(Böyük Azərbaycanlı Heydər Əliyevə ithaf)
“Mən öz fəaliyyətimlə göstərmişəm ki, Azərbaycan xalqı istedadlı xalqdır”
Heydər Əliyev
Qonaqlar bir məsələni də dönə-dönə vurğuladılar. Onlar deyirdilər ki, ən böyük korifey də ən əvvəl öz vətənində, xalqı içərisində anılmalıdır. Bunun üçün içə ölkə rəhbərindən çox şey asılıdır. Xalqın rəhbər lideri millidirsə, vətəninə, xalqına bağlıdırsa, onda o ölkədə sözlərini, əməllərini qoyub getmiş şəxsiyyətlərə hörmət-izzət olacaqdır. Bu isə tərəqqidir, inkişafdır.
Heydər Əliyev üzünü Dmitri Lixaçova tutub dedi:
- Heç bilirsiz Marr Nizami haqqında nə deyib.
- Marr şərq poeziyasına dərindən bələd idi, - deyə Lixaçov dilləndi. - Mən Marrı yaxşı tanıyırdım. Onun özünə məxsus fikirləri vardı. Nizami haqqında yəqin ki, yaxşı söz deyər.
Heydər Əliyevin sualı məclisin bütün üzvlərini düşüncələrə bağladı. Hiss olunurdu ki, qonaqların çoxu Marrı heç tanımır. Heydər Əliyev məclisə göz gəzdirdi:
- Məncə Marrın fikirləri hamı üçün maraqlı olar. 1926-ci ildə Tehranda şərq poeziyasına həsr olunmuş beynəlxlq elmi konfransda Marr öz məruzəsində belə demişdir: “Leninqrad alimləri, mənim həmkarlarım bu əqidədədirlər ki, bəşər cəmiyyəti bu günə kimi həkim Nizami kimi şair yetirməmişdir”.
Qonaqlar maraq və həm də təəccüb dolu nəzərlərlə ona baxırdılar.
Mirzə İbrahimov:
- Yoldaş Əliyev, - dedi. Mən bunları oxumuşam. Ancaq doğrusu yadımdan çıxmışdı.
- Mənim də yadıma düşdü. - Bunu da Lixaçov dedi.
- Mən bu fikirləri 30 il bundan əvvəl Leninqrad jurnallarından birində oxumuşam.
Heydər Əliyevin bu sözünü eşidəndə kimsə təəccüblə dilləndi:
- 30 il?!!
Sonra bu sual məclisin bir çox yerində səsləndi.
Heydər Əliyev sözünü davam etdi:
- Mən həmişə fəxr etmişəm ki, dünyada Azərbaycan ədəbiyyatı tanınır, sevilir. Onlardan bəhrələnənlər olur. Bizim ədəbi simalarımız haqqında Qərbdə, Şərqdə tədiqatlar aparıblar, onlar haqqında söz deyiblər. Rus, Alman, Çin, Fransız, İngilis ədəbi, tənqidi mühiti həmişə Azərbaycan klassiklərinin yaradıcılığına biganə olmayıblar. Bizim ədəbiyyatımıza maraq ötən əsrlərdə də olubdur. Bizim böyük lirik şairimiz Mirzə Şəfi Vazehin şeirləri Almaniyada çox sevilir. Alman alimi Friss Mayer XII əsrdə yaşamış Azərbaycan şairəsi Məhsəti Gəncəvi haqqında monumental tədqiqat əsəri yazıb. “Gözəl Məhsəti” adlanan bu əsəri yazmaq üçün müəllif ömrünün 30 ilini sərf edib.
Almaniyadan gələn qonaq bunu təsdiqlədi və əlavə elədi ki, bu əsər Almaniyada bir neçə dəfə nəşr olunub.
- Xalqların belə qarşılıqlı əlaqəsini mən çox qiymətləndirirəm - deyə Heydər Əliyev sözünə davam etdi. Məclisdə oturanlara elə gəlirdi ki, onlar geniş bir auditoriyada oturub klassik mühazirəyə qulaq asırlar və istəyirlər ki, bu məruzə sona yetməsin... - Mən Hindistanda olanda mənə dedilər ki, orada XX əsrin böyük şairlərindən olan Səməd Vurğunu çox sevirlər.
Vurğunun adını eşidən Nikolay Tixonov sözə qarışdı:
- Heydər Əliyeviç, - Siz bilirsiniz ki, Səməd mənim dostum idi.
Heydər Əliyev: - Bilirəm, - dedi.
- Səməd Sovet poeziyasının fəxri idi. Sağlığında o klassik sayılırdı. Mən onu poeziyanın pələngi adlandırırdım. - Sonra da Tixonov kədərli-kədərli dedi: - Təəssüf ki, çox az yaşadı.
- Az ömürdə çox iş gördü Səməd - bunu Mirzə müəllim dedi.
- Elədir. - Heydər Əliyev düşüncəli halda deyilənlərlə razılaşdığını bildirdi. Çoxu az yaşayıb. Bizim Nəsimi də, Puşkin, Lermontov, Bayron da az yaşadılar. Az ömürdə onlar ölməzliyə qovuşublar.
Sergey Serqeyev sözə qarışdı:
- Sabir də cavan ölüb. Heç, əlliyə də çatmayıb.
- Gör nələr yaradıb, hə?
- Heydər Əliyeviç Sabir dahidir.
- Sən onu tərcümə etmisən. Hamıdan Sabiri sən yaxşı tanıyırsan. Mirzə də özgə aləmdir. Həyatın heç bir sahəsi onun nəzərindən qaçmayıb. Heç təsadüfi deyil ki, Fransanın böyük şairi Nobel mükafatı laureatı Lui Araqon onun barəsində deyib ki, “Fransız xalqı Sabiri bu günə kimi tanımadığına görə çox geri qalıb. Sergey Serqeyev belədir?
- Elədir Heydər Əliyeviç, onu da deyim ki, Sabirin cəmi iki şeirini ona tərcümə ediblər ha.
- Burda görkəmli ədəbiyyatçılar əyləşib. Yəqin ki, mənimlə razılaşarsınız. Böyük poeziyanı, şeiri tərcümə etmək çətindir. Tərcümə ilə məşğul olanlar yəqin ki, bunu bilirlər.
- Şeiri tərcümə çətindir. Xüsusən də milli kaloritli şeiri. - Sergey Serqeyev dilləndi. - Mən bunu Sabiri tərcümə edərkən gördüm.
- Şeir vəhdir, hansı dildə gəlirsə, o dildə daha əsrarəngiz olur. - Bunu İraqlı qonaq Bəndəroğlu əlavə etdi.
Heydər Əliyev bu deyilənlərlə razılaşdığını bildirdi:
- Deməli, tərcüməçi də sənətdir. Həm də çox ağır sənətdir. Onların zəhmətləri, əməkləri çoxdur. Əgər bu gün Azərbaycan oxucusu öz dilində Şekspiri, Puşkini, Tolstoyu, Höteni, Danteni və yüzlərlə dünya klassiklərini oxuya bilirsə, heç şübhəsiz bu, tərcüməçilərin sayəsindədir. Mən Sizə məlumat vermək istərdim ki, respublikamızda xüsusi Tərcümə Mərkəzi fəaliyyət göstərir. Bilirsiz, ədəbiyyat qədər xalqları bir-birinə tanıdan ikinci vasitə mən tanımıram. Hər bir xalqın ədəbiyyatı dar milli çərçivədə qalmamalıdır. Mənə elə gəlir, o ədib, o şair xoşbəxtdir ki, onun yaradıcılığında milliliklə bəşərilik bir vəhdətdədir. Deməli, hər bir böyük ədəbiyyat, böyük sənət milli çərçivədən çıxmalıdır. Ədəbiyyat tarixinə baxsaq böyük dühalar milli zəminə bağlılıqla bərabər bütün dünyaya məxsus olurlar.
Məclis iştirakçıları razılıqla başlarını tərpədirdilər.
- Bizim Nizami də belə dühalardandır. XII əsrin yetirdiyi bu şairin sənət dünyasında təkcə Azərbaycan yox, bütöv dünya, bəşəriyyət bütün çalarları ilə əks olunur. Əsrlər ötür Nizami isə yenə də Nizami olaraq qalır.
Hiss olunurdu ki, o, məclisi yekunlaşdırmaq istəyir. Elə bu vaxt Dmitri Lixaçov:
- Yoldaş Əliyev, - dedi. - Mən ədəbiyyat tarixi ilə məşğulam. Uzun bir dövrü araşdırarkən bu qənaətə gəlmişəm ki, hər hansı tərəqqinin yaranmasında şəraitin, ölkədə siyasi-iqtisadi durumun rolu olmuşdur. Buna bir dövlət xadimi kimi münasibətiniz necədir?
- Hər xalqın tarixində dövrü olmuşdur - deyə Şanxaylı qonaq öz fikrini bildirdi.
Mirzə müəllim:
- XII əsr Azərbaycan xalqının intibah dövrü sayılır. Bu dövrdə Xəqani, Məhsəti, Nizami kimi korifeylər yetişdi.
Heydər Əliyev:
- Mirzə müəllim, siz ancaq, şairlərin adını çəkdiniz. XII-XIII əsr həm də Azərbaycanda elm, sənət də çox yüksək inkişaf etmişdir. Bəs Naxçıvanda Möminə Xatun məqbərəsini inşa edən Əcəmi, yaxud da Marağada Şərqin ən böyük Rəsədxanasını yaradan Nəsrəddin Tusi o dövr üçün möcüzə deyildimi?! Qonaqlara demək istəyirəm ki, Nəsrəddin Tusi ensiklopedik bir şəxs olub. Təkcə onu deyim ki, ilk dəfə Amerika qitəsini riyazi yolla o tapmışdır. Maddə çəkisinin itməməsi çevrilməsi qanunu da öncə Nəsrəddin Tusiyə məxsusdur. Beş əsr sonra Lomonosov bu qanunu kəşf etmişdir.
Qonaqlar maraq dolu nəzərlə bir-birinə baxır, başlarının hərəkəti ilə təəccüblərini gizlətmirdilər...
- Mən həm də tarixçiyəm. Heydər Əliyev Dmitri Lixaçova tərəf baxaraq sözünə davam etdi. - Siz doğru deyirsiz, tarixi müşahidənizlə mən də razıyam. Hər bir yerdə, hər bir ölkədə, hər bir xalqda inkişaf, tərəqqi ölkədə sabitlikdən, əmin-amanlıqdan və dövlət başçısından çox asılıdır. Bu tarixi həqiqətdir. Nə vaxt ki, ölkədə müharibələr, yürüşlər, talanlar olubsa, o vaxt hər şey sönüb. XII-XIII əsrdə Azərbaycanda müəyyən qədər sabitlik olub. Şəmsəddin Eldənizin yaratdığı Azərbaycan Atabəylər dövləti Şərqdə qüdrətli bir dövlət kimi parladı. O dövrdə Gəncə şəhəri təkcə ipək yolunun keçib getdiyi ticarət mərkəzi deyildi, o həm də elm, mədəniyyət mərkəzi idi. Bax belə mühitdə Nizami dünyaya gəldi. Atabəylər dövlətinin hökmdarı Qızıl Arslan Gəncəyə Nizaminin hüzuruna gələrək ondan “Xosrov və Şirin” poemasını yazmağı xahiş etmişdir. Sonra isə Şirvanşahlar hökmdarı Axıstan şairdən, “Leyli və Məcnun”u yazmağı rica edir. - Bu yerdə o, üzünü Mirzə İbrahimova tutub soruşdu: - Mirzə müəllim, belədir? Axı bunları siz yaxşı bilirsiniz.
- Yoldaş Əliyev, bunları Siz bizdən heç də pis bilmirsiniz. - Mirzə müəllim bu sözləri gülə-gülə dedi. Qonaqlar da ona qoşuldu.
- Deməli, dövlət başçısından çox şey asılıdır - deyə qonaqlardan kimsə dilləndi:
- Elədir, adi bir çiçəyin, fidanın böyüməsi üçün şərait lazımdır. Cəmiyyətdə də istedadın parlaması belədir. Şah İsmayıl Xətai də Səfəvilər dövlətində elmə, sənətə, musiqiyə hörmətlə yanaşmışdır. Bu gün isə çox sevindirici haldır ki, dünyanın əksər ölkələrində yaradıcı adam üçün münbit şərait yaradılır. Bizim ölkəmizdə də belədir. Xalqların yaxınlaşması, bir-birini yaxından tanıması üçün yaradıcı insanlar üçün hər cür şərait yaradılmışdır. Bizim Azərbaycan alimləri dünya xalqlarının alimləri, yazıçıları, şairləri haqqında monumental tədqiqat əsərləri yazıblar və yazırlar. Biz bunun üçün hər cür şərait yaradırıq. Xalqlar bir-birinə nə qədər yaxın olsalar dünya bir o qədər də gözəl olar. Deyilmi?!
Hamı öz razılığını bildirdi.
Heydər Əliyevin son sözləri onun həm də dərin siyasətçi olduğundan xəbər verirdi. Onun siyasi çalarlarla dediyi sözlər heç kimin nəzərindən qaçmadı...
- Deyəsən söhbətimiz çox çəkdi. Bu da bir elmi konfrans sayıla bilər. - o gülümsündü. - Nizamilərdən hamımız öyrənməliyik.
Çinli qonaq:
- Yoldaş Əliyev, Sizdən də öyrənməli çox şey var. Bu gün biz hamımız bunun şahidi olduq.
Heydər Əliyev məmnunluqla gülümsədi, - sabah Gəncəyə gedirsiz. Birisi gün sarayda yubiley gecəsində görüşərik. Hamınıza uğurlar diləyirəm.
Hamıyla bir-bir görüşdü, onları dəhlizin sonuna kimi ötürüb kabinetinə getdi... Saat 24-ə az qalırdı...
O günlər Azərbaycanın hər yerində Nizami yubileyi geniş işıqlandırılırdı. Bu, qonaqlarda yaxşı təəssürat doğurmuşdu. Onlar hər yerdə Böyük Nizamidən və onu layiqincə qiymətləndirən respublika rəhbərindən ürək dolusu danışırdılar...
Yubileyin bağlandığı gün təntənəli yığıncaqda Dmitri Lixaçov öz çıxışına belə başladı:
- Əziz dostlar, yubileyə gəldiyim gün mən Heydər Əliyeviçə dedim ki, Heydər Əliyeviç, Nizaminin bu yubileyi onun neçə yaşına həsr olunur? O, mənim fikrimi göydə tutdu və dedi ki, Nizami elə bir dühadır ki, ona hər il yubiley keçirilə bilər.
Bu sözlərdən sonra sarayı alqış sədaları bürüdü. Alqış sədaları kəsildikdə Lixaçov dedi:
- Öz dahi şairinə, mənəvi babasına belə hörmət edən dövlət xadiminin özü də, mənim əqidəmcə dahi sayılmalıdır...
Bir gün sonra təyyarədə Vətənə qayıdan Rusiya nümayəndə heyətinin üzvləri Azərbaycanda keçirdikləri xoş anlardan danışırdılar. Necə mənalı, xatirəyə dönən günlər idi. Söhbət Heydər Əliyevdən düşəndə Lixaçov dedi:
- Heydər Əliyev bu gün dünya dövlət xadimləri kəhkaşanında parlaq ulduzdur...
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...