Gəncə hadisələri AXC-Müsavat iqtidarının Azərbaycan xalqına xəyanəti idi
“1992-ci ilin yay aylarından 1993-cü ilin iyun ayına qədərki dövr biabırçılıq, rüsvayçılıq, fəlakət dövrü idi. Hakimiyyəti qanunsuz olaraq zəbt etmiş AXC-Müsavat qruplaşması ölkəmizi uçuruma aparırdı. Kəlbəcər rayonunun 1993-cü ilin aprel ayında işğal altına düşməsindən sonra Dağlıq Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. Azərbaycanın daxilində gedən proseslər ölkəmizi çökdürürdü. İqtisadi böhran yaşanırdı, sənaye demək olar ki, iflic vəziyyətə düşmüşdü. O vaxtkı hakimiyyət ancaq öz maraqlarını təmin etmək üçün çalışırdı. O vaxt korrupsiya, rüşvətxorluq son həddə çatmışdı. Ölkəmizdə qanunsuz silahlı birləşmələr meydan oxuyurdu, Bakının küçələrində əlisilahlı adamlar dəstə-dəstə gəzirdi, insanları incidirdi... AXC-Müsavat qruplaşması Azərbaycanda öz hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsinə başlamışdı. Gəncə şəhəri onlar tərəfindən bombalanmışdı, qardaş qanı axıdılmışdı və bunun nəticəsində biz daha da böyük itkilərlə üzləşdik.”
Müstəqilliyimizə real təhlükə olan, ölkədə vətəndaş müharibəsi xofu yaradan Gəncə hadisələrini bu sözləri ilə xarakterizə edən Prezident İlham Əliyev respublikanı dağılmaq təhlükəsi ilə üz-üzə qoyan Gəncə hadisələrinin yaranmasında günahkar olan AXC-Müsavat qruplaşmasının yarıtmaz fəaliyyətini xalqa xəyanət adlandırır.
Hakimiyyətə tankların üstündə gəldiklərini etiraf edən AXC-Müsavat cütlüyünün yarıtmaz, siyasətdən bixəbər “iqtidarları” ilk günlərdən ölkəni öz şəxsi maraqları naminə “idarə edirdilər.” Onları Ermənistan tərəfindən elan olunmamış müharibəyə cəlb edilən Azərbaycanın taleyi, müstəqilliyinin qorunması düşündürmürdü. İllərdən bəri rəqib kimi biri-birinə düşmən olan cəbhəçilərlə müsavatçılar hakimiyyəti birgə idarə etdiklərini düşünsələr də Krılovun təmsilinin qəhrəmanları olan xərçəng, balıq, quş kimi “arabanı” hərəsi öz tərəfinə çəkirdi.
Əslində o dövrdə Azərbaycanda real vəziyyəti belə xarakterizə etmək olar: Surət Hüseynov kimi cinayətkar “Milli Qəhrəman” adına layiq görülür, sıravi elmi işçi baş nazir təyin edilir, texniki-peşə məktəbinin komsomol təşkilat katibi Əli Kərimli cəbhəçilərin bərbad hala saldıqları Prezident Aparatında kadr siyasəti ilə məşğul olur, institut müəllimi xarici siyasət idarəsinə başçılıq edir, “vəzifəsini dondurur”, müharibə şəraitində yaşayan Azərbaycanın müdafiəsi Rəhim Qazıyev kimi hərb elminin əlifbasını bilməyənə tapşırılır... Bir sözlə, yerləri səhv düşənlərin cılız iddiaları Azərbaycanı parçalanmaq, uçurum təhlükəsi qarşısında qoyurdu. Hakimiyyəti zorla ələ keçirən cəbhəçilər meydanlarda fit çalanları, qanunsuz hərəkət edib insanları hədələyənləri, “xalq hərəkatının öncülləri” kimi mükafatlandıraraq yüksək vəzifələrə yerləşdirirdilər. Hətta vaxtilə məhkum olunmuşlar rütbəli polislər kimi poqon gəzdirir, qanunlardan xəbərsiz “qanun keşikçiləri” cinayətkarlar üçün münbit şərait yaradırdılar. Bakının küçələrində avtomatla silahlanmış kamuflyaj geyimli yekəpər, saqqallılardan ibarət dəstələr gəzirdi. Əbülfəz Elçibəyin ölkəni idarəetmə bacarığının olmamasından istifadə edən o dövrdə Ali Sovetin sədri İsa Qəmbər, dövlət katibi Əli Kərimli kimi satqınlar öz adamlarını nüfuzlu dairələrdə yerləşdirmək üçün biri-biri ilə rəqabət aparırdılar. Elçibəyin komandasında demək olar ki, yuxarı postları zəbt edənlərin öz dəstəsi, komandası vardı. Buna görə də tez-tez toqquşmalar, atışmalar olurdu...
Xalqı birləşdirmək, Ermənistanın təcavüzünə qarşı birgə mübarizə aparmaq əvəzinə ölkə daxilində qarşıdurma yaradan, hətta xarici dairələrlə əməkdaşlıq edən ayrı-ayrı qüvvələr ölkədə yaranan xaosu daha da dərinləşdirirdilər. Özünün də qeyd etdiyi kimi hamıdan çox qışqırsa da hakimiyyətdə “lazımınca təmsil olunmadığı” üçün “iqtidardan narazı olan” Surət Hüseynov AXC-Müsavat iqtidarına etirazını Gəncədə qiyam qaldırmaqla bildirdi.
Azərbaycan vətəndaş müharibəsinin astanasında idi. Qan tökülmüşdü. Hadisə zamanı 35 nəfərin, o cümlədən 1 uşağın qətlə yetirilməsi, 56 dinc sakinin müxtəlif dərəcəli bədən xəsarəti alması, o dövrün məzənnəsi ilə dövlətə 50 milyard rubl həcmində ziyan vurulması, külli miqdarda dağıntının olması kimi dəhşətli hallara insanlar biganə qala bilmirdilər. AXC-Müsavat cütlüyünün danışıq üçün Gəncəyə göndərdiyi nümayəndə heyətini belə girov götürən 709 saylı hərbi hissəsinin korpus komandiri Surət Hüseynov dövlət büdcəsini son qəpiyinə qədər atalarının malı kimi mənimsəyən, iqtisadiyyatı iflic vəziyyətinə salan “iqtidar cütlüyündən” payını tələb edirdi.
İstək və məqsədləri daha çox varidat toplamaq, şəxsi büdcələrini artırmaq olanlar sənaye müəssisələrini “özəlləşdirilmə” adı ilə dağıdır, avadanlıqları xarici dövlətlərə “yararsız xammal” kimi satırdılar. Belə “bölgüdən” pay umsa da kənarda qalan, vaxtilə İsa Qəmbər və Əli Kərimliyə yaxınlığı ilə seçilən Surət Hüseynov kimi “silahdaşları” onları ölümlə hədələyərək, vəzifələrindən istefalarını tələb edirdilər.
“Əslində isə o dövr tarixə hakimiyyətsizlik illəri kimi yazılıb. Ermənilərin torpaqlarımıza təcavüzü ilə eyni vaxta təsadüf edən, məsuliyyətli bir dövrdə baş verənləri dəhşətli hadisə kimi qiymətləndirən Heydər Əliyevə Bakının münasibəti xoş deyildi. Qan tökülməməsi, vətəndaş müharibəsinin başlanmaması üçün müdriklik göstərən Heydər Əliyevin ölkəyə rəhbərliyini tələb edən milyonların istəyinin əksinə olaraq xalqın sevimlisi Ulu Öndərin aradan götürülməsi üçün Naxçıvana silahlı dəstələr göndərildi. Amma haqq, ədalət zəfər çaldı. Heydər Əliyevin müdrikliyi sayəsində müstəqilliyimizə qısqanclıqla yanaşanların Azərbaycanı parçalamaq kimi bəd niyyətlərinin qarşısı alındı” sözləri ilə o dövrdəki hadisələrə qiymət verən cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin Azərbaycanın xilaskarı olduğunu bildirir.
Səriştəsiz iqtidar vahimə içərisində idi. Surət Hüseynovun tanklarının qarşısını heç nə və heç kim saxlaya bilməzdi. Elçibəy bilirdi ki, bunu yalnız bir nəfər bacarar. O, artilleriya, aviasiya və raket tətbiq etmədən bu işin öhdəsindən gələ bilər. Qiyamçı korpusun komandiri yalnız onun sözünə qulaq asa bilərdi. O şəxs ulu öndər Heydər Əliyev idi.
Həqiqət bu idi ki, əgər o vaxt xalqın tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi Azərbaycanın taleyi çox ağır, acınacaqlı ola bilərdi. Ulu öndər Heydər Əliyevi Naxçıvanda devirmək üçün silahlı desant göndərən AXC-Müsavat qruplaşması ağır vəziyyətə düşəndən sonra ulu öndər Heydər Əliyevi Bakıya çağırmağa məcbur idi. Naxçıvana üç dəfə təyyarə göndərildi. Ölkənin ağır vəziyyətindən narahat olan ulu öndər Heydər Əliyev Bakıya gəlməklə, ilk növbədə, Azərbaycan xalqının iradəsinə öz hörmətini göstərdi. Böyük dövlət adamı, vətənpərvər insan kimi o ağır anlarda Bakıya gəldi. Bu, Ulu Öndərin siyasətə tarixi qayıdışı idi.
1993-cü il 9 iyunda Bakıya gələn Ulu Öndər Gəncə hadisələrinin səbəblərini öyrənmək üçün hadisə yerində oldu. Milli Məclisdə hadisə ilə bağlı müzakirələr aparıldı. Milli Məclisin 15 iyun 1993-cü il sessiyasında çoxsaylı təkliflər nəzərə alınaraq ulu öndər Heydər Əliyev parlamentin sədri seçildi. Heç kimə xəbərdarlıq etmədən Bakını tərk edən Əbülfəz Elçibəy “gəmini ən son tərk edən kapitan olur” hikmətinin əksinə içdiyi anda xilaf çıxaraq səlahiyyətlərini dayandırdı. Azərbaycanda yaranan vəziyyətin ağırlığından istifadə edən Ermənistan isə torpaqlarımızın işğalını davam etdirirdi. 24 iyun 1993-cü ildə parlamentdə Konstitusiyanın tələblərinə əsasən Prezident səlahiyyətlərinin Ali Sovetin sədri Heydər Əliyevə verilməsi barədə qərar qəbul olundu. Bu birlik 1994-1995-ci illərdəki dövlət çevrilişlərinə cəhdlər zamanı da qaragüruhçuların qarşısında sipər oldu.
Ümumxalq etimadı qazanan Ulu Öndər Prezident seçildikdən sonra Azərbaycanın inkişaf yolu, bazar iqtisadiyyatına keçidin prioritetləri müdrikcəsinə, uzaqgörənliklə müəyyənləşdirildi. Aparılan hər islahat, baş verən yeniliklər, “Əsrin müqaviləsi” kimi qlobal enerji layihələrinin imzalanması “Azərbaycan dünyaya günəş kimi doğacaq” söyləyən Ulu Öndərin arzusunun reallaşması üçün önəmli addım oldu. Bu gün isə Azərbaycan həqiqətən dünya birliyində öz nüfuzu, mövqeyi , qazandığı uğurları ilə fərqlənir, yüksək pillələrdə yer alır. Bu inkişafın müəllifi ümummilli lider Heydər Əliyev olmuşdur. İnkişaf strategiyasına varislik missiyasını isə Prezident İlham Əliyev eyni qətiyyətlə, daha geniş miqyasda davam etdirir.
“Biz müstəqillik şəraitində yaşayırıq. Müstəqilliyimizin banisi Heydər Əliyev bütün sahələrdə olduğu kimi, müstəqil Azərbaycanın ideoloji əsaslarını da qoymuşdur. 1993-cü ildə bütün istiqamətlər üzrə strateji xətt müəyyən edilmişdir” söyləyən Prezident İlham Əliyev vurğulayır ki, Azərbaycan bütün istiqamətlər üzrə inkişaf edir, strategiyamız dəyişməz olaraq qalır. Milli ideologiyamız möhkəm əsaslar üzərində təkmilləşdirilir. Müstəqillik, azərbaycançılıq, müasirlik, vətənpərvərlik, milli və dini dözümlülük əsas ideoloji dayaqlarımızdır. Müstəqil Azərbaycanın uğurlu inkişafı onu göstərir ki, taleyi öz əlində olan Azərbaycan xalqı böyük zirvələrə çatmışdır.
Xuraman İsmayılqızı, “İki sahil”
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...