Prezident İlham Əliyevin 2019-cu ili “sosial inkişaf ili” kimi səciyyələndirməsi ölkə vətəndaşlarında öz həyatlarına, gələcəklərinə böyük bir inam yaradan ciddi amil idi. Ən başlıcası isə cənab Prezidentin imzaladığı sosial vədlərin sürətlə və ardıcıllıqla reallaşması insanlarda öz rəhbərinə olan etimadı daha da artırmışdı. Xatırladaq ki, 2019-cu ilin ilk yarısında Prezident İlham Əliyevin verdiyi Sərəncam və fərmanların 75-80 faizi məhz sosialyönümlü olmuşdur. Burada ən diqqət çəkən məqam, hətta deyərdim ki, xarici ölkə iqtisadçılarının da heyranlığına səbəb olan məsələ 6 ay ərzində minumum əmək haqqının iki dəfə artırılmasıdır.
Təqdirəlayiq haldır ki, Prezident İlham Əliyevin 2019-cu ilin iyunun 18-də minimum əməkhaqqının 250 manata məbləğində müəyyən edilməsi haqqında verdiyi Sərəncam nəticəsində 950 min insanın maaşı artacaq. Bu Sərəncam 350 min nəfər özəl sektorda, həmçinin 600 min dövlət sektorunda çalışan ölkə vətəndaşlarına şamil ediləcəkdir. Dövlət sektrorunda çalışan və Vahid Tarif Cədvəli əsasında əməkhaqqı alanların da orta əməkhaqqı təxminən 270 manatdan 350 manata qədər artacaq. Bütövlükdə minumum əməkhaqqının artırılması üçün dövlət büdcəsindən 780 milyon manat əlavə vəsait xərclənəcək.
Bu gün Azərbaycanda minimum əməkhaqqı yaşayış minumumundan 40 faiz yuxarıdır. Bu da o deməkdir ki, minimum əməkhaqqının artırılması ilə insanlar yoxsulluq həddindən uzaqlaşacaqlar. Bu, əhali arasında sosial bərabərsizliyin qarşısını alır və sosial ədaləti daha da gücləndirir. Minimum əməkhaqqı artanda azgəlirli insanların maaşları da yüksəlir.
Bundan başqa, dövlət qulluqçularının, müəllimlərin, hüquq-mühafizə orqanlarının əməkdaşlarının əməkhaqlarının 40 faiz artırılması Azərbaycan vətəndaşlarının sosial rifahının yaxşılaşmasına böyük töhfədir. Digər mühüm məsələ odur ki, bu Sərəncam dövlət sektoru ilə yanaşı, özəl sektorda da xeyli sayda insanın əməkhaqlarının artmasına səbəb olacaq.
Prezident İlham Əliyev tərəfindən imzalanan bu inqilabi sərəncamlar bir daha sübut edir ki, ölkədə aparılan siyasət sosialyönümlüdür, bu addımlar vətəndaşların rifahının yüksəldilməsinə, sosial müdafiəsinin gücləndirilməsinə yönəlib. Ümumiyyətlə, bu il imzalanan sosial paketlər 3 milyon insanı əhatə edir və onların maliyyə tutumu isə 3 milyard manatdan da çoxdur.
Sürətli şəkildə, bir-birinin ardınca həyata keçirilən islahatlar və ölkənin imkanlarının genişlənməsi ilə sosial layihələrin sistemli tətbiqi Prezident İlham Əliyevin strateji sosial strateji planlarından xəbər verir. Yəni, ölkənin iqtisadi qüdrətinə hesablanan strateji siyasət sosial paketlərin icrası ilə müşayiət olunur. Vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi üçün cari ilin birinci yarısında iki böyük sosial paketin tətbiqi isə iqtisadi islahatların ən qısa müddətdə necə böyük bəhrə verməsinin əyani sübutudur”.
Yüzlərlə hərbçinin, qaçqın və məcburi köçkünün mənzillə təminatı, 12,5 min şəhidin vərəsəsinə 11 min manat birdəfəlik ödəniş, üstəlik manatın məzənnəsinin dəyişməsi ilə yaranan fərqi bütövlükdə dövlətin üzərinə götürməsi və problemli kreditlərə birdəfəlik nöqtə qoyulması bir neçə ay içərisində həyata keçirilən layihələrin sadəcə görünən tərəfidir.
İqtisadçılar problemli kreditlərin həlli məsələsində fərqin 3 hissəyə bölünməsini- yəni, bir hissəni krediti götürənin, digər hissəni bankın, 3-cü hissəni isə dövlətin öz üzərinə götürməsini təklif edirdilər və bunu dünyada ən uğurlu model kimi təqdim edirdilər.
Ancaq Prezident İlham Əliyev dünyada analoqu olmayan və sözün həqiqi mənasında nümunə göstəriləcək bir Sərəncama imza atdı: dolların bahalaşması ilə kreditlərdə yaranan bütün fərqi tam şəkildə dövlət qarşıladı, üstəlik həmin zaman ödənişi həyata keçirmək imkanında olan insanların artıq ödənişləri geri qaytarıldı və faizlər tamamilə sıfırlandıqdan sonra kredit öhdəliyini yerinə yetirmək üçün insanlara 5 il müddətinə, birinci il 0 faiz, digər illərdə isə cəmi bir faiz olmaqla vəsait ayrıldı. Bu, Azərbaycanın, şəxsən Prezident İlham Əliyevin öz vətəndaşına verdiyi dəyərin bariz nümunəsidir”.
Xüsusi qeyd etmək lazımdır ki, iyunun 18-də imzalanan sərəncamlar artıq əməkhaqqının 10-15 faizlik deyil, 40-50 fazilik artımını nəzərdə tutur. Bu, elə də sadə rəqəm deyil, əksinə ölkə vətəndaşlarının maddi durumlarının bir xeyli yaxşılaşması deməkdir. Ən önəmlisi isə odur ki, bu sərəncamlardan hər bir Azərbaycan ailəsi öz payını artıqlaması ilə ala biləcək. Bu bir faktdır ki, məhz Prezidentin 18 iyun Sərəncamı ilə Azərbaycan Əhalinin rifah halının yüksəklik reytinqinə görə MDB məkanında ikinci yerdədir.
Bu gün sosial həyatda vətəndaşların dövlətinə və Prezidentinə güvənməsi çox qürurverici hisslərdir. Məhz bu mənada fərəh hiss ilə deyə bilərik ki, Prezident İlham Əliyevin həyata keçirdiyi bütün siyasət vətəndaşın dövlətinə güvənməsi, ona arxalanmasına səbəb olub. Heç də təsadüfi deyil ki, bu böyük inam və geniş etimad hazırda cənab İlham Əliyevin bir siyasətçi, bir qətiyyətli dövlət başçısı kimi reytinqini daim yüksəldir, xalqın öz liderinə inamını davamlı olaraq möhkəmlədir.
Əslində, Prezident İlham Əliyevin son 6 ayda böyük sosial islahatlar paketi çərçivəsində imzaladığı sərəncamlar, sosial sahədə qəbul olunmuş qərarlar miqyasına, əhatə dairəsinə görə inqilabi qərarlardır. Təbii ki, sosial siyasətin belə uğurla aparılması iqtisadi qüdrətimizin davamlı artmasından qaynaqlanır. Yəni, Azərbaycan dövlətinin sosial siyasətinin fəlsəfəsi iqtisadi inkişafın nəticələrini əhalinin rifah halını yüksəltməyə yönəltməkdir. Bu prinsip hər gün daha geniş şəkildə davam etdirilir. Xüsusən ötən illərdə dünyada hökm sürən maliyyə böhranı bir çox ölkələrdə sosial problemləri kəskinləşdirdiyi halda, ölkəmizdə sosial layihələr və iqtisadi islahatların icrası zəifləmədi, hətta əvvəlki sürətlə davam etdirildi.
Hər bir dövlət başçısının ən ali vəzifə kürsüsündə atacağı ilk müdrik və qətiyyətli addım onu hakimiyyətə gətirən xalqın rifah halını yüksəltməkdir. Prezident İlham Əliyev bu ali vəzifədə daim həmin önəmli amili özünün sosial siyasətinin əsas prioriteti elan edib. Açıq və aydın şəkildə görünən və hiss edilən odur ki, cənab İlham Əliyev ən yüksək məqamda olduğu müddətdə daim sadə xalq təbəqəsindən fiziki və mənəvi anlamda heç vaxt uzaqlaşmayıb. Nəinki onların dərdini dinləyib, qayğıları ilə maraqlanıb, eyni zamanda, dərhal çıxış yolları axtararaq diqqət və qayğısını reallığa çevirib.
Bir sözlə, ölkəmizin başçısının da vurğuladığı kimi, əgər 2017-ci il iqtisadi sabitləşmə, 2018-ci il isə dərin iqtisadi islahatlar ili olubsa, 2019-cu il həm sosial islahatlar ili, həm də iqtisadi artımın yüksək templərlə təmin ediləcəyi dövr kimi tarixə düşəcək.
Elçin Zaman, “İki sahil”
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...