Dövlətimizin başçısı İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində “Bu gün Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub. İslahatlar hərtərəflidir. İqtisadi islahatlar bizə imkan verir ki, əlavə gəlirlər əldə edilsin və büdcə gəlirlərimiz artıb” söyləyərək keçən Novruz bayramından ötən dövr ərzində əldə olunan uğurlardan bəhs etdi və bu əminliyi ifadə etdi ki, bu ili uğurla başa vuracağıq.
Bundan sonra Azərbaycan yalnız və yalnız inkişaf və tərəqqi yolu ilə gedəcək, vətəndaşların sosial vəziyyəti ildən-ilə yaxşılaşacaq. Təbii ki, bu əminliyi şərtləndirən amillər mövcuddur. Statistikaya müraciət edək. Bu ilin yanvar-fevral aylarında büdcə daxilolmaları 150 milyon manat səviyyəsində artıb. Minimum əməkhaqqı və minimum pensiya təxminin 40 faiz, sosial müavinətlər təxminən orta hesabla iki dəfə, köçkünlərə verilən müavinət 50 faiz artıb. Tələbələrin təqaüdləri, şəhid ailələrinə verilən müavinətlər, digər sosial ödənişlər artıb. Çoxmənzilli binaların sənədləşdirilməsi ilə bağlı Fərman imzalanıb. Problemli kreditlərin həlli ilə bağlı imzalanan Fərman da əhalinin sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən addımlardandır. Bu Fərman 800 min insanı əhatə edir. Dövlətimizin başçısı bu kimi addımları ilə vətəndaşının yanında olduğunu bir daha təsdiqləyir.
“Bizim iqtisadi gücümüz artdıqca sosial məsələlər daha da geniş miqyasda öz həllini tapacaqdır” söyləyən ölkə Prezidenti İlham Əliyev bildirir ki, iqtisadi artım göz qabağındadır. Cari ilin iki ayında ümumi daxili məhsul 3 faiz, sənaye istehsalı 4,6 faiz artıb. Uğurlu nəticələr düşünülmüş ciddi iqtisadi islahatlar siyasətinin nəticəsidir.
Cənab İlham Əliyev çıxışlarında bu məqamı da xüsusi qeyd edir ki, iqtisadi göstəricilərimiz elədir ki, dünyanın istənilən ölkəsi bu göstəriciləri böyük qəhrəmanlıq kimi qəbul edə bilər, bizim üçün isə bu, adi haldır. Əlbəttə, qarşımızda dayanan bütün vəzifələri icra etmək üçün güclü iqtisadiyyat olmalıdır. Bu hədəf də hər zaman önə çəkilir ki, 2003-cü ildən, yəni cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı ilk gündən iqtisadi artımın qeyri-neft sektorunun hesabına olması qarşıya mühüm vəzifə kimi qoyulub. Bu məqsədə lazımi səviyyədə nail olmaq üçün regional inkişaf proqramları icra edilir. Artıq regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrası başa çatıb, dövlətimizin başçısı İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanı ilə regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı təsdiqlənib. Qarşıdakı illər üçün nəzərdə tutulan dördüncü sənəddə əksini tapan vəzifələrin uğurla həyata keçirilməsi müəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olmağa əsas yaradacaq. Rayonlar arasında sağlam rəqabət daha da güclənəcək, Azərbaycanın hər bir bölgəsi, kəndi, qəsəbəsi davamlı inkişafı ilə diqqətdə olacaq. Cənab İlham Əliyev Novruz təbrikində bu mühüm məqama da diqqət yönəltmişdir: “Keçən il biz regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının icrasını təmin etdik. Proqram artıqlaması ilə icra edildi və üç proqramın icrası böyük dəyişikliklərə gətirib çıxardı. Biz demək olar ki, bütün infrastruktur layihələrimizi yenidən qurduq. Azərbaycan infrastruktur baxımından çox sürətlə inkişaf edir. Təkcə onu demək kifayətdir ki, biz üç proqram çərçivəsində elektrik enerjisini ixrac etməyə başlamışıq, ölkə daxilində təminat tam təşkil edilir. Baxmayaraq ki, əvvəlki illərdə biz idxaldan asılı idik. Biz qazlaşdırmanı 95 faizə çatdırmışıq və bu, dünya miqyasında ən böyük, ən yüksək göstəricilərdən biridir. Şəhərlərimizin əksəriyyətinə təmiz içməli su xətləri çəkildi və bu proses davam etdirilir. On beş min kilometr yeni yol çəkildi və Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə yol infrastrukturunun səviyyəsi, keyfiyyəti baxımından Azərbaycan dünya miqyasında 34-cü yerdədir. Sosial infrastruktur obyektləri inşa olundu, 3200-dən çox məktəb, 640-dan çox tibb müəssisəsi tikildi və ya yenidən quruldu. İki milyondan çox yeni iş yeri yaradılmışdır. Əhali isə 1,6 milyon artmışdır.”
Dövlət Proqramlarından irəli gələn vəzifələrin icrası ilə yaxından tanış olmaq məqsədilə cənab İlham Əliyevin bölgələrə hər səfəri yeni obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Eyni zamanda, səfərlərdən sonra həmin rayonların sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə əlavə Tədbirlər Planı təsdiqlənir, Prezidentin Ehtiyat Fondundan vəsaitlər ayrılır. Təkcə ötən il Azərbaycanın bölgələrinə 24 səfər etdiyini diqqətə çatdıran ölkə Prezidenti İlham Əliyev bildirir ki, bu səfərlər zamanı həm işlərə nəzarət etmək üçün imkan yaranır, həm də yerlərdə vətəndaşlarla görüşərək onları narahat edən problemlərin həlli istiqamətində əlavə göstərişlər verilir. Rayonların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, o cümlədən infrastruktur layihələri ilə bağlı bir çox sərəncamlar imzalanıb. Bu sənədlər ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanır. Yol infrastrukturunun yenilənməsi, qaz, işıq, elektrik problemlərinin yüksək səviyyədə həlli əhalidə xoş ovqat yaradan mühüm amillərdəndir. Cənab İlham Əliyevin ictimaiyyət nümayəndələri ilə səmimi görüşləri, onların qayğılarını öyrənərək həlli istiqamətində tapşırıqlar verməsi və s kimi mühüm məqamlar diqqətdən kənarda qalmır. Xalq-iqtidar birliyinin möhkəm, sarsılmaz olduğu bir ölkədə davamlı inkişaf qaçılmazdır. Eyni zamanda, idarəçilik sisteminin zamanın tələbinə görə təkmilləşməsi də uğurları şərtləndirən əsas amillər sırasındadır. Cari ilin arxada qalan üç ayında cənab İlham Əliyevin bölgələrə səfəri davamlılığı ilə diqqət çəkir. Regionların inkişafını qeyri-neft sektorunun inkişafı, yeni iş yerlərinin açılması kimi dəyərləndirən ölkə Prezidenti İlham Əliyev işsizlik və məşğulluq probleminin həllinin prioritetliyini hər zaman diqqətə çatdırır.
Dövlətimizin başçısı İlham Əliyevin istər Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında, istərsə də iqtisadi və sosial məsələlərlə bağlı müşavirədəki çıxışında da bu əminlik ifadə olunmuşdur ki, islahatların dərinləşməsi əsasında 2019-cu ildə rəqəmlər daha da böyük olacaq. İqtisadi tərəqqi öz növbəsində güclü sosial siyasətə yol açır. İstifadəyə verilən hər bir obyekt onlarla, yüzlərlə insanın işsizlik probleminin həlli deməkdir. Özünüməşğulluğun təminatı, kiçik və orta sahibkarlığın inkişafı məqsədilə ailə təsərrüfatlarına asan dəstəyin göstərilməsi, yəni “ABAD” mərkəzlərinin fəaliyyətinin genişləndirilməsi də prioritet məsələlərdəndir. Ötən il Azərbaycan brendlərinə əlavə olunan “DOST” layihəsi də sözün əsl mənasında əhalinin yaxın dostuna çevrilməkdədir.
Cənab İlham Əliyev bu inamı da ifadə edir ki, qeyri-neft sektorunun inkişafına, sosial müdafiənin gücləndirilməsinə yönələn addımlar davamlı olacaq, dövrün tələbinə uyğun təkmilləşmə həyata keçiriləcək. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli dövlətə çevirmək əsas hədəflərdəndir.
Yeganə Əliyeva, “İki sahil”
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...