28 fevral 2019 10:27
1543

Uzunmüddətli uğur hekayəsi

Dövlətimizin başçısı İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında geniş beynəlxalq əməkdaşlıq formatının nümunəsi olan bu layihəni belə dəyərləndirib

2015-ci ildən ənənəvi  keçirilən  Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin  toplantısı müxtəlif əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edən Azərbaycanın enerji sektorunda əldə  etdiyi uğurların təqdimatında əhəmiyyətli rol oynayır.  Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələrin ölkəmizə qazandırdığı uğurlar, investisiya axınının sürətləndirilməsinə açdığı  yol  göz qabağındadır.

Dövlətimizin başçısı İlham Əliyevin  qeyd etidiyi kimi,  Cənub Qaz Dəhlizi ümumi maraqları əks etdirən layihədir, 1994-cü ildə  təməli qoyulan enerji strategiyasının tərkib hissəsidir. Təhlillər bu reallığı ortaya qoyur ki, dövlətimizin enerji siyasəti əməkdaşlığa və milli maraqlarımıza əsaslanır.  Gerçəkləşdirdiyi layihələrlə dövlətlər, xalqlar arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə davamlı töhfələr verən Azərbaycan, eyni zamanda, iqtisadi qüdrətini, maliyyə imkanlarını artırmaqla dünya miqyasında aparıcı mövqeyini möhkəmləndirir.  Dövlətimizin başçısı  bu inamı  ifadə edir ki, gələcəkdə iqtisadiyyatın  daha da şaxələndirilməsi, iqtisadi islahatların davam etdirilməsi ölkəmizin davamlı inkişafı üçün əlavə imkanlar yaradacaq və Azərbaycan qarşıdakı illərdə daha da güclü olacaq.

Dövlətimizin başçısı İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin beşinci toplantısında “Əsrin müqaviləsi”nin imzalanmasından ötən dövr ərzində neft-qaz sektorunda əldə olunan uğurlardan geniş bəhs edərək bildirmişdir: “Bizim enerji sahəsinin xronologiyasına nəzər salsaq görərik ki, tədricən məqsədimizə çatmışıq. Məqsəd enerji resurslarının nəqlinin şaxələndirilməsi və bunun üçün müasir infrastrukturun yaradılması idi. Bu baxımdan 1990-cı illərin sonlarında Xəzər və Qara dənizləri birləşdirən Bakı-Supsa neft kəmərinin istifadəyə verilməsi enerji resurslarının nəqli və şaxələndirilməsi üçün vacib məsələ idi.”

2006 və 2007-ci illərdə çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin reallığa çevrilməsi Azərbaycanı regional əməkdaşlığın aparıcı qüvvəsinə çevirdi. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bu nəhəng layihə sayəsində şirkətlər daha çox sərmayə qoymaq və daha çox neft çıxarmaq imkanı əldə etdi.  Azərbaycan neft ehtiyatlarının nəqli baxımından vacib tranzit ölkə kimi  regionda rolunu artırır. Məhz bu uğurlara söykənərək, Cənub Qaz Dəhlizini görülən işlərin zirvəsi kimi dəyərləndirir. “2012-ci ildə Azərbaycan və Türkiyə TANAP layihəsi ilə bağlı müqavilə imzaladı və bu, Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsi idi. Bir il sonra, 2013-cü ildə “Şahdəniz-2” layihəsi üzrə sərmayə qərarı qəbul edildi və elə həmin ildə Trans-Adriatik boru kəməri TANAP-ın davamı olaraq seçildi. Bütün bunlar onu nümayiş etdirir ki, biz tərəfdaşlarımızla sıx əməkdaşlıq edirik. Biz vahid komanda şəklində çalışmağımız nəticəsində uğurdan bəhs edə bilərik.”

Ötən ilin enerji sektorunda əldə olunan uğurlar sırasında xüsusi yer tutan Cənub Qaz Dəhlizinin rəsmi açılışı, TANAP-ın istifadəyə verilməsi səylərin birləşdirilməsi fonunda hədəflərə yüksək səviyyədə nail olmağa, əməkdaşlıgın çografiyasının genişləndirilməsinə bir daha işıq saldı. 2020-ci ildə istifadəyə verilməsi nəzərdə tutulan TAP-ın  hazırlığının 87 faiz səviyyəsində olduğunu qeyd edən cənab İlham Əliyev ötən il  bu rəqəmin 67 faiz olduğunu önə çəkərək bildirmişdir ki,  bir ildə biz böyük irəliləyişə nail olmuşuq.

Cənub Qaz Dəhlizi enerji şaxələndirilməsi layihəsidir. Enerji resurslarının şaxələndirilməsi istehsalçı, istehlakçı və tranzit ölkələr üçün çox vacibdir. Ölkə Prezidenti İlham Əliyev çıxışında bu məqamı xüsusi qeyd etmişdir ki, maraqların balansı bu layihənin uğurunu şərtləndirir: “Çünki biz bir-birimizin ehtiyac və narahatlıqlarını anlamağa çalışırıq. Çalışmışıq ki, bir-birimizi dəstəkləyək, zənnimcə, bu işdə uğurlu olmuşuq və belə toplantıların əhəmiyyəti olduqca böyükdür.”

Hər bir tədbir  əhatə etdiyi məsələnin müzakirəsi baxımından xüsusi əhəmiyyət kəsb edir.  Regional əməkdaşlığın coğrafiyasını genişləndirərək çoxtərəfli əməkdaşlığa xüsusi önəm verən Azərbaycan bu kimi toplantıların keçirilməsinə nail olmaqla təsdiqləyir ki, müxtəlif formatda əməkdaşlıqların qurulmasına və inkişafına nail olmaq mümkündür. Əsas olan  məqsəd və bu məqsədə çatmaq üçün  səylərin birləşdirilməsi, təşəbbüslərin dəstəklənməsi və ümumi mövqenin ortaya qoyulmasıdır. Cənab İlham Əliyev bu uğuru belə dəyərləndirmişdir: “... çox geniş beynəlxalq əməkdaşlıq formatını yarada bilmişik. Maliyyə qurumları, şirkətlər və ölkələrin bir amalı var. Biz bu layihənin reallaşdırılmasına inanırıq və hesab edirik ki, hər birimiz üçün bu, uzunmüddətli uğur hekayəsi olacaqdır.”

Azərbaycan gerçəkləşdirdiyi layihələrlə  investisiya cəlbediciliyini də qorumaqdadır.   Təbii ki, bunu şərtləndirən əsas amillər sabitlik, əlverişli investisiya mühitinin mövcudluğu, eyni zamanda,  Azərbaycanın təkmil sosial-iqtisadi islahatlar əsasında iqtisadi qüdrətini artırmaqla  maliyyə imkanlarını genişləndirməsidir.  Son 15 ildə ölkə iqtisadiyyatına 250 milyard dollardan artıq    sərmayə qoyulub. Bu sərmayələrin təxminən yarısı xarici investisiyalardır. Bu da ondan irəli gəlir ki, xarici investorlar qoyduqları sərmayələrin təhlükəsizliyinə tam əmindirlər. Sərmayələrin cəlb olunmasında təbliğat işinin lazımi səviyyədə qurulması vacib amil kimi önə çəkir. “Əlbəttə ki, Azərbaycanın uğurlu enerji inkişafı bizə özümüzü dünyaya etibarlı ölkə, etibarlı tərəfdaş, xarici investisiyaları 100 faiz qoruyan ölkə kimi təqdim etməyə imkan verib. Bizim enerji şirkətləri ilə bütün müqavilələrimiz parlament tərəfindən ratifikasiya olunur və qüvvəyə minir. Bu səbəbdən də investorlar 100 faiz əmin olurlar ki, bu müqavilələrdə bir söz belə dəyişdirilməyəcək. Bu, etimad yaradır. Bu, həmçinin bizə digər sektorlara milyardlarla investisiya cəlb etməyə imkan verib” söyləyən cənab İlham Əliyev bir əsas məqamı da qeyd etmişdir ki,  investisiyaların həcminin artırılması  iqtisadiyyatımızı şaxələndirməyə, islahatları uğurla həyata keçirməyə, yaxşı biznes mühiti yaratmağa imkan verir. Azərbaycan bu gün 10 islahatçı ölkədən biridir.

Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycanın enerji siyasətinin uğurları, öz növbəsində, ölkəmizə diqqət və marağı artırır, yeni əməkdaşlıq formatlarının yaranmasına, Anlaşma Memorandumlarının imzalanmasına yol açır. Ötən il dövlətimizin başçısı İlham Əliyevin Belçikaya səfəri zamanı Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlığın prioritetləri” adlı sənəd imzalanmışdır ki, burada əksini tapan əsas müddəalardan biri Cənub Qaz Dəhlizinin rəsmi açılışından sonra ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təminatında rolunun daha da artmasıdır.  Dövlətimizin  başçısı İlham Əliyev hər bir çıxışında   “Əməkdaşlığımızın  vacib elementi, əlbəttə ki, səylərimizin əlaqələndirilməsidir” fikri ilə bu günün əsas çağırışlarından birini diqqətə çatdırmış olur. Gerçəkləşdirilən layihələr investisiya axınını sürətləndirir, növbəti layihənin gündəmə gətirilməsini şərtləndirir.  Cənab İlham Əliyev bildirir: “Azərbaycana xarici sərmayə daha da böyük həcmdə gətiriləcəkdir. Çünki xarici sərmayələri cəlb etmək üçün hüquqi baza, şəffaf iqtisadi  və maliyyə sistemi olmalıdır və qanunun aliliyi təmin edilməlidir. Əgər biz  başqa ölkələrin təcrübəsinə baxsaq, görərik ki,  sürətli inkişaf yoluna qədəm qoymuş ölkələr bu yolla gediblər və beləliklə, öz ölkələrini xarici sərmayə üçün çox cəlbedici ölkələrə çevirə biliblər. Bu gün istənilən ölkə xarici sərmayəni cəlb etməyə çalışır, hətta böyük maliyyə resurslarına malik olan ölkələr. Çünki bu, əlavə vəsaitdir, maliyyə resursudur, həm də əlavə imkanların yaradılmasıdır və biz də bu yolla getməliyik.”

Yeganə Əliyeva, “İki sahil”