29 aprel 2019 10:38
1615

Azərbaycan Cənubi Qafqazda Çinin əsas ticarət tərəfdaşıdır

Şərqi Asiya regionunun aparıcı və hegemon dövləti rolunda çıxış edən, beynəlxalq nüfuzu və çəkisinə, dünya iqtisadiyyatının inkişafında həlledici mövqeyi və BMT Təhlükəsizlik Şurasının veto hüquqlu 5 üzvündən biri olan Çinin Azərbaycanla siyasi, iqtisadi-ticarət, infrastruktur, maliyyə, investisiya, turizm, humanitar, energetika, kənd təsərrüfatı, nəqliyyat, yüngül sənaye və digər sahələrdə əməkdaşlığı, qarşılıqlı əlaqələri gündən-günə genişlənir.

Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsi iki ölkə arasında əməkdaşlığın genişlənməsində mühüm rol oynayır. İki ölkə arasında siyasi münasibətlərin yüksək səviyyədə olması iqtisadi əməkdaşlığın, o cümlədən nəqliyyat-tranzit sahəsində əlaqələrin genişləndirilməsinə müsbət töhfəsini verir.

İqtisadi imkanları getdikcə artan Azərbaycan ötən dövr ərzində Çin iqtisadiyyatına 1,7 milyard ABŞ dolları həcmində, Çin isə Azərbaycana 800 milyon ABŞ dollarından artıq investisiya yatırıb. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,3 milyard ABŞ dollarından çox olub.

Azərbaycanın əlverişli geostrateji mövqeyə malik olması, respublikamızda ictimai-siyasi sabitlik, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə verdiyi töhfə Cənub-Şərqi Asiyanın ən nəhəng və güclü dövləti olan Çinin Azərbaycana marağını daha da artırır. Hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət və digər sahələrdə 120-dək Çin sərmayəli şirkət fəaliyyət göstərir.

Azərbaycan Çinin “Bir kəmər, bir yol” strategiyasını dəstəkləyir.  Prezident İlham Əliyevin 2015-ci ildə Çinə dövlət səfəri zamanı “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında imzalanmış Anlaşma Memorandumu nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb edir. Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti böyükdür. Bu dəhlizin potensialından istifadə iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzit sahəsində əməkdaşlıq üçün əlverişli zəmin yaradır. O cümlədən dostluq münasibətlərinin, əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında Birgə Bəyannamə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində mühüm rol oynayıb.

Cari ilin yanvar ayında Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda keçirilən sessiyada ölkəmizin başçısının Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvü olduğunu, ölkəmizin Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəklədiyini bildirib.

2019-cu il aprelin 25-də Çin Xalq Respublikasının paytaxtı Pekində “Bir kəmər, bir yol” strategiyası çərçivəsində keçirilən ikinci beynəlxalq əməkdaşlıq forumunda iştirak edən  Prezident İlham Əliyeviin dost ölkəyə işgüzar səfəri çərçivəsində Çin Xalq Reapublikasının Sədri Si Cinpinlə və bir sıra böyük şirkət rəhbərləri ilə keçirdiyi görüşlər zamanı bir sıra məsələlərin geniş müzakirə olunması iki ölkə arasındakı əlaqələrin daha da möhkəmlənməsinə böyük töhfələr verəcək.

Prezident İlham Əliyev Pekində 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunun   “Daha parlaq birgə gələcəyin qurulması” mövzusuna həsr olunan ikinci hissəsindəki nitqində bildirib ki, beynəlxalq nəqliyyat layihələri ölkələr və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir: “Müasir nəqliyyat və logistika infrastrukturu yaratmaqla biz yalnız ölkəmizi mühüm nəqliyyat mərkəzinə çevirmədik. Eyni zamanda, biz Şərq-Qərb və Şimal-Cənub dəhlizləri layihələrində iştirak edən ölkələr arasında əməkdaşlığa töhfə verdik. Beynəlxalq nəqliyyat layihələri ölkələr və xalqlar arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edir. “Bir kəmər, bir yol” təşəbbüsü nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, ticarəti, turizmi, xalqlar arasında təmasları təşviq edir və Avrasiya məkanında sabitliyin, təhlükəsizliyin və sülhün bərqərar olması işinə xidmət göstərir”.

Azərbaycan Cənubi Qafqaz regionunda Çinin əsas ticarət tərəfdaşıdır. Belə ki, Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətində ölkəmizin payı 43 faiz təşkil edir. Bununla yanaşı, Pekində  Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon ABŞ dolları olan müxtəlif istiqamətlər üzrə 10 sənəd imzalanıb. Daha sonra Sumqayıt Kimya Sənaye Parkı ərazisində şin istehsalı zavodunun qurulmasına, Kürdəmir rayonunda 300 hektaradək sahədə müasir istixana kompleksinin tikintisinə, Quba, Xaçmaz və Göyçayda aqro-logistik sənaye parklarının yaradılmasına, “Azerbaijan Digital HUB” proqramı çərçivəsində Asiya-Avropa telekommunikasiya dəhlizinin yaradılmasına, “Transxəzər” nəqliyyat dəhlizi vasitəsilə Bakıya və Azərbaycan ərazisindən tranzit keçməklə digər ölkələrə 2500-dək konteynerin daşınmasına, Azərbaycan istehsalı şərab və digər spirtli içkilərin Çinə ixracına, Çinin Çendu şəhərində Azərbaycan Ticarət Evinin yaradılmasına dair Əməkdaşlıq Memorandumu imzalanıb.

İki ölkə arasında siyasi, iqtisadi və digər sahələrdəki əlaqələrin real vəziyyəti deməyə imkan verir ki, əlverişli geosiyasi və geoiqtisadi mövqeyə,  dayanıqlı və dinamik inkişafa malik, bir sıra regional və beynəlxalq layihələrin təşəbbüskarı və əsas iştirakçısı olan Azərbaycan ilə dünya iqtisadiyyatının nəhəngləri sırasında dayanan Çin Xalq Respublikası arasında dostluq və tərəfdaşlıq münasibətləri, qarşılıqlı əlaqələr bundan sonra daha da genişlənəcək.

Zahid Rza, “İki sahil”