə qələbələrlə qayıtdılar. Ümumilikdə II Avropa Oyunlarında 200 dəst medala 43 ölkə təmsilçisi yiyələnib. Onlardan cəmi 34-ü qızıl medal sevinci yaşayıb. “Qızıl”larının sayına görə “əlaçı” olan, bayrağımızı beş dəfə yüksək pilləyə qaldıran idmançılarımızın qələbələri inam yaradır ki, azərbaycanlı gənclər gələcək yarışlarda aktivlərini zənginləşdirməklə pərəstişkarlarını daha çox sevindirəcəklər.
Xuraman İsmayılqızı, “İki sahil”
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...