28 fevral 2019 10:29
1491

Azərbaycan-Gürcüstan əlaqələrinin inkişafında mühüm mərhələ

Xarici siyasətində iki və çoxtərəfli çərçivədə əməkdaşlığın qurulmasında və müxtəlif istiqamətlər üzrə genişləndirilməsində maraqlı olan Azərbaycanın ötən il  üçtərəfli formatda birliklərin yaradılmasında daha çox təşəbbüskarlığı da regional əməkdaşlığa töhfələrinin tərkib hissəsidir. Azərbaycan-İran-Rusiya, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə kimi birliklər deyilənlərin bariz nümunəsidir.  İstanbulda Azərbaycan, Türkiyə və İran, eyni zamanda, Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin bir araya gəlib, iki tarixi görüşə imza atmaları ötən ilin müzakirə olunan mövzularından oldu.  

Azərbaycan, Türkiyə və Gürcüstanın  siyasi iradəsi və qətiyyəti sayəsində gerçəkləşən enerji və nəqliyyat layihələri təkcə regionun  deyil, dünya dövlətlərinin davamlı iqtisadi inkişafını şərtləndirir.    Dövlətimizin başçısı  İlham Əliyevin yuxarıda qeyd olunan fikrinə istinadən qeyd edə bilərik ki,  əlaqələr öncə regional əməkdaşlıq formatı şəklində qurulmuş, bu gün artıq çoxtərəfli əməkdaşlıq üçün möhkəm baza mövcuddur.  Azərbaycan-Gürcüstan-Türkiyə birliyinin, həmrəyliyinin təcəssümü kimi dəyərləndirilən Bakı-Tbilisi-Ceyhan və  Bakı-Tbilisi-Ərzurum neft-qaz layihələri, eyni zamanda,  2017-ci ildə istifadəyə verilən  Bakı-Tbilisi-Qars dəmir yolunun iqtisadi və siyasi əhəmiyyətini geniş şərh etməyə ehtiyac yoxdur. Dünyaya açılan pəncərə kimi  dəyərləndirilən bu layihələrin bu gün çoxtərəfli çərçivədə ardıcıllarının sayı artmaqda, ən əsası Azərbaycan tranzit ölkə kimi mövqeyini möhkəmləndirməkdədir. Dövlətimizin başçısı İlham Əliyev BTQ dəmir yolunun açılış mərasimində  bu amili xüsusi qeyd etmişdir ki, Bakı-Tbilisi-Ceyhan  neft kəməri Xəzər dənizini  Aralıq dənizi ilə birləşdirən böyük bir  infrastruktur layihəsidir və bu gün bu kəmərlə, eyni zamanda, Xəzər şərq hissəsindən də  neft nəql edilir. Yəni, bizim ölkələrimiz, eyni zamanda, başqa ölkələr üçün  tranzit imkanları təmin edib: “Ondan bir il sonra - 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum kəməri yenə də  Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı əməkdaşlıq hesabına inşa edilmişdir... Avropanın ən böyük infrastruktur layihələrindən biri olan Cənub Qaz Dəhlizi də məhz Azərbaycan, Gürcüstan, Türkiyənin və digər ölkələrin birgə fəaliyyəti nəticəsində  yaradılır.”  Ölkə Prezidenti bu sadalananlar fonunda  bildirmişdir ki,  güclü iradə,  qarşılıqlı dəstək, bir-birimizə  inam olan yerdə  bütün işləri görmək mümkündür: “Əminəm ki,  regional əməkdaşlığa  ən böyük töhfə verən ölkələr - Azərbaycan, Gürcüstan və Türkiyə  bundan sonra da  daim bir yerdə olacaqlar, bir-birini dəstəkləyəcəklər. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi  kimi nəhəng layihələr bizim birliyimizi, dostluğumuzu daha da möhkəmləndirir.”

Bu qısa təhlil Azərbaycan-Gürcüstan münasibətlərinin dünəninə, bu gününə və perspektivlərə işıq salır. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri əlaqələrin inkişafında, yeni istiqamətlərin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır.  Gürcüstan Prezidenti  xanım Salome Zurabişvilinin ölkəmizə səfəri də bu kimi məqamlara aydınlıq gətirir. Gürcüstan və Azərbaycan Prezidentlərinin  geniş tərkibdə görüşündə də bu iki dost ölkəni biri-birinə daha da yaxınlaşdıran məqamlara xüsusi diqqət yönəldilmiş, cənab İlham Əliyev  bu əminliyi ifadə etmişdir ki,  bu səfər Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafı üçün önəmli addım  olacaq: “Biz bu günə qədər bir çox məsələləri birlikdə həll etmişik. Gürcüstan və Azərbaycan yaxın dost, qardaş ölkələrdir. Biz əsrlər boyu mehriban qonşuluq şəraitində yaşamışıq və bu gün uğurla inkişaf edirik.  Bizim birgə həyata keçirdiyimiz layihələr həm ölkələrimiz, həm qitə, həm də dünya üçün önəmlidir. Yəni biz çox uğurlu əməkdaşlıq formatı yarada bildik. Əminəm ki, növbəti illərdə bütün sahələr üzrə əməkdaşlıq daha da  dərinləşəcək və genişlənəcək. Bunu bizim siyasi iradəmiz diktə edir. Əminəm ki, biz bütün məsələlərdə hər zaman bir-birimizin  yanında olacağıq, bir-birimizə dəstək göstərəcəyik, necə ki, bu günə qədər bütün məsələlərdə həmişə bir yerdə olmuşuq.”

Gürcüstan Prezidenti xanım  Salome Zurabişvili Azərbaycana ilk dəfə səfər etdiyini önə çəkərək bildirmişdir ki,  əməkdaşlığımız bizim üçün çox önəmlidir. İlk növbədə, bizi böyük tarix, ənənələr birləşdirir.

Azərbaycan və Gürcüstan prezidentlərinin görüşündə əsas diqqət göstərilən məsələlərdən biri də hər iki ölkənin yaşadığı  münaqişələr oldu.  Belə ki, “Biz son illər eyni faciələri yaşadıq” söyləyən Gürcüstan Prezidenti vurgulamışdır ki,  bu gün də biz ölkə üçün ərazilərin işğalının nə demək olduğunu yaşayırıq: “Ərazi bütövlüyü hələ bərpa olunmayıb. İşğal məsələsi bizim üçün hələ də  açıq yara kimi qalır. Bu, bir tərəfdən bizim inkişafımıza mane olur, digər tərəfdən  biz bunlara, bu faciələrə baxmayaraq, dövlətimizi, iqtisadiyyatı gücləndirməyə nail olduq.”

Hər iki ölkənin dövlət başçılarının vurğuladıqları kimi, Azərbaycan və Gürcüstan bütün məsələlərdə biri-birinin yanındadır. Azərbaycan, Türkiyə və Gürcüstan dövlətlərinin birgə səyləri, siyasi iradəsi nəticəsində  dövlətlər, xalqlar arasında körpü rolunu oynayan layihələr bundan sonra da davamlılığı ilə diqqət çəkəcək.  Bu mühüm məqamı da qeyd edək ki,    2018-ci ilin enerji sektorunun uğurları sırasında xüsusi  yer alan,  “Enerjinin İpək Yolu” kimi dəyərləndirilən TANAP   da zamanın mütərəqqi əməkdaşlığına yaxşı bir nümunədir. TANAP Gürcüstandan və Türkiyənin 20 vilayətindən keçərək Yunanıstan sərhədinə qədər uzanır. Ümumiləşdirilmiş şəkildə desək,   BTC, BTƏ neft-qaz kəmərləri, BTQ dəmir yolu, TANAP Azərbaycan, Türkiyə  və Gürcüstanın birgə formalaşdırdığı regional inkişaf, tərəqqi və özünəinam mühitinin qələbəsi kimi dəyərləndirilirlər. Ortaq hədəflərə doğru birlikdə irəlilədikdə  regional və qlobal sabitliyə, əmin-amanlığa necə böyük töhfə verməyin mümkün olduğu bu üç ölkənin   mənzərəsində aydın görünür.

Yeganə Əliyeva, “İki sahil”