Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycanın regional nəqliyyat dəhlizinə çevrildiyinin bariz nümunəsidir. Bu günlərdə dövlətimizin başçısı İlham Əliyevin Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək sərnişin qatarı ilə tanışlığında da bu fikir önə çəkilmişdir ki, Asiya ilə Avropanı birləşdirən və Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti ölkəmizin siyasi iradəsi nəticəsində reallığa çevrilib.
Türkiyə və Gürcüstanla sıx əməkdaşlığın nəticəsi olan Bakı-Tbilisi-Qars layihəsi ölkələrimiz arasındakı əlaqələrin strateji təzahürünü nümayiş etdirir. Bu yolla artıq yüklərin daşınması uğurla həyata keçirilir. Bununla da çox mühüm transmilli neft-qaz kəmərlərinə malik Azərbaycan bu strateji layihənin reallaşması ilə özünün nəinki regionda, bütünlükdə Avrasiya qitəsindəki əhəmiyyətini artırıb. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə düşməsi Azərbaycanın dövlət müstəqilliyinin gücləndirilməsində, iqtisadi qüdrətinin artırılmasında yeni mühüm strateji amilə çevrilib və regionda sabitliyə, xalqlarımızın daha da yaxınlaşmasına və iqtisadi inkişafa böyük töhfədir.
Ənənəvi keçirilən Davos Dünya İqtisadi Forumunun builki sayca 49-cu toplantısı çərçivəsində aparılan müzakirələrdə də Azərbaycanın Çinin “Bir kəmər, bir yol” layihəsinə töhfələrinin təqdir olunması təsadüfi deyildi. Ölkəmizin təşəbbüsçüsü və iştirakçısı olduğu enerji və nəqliyyat layihələrinin ölkələr, xalqlar arasında dostluq körpüsünün daha da möhkəmlənməsində rolu göz qabağındadır. Dövlətimizin başçısı Forum çərçivəsində Çinin CGTN televiziyasına müsahibəsində bildirmişdir ki, Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan və Avropa, eləcə də Avropa və Asiya arasında çatışmayan bir bağlantı idi. Hazırda bu dəmir yolu fəaliyyət göstərir və yüklərin artımını görürük. İnfrastruktur bizə çoxlu yükləri cəlb etməyə və bir çox ölkələr arasında yeni vacib bağlantı yaratmağa kömək edir. “Siz bir Prezident olaraq həmişə demisiniz ki, nailiyyətlərinizlə fəxr edirsiniz. Lakin yenə də belə bir sual yaranır ki, qısamüddətli və uzunmüddətli perspektivdə bu nailiyyətlərdən necə faydalanmaq olar. Qısa müddətdə nəticələri dərhal görmək mümkün deyil. Burada belə bir problem var, elə deyilmi” sualına cavabında isə cənab İlham Əliyev vurğulamışdır ki, infrastruktur layihələrinə vəsaiti dövlət büdcəsindən yatırmışıq və bu vəsaitin faydasını bir çox ildən sonra görəcəyik: “Biz infrastrukturu yeniləmək istəyirdik və biznes dairələrinin faydalana biləcəyi şərait yaratmaq istəyirdik. Eyni zamanda, Azərbaycanda nəqliyyat qovşağının yaradılması bizə Şərqdən Qərbə və Şimaldan Cənuba vacib tranzit ölkə olmaq imkanını verəcək. Bu investisiyalar gələcək üçün yatırılıb. Ola bilsin ki, biz gələcək on il ərzində yatırdığımız vəsaiti geri götürəcəyimizi gözləmirik. Lakin bizim planımız neft və qaz sektorundan başqa yeni imkanlar və gəlir mənbəyi yaratmaqdır. Bir gün neft və qaz tükənəcək, lakin coğrafiyamızı nəzərə alsaq, nəqliyyat infrastrukturu həmişə qalacaq.”
Cənab İlham Əliyev günün əsas reallıqlarından biri kimi bu məqamı daim vurğulayır ki, güclü iradəmiz, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür. BTC və BTƏ neft-qaz layihələrinin, eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi buna bariz nümunə kimi göstərilir. Bu fikir də vurğulanır ki, əlaqələr öncə regional əməkdaşlıq formatı şəklində qurulmuş, bu gün artıq çoxtərəfli əməkdaşlıq üçün möhkəm baza mövcuddur. “ Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycanın nəqliyyat dəhlizi kimi önəmi artmaqdadır. Ölkəmizin təşəbbüsçüsü olduğu enerji və nəqliyyat layihələrinin uğurlu icrası, yeni-yeni layihələrin gündəmə gətirilməsi bu önəmi daha da diqqətçəkən edir. Dövlətimizin başçısı İlham Əliyev Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimində bu xatırlatmanı etmişdir ki, Azərbaycan, Gürcüstan və Türkiyə Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum və digər önəmli layihələri, o cümlədən nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars layihəsini icra edərkən artıq çox güclü üçtərəfli regional əməkdaşlıq formatı yaratmışlar.
BTC və BTƏ neft-qaz layihələrinin reallığa çevrilməsi Cənub Qaz Dəhlizinə, onun əsas seqmentləri olan TANAP və TAP kimi layihələrə yol açdı. TANAP 20 vilayət, 67 rayon və Çanaqqala boğazını keçən marşruta sahibdir. TAP isə Azərbaycan qazını Türkiyə, Yunanıstan, Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. “TAP Azərbaycan, Yunanıstan, İtaliya və və Albaniya arasında münasibətləri daha da gücləndirəcəkdir. Biz Xəzər dənizi, Qafqaz və Avropanın yeni geniş regional əməkdaşlıq formatını yaradacağıq. Bu bizim hamımıza fayda verəcəkdir. TAP layihəsinin reallaşması nəticəsində çoxlu işlər olacaq, minlərlə yeni iş yeri yaradılacaqdır. Bu da Azərbaycana Avropa bazarına enerjini təchiz etmək üçün yeni marşrutun yaradılmasından ibarət strateji məqsədləri tam yerinə yetirmək imkanını verəcəkdir” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, biz bu məqsədə nail olacağıq, çünki bu günədək işlər qrafik üzrə gedir.
Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrə qısa baxış onların hər birinin ayrı-ayrılıqda ölkələr, xalqlar arasında bir körpü, bir kəmər olduğunu təsdiqləyir. “Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur” söyləyən cənab İlham Əliyev bildirir ki, dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan bəhrələnəcək bütün ölkələr arasında əməkdaşlıq daha da dərinləşəcək. Ən əsası BTQ dəmir yolunun uğurlu fəaliyyəti ölkəmizin geosiyasi əhəmiyyətini artıracaq və əlavə imkanlar yaradacaq. Bir sözlə, Avropa ilə Asiyanı birləşdirən və dünyanın 100 böyük layihəsi siyahısına daxil olan Bakı-Tbilisi-Qars dəmir yolu xüsusi strateji əhəmiyyət daşıyır. Bu layihənin tarixi İpək Yolu üzərində qurulması region ölkələri üçün onun cəlbediciliyini artırır və eyni zamanda, bu coğrafiyada yerləşən türkdilli ölkələrin inteqrasiyasında mühüm əhəmiyyət daşıyır. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin-Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistan, həmçinin Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. “Bakı-Tbilisi-Qars dəmir yolu da əvvəl icra edilmiş layihələrin əsasında yaradılıb” söyləyən cənab İlham Əliyev bildirir ki, əgər biz əvvəlki dövrlərdə enerji, neft-qaz sahəsində bu nəhəng, böyük miqyaslı layihələri icra etməsəydik, bu gün Bakı-Tbilisi-Qars haqqında ancaq danışa bilərdik.
Məhz bu uğurlarımız Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləməyimizə əsas verir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzvü olan yeganə ölkədir. Keçilən yola və əldə olunan uğurlara söykənərək cənab İlham Əliyev bu fikri böyük inamla qeyd edir ki, əsas məqsəd elə bir infrastrukturun yaradılmasıdır ki, o, uzun zaman ərzində fəaliyyət göstərsin və ölkəni, dünyanın ölkəyə münasibətini dəyişmiş olsun. Çünki bu infrastruktur layihələri olmadan Azərbaycanın coğrafi mövqeyinin bir o qədər də böyük mənası yoxdur. Biz ölkələri və insanları birləşdirməyə nail olmuşuq. Nəqliyyatla bağlı infrastruktur layihələri regionda tamamilə yeni siyasi vəziyyət yaradır. Xəzər dənizi vasitəsilə qitələrin birləşdirilməsi, Bakıda dəniz limanının tikintisi, dəmir yolu sistemimizin Avropa sistemi ilə birləşməsi yeni əməkdaşlıq formatını yaradır. Əsas hədəflərdən biri Azərbaycanda müasir infrastruktur yaratmaq və ölkəni müasirləşdirməkdir.”
Azərbaycanın malik olduğu enerji resurslarından səmərəli istifadəsi, eyni zamanda, yerləşdiyi coğrafi məkan güclü iqtisadiyyatını yaratması fonunda yeni-yeni əməkdaşlıq formatlarının təşəbbüsçüsü kimi çıxış etməsinə, ən əsası yeni dostlar, tərəfdaşlar qazanmasına, tranzit imkanlarını genişləndirməsinə yol açır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, məqsədlərimizə - siyasi, iqtisadi, maliyyə məqsədlərimizə fəal əməkdaşlıq və qarşılıqlı dəstək vasitəsilə nail olmaq əsas hədəflərdəndir.
Yeganə Əliyeva, “İki sahil”
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...