“Əgər bu ilin yanvar ayının yekunlarına nəzər salsaq görərik ki, iqtisadi artım, yəni ümumi daxili məhsulun artımı təxminən 3 faiz təşkil edir. Son 2-3 il ərzində bu, ən yüksək göstəricidir və onu göstərir ki, 2019-cu ildə Azərbaycanda iqtisadi artım yüksək templərlə təmin ediləcək və davam etdiriləcək.”
Prezident İlham Əliyevin yanında keçirilən iqtisadi və sosial məsələlərlə bağlı müşavirədə bu mühüm məqam da diqqətə çatdırıldı ki, aparılan ciddi iqtisadi islahatlar, şəffaflıqla bağlı görülən işlər büdcə daxilolmalarına da müsbət təsir göstərmişdir. Təkcə ilin birinci ayında daxilolmalar kəskin artıb. Vergi orqanları plandan əlavə 80 milyon manatdan çox, gömrük orqanları isə plandan əlavə 20 milyon manatdan çox vəsait toplamış və ümumi daxilolmalar 105 milyon manat artmışdır. Ortaya çıxan “Bu, nəyi göstərir” sualına cavab olaraq cənab İlham Əliyev bildirmişdir ki, bu sahədə aparılan islahatlar, şəffaflıqla bağlı atılan addımlar öz nəticəsini verir. Bu gün islahatların dərinləşməsi üçün çox gözəl şərait yaradılıb.
Həyata keçirilən siyasətin önündə vətəndaş amilinin dayandığı davamlı addımlardan daha aydın görünür. Sirr deyil ki, Azərbaycan özünü dünyaya sosial dövlət kimi təqdim edib. Ölkəmizdə həyata keçirilən təkmil sosial-iqtisadi islahatlar beynəlxalq maliyyə qurumlarının hesabatlarında da yüksək dəyərləndirilir. Dünyaya səs salan “ASAN xidmət”, ABAD, DOST kimi yeniliklərimiz şəffaflığa xidmət edən mühüm addımlardır. Təbii ki, məqsəd əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və elektron xidmətlərə keçidin sürətləndirilməsi, habelə süründürməçilik hallarının qarşısının alınması və vətəndaş məmnunluğunun artırılmasıdır. Bugünkü reallıqlarımız dövlətimizin başçısı İlham Əliyevin 2003-cü ildə iqtisadi göstəricilərin təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapması ilə bağlı səsləndirdiyi tapşırığın təsdiqidir. Cənab İlham Əliyev uğurlarımızı qeyd edərkən qarşıda duran vəzifələrin də çoxluğunu diqqətə çatdırır. Bildirir ki, bütün problemləri, insanları narahat edən məsələləri həll etməliyik. Həm Bakının, həm böyük şəhərlərin, ən xırda kəndin də problemi diqqət mərkəzində olmalıdır.
Təkcə cari ilin arxada qalan ilk ayında imzalanan Fərman və sərəncamlara, atılan addımlara diqqət yetirmək kifayətdir. Bircə məqamı qeyd etmək kifayətdir ki, Azərbaycan yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi qəbul olunursa, bu, ildən-ilə təkmilləşmənin, yeniləşmənin, dövrün tələbinə uyğun layihələrin həyata keçirilməsinin nəticəsidir. Sosial dövlət özünün bütün vətəndaşlarının iqtisadi və ictimai tərəqqisinə imkanlar yaradır. Ölkəmizdə əmək haqlarının, pensiyaların artırılması müsbət dinamikanın göstəricisidir. Prezident İlham Əliyevin “Minimum əmək haqqının artırılması haqqında” Fərmanı, həmçinin ölkəmizdə 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında qanunun təsdiqlənməsi və s. kimi addımlar vətəndaş amilinə verilən dəyərin göstəricisidir. Cari ildə yaşayış minimumu ölkə üzrə 180 manat, əmək qabiliyyətli əhali üçün 191 manat, pensiyaçılar üçün 149 manat, uşaqlar üçün 160 manat müəyyən edilib. Ölkə Prezidenti müşavirədə də bildirmişdir ki, əlavə gəlirlər, ilk növbədə, vətəndaşların sosial müdafiəsinə yönəldilir. Minimum əməkhaqqının, pensiyaların, tələbələrin təqaüdlərinin artırılması və digər ödənişlər böyük sosial paketin tərkib hissəsidir. Cari ilin ötən ayının və ümumilikdə 2019-cu ildə nəzərdə tutulan addımlara nəzər yetirək. Hazırda 12 min 200-dən artıq şəhid ailəsinə dövlət tərəfindən 11 min manat ödəniş edilir. Şəhid ailələrinin müavinətləri 242 manatdan 300 manata artırıldı. Bu il 6-7 min köçkün ailəsi yeni mənzillərlə, evlərlə təmin ediləcək, şəhid ailələrinə 800 mənzil veriləcək. Bu il minimum əməkhaqqı 38 faiz artaraq 130 manatdan 180 manata qaldırıldı. Minimum pensiyaların məbləği 38 faiz artırılaraq 116 manatdan 160 manata çatdırıldı. Bu gün Azərbaycan minimum pensiyaların səviyyəsinə görə MDB məkanında ikinci yerdədir. Onu da qeyd edək ki, minimum pensiyaların artırılması 223 min insanın pensiya təminatını yaxşılaşdıracaq.
Dövlətimizin başçısı İlham Əliyev daim bildirir ki, ehtiyac içində yaşayan vətəndaşlara dövlət həmişə öz yardımını göstərir və göstərəcək. Artıq 3 Dövlət Proqramının icrası uğurla başa çatıb, dördüncü proqram qəbul olunub. Hər yeni sənəd təbii ki, özündə qarşıdakı illərdə görüləcək işləri və onlara nail olmaq üçün müəyyənləşdirilən icra mexanizmlərini ehtiva edir.
İqtisadiyyatın aynası, davamlı inkişafın barometri kimi dəyərləndirilən dövlət büdcənin real göstəriciləri və artım səviyyəsi də hər bir dövlətdə təkcə vətəndaşların yaşayış səviyyəsini deyil, ümumilikdə hökumətin fəaliyyətinin səmərəliliyini, faydalı iş əmsalını dəyərləndirməyə imkan verir. Cənab İlham Əliyev daim bu məqsədi qarşıya qoyur ki, qarşıdakı ilin dövlət büdcəsi arxada qalan ilin dövlət büdcəsindən kəmiyyət və keyfiyyət baxımından üstün olmalıdır. Ölkəmizin son illərdə davamlı iqtisadi inkişafı, idarəetmə sistemində təkmilləşmə, enerji layihələrinin uğurlu icrası və s. kimi mühüm amillər dövlət büdcəsində yer alan makroiqtisadi göstəricilərə öz müsbət təsirini göstərir. 2019-cu ilin dövlət büdcəsinin xərcləri 251 milyon manat artırılaraq 23 milyard 168 milyon manata, xərcləri isə 410 milyon manat artırılaraq 25 milyard 190 milyon manata çatdırılıb. 2019-cu ilin dövlət büdcəsi onu deməyə əsas verir ki, qarşıdakı il ölkəmizin bütün sahələr üzrə dinamik inkişafında mühüm rol oynayacaq. Enerji sektorundan asılılığın azaldılması, qeyri-neft sektorunun inkişafı istiqamətində tədbirlərin həyata keçirilməsi 2019-cu ildə də qarşıda duran vəzifələrdəndir. 2019-cu ilin dövlət büdcəsinin sosialyönümlülüyü də təsadüfi deyil. İqtisadi tərəqqinin güclü sosial siyasətlə tamamlanması əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına xidmət edir. Əvvəldə də qeyd etdiyimiz kimi, özünüməşğulluğun təminatı, ailə təsərrüfatlarına asan dəstəyin göstərilməsi işsizliyin və yoxsulluğun səviyyəsinin aşağı salınmasına, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə, eyni zamanda, ölkənin məşğulluq strategiyasının səmərəliliyinə geniş imkanlar açır. Dövlətimizin başçısı İlham Əliyevin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın əsas hədəflərindən biri də məhz işsizlik səviyyəsini 2030-cu ilədək 4 faizə, o cümlədən qadınlar və gənclər arasında işsizliyi minimum səviyyəyə endirməkdir.
Ölkə Prezidenti bu fikri böyük inamla qeyd edir ki, biz diqqəti xüsusən gələcək iqtisadi inkişafımıza yönəltməliyik. Görüləcək işlər, yeni, infrastruktur layihələrinin, sosial proqramların icrası nəticəsində yoxsulluq səviyyəsi daha da düşəcək və 15 il bundan əvvəl qarşıya qoyulan vəzifə təmin ediləcək- Azərbaycanda yoxsulluq tamamilə aradan götürülməlidir.
Bütün bunlar bu qənaətə əsas verir ki, görülən bütün işlərin arxasında Azərbaycan vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi, onun rifahı amili dayanır.
Yeganə Əliyeva, “İki sahil”
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...