Sumqayıt Kimya Sənaye Parkında yerləşən, beynəlxalq statusu olan, miqyası baxımından son 40 il ərzində Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ilk layihə olan “SOCAR Polymer” şirkəti Azərbaycanda kimya sənayesinin inkişafını sürətləndirmək məqsədilə 2013-cü ildə təsis edilib. 2015-ci il oktyabrın 25-də isə Prezident İlham Əliyevin iştirakı ilə ən yüksək standartlara və müasir texnologiyalara əsaslanan “SOCAR Polymer” zavodlarının təməli qoyulub. Şirkətin istehsalat obyektləri polipropilen (PP) və yüksək sıxlıqlı polietilen (YSPE) istehsal edəcək qurğulardan ibarətdir. Həmin qurğular müvafiq olaraq 180000 və 120000 ton illik istehsal gücünə malik olan həmin PP və YSPE qurğularıdır.
Qeyd edək ki, kimya sənayesi Azərbaycanda 4-cü böyük istehsal sektorudur. Azərbaycanın istehsal sektorunun 6,2%-dən artıq bir hissəsi kimya sənayesinin payına düşür. “SOCAR Polymer” zavodları ətrafında yeni müəssisələrdən ibarət sənaye klasterinin təşəkkül tapacağını nəzərə alaraq qarşıdan gələn bir neçə il ərzində ölkənin kimya sektorunda ciddi artım gözlənilir.
Əsas məqsəd qeyri-neft ixracını artırmaq, ölkə iqtisadiyyatını şaxələndirməkdir
Xəbər verildiyi kimi, fevralın 18-də ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə “SOCAR Polymer” layihəsi çərçivəsində yüksək sıxlıqlı polietilen zavodunun təntənəli açılışı olub. Mərasimdə SOCAR rəhbərliyi və SOCAR Polymer zavodlarının inşasını həyata keçirmiş şirkətlərin təmsilçiləri iştirak ediblər. Dövlətimizin başçısı müəssisənin kollektivi ilə görüşdəki nitqində qeyd edib ki, Sumqayıt Kimya Sənaye Parkında bir çox müəssisələr fəaliyyət göstərir və onların arasında “SOCAR Polymer”in əlbəttə ki, xüsusi yeri vardır: “Zavodun istehsal gücü 300 min ton olacaqdır. Bu, bizim qeyri-neft ixracımızın 15 faiz artımı deməkdir. Bizim əsas məqsədimiz qeyri-neft ixracını artırmaq, ölkə iqtisadiyyatını şaxələndirmək, yeni iş yerləri açmaq və Azərbaycanda müasir texnologiyalı müəssisələrin yaradılmasına nail olmaqdır. Bununla paralel olaraq, belə böyük, texnoloji cəhətdən müasir zavodların fəaliyyəti gənclərin hazırlanmasına da xidmət göstərir. Siz müasir sənaye müəssisəsində çalışacaqsınız və bu müəssisənin fəaliyyəti ölkəmizi gücləndirəcək.”
Xatırladaq ki, 2018-ci il iyulun 18-də Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın iştirakı ilə layihə çərçivəsində inşa olunan polipropilen zavodunun açılışı olub.
Zavodun istismara verilməsi indiyə qədər ölkəyə idxal edilən yüksək sıxlıqlı polietilen məhsuluna tələbatı tam ödəməyə imkan yaradacaq. İlkin proqnozlara görə, “SOCAR Polymer” zavodları ildə 10 çeşiddə 184 min ton polipropilen və 4 çeşiddə 120 min ton yüksək sıxlıqlı polietilen istehsal edəcək. Zavodların istismar dövründə 6.6 milyard dollar həcmində gəlir gətirəcəyi gözlənilir ki, bunun da 30 faizini şirkətin xalis mənfəəti təşkil edəcək. Bundan əlavə, istismar müddətində “SOCAR Polymer” tərəfindən dövlət büdcəsinə ümumilikdə 600 milyon dollar həcmində verginin ödənilməsi nəzərdə tutulur. SOCAR-ın yeni sənaye kompleksinin fəaliyyətə başlaması ilə daxili bazarın tələbatı tam təmin olunacaq və məhsulun 75 faizi isə Türkiyə və Avropa bazarlarına ixrac ediləcək. İlkin qiymətləndirmələrə görə, “SOCAR Polymer” zavodlarının fəaliyyəti Azərbaycanın qeyri-neft sektorunun ixrac gəlirlərini 15 faiz, Abşeron iqtisadi regionunun ümumi daxili məhsulunun həcmini isə 14 faizdən çox artıracaq.
Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir
Zavodun fəaliyyətə başlamasının Sumqayıt şəhərinin ümumi inkişafına böyük töhfə olduğunu deyən Prezident İlham Əliyev vurğulayıb ki, Sumqayıt bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir: “Son illərdə Sumqayıtda bir çox müasir müəssisələr yaradılıb. Bu il Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisənin açılışı nəzərdə tutulur. Sumqayıtın həm sənaye, həm iqtisadi, sosial inkişafı daim diqqət mərkəzindədir. Sumqayıt bu gün yüksək ekoloji standartlara uyğun şəhərlərdən biridir. Bu gün isə Sumqayıtın gözəl havası, ictimai yerləri var, istirahət üçün parklar yaradılıb, vaxtilə salınmış parklar abadlaşdırılıb, Sumqayıt bulvarı yaradılıb, özü də qısa müddət ərzində. Bu da çox gözəl hadisədir. Yəni şəhərin ümumi inkişafı ilə bağlı çox böyük tədbirlər görülür, infrastruktur layihələri icra edilir.”
“SOCAR Polymer” Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı üzrə yaradılan ilk şirkətdir. Layihəni həyata keçirmək üçün İtaliyanın “Maire Tecnimont”, Niderlandın “Fluor” şirkətləri və digər şirkətlər cəlb edilib. Layihə çərçivəsində milli mühəndis kadrlarının ixtisaslarının artırılması təmin olunacaq. Bu məqsədə çatmaq üçün vahid layihə idarəetmə qrupu yaradılıb. “Fluor” şirkəti milli mühəndis kadrları və digər işçilər üçün Amsterdamda, Milanda və Mumbayda ixtisas kursları təşkil edib. Bundan başqa, ekoloji və sosial təsirlərin minimuma endirilməsi, zərərli maddələrin və maye tullantılarının zərərsizləşdirilməsi diqqət mərkəzində saxlanılıb. Odur ki, beynəlxalq lisenziyalardan əldə edilən texnologiya əsasında fəaliyyət göstərəcək bu zavodlar istehsal prosesi və məhsulun keyfiyyəti baxımından ən yüksək beynəlxalq standartlara cavab verəcək.
Mindən çox iş yeri, gənclər üçün gözəl imkanlar...
Dövlətimizin başçısı müəssisənin kollektivi ilə görüşdə vurğulayıb ki, burada yeni iş yerlərinin yaradılması prosesi təmin olunur, təxminən 500-dən çox yeni iş yeri açılır: “Bu yaxınlarda karbamid zavodunun açılışında iştirak edərkən məlumat verildi ki, orada da 500-dən çox iş yeri yaradılır. Yəni bu iki mühüm müəssisənin əhəmiyyəti çox böyükdür. İlk növbədə, bu iki müəssisəyə 1,6 milyard dollar sərmayə qoyulub. Çox böyük rəqəmdir. Özü də nəzərə alsaq ki, bu sərmayə qeyri-neft sektoruna qoyulur. Digər tərəfdən, burada istehsal olunan məhsullar ixracyönümlüdür və ölkəmizə valyuta gələcək. Biz təkcə neftdən, qazdan yox, eyni zamanda, hazır məhsuldan valyuta qazanacağıq.”
Dövlət başçısı deyib ki, burada müasir texnologiyalar tətbiq olunur və Azərbaycanın texnoloji inkişafına bunun müsbət təsiri var. Mindən çox iş yeri, gənclər üçün gözəl imkanlar yaradılır: “Yəni, bir sözlə, belə böyük layihələrin icrasının çox böyük mənası, çoxşaxəli təsiri var və bir daha onu göstərir ki, Azərbaycan düzgün yoldadır. Biz bu layihələrə start verəndə, əlbəttə, təxmin edirdik ki, bu, çox gözəl nəticələrə gətirib çıxaracaq. Bu gün biz bunu əyani şəkildə müşahidə edirik. Bundan sonra da Azərbaycanın sənaye potensialı inkişaf edəcək. Sənayeləşmə öz gözəl nəticələrini verir. Keçən il qeyri-neft sektorunda sənaye istehsalı 9 faizdən çox artmışdır, bu ilin birinci ayında isə 14 faizə yaxın artmışdır, o cümlədən bu zavodların fəaliyyətə başlaması nəticəsində. Əlbəttə ki, bundan sonra da qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, müasir zavodların, fabriklərin yaradılması prioritet olaraq qalacaqdır. Əminəm ki, belə müəssisələr gələcəkdə bizim sənaye imkanımızı böyük dərəcədə artıracaqdır və ölkəmiz davamlı olaraq inkişaf yolu ilə gedəcəkdir.”
Məlumat üçün bildirək ki, artıq Türkiyə, Rusiya, Belarus və Ukraynadan sifarişlər qəbul edilib. Zavodda “Made in Azerbaijan” brendi ilə istehsal olunan polipropilen qatarla sifariş olunan ölkələrə yola salınıb.
Bütün bunlar bir daha sübut edir ki, ölkə sənayesinin və qeyri-neft sektorunun inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin başlıca istiqamətlərindəndir. Sənaye sahələrinin inkişafı istiqamətində atılan addımlar, sənaye parklarının, məhəllələrinin yaradılması ilə bərabər, aqroparkların yaradılması kompleks şəkildə gələcək üçün planlaşdırılmış layihələrdir.
Orxan Vahidoğlu, “İki sahil”
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...