19 fevral 2019 10:47
1120

Çoxşaxəli və məqsədyönlü inkişaf

Son günlərdə Prezident İlham Əliyevin iştirakı ilə keçirilən tədbirlər, dövlət başçımızın regionlara səfərləri zamanı istifadəyə verilən  obyektlər, şəhid ailələri ilə keçirilən görüşlər, Şamaxıda baş verən zəlzələ nəticəsində  zərər çəkmiş  evlərin inşası ilə bağlı  yardımların göstərilməsi, şəhid ailələrinə  və  tələbələrə  diqqət  və qayğının ifadəsi olan təqaüdlərin, minimum əmək haqqının artırılması ilə bağlı  verilən sərəncamlar ölkənin iqtisadi inkişafı, güclənən maliyyə imkanları nəticəsində mümkün olmuşdur. Həyata keçirilən sosial islahatların təşəbbüskarı insan amilinə dəyər verən dövlət başçımız,  ünvanı ölkə vətəndaşları, məqsədi  insanlara qayğıdır.

Xalq-iqtidar birliyi,  vətəndaş  həmrəyliyi,  davam edən  dinamik inkişaf, hakimiyyətin yürütdüyü siyasətin əhali tərəfindən dəstəklənməsi əsasında bərqərar olmuş möhkəm ictimai-siyasi sabitlik Azərbaycana uğurlar qazandırmışdır. Son  15 ildə iqtisadiyyatın bütün sahələri üzrə diqqət çəkən biri-birindən əhəmiyyətli uğurların nəticəsidir ki,  Azərbaycan Ümumdünya Davos  İqtisadi Forumunun hesabatlarında   mövqeyini möhkəmləndirir, MDB və region ölkələri arasında  liderliyni qoruyur.

Bu gün Azərbaycanın iqtisadi inkişafı ilə bağlı  beynəlxalq səviyyədə  dəyərləndirilən dinamik inkişaf  təbii ki, çəkilən zəhmətin, dövlətçilik təcrübəsinin ölkəmizə qazandırdığı səmərənin ifadəsi olmaqla,  respublikamızın dünya iqtisadi sisteminə  inteqrasiyasının özünü təsdiqləməsidir.

Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət, formalaşdırdığı səmərəli dövlət idarəçiliyi sayəsində son 15 ildə Azərbaycanın regional və beynəlxalq nüfuzu getdikcə artır, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqazdakı geosiyasi, geoiqtisadi və hərbi-geostrateji mövqeləri daha da güclənir. Ölkənin təbii ehtiyatlarından, coğrafi mövqeyindən, maddi, mənəvi və insan resurslarından səmərəli istifadə, transmilli nəqliyyat-kommunikasiya və enerji dəhlizləri sahəsində həyata keçirilən uğurlu regional siyasət nəticəsində Azərbaycan  Cənubi Qafqazın özünü tam təmin edən dövlətləri sırasında ilk üçlükdə qərarlaşmışdır.

Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin istifadəyə verilməsi ilə  qlobal layihələrin təşəbbüskarı və müəllifi kimi tanınan  ölkəmizin  iştirakı ilə   “Cənub Qaz Dəhlizi”nin, TANAP-ın istifadəyə verilməsi, “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in (“Əsrin müqaviləsi”) müddətinin 2050-ci ilə qədər uzadılması Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələrinə artan maraqdan irəli gəlir. Yeni şərtlərə görə SOCAR-ın payının 11 faizdən 25 faizə qaldırılması, mənfəət neftinin 75 faizinin Azərbaycana verilməsi, 8 il ərzində xarici investorlar tərəfindən ölkəyə bərabər hissələrlə bonus kimi 3,6 milyard dollar ödənilməsi ilə bağlı razılıqlar təkcə neft sektorunun deyil, qeyri -neft sənayesinin inkişafı üçün də perspektivləri müəyyənləşdirir, sosial-iqtisadi islahatların əhatəsini genişləndirir.

Qlobal nəqliyyat layihələrinin reallaşması,  Avropa və Asiyanı birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolunun  istifadəyə verilməsi, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük  işlərin görülməsi  Azərbaycanın təkcə regionda deyil, dünyada  mövqeyini möhkəmləndirir, ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayını artırır, investisiya axınını sürətləndirir. Bütün bunlar isə  respublikanın maliyyə imkanlarını artırır.

“Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq, ölkə ərazisində çoxsaylı sənaye parkı və məhəllələri, texnoparklar (Sumqayıt, Balaxanı, Mingəçevir, Qaradağ, Pirallahı, Neftçala, Masallı və s.) yaradılmış, istehsal sahələrinin genişləndirilməsi, qeyri-neft sənayesinin ixrac imkanlarının artırılması və innovativ istehsalın inkişaf etdirilməsi istiqamətində ciddi tədbirlər görülmüşdür. Sumqayıtda alüminium, karbamid, plastik emalı zavodları, 800 milyon dollardan çox sərmayə qoyulan “SOCAR Polymer” şirkətinin polipropilen və yüksək sıxlıqlı polietilen zavodları, Balaxanıda məişət tullantılarının təkrar emalı zavodu, Bakı gəmiqayırma zavodu, Gəncə, Naxçıvan və Neftçalada avtomobil zavodları, Sumqayıt, Gədəbəy və Daşkəsəndə qızıl-mis emalı zavodları, Gəncə alüminium yarımfabrikatı, kənd təsərrüfatı texnikası zavodları və digər sənaye müəssisələri  ölkə iqtisadiyyatının  potensialının gücləndirilməsində mühüm rol oynayır.  Son  illərdə  qazanılan uğurlardan biri də daha çox maliyyə vəsaiti tələb edən Azərbaycanın dünyada sayı məhdud olan və ölkəyə əlavə investisiya gətirən kosmik  ailənin üzvləri sırasına qoşulmasıdır. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin yaradılması,  Azərbaycanın ilk telekommunikasiya peyki “Azerspace-1”,  Yer səthini müşahidə edən “Azersky” peyklərinin, daha sonra   telekommunikasiya peyki - “Azerspace-2”nin  orbitə çıxarılması  ölkəmizin ən qüdrətli ölkələr sırasında addımlamasını təmin etmişdir.

Qazanılan uğurlar isə  ölkədə aparılan iqtisadi, sosial islahatlar üçün etibarlı zəmin yaradır. “Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf etmiş, ümumi daxili məhsul 3,3 dəfə artmışdır. Bir daha demək istəyirəm, bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,6 dəfə artmışdır. İxracımız 4,7 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə artıb və bu gün 45 milyard dollar təşkil edir. Yəni, bu onu göstərir ki, Azərbaycan regionlarına və eyni zamanda, neft-qaz sektoruna, Bakı şəhərinin inkişafına böyük vəsait qoyulmasına baxmayaraq, biz öz valyuta ehtiyatlarımızı 24 dəfə artıra bilmişik. Bu bizə imkan verir ki, gələcəyə çox böyük ümidlərlə baxaq. Azərbaycan iqtisadiyyatı bu gün dayanıqlı iqtisadiyyatdır” söyləyən cənab İlham Əliyevin davam etdirdiyi siyasətin nəticəsi cari ilin ilk günlərində ölkədə aparılan  sosial-iqtisadi islahatların ölkə vətəndaşları tərəfindən  rəğbətlə qarşılanmasıdır.   Aparılan məqsədyönlü  islahatlar, investisiya  mühitinin  möhkəmlənməsi sayəsində ölkədə yeni müəssisələr istifadəyə verilmiş, iş yerləri açılmışdır. Son illərdə  regionların sosial-iqtisadi inkişafı Dövlət  proqramlarının tətbiqi ilə  2 milyondan artıq   iş yerinin yaradılması dövlət başçımızın əsas tövsiyəsi olan insan amilinə diqqətin göstəricisidir. Məcburi köçkünlərin problemlərinin həlli  daim  diqqətdə saxlanılan sosial islahatların tərkib hissəsidir. Son illərdə şəhid ailələri, müharibə veteranları və əlilləri  6650 mənzillə təmin olunmuşdur. Bu faktın özü təsdiqləyir ki, bazar iqtisadiyyatı prinsiplərini sosial ədalət prinsipləri ilə birləşdirən Azərbaycanın inkişafı çoxşaxəli və məqsədyönlüdür.

Son illərin ən diqqətçəkən və insan amilinə  qayğının ifadəsi olan Ailə Biznesinə Asan Dəstək ( ABAD),   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və  Operativ Sosial Təminat (DOST) layihələrinə marağın artması, xüsusilə  kənd əhalisinin istəklərini  ifadə edən bu təşəbbüsə qoşulanların sayının artması  ölkədə məşğulluq siyasətinin uğurlu davamını göstərir. 2018-ci ildə həyata keçirilən  özünüməşğulluq üzrə layihələr  7800-dək ailəni əhatə edir.   Bu günlərdə  dövlət başçımızın təşəbbüsü ilə  hazırlanan “İşsizin DOSTu”  proqramının icrası ilə  əsas amil olan  ölkədə işsizlərinin sayı minimuma endiriləcək. İlk növbədə  əhalinin həssas qrupları üçün şəraitin yaradılmasını nəzərdə tutan proqram “ Məşğulluq haqqında” qanunla tənzimlənir. Proqrama əsasən  ictimai işlərə cəlb olunanların hər biri ilə əmək müqaviləsi bağlanılır.  “DOST iş Mərkəzi”nə   müraciət edən şəxslərin sosial sığorta  sistemində  qeydiyyata alınması gələcəkdə onların pensiya hüquqlarının yaranmasına  şərait yaradır. Bu cür sosial layihələrdə iştirak edənlər lazımi avadanlıqlarla təmin olunur, fəaliyyət növləri müəyyənləşdirilir. Xüsusilə gənclərin bu layihələrə cəlbini  dövlət siyasətinin əsas amili adlandıran Prezident İlham Əliyev  gənclərlə keçirdiyi görüşlərində cəmiyyətin inkişafı üçün  belə sosial islahatların  davamlı olacağını bildirir.

Xuraman İsmayılqızı, “İki sahil”