Prezident İlham Əliyevin bu günlərdə Vyanada gerçəkləşən Avstriyaya işgüzar səfəri maraqlı məqamlarla yadda qaldı. Vyana səfəri zamanı Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla da görüşü olmuşdur. Eyni zamanda, səfər çərçivəsində Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin görüşləri keçirilmiş, hər iki ölkənin xarici işlər nazirləri və ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanat yaymışlar. Bəyanatda vurğulandığı kimi, müsbət və konstruktiv şəraitdə keçən görüşdə Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan tənzimləmə prosesinin bir sıra vacib məsələləri və substantiv ideyalar üzrə fikir mübadiləsi aparmış, sülh üçün əlverişli mühitin yaradılmasının və münaqişənin sülh yolu ilə həlli üçün konkret və tutarlı addımların atılmasının vacibliyi vurğulanmışdır.
Davosda, Sankt-Peterburqda, Düşənbədə cənab İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında keçirilən qeyri-rəsmi görüşlərdən sonra Vyanada baş tutan rəsmi danışıqlara maraq daha çox idi. Qlobal münaqişə kimi illərdən bəri beynəlxalq ictimaiyyətin diqqətində olan Dağlıq Qarabağda sülhün təminatı üçün keçirilən bütün danışıqlar kimi Vyana görüşlərini də dünya ictimaiyyəti maraqla izləyib. Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanla təkbətək, sonra isə ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə keçirilən görüşlər xarici KİV-lərin də diqqətində olub.
Prezident İlham Əliyev Vyanada Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar mövqeyini açıqlayıb.
Müxbirin Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqları barədə sualına cavabında cənab İlham Əliyev vurğulayıb ki, münaqişə ilə əlaqədar xarici işlər nazirləri bir neçə raund danışıqlar aparıblar: “ Görüş ona görə mühümdür ki, məsələnin mahiyyəti ilə bağlı danışıqlar prosesinə yeni start verilib. Biz etimadı, ola bilsin ki, insanlar arasında təmaslar çərçivəsində möhkəmləndirməklə bağlı məsələləri müzakirə etdik. Bundan əvvəl ictimaiyyət nümayəndələri arasında təmaslar olub. Yəni hələ bu barədə danışmaq tezdir, lakin humanitar məsələlərə gəldikdə, bu, nəzərdə tutulur. Çünki danışıqlar prosesi təbii ki, həm də humanitar aksiyalarla dəstəklənməlidir. Lakin mən hesab edirəm, əsas odur ki, danışıqların formatı dəyişilməz qalıb. Danışıqlar uzun illər olduğu kimi, Ermənistan ilə Azərbaycan arasında aparılır.”
Vyana görüşünü danışıqlar prosesinə yeni təkan kimi qiymətləndirən cənab İlham Əliyev belə görüşləri vacib hesab edir: “Biz Minsk qrupunun həmsədrlərinin 9 mart tarixli bəyanatını, - siz yəqin ki, onunla tanışsınız, - çox müsbət qiymətləndirdik. Orada deyilir ki, danışıqlar formatının dəyişdirilməsi yalnız iki tərəfin razılığı ilə ola bilər. Azərbaycan tərəfi təbii ki, buna razılıq vermədi. Ona görə də biz prinsipcə substantiv danışıqların davam etdirilməli olduğu vəziyyətə qayıtdıq. Xarici işlər nazirlərinə tapşırıqlar verilib. Onlar çox güman ki, nəticəyə yönələn danışıqlar prosesini davam etdirmək üçün yaxın vaxtlarda görüşəcəklər. Bizim üçün birinci yerdə beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazilərinin beynəlxalq hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi çərçivəsində işğaldan azad edilməsi məsələsi durur.”
Bundan əvvəl “Rossiya-24” kanalına verdiyi müsahibəsində “Ümid edirik ki, 2019-cu ildə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması işində də müsbət irəliləyişlər olacaq” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, işğalçı ölkədə baş verən hadisələr, Ermənistan tərəfindən status-kvonun saxlanılması siyasətinin perspektivsizliyi ümidvericidir. Bu baxımdan iqtisadi, hərbi böhran içərisində çapalayan Ermənistan Vyana görüşündən nəticə çıxarmalıdır.
Bütün sahələr üzrə işğalçı dövləti üstələyən, siyasi, iqtisadi, hərbi qüdrəti ilə Ermənistanı arxada qoyan Azərbaycanın danışıqlar masasında müzakirələr aparması həmişə qeyd olunduğu kimi ölkəmizin münaqişənin sülh yolu ilə həllinə göstərdiyi dəstək ən böyük güzəştdir. Reallıq budur ki, böyük inkişaf yolu keçmiş Azərbaycanla Ermənistanı müqayisə etmək belə mümkün deyil. İqtisadi qüdrəti beynəlxalq hesabatlarda təsdiqlənən, müəllif olduğu, enerji, nəqliyyat layihələrinin reallaşması ilə beynəlxalq və regional əhəmiyyəti artan Azərbaycandan fərqli olaraq sosial problemlərlə üzləşən, zəif diplomatiyası belə idarə edilən, müstəqil siyasəti olmayan, asılı ölkə kimi tanınan Ermənistana beynəlxalq etinasızlığı baş nazirin müxtəlif tədbirlərdə üzləşdiyi münasibətlər də göstərir.
Ermənistanın üzləşdiyi ağır sosial-iqtisadi vəziyyət , İrəvan erməniləri ilə separatçı rejim olan “Dağlıq Qarabağ respublikası”nın əhalisi arasında yaranan ikitirəlik işğalçı ölkəni diz çökdürüb.
“Buna görə də düşünürəm ki, həm Ermənistan cəmiyyətində, həm də hakim strukturlarda daha yaxşı başa düşəcəklər ki, münaqişə yalnız ədalətli nizamlandıqdan, işğal olunmuş ərazilər azad olunduqdan sonra Ermənistan iqtisadiyyatı xeyli arta bilər. Əks təqdirdə, düşünürəm ki, Ermənistanda ciddi sosial-iqtisadi dəyişikliklərin nəticələrini gözləmək çətin olacaq” söyləyən cənab İlham Əliyevin sözlərinin təsdiqi, reallığı aprel döyüşləri, Lələtəpə uğuru, Günnüt əməliyyatı, Cocuq-Mərcanlıda başlanan yeni həyat, hər an Ali Baş Komandanın “hücum” əmrini gözləyən əsgər və zabitlərimizin yüksək əhval- ruhiyyəsidir.
Bu üstünlük münaqişənin sülh və danışıqlar yolu ilə nizamlanması üçün Ermənistana xəbərdarlıq olmalıdır. “Lakin təbii ki, danışıqlar yolu ilə nizamlamaq üçün çox ciddi vasitələr lazımdır. Bizim apardığımız və aparacağımız siyasət sülhün regiona hansı üstünlüklər verəcəyini və sülh olmayacağı təqdirdə Ermənistanda hansı çətinliklər yaranacağını göstərməyə yönəlib” söyləyən cənab İlham Əliyev qəti əminliklə bildirir ki, Ermənistanın yeni rəhbərliyinin ölkəni dəyişmək üzrə bütün planlarını həyata keçirməsi üçün yeganə yol Azərbaycanla münaqişənin nizamlanması yoludur. Bunun üçün isə Ermənistan silahlıları işğal altında saxladıqları Azərbaycan ərazilərini qeyd-şərtsiz tərk etməli, azərbaycanlılar öz doğma yurdlarına qayıtmalıdırlar. Bu baxımdan Vyana görüşündən nəticə çıxarmaq Ermənistanın üzərinə düşən öhdəlikdir. “Necə deyərlər, vaxt göstərər. Amma biz də haqqında dediyim siyasəti ardıcıl olaraq yürüdəcəyik, xüsusən görəndə ki, o, nəticə verir” sözləri ilə havadarları ilə Qərb arasında revanş edən Ermənistan rəhbərliyini işğalçılıq siyasətinə son qoymağa çağıran Prezident İlham Əliyevin xəbərdarlığı İrəvan rəsmilərini düşündürməlidir. Əsgər analarının təhdidlərinə, sosial həyat tərzinin dözülməzliyinə etiraz edənlərin çıxışlarına cavab tapa bilməyən Paşinyan üçün ən sərfəli yol sülh danışıqlarına başlamaq, Azərbaycan torpaqlarından çəkilmək, region ölkələri ilə əməkdaşlığı bərpa etmək, iqtisadi bataqlıqdan çıxmaqdır. Sərhədlərimizin toxunulmazlığına dəstək və hörmət ifadə olunan Avropa İttifaqı ilə Azərbaycan arasında “Tərəfdaşlığın prioritetləri” adlı mühüm sənəddə əks olunan, BMT-nin, AŞPA-nın İƏT-in, Qoşulmama Hərəkatının qətnamələrinə əməl etmək Ermənistan üçün yeganə çıxış yoludur.
Xuraman İsmayılqızı, "İki sahil"
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...