03 aprel 2019 10:13
2100

Aprel döyüşləri: zəfər salnaməmiz, tarixi qələbəmiz

2016-cı ilin aprel ayının ilk günlərində erməni silahlı qüvvələri Madagiz, Ağdərə və digər yaşayış məntəqələrində, döyüş bölgəsində yerləşmək məqsədilə təxribatlar törətdilər. Ermənistan silahlı qüvvələrinin birləşmələri mövqelərimizi, təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrini atəşə tutdular. Vəziyyəti gərginləşdirmək istəyən ermənilər mülki əhaliyə qarşı da silah işlətdilər.

Təxribatın qarşısını alan Silahlı Qüvvələrimiz 3 istiqamətdə, planlı şəkildə döyüş tədbirləri həyata keçirərək düşmənə ağır zərbələr endirdilər. Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşləri tariximizə zəfər salnaməsi kimi yazıldı. Əks-hücum əməliyyatı ilə düşmən ağır məğlubiyyətə uğradılaraq Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsi işğaldan azad edildi, xalqımız qələbə sevinci yaşadı.

Azərbaycan Silahlı Qüvvələrinin əks həmlələrindən təşvişə düşən Ermənistanın “şanlı ordusunun gücü, qüdrəti” daşnakları təşvişə saldı, xəyal qırıqlıqlarına uğratdı. İşğalçı ölkədə iqtidara qarşı etirazlar başladı. Övladları müharibədə həlak olan valideynlər aksiyalar keçirərək “istefa” tələbini səsləndirdilər. Azərbaycanın müdafiə qüdrətinin rəmzi olan Aprel döyüşləri həm də “məğlubedilməz erməni ordusu” mifini dağıtdı. Dünya ictimaiyyəti də başa düşdü ki, siyasi, iqtisadi, hərbi qüdrəti artan Azərbaycan işğal edilmiş ərazilərini hərbi yolla azad etmək qüdrətindədir.

Aprel döyüşləri “Böyük Qayıdış” prosesinin başlanğıcı oldu. Lələtəpə yüksəkliyinin azad edilməsi nəticəsində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Düşməndən azad olunan kənddə quruculuq, abadlıq işlərinə başlanıldı. 23 il doğma yurd həsrətində olan sakinlərin evlərinə qayıtması, bu ilin Novruz şənliklərini doğma ocaqlarında qeyd etmələri güclü, qüdrətli Azərbaycanın Ordusunun işğal altında qalan digər torpaqlarımızın da azad ediləcəyinə ümidləri artırdı.

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təmas xəttinə gedərək, Ermənistan ordusunun atəşləri nəticəsində yaşayış məntəqələrimizə dəyən ziyanla yerində tanış olmaları, yerli əhali, eləcə də ön xətdə şəxsi heyətlə görüşü xalqımızın və ordumuzun düşmən üzərində qəti qələbəyə ümidlərini daha da artırdı.

Aprel qələbəsindən ruhlanan əsgərlərimiz daha bir böyük zəfər sorağı ilə Naxçıvan Muxtar Respublikasının işğal altında qalan ərazilərində uğurlu hərbi əməliyyatlar keçirdilər. Əlahiddə Ümumqoşun Ordu tərəfindən Günnüt kəndi və ətraf ərazilərin işğaldan azad edilməsi növbəti qələbə oldu.

“Naxçıvanın 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən zəbt edilmiş 11 min hektar torpağı Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən aparılmış uğurlu əməliyyat nəticəsində azad edildi. Çox böyük mühəndislik və kəşfiyyat işləri aparıldı. Naxçıvan əməliyyatı yüksək məharətlə, peşəkarlıqla həyata keçirildi” söyləyən Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan Ordusu güclü, yenilməz və müdafiə qüdrətinə malik ordudur”. Uğurlu Naxçıvan əməliyyatı nəticəsində ordumuz 11 min hektar torpağa tam nəzarət edir. Bu yüksəkliklər Ermənistanı Dağlıq Qarabağla birləşdirən yola tam nəzarət etmək üçün bizə imkan yaradır.

Güclü, ən müasir silahlarla təmin olunmuş orduya malik olmasına baxmayaraq Dağlıq Qarabağ münaqişəsinin sülh, danışıqlar yolu ilə həllinə sadiq qalan Azərbaycandan fərqli olaraq işğalçı Ermənistan hələ də müxtəlif yollar və vasitələrlə müzakirələrə əngəl törədir, status-kvonun saxlanılmasına çalışır. Dünyanın aparıcı beynəlxalq təşkilatlarının- BMT-nin AŞPA-nın, Qoşulmama Hərəkatının münaqişə ilə bağlı qəbul etdikləri qərar və qətnamələri yerinə yetirmək istəməyən Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasəti bu ölkəni iqtisadi, hərbi böhranla üz-üzə qoymuşdur.

Müdafiə qüdrətinin güclənməsinə baxmayaraq daim sülh danışıqlarına sadiq qalan Azərbaycandan fərqli olaraq Ermənistan yenə də təmas xəttində təxribatlar törədir, işğal etdiyi Azərbaycan torpaqlarını azad etmək istəmir.

ATƏT-in Minsk qrupunun həmsədrləri çərçivəsində, xarici işlər nazirləri səviyyəsində müzakirələr davam etdirilsə də, sələflərinin siyasətinə sadiq qalan Ermənistanın yeni rəhbərliyi müxtəlif bəhanələrlə danışıqlardan boyun qaçırır, qondarma “Dağlıq Qarabağ respublikası”nı müzakirələrə cəlb etməklə mənfur niyyətlərindən əl çəkmək istəmirlər. “Əlbəttə ki, münaqişənin həlli ilə məşğul olan vasitəçilər də belə anlaşılmaz yanaşmanı heç cür dəstəkləyə bilməzdilər və öz fikirlərini bildiriblər. Nəticə etibarilə danışıqlar prosesi bərpa edildi. Xarici işlər nazirləri artıq bir neçə dəfə görüşmüşlər və danışıqlar Ermənistan ilə Azərbaycan arasında aparılır. Danışıqlar prosesi üçün yalnız bu format məqbuldur” söyləyən cənab İlham Əliyev illərdən bəri kriminal rejim tərəfindən idarə olunan işğalçı ölkədə separatizm siyasətinin davam etdirildiyini bildirərək vurğulayır ki, dərin demoqrafik böhranın ağrılarını yaşayan, ordusunda fərarilik halları artan, regionda həyata keçirilən bütün qlobal layihələrdən kənarda qalan, ümumiyyətlə, beynəlxalq aləmdə heç bir nüfuza malik olmayan Ermənistan idarə olunan “diplomatiyasının” əzabını çəkir.

“Biz dəfələrlə demişdik ki, Ermənistanda iyirmi il ərzində kriminal, qaniçən xunta rejimi hökm sürür. Ancaq əfsuslar olsun ki, bəzi beynəlxalq təşkilatlar buna göz yumurlar” söyləyən cənab İlham Əliyev bildirir ki, Ermənistanı bu ağır böhranlı vəziyyətdən çıxarmaq üçün bir yol var, o da Azərbaycan ilə münasibətləri normallaşdırmaqdır: “Biz buna hazırıq. Ancaq əlbəttə ki, buna nail olmaq üçün bir şərt var - Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır.”

Dünən Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində olan Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev əsgər və zabitlər üçün yaradılan şəraitlə, hərbi hazırlığın vəziyyəti ilə tanış olmuşdur.

Görüş zamanı Aprel döyüşlərini tarixi qələbə, ən uğurlu hərbi əməliyyatlar adlandıran Ali Baş Komandan vaxtilə işğal edilmiş torpaqlarda bu gün Azərbaycan bayrağının dalğalanmasını əsgər və zabitlərimizin qəhrəmanlığı kimi dəyərləndirmişdir. “Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər. Ermənistanın yaratdığı mif tamamilə darmadağın edildi.

Bizim mülki vətəndaşlarımız da döyüşlər zamanı qəhrəmanlıq göstərmişlər. Bir neçə mülki şəxs Ermənistanın təxribatı nəticəsində həlak olmuşdur, yüzlərlə ev sıradan çıxmışdır, yandırılmışdır. Biz bütün bu evləri qısa müddət ərzində bərpa etdik. Döyüşlərdən sonra getdiyim həmin o təmas xəttinə yaxın yerləşən kəndlərdə vətəndaşlarla görüş əsnasında gördüm ki, bu vətəndaşlarda nə qədər milli ruh var, bunlar nə qədər qorxmaz insanlardır, atəş altında qalaraq öz doğma evlərini, kəndlərini tərk etməmişlər.”

Qeyd olunub ki, sonuncu reytinqə əsasən Azərbaycan Ordusu dünya miqyasında öz potensialına görə 52-ci yerdədir. Ordumuz üçün ən müasir silahlar, texnikalar alınır, döyüş qabiliyyəti artır. Bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Azərbaycan Ordusu ilə fəxr edə bilər.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Azərbaycanın mövqeyində heç bir dəyişikliyin olmadığını diqqətə çatdıran cənab İlham Əliyev bildirdi ki, münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır.

Danışıqların davam etdirilməsinin məqsədi işğal edilmiş torpaqların azad olunmasıdır. Danışıqlar torpaqlarımızı işğal edən Ermənistanla Azərbaycan arasında aparılır. Son Vyana görüşündə də danışıqlar bu mövcud format çərçivəsində aparıldı. “İqtisadi güc də, hərbi güc də bizim tərəfimizdədir. Son illərdə görülmüş işlər, hərbi sahədə aparılan islahatlar, hərbi gücümüzün artırılması, həm siyasi meydanlarda, həm də döyüş meydanlarında qələbələr bizi daha da ruhlandırır, daha da gücləndirir” söyləyən Ali Baş Komandan İlham Əliyevin bildirdiyi kimi, qələbə də, zəfər də Azərbaycan Ordusuna məxsusdur.

Xuraman İsmayılqızı, “İki sahil”