02 aprel 2019 10:16
1433

Prezidentin Vyana səfəri:  diplomatik uğurların növbəti zirvəsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28-29 mart tarixlərində baş tutan Avstriya səfəri bir sıra siyasi-diplomatik uğurlarla diqqət çəkdi. Bu baxımdan səfərin nəticələrinin hələ də ictimai müzakirənin mərkəzində olması təbiidir. Dövlət başçısının Vyana görüşləri iki istiqamətdə mühüm siyasi nailiyyətlərin əldə edilməsi ilə yadda qaldı.

Məlumdur ki, Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avstriyanın paytaxtında keçirilən görüş böyük maraq doğurdu. İki ölkə liderinin görüşü üç saatdan artıq çəkib, bunun 2 saatı isə təkbətək görüş olub. Digər tərəfləri ilə yanaşı, görüşün uzunmüddətli olması da deməyə əsas verir ki, aparılan danışıqlar geniş və əhatəli olub. Burada bir amili xüsusi vurğulamaq lazımdır ki, görüşün ənənəvi formatda keçirilməsi Azərbaycanın diplomatik uğuru idi. N. Paşinyan Ermənistanda hakimiyyətə gəldiyi dövrdən danışıqlar prosesinin formatının dəyişdirilməsi və Dağlıq Qarabağ separatçılarının danışıqlara cəlb edilməsini şərt kimi irəli sürürdü. 29 martda Vyanada Azərbaycan Prezidenti və Ermənistanın baş naziri arasında keçirilən görüş məhz bu baxımdan Azərbaycanın  növbəti diplomatik uğuru idi. Nəticələrindən asılı olmayaraq, bu görüşün keçirilməsi bir daha təsdiq etdi ki, danışıqlar yalnız Azərbaycan Respublikası və Ermənistan arasında aparılır və danışıqların formatı dəyişməz qalır.

Aradan xeyli zaman keçdikdən sonra Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri arasında ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə ilk dəfə rəsmi görüş baş tutdu. Danışıqların formatının dəyişdirilməsi ilə bağlı Ermənistanın mövqeyi beynəlxalq qurumlar tərəfindən də rədd edilirdi. Martın 9-da ATƏT-in Minsk qrupunun həmsədrləri də bəyanatla çıxış edərək danışıqlar formatının dəyişdirilməsinin qəbuledilməzliyini bildirmişdilər. Azərbaycanın güclü diplomatik gedişi sayəsində həm ABŞ, həm də Avropa Birliyi formatın dəyişdirilməsinin əleyhinə çıxdılar. Beləliklə, Ermənistanın məkrli planları bu dəfə də baş tutmadı.

Siyasi ekspertlərin fikrincə, Vyana görüşü danışıqlar prosesinə yeni bir impuls vermişdir. Görüşün nəticəsi olaraq danışıqların substantiv aparılması və davam etdirilməsi barədə ümumi razılıq əldə edilmişdir. Nəticə etibarilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri və həmsədlər tərəfindən birgə “3+2” formatında bəyanat verilmişdir. Sözügedən bəyanatda da vurğulanır ki, görüş əsnasında danışıqlar prosesinin əsas məsələləri və substantiv məqamları barədə fikir mübadiləsi aparılmışdır. Sülh prosesinin irəli aparılması üçün əlverişli mühitin yaradılması, münaqişənin həlli üçün danışıqlar prosesində konkret və nəticəyönümlü addımlar atılmasının vacibliyi qeyd olunmuşdur.

Xatırladaq ki, dövlət başçılarının Vyana görüşündən əvvəl iki ölkənin xarici işlər nazirləri arasında dörd görüş keçirilib. Bu da öz növbəsində, Ermənistan tərəfinin ziddiyyətli mövqeyinə rəğmən, formatın eyni şəkildə davam etdirilməsinin göstəricisidir. Bəyanatda atəşkəslə bağlı məqamlar da öz əksini tapmışdır. Həmçinin atəşkəsin davam etdirilməsi, danışıqların intensiv, eyni zamanda substantiv əsaslarla bir-birini tamamlaması vacib şərtlərdəndir.

Danışıqlar prosesinin mahiyyətindən bəhs edərkən bir daha vurğulamaq lazımdır ki, Azərbaycanın mövqeyi bəllidir, dəyişilməzdir və birmənalı xarakter daşıyır. Ölkəmizin mövqeyi Helsinki Yekun Aktı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanır. Beynəlxalq hüququn tələblərinə uyğun olaraq təcavüzkar Ermənistanın qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmalı, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır.

Prezident İlham Əliyevin Vyanaya işgüzar səfərinin ikinci cəhəti beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi baxımından da uğurlu görüşlərin keçirilməsi ilə bağlıdır. Bu səfər Azərbaycan və Avstriya arasındakı münasibətlərin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində dövlətimizin başçısı Avstriya Federal Kansleri, Avstriya Prezidenti və vitse-kansleri ilə məhsuldar görüşlər keçirmişdir. İki ölkənin təşəbbüsü ilə Birgə Əməkdaşlıq Şurası adlı yeni bir əməkdaşlıq formatı yaradılmışdır.

Vyana görüşlərinin əhəmiyyətini düzgün qiymətləndirmək baxımından Avstriyanın Federal Prezidenti Aleksander Van der Bellenin fikirlərinə nəzər salmaq yetərlidir. Prezident Van der Bellen Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra özünün “Twitter” səhifəsində yazıb: “Azərbaycan Avstriyanın Cənubi Qafqazda ən vacib ticarət tərəfdaşıdır. Prezident İlham Əliyev və mən məhsuldar görüşümüzü bu yaxşı bünövrənin üzərində qurduq”.

Görüşlərdə qeyd olunub ki, Azərbaycan və Avstriya arasında yüksək səviyyəli siyasi əlaqələr mövcuddur. Azərbaycan  Avstriyanın Cənubi Qafqaz regionunda əsas iqtisadi tərəfdaşıdır. İqtisadiyyat, ticarət, kənd təsərrüfatı, nəqliyyat, turizm, enerji və texnologiyalar kimi sahələrdə əməkdaşlığın böyük perspektivləri vardır. Avstriya şirkətləri Azərbaycanda fəal surətdə çalışırlar və onlar Bakıda İçərişəhərdə bir sıra tarixi abidələrin bərpasında, dağ xizək turizm komplekslərinin yaradılmasında yaxından iştirak etmişlər.

Avstriya rəhbərliyi Azərbaycanla əməkdaşlığa böyük əhəmiyyət verir və bu səfər Azərbaycan-Avstriya əlaqələrinin hərtərəfli inkişaf etdirilməsi baxımından münbit zəmin yaratmış oldu. Avstriya Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrinin inkişafını yaxından dəstəkləyir. Məhz Avstriyanın sədrliyi dövründə Azərbaycanla  Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədi imzalanmışdır.

Nəqliyyat sahəsində də iki ölkə arasında böyük perspektivlərin olduğu vurğulanıb. Azərbaycanın regionda yaratdığı infrastruktur imkanları Avstriya şirkətlərinin yeni bazarlara çıxışı üçün əlverişli imkanlar yaradır ki, Avstriya tərəfi də bunda maraqlıdır.

Beləliklə, Prezident İlham Əliyevin Vyana səfəri həm Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə nizamlanması, həm də ölkəmizin Avropa ölkələri ilə əlaqələrinin inkişafı baxımından tarixi mahiyyət daşıyır.

Taleh Turqut, “İki sahil”