Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət hər zaman Azərbaycan vətəndaşının yüksək etimadını və dəstəyini qazanıb. 2003-cü ildən bəri keçirilən bütün seçkilərdə hazırkı dövlət başçısı böyük səs fərqi ilə rəqiblərini üstələyib. Seçkilərin nəticələri göstərir ki, hazırda Prezident İlham Əliyev Azərbaycan xalqının qəbul etdiyi alternativsiz liderdir, sözün birbaşa mənasında onun nəzərəçarpacaq rəqibi siyasi səhnədə yoxdur.
Keçirilən sorğular və xalqın əksər hissəsinin münasibəti deməyə əsas verir ki, qarşıdakı illərdə də bunun belə olacağına şübhə yoxdur. Çünki Prezident İlham Əliyevin siyasi kursu xalqın milli maraqlarına hər zaman cavab verir və zamanla ortaya çıxan yeni çağırışlarla səsləşir.
2018-ci ildə keçirilən prezident seçkilərində hazırkı dövlət başçısı 86,03 faiz səslə opponentlərini xeyli geridə qoyaraq xalqın mütləq çoxluğunun dəstəyini qazanmışdı. Lakin keçirilən rəy sorğularından məlum olur ki, bir il sonra Prezidentin reytinqi daha da yüksəlib.
Xarici sorğu şirkətlərinin keçirdikləri peşəkar sorğularda real həqiqətlər daha aydın təzahür edir. Bu baxımdan Fransanın “Opinion Way” sorğu şirkətinin bu ilin mart ayında ölkəmizdə keçirdiyi rəy sorğusunun nəticələri ekspertlər tərəfindən ciddi mənbə kimi qəbul edilir. Azərbaycanın demək olar ki, bütün bölgələrini əhatə edən rəy sorğusu Prezident İlham Əliyevin yenə də ölkə vətəndaşlarının yüksək etimadına malik olduğunu təsdiq edir.
Keçirilən rəy sorğusu Prezidentin demək olar ki, bütün fəaliyyət sahələrini əhatə etmişdir. Buna görə də əslində sözügedən sorğunun nəticələrini Azərbaycan xalqının Prezident İlham Əliyevin siyasi kursuna yüksək etimadı kimi də qiymətləndirmək olar.
“Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusunun nəticələrinə görə, prosesdə iştirak edən respondentlərin 80,1%-i ölkədəki mövcud ictimai-siyasi və sosial-iqtisadi sabitliyin qorunub saxlanılmasını Prezident İlham Əliyevin fəaliyyətinin ən uğurlu nəticəsi kimi qiymətləndirmişlər. Sorğu iştirakçılarının fikrincə, dünyada və bölgədə baş verən mənfi proseslərdən asılı olmayaraq, Azərbaycanda ictimai-siyasi sabitliyin qorunub saxlanması, sosial-iqtisadi inkişafın davam etdirilməsi, xalqın əmin-amanlığı və rifahı naminə bütün zəruri addımların atılması məhz Prezidentin düşünülmüş siyasi fəaliyyəti nəticəsində mümkün olmuşdur. Təbii ki, bu amillər dövlət başçısının fəaliyyətini yüksək qiymətləndirməyə səbəb olmuşdur.
Burada son bir ildə həyata keçirilən geniş islahatların, sosial-iqtisadi layihələrin də xüsusi rol oynadığını vurğulamaq vacibdir. Məhz elə bunun nəticəsidir ki, sorğunun “Prezident İlham Əliyevin son bir ildə gördüyü işləri necə qiymətləndirirsiniz” sualına respondentlərin 85,1%-i bütövlükdə “müsbət” cavab vermişdir.
“Opinion Way”in “Azərbaycanda həyata keçirilən sosial-iqtisadi fəaliyyəti və bu sahədə Prezident İlham Əliyevin son ildə apardığı islahatları necə qiymətləndirirsiniz” sualına sorğuda iştirak edənlərin 90,5%-i bütövlükdə müsbət cavab vermiş, onlardan 64% bu istiqamətdə hökumətin fəaliyyətini “tam bəyəndiyini”, 26,5%-i “əsasən bəyəndiyini” vurğulamışdır. Buradan bir daha aydın olur ki, son bir illik Prezidentliyi dövründə İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı işlər xalqın ona olan inam və etimadını daha da yüksəldib. Burada bir məqamı da vurğulamaq lazımdır ki, əksər beynəlxalq təşkilatlar, aparıcı maliyyə qurumları son bir ildə Azərbaycanda gedən sosial-iqtisadi prosesləri, həyata keçirilən islahat kursunu böyük maraqla izləyir və olduqca pozitiv səciyyələndirirlər. Dünya Bankının “Doing Business” hesabatında da Azərbaycan hazırda dünya miqyasında 25-ci yerdə qərar tutmuşdur. Aparıcı beynəlxalq reytinq agentlikləri Azərbaycanın sosial-iqtisadi və maliyyə durumunu yüksək qiymətləndirirlər. Odur ki, Prezident İlham Əliyevin Azərbaycan xalqının maraqlarını əks etdirən sosial-iqtisadi siyasətinin ölkə əhalisi tərəfindən bəyənilməsi tam təbii hesab olunmalıdır.
Keçirilən rəy sorğusunda digər suallara da respondentlərin cavabları maraqlı olmuşdur. Prezident İlham Əliyevin seçkiqabağı vədlərinin yerinə yetirilməsinin qiymətləndirilməsinə dair “Opinion Way”in sualına iştirakçıların bütövlükdə 75,6%-i müsbət cavab vermişdir. Sosioloqlar bu nəticəni onunla izah edirlər ki, Azərbaycan Prezidenti daim öz xalqı ilə birbaşa təmasdadır və onun sözü ilə əməli indiyə qədər daim vəhdət təşkil etmişdir. Bu vədlərin ardıcıl yerinə yetirilməsi nəticəsində Azərbaycan son on altı ildə öz dinamik inkişafını təmin etmiş, mühüm transmilli enerji və nəqliyyat layihələrini icra etmiş, planetin azsaylı kosmik dövlətləri sırasına daxil olmuş, ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin əsaslı inkişafına nail olunmuşdur.
Prezident İlham Əliyevin kadr islahatları da sorğuda iştirak edən vətəndaşlar tərəfindən yüksək qiymətləndirilmişdir. Bununla bağlı sualları cavablandıran respondentlərin 78,8%-i həyata keçirilən kadr siyasətinə birbaşa öz müsbət rəyini bildirmiş, onlardan 43,3%-i bu sahədəki dəyişikliklərdən tam razı qaldığını, 35,5%-i isə əsasən razı qaldığını ifadə etmişdir.
“Opinion Way”in “İlham Əliyevin qəbul etdiyi “Regionların sosial-iqtisadi inkişaf proqramı” və hökumətin bölgələrdə həyata keçirdiyi fəaliyyət nəticəsində sizcə regionlar inkişaf edibmi” sualına respondentlərin 93,1%-i “Hə” cavabı vermiş, 72,3%-i hökumətin bu istiqamətdəki fəaliyyətini “tam müsbət”, 20,8%-i “əsasən müsbət” kimi dəyərləndirmişdir.
Görünən odur ki, belə yüksək nəticənin əldə edilməsi onunla bağlıdır ki, ötən il regionların sosial-iqtisadi inkişafı üzrə üçüncü Dövlət Proqramı uğurla başa çatmış, beşillik proqram uğurla yerinə yetirilmişdir. Üç proqramın icrası nəticəsində bölgələrin infrastrukturları müasir standartlara uyğun yenidən qurulmuş, minlərlə istehsal müəssisəsi açılmış, ayrı-ayrı sahələrin, o cümlədən qeyri-neft sektorunun əsaslı inkişafına nail olunmuşdur. Bu il isə regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramı qəbul edilmiş və icrasına başlanmışdır. Prezident İlham Əliyevin regionların inkişafına xüsusi diqqət göstərməsi vətəndaşların böyük rəğbətini qazanmışdır. Sorğuda ölkə Prezidentinin bölgələrə çoxsaylı səfərlərinin faydalılıq əmsalı respondentlərin 90,4%-i tərəfindən müsbət dəyərləndirilmiş, 48,9% bu səfərləri “çox yüksək”, 27,5% “əsasən yüksək”, 14% isə “qismən müsbət” kimi qiymətləndirmişdir.
Prezident İlham Əliyev təkcə keçən il Azərbaycanın bölgələrinə 24 səfər etmiş, vətəndaşlarla birbaşa ünsiyyətdə olmuşdur. Rayonların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, o cümlədən infrastruktur layihələri ilə bağlı çoxsaylı sərəncamlar imzalamışdır. Bundan başqa, dövlət başçısının yerlərdə əhali ilə görüşləri, problemlərlə şəxsən tanış olması, onların qısa zamanda aradan qaldırılması və digər məsələlər bu sorğunun göstəricilərini şərtləndirən amillərdəndir.
Sorğunun Prezident İlham Əliyevin xarici siyasəti ilə bağlı nəticələri də əhalinin müsbət mövqeyini ifadə etmişdir: Prosesdə iştirak edənlərin 89,9%-i bu sualı müsbət cavablandırmış, onların 73,9%-i suala “əla”, 16,0%-i “kafi” cavab vermişdir.
Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə öz dinamikliyi, intensivliyi və məqsədyönlülüyü ilə xarakterizə olunur, daim milli maraqlara söykənir. Bunun nəticəsində Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi, siyasi və humanitar layihələrin mərkəzinə çevrilmiş, bir çox əhəmiyyətli əməkdaşlıq formatlarının təşəbbüskarı olmuşdur.
Görünən odur ki, “Opinion Way”in sorğusuna respondentlərin verdiyi cavablar Azərbaycan xalqının Prezident İlham Əliyevə böyük etimad bəslədiyini bir daha təsdiq edir. Sözsüz ki, bu etimadın əsasında dövlət başçısının xalqın milli maraqlarına cavab verən siyasi kursu uğurla həyata keçirməsi dayanır.
Taleh Turqut, “İki sahil”
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...