Ərazi bütövlüyü bərpa edilməli, Şuşa və Xankəndidə üçrəngli bayrağımız dalğalanmalıdır
“Azərbaycan Ordusu dünya miqyasında öz potensialına görə 52-ci yerdədir. Ötən il keçirilmiş iki hərbi parad bizim hərbi qüdrətimizi göstərdi. Ordumuz üçün ən müasir silahlar, texnikalar alınır, ordumuzun döyüş qabiliyyəti artır. Aprel döyüşləri bunun bariz nümunəsidir. Ordumuz üçün nə lazımdırsa, biz onu edirik və edəcəyik. Ötən il uğurlu Naxçıvan əməliyyatı keçirilmişdir. Bu əməliyyat nəticəsində biz strateji yüksəkliklərə sahib olmuşuq. Bu yüksəkliklər imkan verir ki, biz çox böyük əraziyə nəzarət edək. Uğurlu Naxçıvan əməliyyatı bir daha göstərdi ki, ordumuz peşəkardır, ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir.”
Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2016-cı il aprel döyüşlərinin üç illiyi münasibətilə aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində çıxışında bu fikri də böyük inam hissi ilə qeyd etmişdir ki, bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Azərbaycan Ordusu ilə fəxr edə bilər. Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünün qorunması işində rol oynayan əsas amildir.
Aprel döyüşlərini tarixi qələbəmiz, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biri kimi dəyərləndirən cənab İlham Əliyevin qeyd etdiyi kimi, döyüşlərə qədər Ermənistan silahlı qüvvələri işğal edilmiş ərazilərdən yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi daim atəşə tuturdu. Ermənistanın təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusu çox uğurlu əməliyyat keçirərək işğal edilmiş Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etdi. Bu gün işğal edilmiş torpaqlarımızda Azərbaycan bayrağı dalğalanır. Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir, istənilən anda istənilən vəzifəni icra edə bilər. Bir sözlə, Ermənistanın yaratdığı mif tamamilə darmadağın edildi.
Ulu öndər Heydər Əliyevin “Sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordunun olması əsasdır” tezisi dövlətimizin siyasətinin əsas tərkib hissəsidir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində diplomatik qələbənin rolu inkaredilməzdir. Təbliğatı real faktlara, tarixi əsaslara söykənən dövlətimizin uğurlu siyasətinin nəticəsidir ki, bu gün dünya həqiqətlərə ədalət baxımından yanaşmağa səy göstərir. Dövlətimizin başçısı İlham Əliyevin bu günlərdə Vyanada Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü də bu kimi məqamlara bir daha işıq saldı. Azərbaycanın diplomatik uğuru kimi dəyərləndirilən bu görüşə Avsriyanın ev sahibliyi, eyni zamanda, ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və roluna, ədalətli mövqeyinə dünyanın dəstəyinə bir daha işıq saldı. Məhz faktlara əsaslanan hücum diplomatiyamızın nəticəsidir ki, münaqişənin həlli üçün möhkəm baza formalaşıb. Bu günə qədər hüquq problemini yaşayan dünya çalışır ki, ədalətə ədalət gözü ilə baxsın.
Diplomatik uğurlarımızla yanaşı, iqtisadi imkanlara əsaslanan güclü ordumuz işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə əminliyi daha da artırır. Cənab İlham Əliyev hərbi qulluqçularla görüşündə bu mühüm məqama bir daha diqqət yönəltmişdir: “Haqq-ədalət, tarixi həqiqət bizim tərəfimizdədir. İqtisadi güc də, hərbi güc də bizim tərəfimizdədir. Son illərdə görülmüş işlər, hərbi sahədə aparılan islahatlar, hərbi gücümüzün artırılması, həm siyasi meydanlarda, həm də döyüş meydanlarında qələbələr bizi daha da ruhlandırır, daha da gücləndirir.”
Ölkə Prezidenti İlham Əliyevin “Dağlıq Qarabağ münaqişəsinin həlli yolları bəllidir. Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bizim ölkəmizin ərazi bütövlüyü bərpa edilməlidir. Bütün işğalçı qüvvələr bizim torpaqlarımızdan çıxarılmalıdır” bəyanatı işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə ciddi mesajdır. Rəsmi Bakı daim mövqeyimizin dəyişməz olduğunu bəyan edərək, bir qarış torpağımızın belə düşmənə verilməyəcəyini bildirir. Azərbaycanın tam haqqı var ki, işğal altında olan torpaqlarını istənilən yolla azad etsin.
Ölkə Prezidenti çıxışlarında bu məqamı da xüsusi qeyd edir ki, əfsuslar olsun ki, bizim ölkəmiz uzun illər ikili standartlarla üzləşir. Bəzi yerlərdə BMT Təhlükəsizlik Şurasının qətnamələri bir gün ərzində icra edilir, bizə gəldikdə isə 20 ildən çoxdur ki, bu qətnamələr kağız üzərində qalır və onları qəbul edənlər də buna biganə qalırlar. Belə olan halda Azərbaycan öz gücünü artırmalıdır və artırır. “BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir” bəyan edən ölkə Prezidenti İlham Əliyev bildirir ki, status-kvonun dəyişdirilməsi işğalçı qüvvələrin torpaqlarımızdan çıxarılması deməkdir. Azərbaycan heç vaxt öz torpağında ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcək. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq. İşğalçı rejim, Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə, bu, onlar üçün o qədər də yaxşı olacaq.
Əvvəldə də qeyd etdiyimiz kimi, dövlətimizin siyasətinin əsasında dayanan mühüm tezis sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordunun olmasıdır. 2016-cı ilin aprel, ötən ilin isə Naxçıvan qələbələri bu fikrin reallıqlara söykəndiyini bir daha nümayiş etdirdi. “Ermənilərin torpaqlarımızda, işğal edilmiş torpaqlarda qazdıqları səngərlərdə bu gün bizim əsgərlərimiz xidmət göstərir. Lələtəpədə bizim bayrağımız dalğalanır. Ağdərə dağlarında bizim bayrağımız dalğalanır. Biz strateji yüksəklikləri əldə etmişik və bu bizə çox böyük üstünlük verir. Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan əsgəri, zabiti, generalı - Azərbaycan Ordusu əsl qəhrəmanlıq, peşəkarlıq, rəşadət göstərmişdir. Bir daha göstərmişdir ki, Azərbaycan xalqı bu işğalla barışmayacaq. Bir daha göstərmişdir ki, Ermənistan tərəfindən onların ordusu ilə bağlı uzun illər ərzində yayılan nağıllar mif idi. Biz bu mifi darmadağın etdik. Biz onların illər boyu yaratdıqları dırnaqarası möhkəm müdafiə xəttini bir neçə gün ərzində yardıq, məhv etdik. Aprel döyüşləri tariximizin şanlı səhifəsidir” söyləyən cənab İlham Əliyev ordumuza bir daha yeni uğurlar, qələbələr arzulayır.
Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşdə də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva vətənpərvər övladlarımızın qəhrəmanlığını, şücaətini yüksək dəyərləndirdiyini, hər zaman onlara dəstək olacağını önə çəkərək bildirmişdir ki, siz sağlamlığınızı Vətən, torpaq yolunda qurban vermisiniz. Siz güllələr, bomba altında Azərbaycan uğrunda, torpağımız, Vətənimiz uğrunda həyatınızı qurban verməyə hazır olmusunuz. Mən fəxr edirəm ki, Azərbaycanın belə oğulları var, mənim belə qardaşlarım var: “Mən hər zaman deyirəm ki, Azərbaycan çox zəngin ölkədir, sərvətləri, gözəl təbiəti var. Amma bizim ən böyük sərvətimiz Azərbaycan xalqıdır, Azərbaycan insanıdır. Doğrudan da Azərbaycan xalqı fəxr etməlidir ki, sizin kimi oğullar yetirib. Analarımız fəxr etməlidirlər ki, sizin kimi igid övladlar böyüdüblər. Belə xalqla, belə əsgərlərlə, zabitlərlə, belə qardaşlarla biz Qarabağı mütləq qaytaracağıq. Qarabağın hər bir kəndində, hər bir şəhərində Azərbaycan bayrağı dalğalanacaq.”
Əbəs yerə deyilmir ki, zaman hakim, tarix isə yaddaşdır. Hadisələrə ən böyük dəyəri zaman verir. Dövlətimizin başçısı İlham Əliyev bütün çıxışlarında bu inamı ifadə edir ki, diplomatik mübarizədə qələbə qazanan Azərbaycanın hərb variantını seçəcəyi təqdirdə də qələbəsi şəksizdir. Üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil. Hər ay, hər gün bizi qələbəyə yaxınlaşdırır.
“Bizim istəyimiz ölkəmizin ərazi bütövlüyünü bərpa etmək, işğal altında olan bütün torpaqlarda Azərbaycan bayrağını qaldırmaqdır. Budur, bizim məqsədimiz və biz bu məqsədə doğru irəliləyirik” söyləyən dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təkmil islahatlar, bu islahatlar fonunda artan iqtisadi və siyasi mövqeyimiz, güclənən ordumuz xalqımızda bu əminliyi artırır ki, yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tezliklə öz ədalətli həllini tapacaq, hər sahədə davamlı uğurları ilə seçilən, inkişaf strategiyası nümunə göstərilən Azərbaycan daha da qüdrətlənəcək, inkişaf edəcək.
Yeganə Əliyeva, “İki sahil”
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...