İslam Əməkdaşlıq Təşkilatının və Avropa Şurasının üzvü olan Azərbaycan milli-mənəvi dəyərlərin dünya mədəniyyətinin inciləri ilə vəhdətdə qorunub saxlanılmasına, təbliğinə, Avropa və Asiya, xristian və müsəlman dünyası ilə əlaqələrin güclənməsinə ən böyük töhfə verən ölkədir.
Birinci Avropa Oyunlarının, İslam Həmrəyliyi Oyunlarının, Formula-1 yarışlarının Bakıda keçirilməsi tolerant, beynəlxalq dəyərlərə önəm verən Azərbaycana inam və etimaddan irəli gəlir. “Bizim üstünlüyümüz ondan ibarətdir ki, həmişə öz yolumuzla gedirik, öz siyasətimizi aparırıq, heç kimin sözü ilə oturub-durmuruq” söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, inkişaf və sabitlik ölkəsi olan Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda böyük rəğbət qazanıb. Avropa İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq münasibətlərinin möhkəmlənməsinə çalışır. Bakıda ənənəvi beynəlxalq forumların, konfransların, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu kimi mötəbər tədbirlərin keçirilməsi tolerant Azərbaycanın multikulturalizmin təbliği istiqamətində apardığı siyasətə dünya ictimaiyyəti tərəfindən göstərilən maraq, dəstəkdir. Bir çox dövlət və hökumət başçılarının ölkəmizə davamlı səfərləri, dövlət başçımızın xarici ölkələrdə keçirdiyi görüşlər, Roma Papası Fransiskin ölkəmizə gəlişi də göstərir ki, Azərbaycanda sülh, əmin-amanlıq, təhlükəsizlik hökm sürür, insanlar rahat yaşayır, quruculuq işləri aparılır, beynəlxalq mövqelərimiz möhkəmlənir. Ötən il Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Tərəfdaşlıq prioritetləri” adlı sənəddə də ölkəmizdə daim inkişafda olan demokratik prinsiplərə sadiqlik yüksək dəyərləndirilmişdir. Xarici siyasət məsələlərində milli maraqlardan çıxış edən, qarşılıqlı əməkdaşlıq formatlarını yaratmaqla regional sülhə töhfə verən Azərbaycan heç vaxt başqa ölkələrin daxili işlərinə müdaxilə etmədiyi kimi böhtanlara da səssiz qalmır, layiqli cavablar verilir. Bu da bir həqiqətdir ki, iqtisadi, siyasi, hərbi cəhətdən güclü olan Azərbaycana qarşı hər hansı ədalətsizlik ikili standartlardan qaynaqlanır.
Bakıda yüksək səviyyəli nümayəndələrin iştirakı ilə keçirilən dini liderlərin sammitində ölkəmiz haqqında deyilənlər də təsdiqlədi ki, Azərbaycanda dini və milli dözümlülüyün zəngin tarixi var. Milliyyətindən, dinindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları ölkə iqtisadiyyatının güclənməsində iştirak edir.
Belə ki, ölkəmizə qarşı hər hansı ədalətsiz, ikili standartlardan yanaşma qəbuledilməzdir. Bu baxımdan “The Washington Post” qəzetinin əməkdaşı Bob Woodwardın “Fear: Trump in the White House” kitabında dövlət başçımızla əlaqədar yazılan iddialar yalan və böhtandır. Belə əsassız iddialarla ölkəmiz haqqında “qara piar” kampaniyası aparan xarici ölkələrdəki anti-Azərbaycan dairələr ölkəmizin uğurlu diplomatik əlaqələrinə xələl gətirmək istəyirlər. Azərbaycana qarşı təxribat kampaniyasına digər nümunə ABŞ Dövlət Departamentinin 2018-ci ildə dünya ölkələrinin insan haqlarına və fundamental azadlıqlara dair hesabatında Azərbaycan haqqındakı əsassız iddialardır. Ən azından ona görə ki, Dövlət Departamentinin reallıqdan kənar hesabatının yayıldığı zaman Prezident İlham Əliyevin imzaladığı növbəti əfv Sərəncamı ilə 399 nəfər məhkum azadlığa buraxılıb.
Anti-Azərbaycan dairələrin maliyyələşdirdiyi “beşinci kolon”un böhtanları əsasında formalaşan belə “hesabatları” ilə özünü nüfuzdan salan Dövlət Departamenti yaxşı olardı ki, ölkəmizlə sərhəddə yerləşən Ermənistanda həqiqi mənada pozulan insan haqlarına münasibətini bildirərdi. Ötən ilin aprel-may hadisələrinin məntiqi nəticəsi kimi hakimiyyətə gələn, bir ildən artıq vaxt keçməsinə baxmayaraq xalqa verdiyi vədləri yerinə yetirməyən Ermənistanın baz naziri Nikol Paşinyana qarşı etiraz aksiyalarını, hüquqları pozulan insanları xatırlayardı. Hələ də küçələrdə aksiyalar keçirən əsgər analarının döyülməsinin hansı demokratik prinsiplərə uyğun gəldiyini açıqlayardı. Suriyalı balaca mühacir Aylin Kürdinin dəniz sahilində, qumlar üzərində qalan cəsədinə ikrahla, istehza ilə baxan “demokrat avropalıların” insan haqlarına münasibətinə qiymət verərdi. Ermənistanın işğalçılıq siyasəti nəticəsində evlərini tərk etməyə məcbur olan azərbaycanlı qaçqınların pozulan hüquqlarını hesabatlarında qeyd edərdi.
Ötən illərdə Norveçdə qatı milliyyətçi Andres Breyvik adlı bir qatilin törətdiyi terror aktına münasibət bildirməyən ABŞ Dövlət Departamenti Azərbaycanda zərrəbinlə “insan hüquqlarını” araşdırır. Osloda hökumət binalarının yerləşdiyi ərazidə partlatdığı bomba ilə 7 insanın həyatına son qoyan qatil 2 saat sonra iqtidardakı İşçi Partiyasının Utoya adasında keçirdiyi tədbirdə iştirak edən, yaşları 14-19 arasında olan və türklərin çoxluq təşkil etdiyi düşərgəyə gələrək daha 85 gənci öldürən, 90 nəfəri yaralayan, ən acınacaqlısı isə törətdiyi əməldən peşman olmayan, “ Bu, hələ başlanğıcdır. Hamınız ölməyə məhkumsunuz” deyə qışqıran Breyvikə haqqı qazandıran “Human Rights Watch”, “Freedom House” “Forum-18” kimi, ABŞ Dövlət Departamenti də Xocalı soyqırımına etinasız münasibətini təkrarladı, bu qətliamı “görmədi.”
İllərdən bəri Ştatlarda milli zəmində baş verən Ferqyuson hadisələri, Quantanamo həbsxanasında saxlanılanların pozulan hüquqları elə Dövlət Departamentinin birbaşa gözləri qarşısında baş verən cinayətlər idi. Dərisinin rənginin qara olduğu üçün polislər tərəfindən döyülən, işgəncələrə məruz qalan, qətlə yetirilən zəncilər sanki insan deyildirlər.
Birləşmiş Ştatların Baltimor şəhərində həbs olunan 25 yaşlı Freddi Qreyin ölümü, Missuri ştatının Sent Luis şəhərində 23 yaşlı qaradərilinin, Oklahoma ştatının Tulsa şəhərində 44 yaşlı Erik Harrisin qətli ABŞ-da irqi ayrı-seçkiliyin davamlı olmasının, pozulan insan hüquqlarının nümunəsidir.
Avropanın mərkəzində, Almaniyada qeyri-millətlər, miqrantlar, xüsusilə də türklər “ dazbaşlar” tərəfindən döyülür, söyülür, təhqir olunur.
Fransada aylardan bəri davam edən “sarı gödəkcəlilər”in aksiyaları polislərin dəyənəkləri ilə yatırılır, iştirakçılar həbs olunur. Demək bu kimi halları da “insan hüquqlarının qorunması kimi dəyərləndirən”, demokratik prinsipləri siyasi alverə çevirən, bəzi dövlətlərə təzyiq vasitəsi kimi istifadə edən beynəlxalq təşkilatların karlığı və korluğu yeri gələndə işə yarayır.
Görünür dünyada yenidən formalaşan dəyərlər sisteminin tələblərinə uyğun “hesabatlar” hazırlayan beynəlxalq təşkilatların “araşdırmalarında” qeyri-ədalətli yanaşma, qeyri-bərabərlik, riyakarlıq, yalan, böhtan demokratik prinsiplər kimi qəbul olunur.
Xuraman İsmayılqızı, “İki sahil”
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...