08 aprel 2019 10:21
1123

Avrasiyanın strateji nəqliyyat mərkəzi

NATO-nun baş katibi Yens Stoltenberq mətbuata açıqlamasında Bakı-Tbilisi-Qars dəmir yolunu Alyansın “Qətiyyətli Dəstək” missiyasına töhfə adlandırıb

“Biz neftdən, qazdan əldə edilmiş gəlirləri nəqliyyat sektoruna yönəltdik ki, Azərbaycan nəinki bu bölgədə, Avrasiya məkanında nəqliyyat mərkəzinə çevrilsin. Bu gün biz artıq buna nail oluruq. Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi tarixi layihədir. Bu, həddindən artıq vacib layihədir” söyləyən Prezident İlham Əliyevin sözləri enerji və nəqliyyat layihələrinin gerçəkləşməsində əsas tərəfdar olan Azərbaycanın beynəlxalq mövqeyini ifadə edir və dünya siyasətinə təsiretmə imkanlarını, geosiyasi əhəmiyyətini əks etdirir.

Bakı-Tbilisi-Qars marşrutu Azərbaycan ərazisindən böyük həcmdə yüklərin Şərqdən-Qərbə, Qərbdən-Şərqə daşınması imkanlarını çoxaldır və məsafələri qısaltmaqla əlavə vəsait sərfini aradan qaldırır. “Bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində birləşən ölkələrin sayı 10-dan çoxdur və onların sayı daha da artacaq. Amma hər iki layihədə iştirak edən çox strateji nəqliyyat mərkəzinə çevrilən ölkə tək Azərbaycandır” sözlərinin də alternativi yoxdur. İnfrastrukturun genişlənməsinə diqqəti artıran Bakı-Tbilisi-Qars dəmir yolu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı Azərbaycanın bütün dünyada vədinə sadiq, tərəfdaşların mənafeyinə uyğun siyasət aparan dövlət olduğunu bir daha sübut etdi.

Danılmaz faktdır ki, Asiya ilə Avropanı birləşdirən və Avrasiya məkanı üçün önəmli layihə olan Bakı-Tbilisi-Qars dəmir yolu Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində reallığa çevrilib. Qonşu Türkiyə və Gürcüstanla sıx əməkdaşlığın nəticəsi olan bu layihə iştirakçı ölkələr arasındakı əlaqələrin strateji təzahürünü də nümayiş etdirir. Transmilli neft-qaz kəmərlərinə malik Azərbaycan bu strateji layihənin reallaşması ilə özünün nəinki regionda, bütünlükdə Avrasiya qitəsindəki əhəmiyyətini təsdiqlədi. Dəfələrlə qeyd olunduğu kimi, Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi Azərbaycanın müstəqilliyinin, iqtisadi qüdrətinin ifadəsi olmaqla, regionda sabitliyə, xalqların daha da yaxınlaşmasına böyük töhfədir.

Belə genişmiqyaslı layihələrin birgə əməkdaşlıq sayəsində həllinin mümkünlüyünü, üç və dördtərəfli formatları gerçəkləşdirməklə dünya birliyinə nümunə kimi təqdim edən Azərbaycan bu sahədə də birincilik şansını, təşəbbüskar rolunu təsdiqlədi. “Bu gün Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində birləşən ölkələrin sayı 10-dan çoxdur və onların sayı daha da artacaq. Amma hər iki layihədə iştirak edən ölkə tək Azərbaycandır” söyləyən cənab İlham Əliyevin siyasi iradəsinin və tərəfdaşlarla birgə fəaliyyətin məntiqi nəticəsi olan BTQ dəmir yolunun istifadəyə verilməsini dünyanın nəqliyyat xəritəsinin yenilənməsi kimi dəyərləndirən beynəlxalq ictimaiyyətin qənaəti budur ki, Azərbaycan Avrasiyada çox strateji nəqliyyat mərkəzinə çevrilir. Uzunluğu təxminən 850 kilometr olan dəmir yolunun 504 kilometrinin Azərbaycan ərazisindən keçməsi də layihənin reallaşmasında ölkəmizin xüsusi rolunun olduğunu göstərir. Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı nəqliyyat vasitəsi olan Bakı-Tbilisi- Qars dəmir yolu ilə birinci mərhələdə 5 milyon ton, ondan sonrakı mərhələdə 17 milyon ton, perspektivdə daha böyük həcmdə yük daşınacaq. Dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilməklə yolun keçdiyi ölkələrin iqtisadiyyatının güclənməsinə, biznes əlaqələrinin inkişafına, ticarət əlaqələrinin genişlənməsinə, turizm imkanlarının artmasına imkan yaratmaqla ölkələrə əlavə sərmayə qazandıracaq. Əlaqələrin genişlənirilməsi ilə regional və beynəlxalq əməkdaşlıq, sabitlik, milli təhlükəsizlik təmin ediləcək.

Bu günlərdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttində hərəkət edəcək “Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişi ilə İsveçrənin “Stadler Rail Group” şirkəti tərəfindən istehsal olunan 10 vaqondan ibarət sərnişin qatarı ilə tanış olan Prezident İlham Əliyevə bildirildi ki, hərəkətin intensivliyinin artırılması üçün Azərbaycana daha 10 vaqonun gətirilməsi sifariş verilib. Ən müasir və sərnişinlərin rahatlığı üçün lazımi şəraitin yaradıldığı, saatda 160 kilometr sürətlə hərəkət edəcək, 246 yerlik vaqonlar “standart”, “komfort”, “biznes”, “restoran” olmaqla dörd kateqoriyada istehsal edilib.

Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir. Bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq. Bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək. Bu yol sabitliyə və təhlükəsizliyə xidmət edəcək, turizmin inkişafı da geniş vüsət alacaq. Əhəmiyyətini və gətirəcək sərmayələri nəzərə alan Orta Asiya ölkələri, o cümlədən Qazaxıstan dəmir yoluna böyük maraq göstərir. Orta Asiya ölkələri ilə ənənəvi dostluq əlaqələri bu dəmir yolu vasitəsilə daha da möhkəmlənəcək.

Təkcə Asiya ölkələri üçün deyil, Avropa üçün də bu yolun böyük əhəmiyyəti var. Azərbaycan bir neçə Avropa ölkəsi ilə artıq müvafiq danışıqlar aparmışdır. Tarixi İpək Yolunun bir hissəsinin bərpası olan Bakı-Tbilisi-Qarsdan Çin, Qazaxıstan, Orta Asiya, Azərbaycan, Gürcüstan, Türkiyə, Avropa ölkələri istifadə edəcəklər. Şimal-Cənub nəqliyyat dəhlizi isə Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Avropa ölkələrini birləşdirəcək. Azərbaycan hər iki layihənin fəal iştirakçısı və maliyyə resurslarını ortaya qoyan yeganə ölkədir. Beynəlxalq əhəmiyyətli, Avropanın ən böyük qlobal, infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizindən, TANAP-dan sonra Bakı-Tbilisi-Qars dəmir yolunun inşası Azərbaycan, Gürcüstan, Türkiyənin və digər ölkələrin birgə fəaliyyəti nəticəsində reallaşsa da bu infrastrukturun Prezident İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində inşasını etiraf edən beynəlxalq ictimaiyyətin ölkəmizə marağı da təsadüfi deyil.

Dəmir yolunun istifadəyə verilməsi Bakı-Tbilisi-Qars xəttinin çəkilişinə şübhə ilə yanaşanlara da cavab oldu. “Ancaq üç ölkə göstərdi və sübut etdi ki, bu, mümkündür. Bizim güclü iradəmiz, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi bunun əyani misalıdır. Əminəm ki, regional əməkdaşlığa ən böyük töhfə verən ölkələr - Azərbaycan, Gürcüstan və Türkiyə bundan sonra da daim bir yerdə olacaqlar, bir-birini dəstəkləyəcəklər. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi kimi nəhəng layihələr bizim birliyimizi, dostluğumuzu daha da möhkəmləndirir” söyləyən Prezident İlham Əliyevin sözlərinin təsdiqini çox gözləmək lazım olmadı.

Bu günlərdə Vaşinqtonda keçirilən NATO-nun 70-ci ildönümünə həsr olunan iclasda çıxış edən qurumun baş katibi Yens Stoltenberq mətbuata açıqlamasında Azərbaycanın Alyansın yaxın tərəfdaşı olduğunu bildirib. Ölkəmizin beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasındakı rolu, ölkəmizin NATO ilə sıx əməkdaşlıq səyi, Əfqanıstanda həyata keçirilən “Qətiyyətli Dəstək” missiyasına yardımı diqqqətə çatdırılıb. Baş katib Bakı-Tbilisi-Qars dəmir yolundan Əfqanıstana və geriyə daşımalar zamanı istifadə olunduğunu vurğulayaraq, Lapis-Lazuli nəqliyyat dəhlizinin əsas hissəsini təşkil edən BTQ-ni Alyansın “Qətiyyətli Dəstək” missiyasına töhfə adlandırıb.

Xuraman İsmayılqızı, “İki sahil”