03 aprel 2019 10:18
1236

Diplomatik uğurumuza bələdçilik

Avstriyanın Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünə ev sahibliyi belə dəyərləndirilir

Bu günlərdə Prezident İlham Əliyevin Avstriya səfərinin əhəmiyyətindən bəhs edərkən, bu məqamı xüsusi qeyd etməliyik ki, səfər  dövlətimizin başçısı İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü baxımından xüsusi diqqət çəkir, həm ölkə, həm də dünya mətbuatında geniş müzakirə olunur.

Hər bir səfərində xarici siyasətimizin əsas məsələsi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müzakirəsini öndə saxlayan dövlətimizin başçısı İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünə  Avstriyanın ev sahibliyi yüksək dəyərləndirildi. Vyana  görüşü ölkəmizin  növbəti  diplomatik uğurudur. Bu görüşün keçirilməsi bir daha təsdiq etdi ki, danışıqlar yalnız Azərbaycan  və Ermənistan arasında aparılır və danışıqların formatı dəyişməz qalır. Nəzərə alaq ki, Ermənistanın baş naziri bu görüşə böyük ümidlərlə qatılmışdı. O ümidlər ki, danışıqlar prosesində üçüncü tərəf kimi  separatçı rejimin iştirakını tələb edəcək, Azərbaycan tərəfi də bu təklifi qəbul edəcək. Paşinyan baş nazir kimi fəaliyyətə başladığı gündən  danışıqlar prosesində yenilik kimi bu ideya ətrafında baş sındırırdı. Amma unudurdu ki,  Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Danışıqlar prosesində tərəf yalnız və yalnız Ermənistan və Azərbaycan  kimi iştirak edə bilərlər. Qonşu dövlətlərə qarşı  əsassız torpaq iddiası ilə çıxış etmək,  işğalçılıq siyasətinin nəticəsində 20 faiz torpağımızı işğal altında saxlamaq reallıqları inkar etməyə əsas vermir. Rəsmi Bakı ən yüksək tribunalardan bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və olmayacaq. İşğal altında olan torpaqlarımız istənilən yolla azad olunacaq, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıdacaqlar. Münaqişənin həlli üçün möhkəm hüquqi baza mövcuddur. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində  Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni işğalçılarının ərazilərimizdən qeyd-şərtsiz çıxmasının vacibliyi öz əksini tapıb.   

Dövlətimizin başçısı İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla öncə təkbətək, sonra isə ATƏT-in Minsk qrupunun həmsədrləri, həmçinin hər iki ölkənin xarici işlər nazirlərin iştirakı ilə görüşü keçirilmişdir. Təbii ki, hər bir görüş münaqişənin həllində  mühüm addım kimi dəyərləndirilməlidir. Lakin bütün görüşlərdə işğalçı dövlət  münaqişənin nizamlanmasında maraqlı olmadığını qabarıq şəkildə büruzə verir. Ermənistanın baş nazirinin  danışıqların formatının dəyişdirilməsi ilə bağlı müxtəlif iddiaları da bu tərkibdəndir.  Lakin ötən ay  ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanatla çıxış edərək formatın dəyişdirilməsinin qəbuledilməzliyini bildirdilər. Bu sənəd  işğalçı dövlətə ünvanlanmış mesaj kimi dəyərləndirildi. Təbii ki, ölkəmizə olan dəstək reallıqlara, ədalətə dəstək kimi qəbul olunur. Ədaləti, haqqı müdafiə etməklə, ən əsası beynəlxalq hüququn norma və prinsiplərinin icrası üçün vahid mexanizm müəyyənləşdirməklə çoxdan bəri həllini gözləyən   münaqişəli məsələlərin öz müsbət həllini tapmasına nail olmaq olar. Bunun üçün işğalçını adı ilə çağırmaq əsas tələblərdəndir.  Baxmayaraq ki,  ATƏT-in Minsk qrupunun həmsədri olan dövlətlər işğalçını adı ilə çağırmağın münaqişənin həllinə mənfi təsir göstərə biləcəyini bildirməklə diqqəti işğalçı dövlətə göstərilən dəstəkdən, baş sığallamalardan yayındırmağa çalışırlar. Onların fikrincə, bu, birtərəflilik kimi dəyərləndirilə bilər. Ədalət meyarının əsaslılığı fonunda bu yanaşmanın nə qədər reallıqdan uzaq, sadəcə maraqlara xidmət edən “standart” olduğu daha aydın görünür.

Dövlətimizin başçısı İlham Əliyevin  Vyanada Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində də bu kimi məqamlara bir daha aydınlıq gətirilir. Müxbirin Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqları barədə sualına cavabında cənab  İlham Əliyev bildirmişdir ki, xarici işlər nazirləri bir neçə raund danışıqlar aparıblar. Görüş ona görə mühümdür ki, məsələnin mahiyyəti ilə bağlı danışıqlar prosesinə yeni start verilib: “Biz etimadı, ola bilsin ki, insanlar arasında təmaslar çərçivəsində möhkəmləndirməklə bağlı məsələləri müzakirə etdik. Bundan əvvəl ictimaiyyət nümayəndələri arasında təmaslar olub. Yəni hələ bu barədə danışmaq tezdir, lakin humanitar məsələlərə gəldikdə, bu, nəzərdə tutulur. Çünki danışıqlar prosesi təbii ki, həm də humanitar aksiyalarla dəstəklənməlidir. Lakin mən hesab edirəm, əsas odur ki, danışıqların formatı dəyişilməz qalıb. Danışıqlar uzun illər olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında aparılır. İkincisi, danışıqlar prosesinə yeni təkan verilib. Bu da vacibdir. Biz Minsk qrupunun həmsədrlərinin 9 mart tarixli bəyanatını, - siz yəqin ki, onunla tanışsınız, - çox müsbət qiymətləndirdik. Orada deyilir ki, danışıqlar formatının dəyişdirilməsi yalnız iki tərəfin razılığı ilə ola bilər. Azərbaycan tərəfi təbii ki, buna razılıq vermədi. Ona görə də biz prinsipcə substantiv danışıqların davam etdirilməli olduğu vəziyyətə qayıtdıq. Xarici işlər nazirlərinə tapşırıqlar verilib. Onlar çox güman ki, nəticəyə yönələn danışıqlar prosesini davam etdirmək üçün yaxın vaxtlarda görüşəcəklər. Bizim üçün birinci yerdə beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin beynəlxalq hüquq, ATƏT-in Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi çərçivəsində işğaldan azad edilməsi məsələsi durur.”

Ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir. Ərazi bütövlüyü ilə öz müqəddəratını təyinetmə arasındakı balans BMT-nin Nizamnaməsində, Helsinki Yekun Aktında çox aydın şəkildə izah olunub. Öz müqəddəratını təyinetmə ölkələrin ərazi bütövlüyünü pozmamalıdır. Ona görə də, münaqişə beynəlxalq hüququn normalarına, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsasən və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir. Bu, Azərbaycan dövlətinin dəyişməz mövqeyidir. Ölkəmizin diplomatik uğurlarının davamlılığı münaqişənin həllinə gedən yolu daha da yaxınlaşdırır. Diplomatik uğurlarımızla yanaşı, Azərbaycan Ordusunun gücü, qüdrəti də artır. 2016-cı il aprel döyüşləri bunu bir daha nümayiş etdirdi. Həmin hadisələrdən  ötən bu üç ildə Azərbaycan Ordusunun göstərdiyi şücaət, qələbə əzmi dövlətimizin başçısı İlham Əliyevi “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı  Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq” bəyanatı böyük əminliklə səsləndirməyə əsas verir. Azərbaycanın üçrəngli bayrağının Şuşada, Xankəndidə dalğalanacağı gün uzaqda deyil.

Yeganə Əliyeva, “İki sahil”