27 iyun 2019 10:11
1493

Milli qürur ünvanımız: 101 yaşlı Azərbaycan Ordusu

İyunun 26-da Azərbaycan Milli Ordusunun yaradılmasından 101 il ötür. Bu möhtəşəm gün  zamanın silinməyən təqviminə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 26 iyun 1918-ci il tarixli qərarı ilə “Müsəlman korpusu”nun “Əlahiddə Azərbaycan Korpusu” adlandırılması ilə həkk olunub. Aradan keçən 80 illik kəşməkəşli  bir zaman kəsiyindən sonra məhz həmin unudulmaz tarix  ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən,  Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaranması günü kimi milli təqvimimizdə bayram olaraq öz qırmızı yerini aldı...

Azərbaycan Milli Ordusunun Cümhuriyyətdən başlanan şanlı təşəkkül tarixi

Hələ Azərbaycan Xalq Cümhuriyyəti dönəmindən başlayaraq  milli hərbi kadrlarının hazırlığına böyük əhəmiyyət verilib. Müvəqqəti Hökumətin sədri Fətəli xan Xoyski çıxışlarında həmişə Milli Ordunun gücləndirilməsi işinin hökumətin əsas vəzifəsi olduğunu  qeyd edirdi. 

Səməd bəy Mehmandarovun Cümhuriyyətin hərbi naziri  vəzifəsinə təyin olunması  Milli Ordumuzun tarixində bir dönüş nöqtəsi idi. Cümhuriyyətin varlığı qısa zaman sürsə də, Səməd bəy Mehmandarov 30 minlik ordu yarada bilmiş, ordu quruculuğu prosesinin mahiyyətini və bu istiqamətdəki dəqiq hədəfləri müəyyənləşdirmiş və bütün fəaliyyətini bu hədəfləri reallaşdırmağa  yönəltmişdi. Elə buna görə də onu “Xalq Cümhuriyyəti ordusu quruculuğunun memarı”  adlandırmaqda yanılmırdılar. Təəssüf ki, həyata keçirilən bütün bu möhtəşəm işlərə 1920-ci il aprelin 28-də bolşevik Rusiyası tərəfindən son qoyuldu. Zamanın amansız diktəsi ilə Şərqin ilk parlamentli demokratik respublikası  süquta uğrasa da, həmin vaxtlar əsası qoyulan o ehtişamlı ideyalar və ali ideallar  əsla yox olmadı, ola da bilməzdi. 70 ildən sonra  totalitar sovet rejiminin sonu da cümhuriyyətimizə yaşatdığı  kimi oldu- SSRİ çökdü. Əlahəzrət Ədalət bərqərar oldu: Azərbaycan tarixi müstəqilliyini bərpa etdi...

Silahlı Qüvvələrimizin formalaşmasında Ulu Öndərin möhtəşəm imzası

1993-cü ilin iyun ayında xalqın israrlı arzusunu nəzərə alaraq hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevin prioritet kimi müəyyənləşdirdiyi əsas məsələlərdən biri də Milli Ordumuzun yenidən təşəkkülü idi. Ümummilli Lider ölkədə siyasi anarxiyanın hökm sürdüyü dövrdə öz xalqına arxalanaraq Azərbaycanın əsl vətənpərvər övladı kimi həyatı üçün ölüm təhlükəsi olmasına baxmayaraq respublikanın müstəqilliyini qorudu. Acınacaqlı məqam bundan  ibarət idi ki, həmin dövrün siyasi çaxnaşmalarına bir qrup kreslo hərisinin fitnəkarlığı ilə Azərbaycan Ordusu da cəlb edilmişdi.

Milli  Ordunu da öz qanundankənar, çirkin niyyətləri üçün  vasitə kimi istifadə etmək istəyənlər bütövlükdə Azərbaycan dövlətçiliyinin taleyini təhlükə altına aldıqlarına əhəmiyyət belə vermirdilər. Son dərəcə çətin olan həmin dövrlərdə- Gəncədə vətəndaş müharibəsinin nəfəsinin duyulduğu, müxtəlif bölgələrdə separatizmin tüğyan etdiyi bir zamanda ambisiyalı bədniyyət qüvvələr ordu birləşmələrinin müəyyən hissəsinə nəzarəti ələ keçirmişdilər.  Ulu öndər Heydər Əliyev məhz belə mühüm tarixi şəraitdə xalqının imdadına çatmışdı. Ümummilli Lider  yenidən qayıdışı ilə müasir tariximizin Silahlı Qüvvələrinin yenidən qurulmasının əsasını qoydu. Ulu Öndər Azərbaycan Silahlı Qüvvələrinin yenidən qurulması, xalqın, dövlətin və müstəqilliyin müdafiəsində durmağa qadir olan bir orduya çevrilməsi ilə bağlı konkret hədəflər müəyyənləşdirdi. Ümummilli Liderin fikir və bəyanatları  tezliklə real həyatda öz təsdiqini tapdı.  Ulu Öndər hakimiyyətə yenidən qayıdışının ilk aylarından etibarən orduya rəhbərlik işində çətinlik törədən idarəetmə strukturlarını ləğv edərək, nizam və intizamı lazımi tələblərə cavab verməyən təsadüfi şəxsləri ordudan uzaqlaşdırdı. Yeni hərbi hissələrin formalaşdırılması prosesinə başlanıldı.  1993-cü ilin acı təcrübələrindən dərs alınaraq bütün bu proseslər həyata keçirilərkən hərbi hissələrin rəhbərliyinə Vətənə, dövlətə sadiq hərbçi kadrların gətirilməsi xüsusilə diqqətdə saxlanıldı.

Ümummilli Liderin rəhbərliyi ilə yaranmış Milli Ordu hissələrinin gücü qarşısında düşmən qüvvələri heç bir il də tab gətirə bilmədi, 1994-cü ilin mayında Ermənistan atəşkəs imzalamağa məcbur oldu. Ulu Öndər bununla bir daha siyasi lider kimi səriştəsini ortaya qoydu. Belə ki, atəşkəsdən sonrakı müddətdə Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasının, daha dinc şəkildə təşkilatlanmasının  yeni bir dövrü başlanmış oldu. Ulu Öndər ömrünün sonuna qədər Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində  qan tökülməməsi üçün danışıqlar yoluna üstünlük versə də,  bütün fəaliyyəti boyunca sülh ideyasına sadiq qalsa da, Silahlı Qüvvələrimizin təkmilləşdirilməsini və gücləndirilməsini dövlətin siyasi xəttində əsas istiqamət kimi həmişə diqqətində saxladı.

Ümummilli Lider Milli Ordumuzu müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısı adlandırırdı.

Azərbaycanı öz varlığı qədər sevən, dövlətimizin suverenliyinə dərin məhəbbətlə bağlı olan Ulu Öndər həmişə çıxışlarında qeyd etdiyi kimi, ömrünün qalan hissəsini də ölkəsinin inkişafına sərf  etdi. Böyük düha bilirdi ki, güclü ordu həm də  güclü dövlətin qarantıdır və bütün sonrakı fəaliyyətini buna həsr etmişdi. 

Bu gün qürurla deyə bilərik ki, Azərbaycan Xalq Cümhuriyyətindən başlanan 101 illik Milli Ordu quruculuğu tarixinin möhtəşəm salnaməsində Ulu Öndərin də silinməz imzası var.  

Milli Ordu quruculuğunda Ali Baş Komandan İlham Əliyev epoxası

2003-cü ildən başlayaraq ölkəmizdə dünya standartları  əsasında güclü ordu quruculuğu Ulu Öndərin siyasətinin layiqli davamçısı Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilməkdədir. Dövlət başçısının rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının mütəmadi surətdə möhkəmləndirilməsi nəticəsində hazırda Azərbaycan Ordusu hərbi potensialına görə dünyanın 50 ən güclü ordusundan biri hesab olunur.

Hazırda hərbçilərimizin həm xidmət, həm də məişət şəraitinin daha yüksək standartlara cavab verməsi istiqamətində ardıcıl tədbirlər gerçəkləşdirilir.

Prezident İlham Əliyev ordumuzun potensialı haqqında danışarkən mütəmadi olaraq qeyd edir ki, Azərbaycan  son illərdə bir çox ölkələrdən ən müasir texnika, silah-sursat alıb: “Bir neçə ölkədən alınmış onlarla döyüş təyyarəsi, 100-dən çox hərbi və hərbi nəqliyyat vertolyotu, hava hücumuna qarşı müxtəlif müasir sistemlər bizim müdafiə gücümüzü artırır. Müxtəlif ölkələrdən alınmış ən müasir tanklar, zirehli maşınlar, artilleriya qurğuları da düşmənin istənilən hədəfini yüksək dəqiqliklə və böyük dağıdıcı qüvvəsi ilə məhv edə bilər. Ən müasir pilotsuz uçuş aparatları, həm kəşfiyyat, həm döyüş üçün digər texnikalar alınır və bu proses bu gün də davam edir. Ordumuzda ruh yüksəkliyi var, vətənpərvərlik hissləri çox yüksək səviyyədədir. Ordumuzun döyüş qabiliyyəti bu gün dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir”.

Milli Ordumuzun tarixindən 2016-cı ilin şanlı aprel  qələbəsi qırmızı  xətlə keçir.  Ali Baş Komandanın aprel döyüşləri ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycan Ordusunun gücü haqqında  əyani təsəvvür yaratmaqla yanaşı, bütün  nailiyyətlərin məqsədyönlü siyasət nəticəsində reallaşdığının göstəricisidir:  “Aprel döyüşləri bizim böyük hərbi qələbəmizdir. Füzuli, Cəbrayıl, Ağdərə rayonlarının bir hissəsi işğaldan azad edildi. O ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Minlərlə hektar torpaq işğaldan azad edildi. Azərbaycan Ordusu həm hərbi peşəkarlıq, həm qəhrəmanlıq göstərmişdir. Bütün bu uğurların təməlində düşünülmüş siyasət dayanır”.

Prezident dəfələrlə ordumuzun təminat, təchizat, müasir texnikanın alınması və  döyüş qabiliyyətinin artırılmasının  siyasi uğurlarla da tamamlandığını bəyan edib: “Bizim haqq işimiz barədə dünya ictimaiyyəti daha da dolğun məlumat əldə edir. Biz hərbi gücümüzü artırmışıq və artıracağıq. Şübhə yoxdur ki, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu şərtləndirən bir çox amillər var, onlardan birincisi güclü Azərbaycan Ordusudur və bu bizim əsas vəzifəmizdir, əsas məqsədimizdir”.

Reallıqda əməli işlə təsdiqini tapan bu bəyanatlar bir daha sübut  edir ki, öz xalqına arxalanan Prezident İlham Əliyev əsl Ali Baş Komandana xas cəsarət, qətiyyət və prinsipiallıqla öz əsas məqsədinə doğru irəliləyir və gec-tez mütləq şəkildə bu məqsədi reallaşdırmaq əzminə malikdir.

Sevinc Abdullayeva, “İki sahil”