26 fevral 2019 10:30
1462

Tarix heç nəyi unutmur

Haqsızlıqlara “Dur!” deyilməsinə, ədalətə ədalət gözü ilə baxılmasına 27 ildir çağırış edən Xocalı hadisəsinin soyqırımı kimi tanınmasına dünyanın biganə yanaşmasının səbəbləri özlərinə sirr, bizlərə yaxşı aydındır


Real həqiqətlər bir daha bu gerçəkliyə işıq salır ki, tarix heç nəyi silmir, zaman keçdikcə baş verən hadisələrin mahiyyəti daha dərindən  dərk olunur, haqqın, ədalətin maraqların arxasında necə əridiyi aydın görünür. Bu gün dünyaya edilən  “həqiqətə həqiqət gözü ilə baxaq” çağırışı erməniləri və onların havadarlarını narahat etsə də, unudulmamalıdır ki, beynəlxalq hüquq normaları və prinsipləri deyilən məfhum mövcuddur ki, onlara böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlər əməl etməli, yanaşmalarında əsas götürməlidirlər.

Beynəlxalq hüququn əsas prinsiplərindən biri  Birləşmiş Millətlər Təşkilatının sənədlərində təsbit olunmuş  hər bir ölkənin ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığıdır. Ötən il Azərbaycan-Türkiyə birliyinin təcəssümü olan “Star” neft emalı zavodunun açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirmişdir:  “BMT başda olmaqla regional və qlobal problemlərin həlli üçün qurulan təşkilatların bu səssizliyi onların özlərini də məhvə sürükləyir. Haqq-ədalət duyğusundan uzaq, içi boş olan beynəlxalq qurumun heç bir cəmiyyətin və şəxsin gözündə etibarı qalmaz. Biz, beynəlxalq ictimaiyyətin Qarabağ məsələsi başda olmaqla dünyada ortaya çıxan haqsızlıqlara “Dur!” deməsini gözləyirik. Sabitliyin, əmin-amanlığın, rifahın təmin olunması qaydaları istisnasız bütün dövlətlər üçün tətbiq edilməzsə, kimsə gələcəyinə əminliklə baxa bilməz. Türkiyə və Azərbaycan olaraq biz istənilən vəziyyətdə və şərtlər altında inandığımız dəyərlər uğrunda apardığımız birgə mübarizəni davam etdirəcəyik. Allahın izni ilə bu müqəddəs mübarizəmizdə müvəffəqiyyət qazanacağıq.”

27 ildir dünyadan ədalət gözləyən  Xocalı faciəsi iki yüz ilə yaxın  müddətdə erməni faşistləri tərəfindən azərbaycanlılara qarşı  həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir.   Bir gecədə məhv edilmiş Xocalı şəhərinin adı indi Xatın, Ruanda, Srebrenitsa və Holokost ilə qoşa çəkilir. Ədalət prinsipini maraqlara qurban verməklə inamsızlığa yol açan, beynəlxalq hüquq problemini yaradan dünya dövlətləri  prinsipləri zamana və məkana görə tətbiq edəndə sonda bu laqeydliklərinin özlərinə qarşı olacağını da düşünməlidirlər. Necə olur ki, Fransa kimi  böyük nüfuz və söz sahibi olan bir dövlət ermənilərin dünyaya sırıdığı   qondarma “erməni soyqırımı” tarixini-24 apreli matəm günü kimi qeyd edir, amma XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımına biganə yanaşır? Dövlətimizin başçısı İlham Əliyevin Quba Soyqırımı Memorial Kompleksinin açılış mərasimində söylədiyi bu fikirləri xatırlatmaq istərdik: “Xocalı soyqırımını törədənlər bu gün Ermənistan rəhbərliyində təmsil olunan adamlardır. Bu faciə dünyanın gözü qabağında baş vermişdir. Yəni biz bunu “erməni soyqırımı” mifi kimi heç bir əsası olmayan mifologiya əsasında deyil, real faktlar əsasında görürük. Videomateriallar, fotoşəkillər, canlı şahidlərin ifadələri - bütün bunlar həqiqətdir və reallıqdır. Ancaq nədənsə bəziləri bunu görmək istəmir, bəziləri bu günə qədər də erməniləri qurban kimi təqdim etmək istəyirlər. Əlbəttə ki, bunun səbəbi vardır. Dünyada fəaliyyət göstərən erməni lobbisi və onun nəzarəti altında olan bəzi riyakar və rüşvətxor siyasətçilər tarixi tamamilə təhrif edərək bütün günahı Azərbaycanın üzərinə qoymağa çalışırlar. Bu ədalətsizlik bu günə qədər də davam edir. Xocalı soyqırımı zamanı 613 günahsız insan ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir. Əgər burada uyuyan soydaşlarımız soyuq silahlarla və küt alətlərlə öldürülmüşlərsə, Xocalıda artıq soydaşlarımız avtomatlarla, qumbaralarla öldürülmüşdür. Yüzlərlə insan itkin düşmüşdür. Xocalıda ermənilər tərəfindən 63 uşaq, 106 qadın öldürülmüşdür. Bu, misli görünməmiş vəhşilikdir.”

XX əsrin dəhşətli faciəsi olan Xocalı hadisəsinin soyqırımı kimi tanınmasına dünyanın biganə yanaşmasının səbəbləri  özlərinə sirr olsa da, bizlərə yaxşı məlumdur. 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin  Azərbaycan ərazisindən  dərhal və qeyd-şərtsiz  çıxarılmasını tələb edən 4 qətnaməni qəbul etməsini,   İslam Əməkdaşlıq  Təşkilatının, Qoşulmama Hərəkatının, ATƏT-in, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin qərar və qətnamələrini önə çəkən dövlətimizin başçısı İlham Əliyev  bəyan edir ki, işğalçı dövlət bu sənədlərə məhəl qoymur və buna görə ona cəza tətbiq edilmir: “Bəzi hallarda  BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur.  Bu, ikili standarta  əsaslanan yanaşmadır.  Bu yanaşma qəbuledilməzdir. Ermənistana qarşı beynəlxalq sanksiyalar qəbul edilməlidir.  BMT-nin mühüm islahatlarından biri Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin yaradılması olmalıdır.”

Xocalı faciəsinin soyqırımı olduğunu BMT-nin Soyqırımı Cinayətlərinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyasının, Ümumdünya İnsan Haqları Bəyannaməsinin, Vətəndaş və Siyasi Hüquqlar barədə Beynəlxalq Sazişin, Fövqəladə Vəziyyətlərdə və Hərbi Münaqişələr Zamanı Qadınların və Uşaqların Müdafiəsi Bəyannaməsinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanının müddəaları da  təsdiq edir”. Lakin dünya bu reallıqları bir kənara qoyub hələ də susmaqda davam edir. Bu susqunluğun arxasında dayanan maraqlar hər an açıqlandıqca illərdən bəri davam edən ikili siyasətə nə zamansa son qoyulacağına inam tamamilə itir. Yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər bir yazımızın mahiyyətində dayanan bu reallığı  yenə də təkrar qeyd etməyə məcburuq ki, cinayət cəzasız qalanda növbəti cinayətlər baş qaldırır.

2016-cı ilin aprelində təmas xəttində yaşananları xatırlayaq.  İşğalçı dövlət  şəhər və kəndlərimizə hücum edərək  təmas xəttində növbəti cinayəti törətdi. Bu hücum nəticəsində 6 dinc azərbaycanlı qətlə yetirildi, 26 mülki şəxs  yaralandı, yüzlərlə ev dağıdıldı.  Uğurlu əks-hücum nəticəsində  Azərbaycan 3 işğal olunmuş rayonunda - Ağdərə, Füzuli və  Cəbrayılda  bir neçə ərazi azad edildi, bayrağımız həmin ərazilərdə  yüksəldildi. Dövlətimizin başçısı İlham Əliyev uğurumuza sökənərək bildirir: “Ermənistan rəhbərliyi bu dərsi yaddan çıxarmamalıdır. Əks təqdirdə, Ermənistanın növbəti təxribatının nəticələri onlar üçün daha ağrılı olacaq.”

Lakin işğalçı dövlət  yenə də  məkrli siyasətini davam etdirdi. 2017-ci ilin  iyulunda  Füzuli rayonuna məqsədli hücum nəticəsində 2 dinc sakin - 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi qətlə yetirildi.  Həmin ilin avqustunda  Ermənistanla sərhəddə yerləşən Tovuz  rayonunda  13 yaşlı oğlan  erməni əsgərləri tərəfindən yaralanmışdır. Qeyd etdiklərimiz təkcə son illərdə  ermənilərin törətdikləri vəhşiliklərdir.

Xocalı faciəsinin soyqırımı kimi tanıdılması yönümündə atılan addımların miqyasının genişliyi göz önündədir. Məlumdur ki, ulu öndər   Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin Xocalı soyqırımının müzakirəsinə həsr olunmuş xüsusi iclası keçirilib, hər il fevralın 26-sının “Xocalılıların soyqırımı günü” kimi qeyd olunması barədə qərar qəbul edilib. Həmçinin Ümummilli Lider 1997-ci ildə   hər il fevralın 26-sı saat 17.00-da Azərbaycanın bütün ərazisində “Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilməsi haqqında”, 1998-ci il martın 26-da “Azərbaycanlıların soyqırımı haqqında” fərmanlar imzalayıb. Son 15 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən  Prezident İlham Əliyevin Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması yönümündə addımları da davamlı olub. Xocalı faciəsinin günahsız qurbanlarının əziz xatirəsinin ümumxalq yürüşü ilə yad edilməsi onu göstərir ki, ermənilərin həyata keçirdikləri bu dəhşətli qətliam xalqımızın yaddaşından heç vaxt silinməyəcək, bu cinayəti törədənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq.

Xocalı faciəsinin beynəlxalq səviyyədə soyqırımı kimi tanıdılmasında Heydər Əliyev Fondunun xidmətləri də böyükdür. Fondun prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın, həmçinin Fondun  vitse-prezidenti Leyla Əliyevanın xidmətləri xüsusi qeyd edilməlidir. Xocalı həqiqətlərinin təbliğində Leyla Əliyevanın  2008-ci ildə irəli sürdüyü  “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının mühüm rolu olub.

Dövlətimizin Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində apardığı sistemli işlərin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının, Meksika, Pakistan, Çexiya, Peru, Kolumbiya, Panama, Honduras, Sudan, Qvatemala və Cibuti parlamentlərinin müvafiq sənədlərində Xocalıda törədilmiş kütləvi qətllərin soyqırımı aktı olduğu təsdiq edilib. Rumıniya, Bosniya və Herseqovina, Serbiya, İordaniya, Sloveniya, Şotlandiya parlamentləri, eləcə də ABŞ-ın 20-dən çox  ştatının icra və qanunvericilik orqanları Xocalı faciəsini qətliam kimi  qətiyyətlə pisləyiblər.

Dövlətimizin başçısı İlham Əliyevin ötən il imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamı erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının nə qədər geniş olmasına, ən əsası 27 ildir soyqırımı kimi tanıdılması istiqamətində ciddi addımlar atılan  Xocalı faciəsinə bir daha işıq saldı, dünyaya bu çağırışı ünvanladı - Ədalət əsas meyardır. Həllini gözləyən məsələlər vahid  meyarın müəyyənləşdirilməsini, bütün dövlətlərə eyni şəkildə tətbiq olunmasını tələb edir. 

Yeganə Əliyeva, “İki sahil”