25 fevral 2019 10:15
1643

İlk baxışdan çox sadə görünən xeyirxahlıq

Qadının gücü, güc mənbəyi ilk baxışdan çox sadə görünən xeyirxahlıq, sevgi və mərhəmət kimi əbədi duyğulardır


Azərbaycanın dövlətçilik tarixində, ictimai-siyasi həyatında  cəmiyyətin aparıcı qüvvəsi olan qadınlar həmişə fəal olublar.  Azərbaycan qadınlarının fədakarlıq  simvolu,  Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva ölkəmizin sürətli inkişafına misilsiz töhfələrini verir.

Təkcə ölkə daxilində deyil, beynəlxalq aləmdə belə   humanist təşəbbüsləri ilə  xeyirxahlıq simvolu kimi tanınan Mehriban xanım Əliyeva iki ildir ki, Birinci  vitse- prezident kimi  Azərbaycanın ictimai-siyasi həyatında   yaxından iştirak edir, ölkəmizin dünyada  tanıdılması baxımından  xeyriyyəçilik missiyasını davam etdirir. Azərbaycan qadınına məxsus səmimiyyəti, təvazökarlığı, mərhəməti  şəxsiyyətində formalaşdıran, siyasi xadim  Mehriban xanımın   əsas diqqət yetirdiyi sahələr insanlara  qayğı, yardıma möhtac olanlara dəstək, gənc  nəslin təhsili, uşaqların sağlamlığı naminə çalışmaqdır.  Bu istiqamətdə   həyata  keçirilən layihələrə maddi-mənəvi  yardımını əsirgəməyən Mehriban xanım ünvanına göndərilən vətəndaş müraciətlərinə də humanizm, ədalət  prinsipləri əsasında yanaşır,  yardımını əsirgəmir. Bölgələrə  səfərləri zamanı  vətəndaşlarla görüşündə insanların istək və arzularını öyrənən,  xüsusilə   qaçqınların mənzil-məişət problemləri ilə maraqlanan Mehriban xanım qadınların   işlə təminatını da fəaliyyətinin əsas istiqamətləri kimi diqqətdə saxlayır. “Yeniləşən Azərbaycana- yeni məktəb”, “ Hər uşağın ailəyə ehtiyacı var” layihələri çərçivəsində   təhsil ocaqlarının, internatların, uşaq bağçalarının inşası və təmiri ilə yaxından maraqlanan Mehriban xanım xüsusilə azyaşlıların sağlamlığının qorunmasına gələcəyimizin etibarlı zəmanəti baxımından yanaşır,  fiziki cəhətdən qüsurlu uşaqların, talassemiyalı xəstələrin müalicəsi ilə daim maraqlanır.       Həyata keçirilən layihələrə maddi-mənəvi dəstəyini əsirgəməyən Mehriban xanım ünvanına gələn müraciətlərə də  qayğıkeş ana, vətəndaş kimi yanaşır.

Heydər Əliyev Fondunun prezidenti,  UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində milli mədəniyyətimizin inkişafı naminə həyata keçirilən layihələr xüsusilə fərqlənir.  Mədəniyyətimizin inkişafı, təbliği naminə maraqlı layihələr həyata keçirən  Heydər Əliyev  Fondunun təşəbbüsü ilə reallaşdırılan tədbirlər təkcə bu gün üçün deyil,  gələcəyə istiqamətlənmiş misilsiz xidmət kimi dəyərləndirilir. Bakıda  Beynəlxalq Muğam  Mərkəzinin yaradılması,  Beynəlxalq muğam festivallarının keçirilməsi, mədəni və tarixi abidələrin bərpası, dövlət-qadın siyasətinin təkmilləşdirilməsi, beynəlxalq simpozium və  konfransların təşkili ilə bağlı görülən işlər Fondun  təşəbbüsü ilə  reallaşan layihələrin  yalnız bir hissəsidir.  Əsasən xeyirxahlıq missiyasına xidmət edən layihələrin müəllifi Mehriban xanımı  təsadüfən “UNESCO-nun  bayraqdarı” adlandırmırlar. Özünüifadənin  ən  inanılmış nümunəsi olan “Musiqinin dili ilə danışmaq” ənənəsini  layihələrində yaşadan Heydər Əliyev Fondunun çoxillik təcrübəsi, Azərbaycanın qeyri-maddi, mədəni irsinin qorunması istiqamətində görülən işlərin  hər biri dünyəvi əhəmiyyət daşıyır. Belə bir ifadə var: “Qıfıl qorxudursa, açar dialoqdur.” “Azərbaycan özünün çoxəsrlik tarixi boyunca təkcə nəqliyyat dəhlizi kimi deyil, həm də mədəniyyətlərin dialoqunda  öz sözünü deməyə qadir olan bir ölkə kimi  tanınır” söyləyən Mehriban xanım vurğulayır ki, dialoqlar alimləri,  siyasətçiləri, ictimai- siyası xadimləri, mədəniyyət təmsilçilərini vahid maraq naminə  birləşdirir.

Xeyirxahlığı, humanizmi təbliğ edən layihələri ilə  dünyada rəğbət qazanan Mehriban xanım Əliyevanın bütün fəaliyyəti insanlara xidmət  prinsiplərinə əsaslanır. Milli və tarixi adət-ənənələrimizin qorunması, təbliği istiqamətində Mehriban xanımın  ən böyük xidmətlərdən olan muğamımızın, Novruz bayramının, aşıq sənətinin, xalçaçılığın, tarixi abidələrimizin UNESCO-nun qeyri-maddi irs siyasına salınması ölkəmizin dünyaya təqdimatıdır.  Qitələri və  sivilizasiyaları birləşdirən ölkəmizdə keçirilən “Gənclər sivilizasiyaların alyansı naminə”, “Mədəniyyətlərarası dialoqda qadınların rolunun gücləndirilməsi” adlı  beynəlxalq forum və konfranslardakı çıxışında   Azərbaycanın multikulturalizm və tolerantlıq təcrübəsini dünyada sülhün bərpası naminə  ən humanist təcrübə adlandıran Mehriban xanımın “Biz mədəniyyətlərin  və sivilizasiyaların dialoqu haqqında ayrı-ayrı dillərdə danışırıq. Burada “ayrı-ayrı dillər” dedikdə, müxtəlif xarici dilləri nəzərdə tutmuram... Biz sivilizasiyaların dialoqu və ya qarşıdurması ilə bağlı  müxtəlif siyasi və elmi doktrinaları müzakirə edirik. Lakin siyasətdən uzaq, adi insanlar bir yana, çox vaxt peşəkarlar belə məsələdə biri-birini anlamaqda , müəyyən konsensusa gəlməkdə çətinlik çəkirlər”  sözləri  terrorlara dəstək göstərənləri,  dini zəmində qarşıdurma  yaradanları,  siyasətə ikili standartlar baxımından yanaşanları haqqa, ədalətə,  birlik və həmrəyliyə  çağırışıdır. 

Dövlətimizin başçısı İlham Əliyevin UNESCO-nun Ümumdünya İRS Komitəsinin 43-cü sessiyasının bu il  Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqındakı Sərəncamı bir daha bu reallığı təsdiqləyir  ki,  tariximizi, mədəni sərvətlərimizi  qorumaq və  dünya irsinin müdafiə və mühafizəsinə dəstək göstərmək  ölkəmizin dövlət siyasətinin tərkib hissəsidir. Bu işlərdə təbii ki , təşəbbüskar Mehriban xanım Əliyevadır.

Azərbaycan qadınının simvolu olan Mehriban xanımın  fəaliyyətinə verilən beynəlxalq  qiymət onun xeyirxah-humanistlik, insanlıq  missiyasının etirafı  olmaqla, ölkəmizin iqtisadi, mədəni, elmi inkişafının təcəssümü kimi də diqqəti cəlb edir. Təltif və mükafatlar isə biri-birindən dəyərlidir:  “Qızıl ürək” və Dünya Səhiyyə Təşkilatının İhsan Doğramacı adına Ailə Sağlamlığı Fondu”nun mükafatı,  “Əsrlərin xeyriyyəçiləri” Beynəlxalq Fondunun Yaqut Xaç ordeni,  UNESCO-nun “Qızıl Motsart” medalı, Fransanın   “Şərəf legioneri” ordeni, “XXI əsrin böyük qadını” fəxri titulunun nominantı, Krans Montana Forumunun qızıl medalı... Azərbaycanın Birinci vitse-prezidenti  Mehriban xanım Əliyevanın  II dərəcəli Müqəddəs Mələksima Knyaginya Olqa ordeni ilə  təltif edilməsi  Azərbaycan qadınlarını  dünyada təmsil edən birinci xanımın siyasi və ictimai fəaliyyətinin dünya birliyi tərəfindən  yüksək dəyərləndirilməsinin  nümunəsi, Azərbaycanın tolerantlıq təcrübəsinin təbliğidir.

Ümumbəşəri mədəniyyət abidələrinin bərpasında da iştirak edən Fondun  dəstəyi ilə Strasburq Kafedral, Parisin məşhur Notrdam kilsələrində aparılan bəzi təmir-bərpa işləri bəşəri dəyərlərin yaşadılması üçün göstərilən xeyirxahlıqdır.  Pakistanda qız məktəbinin inşasının, MDB ölkələrində  həyata keçirilən  layihələrin müəllifi də Mehriban xanımdır. Romada Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında “Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş”in imzalanma mərasimində çıxış edən Mehriban xanımın  “Dünyəvi müsəlman ölkəsi olan Azərbaycan yalnız xristian aləminə aid müqəddəs yerlərin və tarixi abidələrin bərpasında iştirak etmir, eyni zamanda ümumdünya əhəmiyyətli abidələri  bərpa edir” sözləri Azərbaycanın əsrlərdən bəri qoruduğu multikulturalizm və  tolerantlığının dünyada təbliğinə xidmət edir.

Qəlbində dözümlülük, başqa xalqlara hörmət ruhunun əsrlər boyu formalaşdığını  çıxışlarında, müsahibələrində  bildirən Mehriban xanımın vurğuladığı kimi,   Azərbaycan xalqı  dünyanın mədəni müxtəlifliyinə də eyni hörmətlə yanaşır.

“Qadının gücü, güc mənbəyi ilk baxışdan çox sadə görünən xeyirxahlıq, sevgi və mərhəmət kimi əbədi duyğulardır. Bu gücün, bu qüvvənin qüdrətini və təsir dairəsini nəzərə almamaq mümkün deyil. Belə bir qüdrətli amilin mədəniyyətlər və sivilizasiyalararası dialoqa  layiqli töhfə verməsi bizim özümüzdən asılıdır” söyləyən Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi fəaliyyətinin əsasını təşkil edən insanlara qayğı, diqqət, şəfqət, xeyirxahlıq ona siyasi fəaliyyətində də  hörmət qazandırır,  xalqın sevimlisinə çevirir.”

Xuraman İsmayılqızı, “İki sahil”