04 aprel 2019 11:09
1346

Cənab İlham Əliyev hər bir azərbaycanlının Prezidentidir

Xalqın etimadını qazanaraq sosial ədalət prinsiplərini şəxsi keyfiyyətləri, fəaliyyətinin əsas istiqamətləri kimi formalaşdıran ulu öndər Heydər Əliyev liderlik fəlsəfəsini dövlətçilik təcrübəsi ilə möhürləmişdir. Ölkəyə rəhbərliyinin hər iki dönəmində daxili siyasətin əsas aspektləri olan xalqın firavan yaşayışını təmin etmək, insan amilini fəallaşdırmaq üçün iqtisadiyyatın sürətli inkişafına nail olmaq kimi prinsipləri xarici siyasətin bütün dövlətlərlə qarşılıqlı etimad, iki və çoxtərəfli əməkdaşlıq etmək, sülh, əmin-amanlıq şəraitində yaşamaq, münasibətləri beynəlxalq hüquq normaları əsasında qurmaq tələbləri ilə uyğunlaşdıran ümummilli lider Heydər Əliyev Azərbaycanın inkişaf istiqamətlərini müəyyənləşdirmişdir.

2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə Azərbaycan xalqı bu siyasətin layiqli davamçısı kimi cənab İlham Əliyevi dəstəkləyərək 76,8 faiz səslə onu özünə yeni Prezident seçdi. İlk dəfə Prezident kimi andiçmə mərasimində “Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyev siyasətini davam etdirəcəyəm” söyləyən Prezident İlham Əliyev onu da bildirdi ki, Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Eyni münasibətini dövlət başçısı kimi mətbuata ilk müsahibəsində də qeyd edən cənab İlham Əliyevin “Mən məsuliyyətə də, çətinliklərə də hazıram. Əminəm ki, Azərbaycan xalqının dəstəyi ilə qarşıda duran bütün vəzifələri ləyaqətlə yerinə yetirəcəyəm. Demişəm, Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam” proqram xarakterli sözləri gələcək fəaliyyəti üçün qətiyyət ifadəsi, verdiyi vədi idi.

Son on beş il ərzində Azərbaycan iqtisadiyyatı 3,2 dəfə, qeyri-neft sektoru 2,8 dəfə, sənaye istehsalı 2,6 dəfə, kənd təsərrüfatı 1,7 dəfə artmış, qeyri-neft ixracı 4,1 dəfə çoxalmışdır. Azərbaycanın valyuta ehtiyatları 1,8 milyard dollardan (2004) 46 milyard dollara (2018) çatdırılmışdır. 2003-2018-ci illərdə ölkə iqtisadiyyatına 250 milyard dollar investisiya qoyulmuşdur. Müstəqillik dövründə Azərbaycana yatırılan sərmayənin 93 faizini təşkil edən həmin investisiyanın təxminən yarısı daxili mənbələrin payına düşür.

Azərbaycanda nəhəng transmilli energetika və nəqliyyat layihələri həyata keçirilmiş, “Üç dəniz əfsanəsi” olan, Xəzər və Aralıq dənizlərini birləşdirən, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin ardıcılları olan, dünyanın enerji xəritəsini dəyişən Cənub Qaz Dəhlizi, TANAP kimi qlobal əhəmiyyətli layihələr reallaşmışdır. Ötən il istifadəyə verilən Cənub Qaz Dəhlizi, TANAP, inşası sürətləndirilən TAP, eyni zamanda, əməkdaşlıq formatı kimi dəyərləndirilir.

Cənab İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan dünyada sayı məhdud olan kosmik ölkələr sırasına qoşulmuşdur. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti yaradılmış, Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1”in, Yer səthini müşahidə edən “Azersky” peykinin, telekommunikasiya peyki “Azerspace-2”nin orbitə çıxarılması ölkə iqtisadiyyatının maliyyə imkanlarının möhkəmlənməsi hesabına mümkün olmuşdur.

Cənab İlham Əliyevin vurğuladığı kimi, Birinci Avropa, İslam Həmrəyliyi Oyunlarının, Formula-1 yarışlarının Azərbaycanda keçirilməsi ölkəmizə maraqdan irəli gəlir. Asiya ilə Avropanı birləşdirən Azərbaycanda keçirilən beynəlxalq forumlar, dialoqlar ölkəmizi sivilizasiyalararası mərkəzə, humanitar platfomaya çevirib. Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü orduları sırasında yer alması, aprel döyüşlərində qazanılan uğurlar, Lələtəpə, Günnüt əməliyyatları ölkənin müdafiə qüdrətinin ifadəsi olmaqla Ali Baş Komandan İlham Əliyevin liderlik qətiyyətinin, siyasi iradəsinin ifadəsidir.

Son 15 ildə ölkənin sosial-mədəni və təsərrüfat infrastrukturu tamamilə yenilənmişdir. Bu dövrdə 3100-dən çox məktəb, 642 tibb müəssisəsi tikilmiş, yaxud əsaslı təmir edilmiş, mədəni-məişət obyektləri istifadəyə verilmiş, 15 min kilometr yol çəkilmiş, 443 körpü inşa olunmuşdur. Bakıda 4 yeni metro stansiyası istifadəyə verilmiş, bir neçə stansiyada yenidənqurma işləri aparılmışdır.

Azərbaycanda 7 hava limanı tamamilə yenidən qurularaq istifadəyə verilmişdir. Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın “5 ulduz”lu 9 əsas hava limanı sırasında yer alır. Azərbaycan brendi olan “ASAN xidmət”, multikulturalizm və tolerantlıq təcrübəsi BMT tərəfindən humanizm nümunəsi kimi təbliğ olunur.

Respublikaya rəhbərlik etdiyi ilk illərdə əsas tezis kimi səsləndirdiyi “Neft strategiyasının tərkib hissəsi ondan ibarətdir ki, neftdən əldə olunan gəlirlər Azərbaycan xalqına səmərəli şəkildə xidmət etsin” sözləri ilə “Azərbaycanın dövlət siyasətinin əsasında insan amili dayanır” tezisini təkmilləşdirən cənab İlham Əliyevin apardığı sosial islahatlar nəticəsində ölkə vətəndaşlarının rifahı daha da yüksəlmiş, ölkənin iqtisadi potensialı əhalinin sosial müdafiəsinin həllinə yönəldilmişdir.

Ötən illərdə ölkə vətəndaşlarına göstərilən diqqət və qayğının nümunəsi olan, Prezident İlham Əliyevin təşəbbüsü ilə əhalinin sosial müdafiəsini gücləndirmək istiqamətində atılan addımları xatırlayaq.

Vətəndaşların təbii qazdan, içməli su və kanalizasiya xidmətlərindən istifadəyə görə əvvəlki illərdə yaranmış borclarının tam silinməsi, sovet dövründən qalmış əmanətlərə görə 1 milyard manat kompensasiya ayrılması, təbii fəlakətlərdən zərər çəkən insanlara dövlət tərəfindən yardımların göstərilməsi insan amilinə qayğı və diqqətin təzahürü idi. Oğuz-Qəbələ-Bakı kəmərinin çəkilişi ilə paytaxt əhalisinin içməli suya tələbatının ödənilməsi nə qədər sevinc doğurdusa, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadə üzrə yaranmış borcların silinməsi” haqqında Sərəncamı aztəminatlı ailələrə ikiqat sevinc bəxş etdi.

Bakının Nizami rayonundakı ticarət mərkəzində (“Diqlas”) baş vermiş yanğınla əlaqədar keçirilən müşavirədə aidiyyəti orqanlara tapşırıqlarını verən, zərər çəkən insanlara dövlət dəstəyinin göstəriləcəyini bildirən cənab İlham Əliyev bunun üçün maliyyə vəsaitlərinin ayrılması barədə Sərəncam imzaladı. Azərbaycanda sığorta sahəsində boşluqların olduğunu diqqətə çatdırdı. Yanğının fəsadlarının aradan qaldırılması üçün ilk mərhələdə 3 milyon manat vəsaitin ayrılması dövlətin sahibkarına sahib çıxmasının təzahürüdür. Bununla bir daha sübut olundu ki, Prezident İlham Əliyev hər bir vətəndaşın yanındadır.

2019-cu ilin ilk aylarından başladığı sosial islahatları geniş miqyasda həyata keçirən dövlət başçımız iqtisadi müstəqilliyimiz sayəsində əldə olunan nailiyyətlərdə hər bir vətəndaşın xüsusi əməyinin olduğunu bildirir və qiymətləndirir. Prezident İlham Əliyev şəhid ailələri, müharibə veteranları və əlillərə daim xüsusi qayğı ilə yanaşır. Ötən ilin aprel ayında keçirilən prezident seçkilərindən sonra cənab İlham Əliyevin imzaladığı ilk Fərmana əsasən şəhidlərin vərəsələrinə 11 min manat məbləğində ödənişlər verildi. Hazırda 12 mindən çox şəhid ailəsi bu ödənişlərlə təmin olunub. Növbəti Fərmanla şəhid ailələrinə verilən müavinət 242 manatdan 300 manata, Əfqanıstanda həlak olanların ailələri üçün nəzərdə tutulan müavinət 220 min manatdan 300 manata qaldırıldı. Keçən il şəhid ailələrinə 626 mənzil verilmişdir. Bu il isə daha 800 şəhid ailəsi mənzillə təmin olunacaq. Şəhid ailələri və müharibə əlilləri dövlət hesabına 6 mindən çox minik maşını ilə təmin olunmuşdur. Bu məqsədlə Prezidentin ehtiyat fondundan 20 milyon manat vəsait ayrılmışdır. İşğaldan azad olunan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi qısa müddət ərzində bərpa edilmiş, orada 150 evdən ibarət qəsəbə tikilmiş və köçkünlər öz doğma yurdlarına qayıtmışlar. Eyni zamanda, işğaldan azad olunmuş Tərtər rayonunun Şıxarx qəsəbəsində 1170 ailə üçün yeni şəhərcik salınmışdır.

Məcburi köçkünlərlə bağlı sosial islahatlar da davam etdirilir. Əgər keçən il 5900 köçkün ailəsi üçün mənzillər, evlər tikilmişdirsə, bu il Bakıda, Sumqayıt şəhərində həyata keçirilən tikinti proqramına əsasən 7 minə yaxın köçkün ailəsi yeni mənzillərlə, evlərlə təmin ediləcək.

Əhali tərəfindən yüksək dəyərləndirilən islahatların məntiqi nəticəsi budur ki, dövlət həmişə vətəndaşın yanındadır. Baş verən zəlzələlər, daşqınlar nəticəsində əhaliyə vurulan ziyanın dövlət tərəfindən ödənilməsi, sosial mənzillərin tikilməsi, xidmət obyektlərinin inşası dövlətin vətəndaşına göstərdiyi qayğıdır. Ötən illərdə Balakən və Zaqatalada baş verən zəlzələlər zamanı vətəndaşlara dəyən ziyanın, Kür çayının daşması nəticəsində sahilyanı kəndlərdə yaranan problemlərin dövlətin öz gücü hesabına aradan qaldırılması dünyada alternativi olmayan təcrübədir. O zaman təbii fəlakətlərdən zərər çəkənlər üçün 3 mindən artıq yeni, daha müasir evlər tikildi, sosial obyektlər inşa olundu. Eyni diqqət Şamaxıda, Ağsuda, İsmayıllıda baş verən zəlzələdən zərər çəkənlərə də göstərildi. Zəlzələnin yaratdğı fəsadlarla yerindəcə tanış olub, insanlara lazımi kömək göstərilməsi üçün vətəndaş təkliflərini əks etdirən tövsiyələr verən Prezident İlham Əliyev növbəti dəfə zəlzələ bölgəsində aparılan işlərin gedişi ilə maraqlanmışdır.

Son günlərdə əmək haqqı və pensiyaların, tələbə təqaüdlərinin, məcburi köçkün və qaçqınlar, aztəminatlı ailələr üçün nəzərdə tutulan güzəşt və müavinətlərin artırılması, problemli kreditlərlə, çoxmənzilli binaların qeydiyyata alınması ilə bağlı göstərişlərin verilməsi ölkə vətəndaşlarının sosial müdafiəsinin təminatı istiqamətində aparılan siyasətin ən bariz nümunəsidir. Məntiqi nəticə isə budur: Ölkə iqtisadiyyatının inkişafı sosial islahatların tətbiqini sürətləndirir, əhalinin həyat səviyyəsi yüksəlir. “Beləliklə, iqtisadi göstəricilərimiz elədir ki, dünyanın istənilən ölkəsi bu göstəriciləri böyük qəhrəmanlıq kimi qəbul edə bilər, bizim üçün isə bu, adi haldır. Çünki bizim iqtisadi siyasətimiz düşünülmüş siyasətdir. Ümumiyyətlə, bizim siyasətimiz Azərbaycan xalqının maraqlarını tam əks etdirir, ona tam uyğundur. Məhz buna görə Azərbaycan xalqı bizim siyasətimizi dəstəkləyir” söyləyən cənab İlham Əliyevin davam etdirdiyi islahatların analoqunun olmaması ölkəmizə beynəlxalq təşkilatların hesabatlarında verilən yüksək qiymət, respublikamızın adının yuxarı pillələrdə yer almasıdır.

Dövlət başçımızın sərəncamları əsasında 2019-cu ilin əvvəllərindən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə daha qüdrətli ölkəyə çevirmək, mövcud olan problemləri aradan qaldırmaq, vətəndaşları narahat edən çətinlikləri tamamilə gündəlikdən çıxarmaq, insanların rifah halını yaxşılaşdırmaqdır. Zamanın çağırışı da belədir ki, daha güclü, qüdrətli dövlət qurmaq üçün aparılan məqsədyönlü, tutumlu siyasət insan amilinə, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsinə, regional əməkdaşlıq təşəbbüslərinin dəstəklənməsinə xidmət etməlidir. Bu il 600 min nəfəri əhatə edən minimum əməkhaqqı 130 manatdan 180 manata qaldırıldı. Dövlət başçımız açıqlamasında bildirdi ki, ölkədə əmək haqqı və pensiya siyasəti daim gündəlikdə dayanacaq və bu proses davamlı olacaq.

Minimum pensiyalarla bağlı da ciddi qərar qəbul edildi. Minimum pensiyaların məbləği 116 manatdan 160 manata qaldırıldı ki, respublikamız bu göstərici üzrə MDB məkanında ikinci yerdədir. Uzun illər ərzində müzakirə olunsa da, həlli yubanan, vətəndaşları narahat edən problemlərdən olan rəsmi olaraq qəbul edilməmiş çoxmənzilli binaların sənədləşməsi məsələsi də həllini tapdı. Dövlət başçımızın imzaladığı Fərman əsasında müvafiq dövlət orqanları bütün sənədləşmə işlərini apararaq məsələnin həllini təmin edəcəklər. Belə ki, dörd yüz çoxmənzilli binada yaşayan 60 minə yaxın ailəni sevindirmək mümkün olacaq. Növbəti diqqət və qayğı təqribən 100 min tələbəni əhatə edən təqaüdlərin artırılması oldu.

Son günlərdə əhalini daha çox sevindirən isə neçə müddətdir müzakirə olunan problemli kreditlərlə bağlı nəzərdə tutulan məsələnin həlli istiqamətində atılan addım oldu. “Bu o qədər də sadə məsələ deyil. Biz bu məsələni həll etməklə əsas vəzifəni vətəndaşların rifah halının yaxşılaşmasında, onların maliyyə yükünün azaldılmasında görürük. Bu, ilk növbədə, ciddi sosial təşəbbüs kimi qəbul edilməlidir” söyləyən dövlət başçımız bu addımı ilə bir daha vətəndaşın yanında olduğunu təsdiqlədi.

Prezident İlham Əliyevin mədəniyyət və incəsənət xadimləri, Bakı şəhərinin sakinləri ilə görüşlərində bildirdiyi kimi, iqtisadi uğurları artan, maliyyə imkanları möhkəmlənən ölkəmizdə əhalinin maddi rifah halının yüksəlməsi naminə hazırlanan “sosial paket”də daha ciddi islahatlar nəzərdə tutulur. Bu cür önəmli islahatların əsasında isə güclü siyasi iradə, insana qayğı amili dayanır. “Əminəm ki, 2019-cu il bütövlükdə ölkəmiz üçün uğurlu il olacaqdır. Azərbaycan 2019-cu ildə uğurlar və inkişaf yolu ilə gedəcəkdir” söyləyən cənab İlham Əliyev həmişə olduğu kimi, yenə də vədinə sadiq qalacaq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu əməli, real fəaliyyəti ilə təsdiqləyəcək.