Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bugünlərdə böyük bir tarixi zəfərin-aprel döyüşləri gününün üçüncü ildönümündə Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olması təsadüfi bir tarix deyildi. Bu, ölkə rəhbərinin həm ordu quruculuğuna böyük diqqət ayırdığının, həm də şanlı qalibiyyət tariximizə aparan həmin döyüşlərdə qəhrəmancasına vuruşub şəhidlərimizin ruhuna və qazilərimizin ehtişamına olan böyük ehtiramın dövlət səviyyəsində göstəricisi idi. Prezident İlham Əliyevin hərbi hissənin xüsusi hazırlıq təlim meydanında xüsusi təyinatlıların döyüş hazırlığını böyük fəxr hissi ilə izləməsi son 15 ildə həyata keçirilən güclü ordu quruculuğunun nəticəsi kimi ortaya çıxan möhtəşəm qürur tablosu idi. Ali Baş Komandan çıxışında da məhz elə bu qürur və fəxarət notlarını özündə ehtiva edən fikirlərini bəyan edib. Prezidentin məlum çıxışında vurğulanan müvafiq məqamlar təkcə Milli Ordumuzun deyil, bütövlükdə Azərbaycanın inkişaf mənzərəsini əks etdirirdi.
Azərbaycanın güclü ordu quruculuğu- dünya miqyasında etiraf olunan hərbi potensial
Prezident çıxışında Azərbaycanın bu gün ordu quruculuğu baxımından dünyanın güclü ölkələri sırasında olduğunu, sonuncu reytinqə əsasən dünya miqyasında öz potensialına görə 52-ci yerdə sıralandığını bildirib. Beynəlxalq ictimaiyyət 2018-ci ildə ölkəmizdə keçirilən iki hərbi paradda bu qüdrətli hərbi potensialın şahidi olub. Ondan əvvəl isə təbii ki, 2016-cı ildə Milli Ordumuz öz yüksək səviyyəli döyüş qabiliyyətini aprel döyüşlərində əyani şəkildə nümayiş etdirib. Ötən ilin uğurlu Naxçıvan əməliyyatından söz açan Prezident İlham Əliyev bunu ordumuzun peşəkarlığı və yüksək döyüş qabiliyyətinin sübutu kimi dəyərləndirib. Ali Baş Komandan Azərbaycanda ordu quruculuğuna dair bütün mühüm tədbirlərin ardıcıl surətdə, dünya təcrübəsi nəzərə alınmaqla həyata keçirildiyini vurğulayaraq gələcəkdə də bu istiqamətdə davamlı işlərin həyata keçiriləcəyini qeyd edib.
Aprel döyüşləri - müasir Azərbaycan tarixinin ən uğurlu hərbi əməliyyatlarından biri
Prezidentin N saylı hərbi hissədəki çıxışında diqqəti yönəltdiyi əsas məqam təbii ki, aprel döyüşləri idi. Ali Baş Komandan 3 il əvvəl indiki tarixdə baş verən döyüşlərdə şəhid olan qəhrəmanlarımızı böyük ehtiramla anaraq həmin döyüşləri bizim böyük tarixi qələbəmiz və müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biri kimi səciyyələndirib: “Yaralı hərbçilərimizin müalicəsi, bərpası üçün dövlət əlindən gələni əsirgəməyib və yaralanmış bütün hərbçilər xoşbəxtlikdən normal həyata qayıtdılar. Onların müalicəsi, bərpası, aktiv həyata qayıtmaları üçün bütün lazımi işlər görülmüşdür. Yaxşı bilirsiniz ki, döyüşlərə qədər Ermənistan silahlı qüvvələri işğal edilmiş ərazilərdən bizim yaşayış məntəqələrini, hərbi mövqelərimizi daim atəşə tuturdu. Ermənistanın təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusu çox uğurlu əməliyyat keçirmiş və vaxtilə işğal edilmiş Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etmişdir. Minlərlə hektar torpaq işğalçılardan azad edildi, on minlərlə hektar ərazi nəzarətimizə keçdi. Vaxtilə işğal edilmiş torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. Döyüşlər zamanı hərbçilərimiz peşəkarlıq, qəhrəmanlıq göstərmişlər. Bir daha göstərmişlər ki, Azərbaycan əsgəri, zabiti həm peşəkardır, həm Vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır”.
Prezident aprel döyüşlərinin önəmini hərbi aspektdən təhlil etməklə yanaşı, mənəvi-psixoloji baxımdan da böyük əhəmiyyətə malik olduğunu, Azərbaycan bu zaman Ermənistanın özləri üçün yaradıb təsəlli tapdıqları mifi tamamilə darmadağın etdiyini diqqətə çatdırıb. Ali Baş Komandan döyüşlərdən sonra getdiyi təmas xəttinə yaxın yerləşən kəndlərdə vətəndaşlarla görüşü zamanı həmin insanlarda olan güclü milli ruhu, qorxmazlığı, cəsurluğu ürəkdən təqdir etdiyini çıxışında vurğulayıb. Çünki bu mülki vətəndaşlar atəş altında ölümlə üzbəüz qalsalar da, öz doğma yurdlarını tərk etməmişdilər. Azərbaycanı aprel zəfərinə götürən yol hərbçilərimizin yüksək döyüş hazırlığı ilə yanaşı, həmin mülki vətəndaşların qəhrəman ruhlarının vəhdətindən yaranıb.
Cocuq Mərcanlının timsalında yeni həyatın qayıdışı
Aprel zəfərinin ən gözəl nəticələrindən biri də qəhrəman ordumuzun Cocuq Mərcanlı kəndini işğaldan azad etməsidir. Prezident çıxışında aprel zəfəri nəticəsində Cocuq Mərcanlı kəndinə yeni həyatın verildiyini, kəndin qısa müddət ərzində yenidən qurulduğunu, 150 fərdi ev, məktəb, uşaq bağçası, tibb məntəqəsi, Şuşa məscidinin bənzəri olan məscidin tikildiyi, yeni iş yerlərinin yaradıldığını bildirib: “Yəni Cocuq Mərcanlıya həyat qayıdıb. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq. Bu, bir daha onu göstərir ki, hər bir Azərbaycan vətəndaşı bir arzu ilə yaşayır - bizim işğal altındakı torpaqlarımız tezliklə azad olunsun və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin”.
Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünün qorunması işində rol oynayan əsas amil kimi
Təbii ki, dövlətimiz təhlükəsizliyimizin qarantı olan Milli Ordumuzun hər bir baxımdan təminatı məsələsini öz siyasi xəttində prioritet kimi müəyyənləşdirib.
Prezident İlham Əliyev çıxışında fəxarət mənbəyimiz olan Azərbaycan Ordusunu dövlətimizin ərazi bütövlüyünün qorunması işində rol oynayan əsas amili kimi qiymətləndirib. Hərbçilərin məişət problemlərinin həll olunması, onların yeni mənzillərlə təmin edilməsi, hərbi hissələrin yenidən qurulması, yüksək səviyyəli hərbi şəhərciklərin yaradılması, həmçinin hərbi hissələrdəki mülki işlərdə 20 minə yaxın mülki şəxsin işlə təmin edilməsi bütövlükdə ordunun inkişafına və həm də ümumilikdə Azərbaycan vətəndaşının rifahına xidmət edən sosial siyasətin parlaq təzahürləridir.
Son Vyana görüşünün önəmi: münaqişənin həllində mövcud formatın bir daha təsdiqlənməsi
Prezident İlham Əliyevin məlum Vyana görüşündən sonra aprel zəfərinin 3-cü ildönümündə hərbi hissəyə səfəri və oradakı çıxışında vurğuladığı məqamlar da təsadüfi deyildi. Bu, dövlətin öz tarixi günlərinə böyük ehtiramının ifadəsi olduğu kimi, həm də işğalçı Ermənistana göndərilən növbəti mesaj idi. Prezidentin çıxışında mesajların mahiyyəti bundan ibarət idi ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur və olmayacaq: “Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bütün mötəbər beynəlxalq təşkilatlar müvafiq qərar və qətnamələr qəbul etmişlər. Bu, tarixi və hüquqi əsasdır. Siz bilirsiniz ki, Ermənistanın yeni rəhbərliyi danışıqların formatını dəyişdirmək istəmişdir. Ancaq Azərbaycanın birmənalı mövqeyi bunu mümkün etməmişdir. Son Vyana görüşü, o cümlədən ona görə önəmli idi ki, bu mövcud formatı bir daha təsdiqlədi. Haqq-ədalət, tarixi həqiqət bizim tərəfimizdədir. İqtisadi güc də, hərbi güc də bizim tərəfimizdədir. Son illərdə görülmüş işlər, hərbi sahədə aparılan islahatlar, hərbi gücümüzün artırılması, həm siyasi meydanlarda, həm də döyüş meydanlarında qələbələr bizi daha da ruhlandırır, daha da gücləndirir”.
Sevinc Abdullayeva, “İki sahil”
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...