Xəbər verdiyimiz kimi, fevralın 12-də Prezident İlham Əliyev Real televiziya kanalına geniş müsahibə verərək ölkəmizin inkişaf istiqamətləri, həyata keçirilən mühüm tədbirlərin məqsədi, geosiyasi mövqelərimiz, o cümlədən media-dövlət münasibətlərinə dair əhəmiyyətli fikirlər səsləndirmişdir.
Xüsusilə dördüncü hakimiyyət olan mətbuatla münasibətlərinin həmişə yüksək olduğunu vurğulayan ölkə başçısı bildirmişdir ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır: “Mən Azərbaycan mediasına həmişə böyük dəstək göstərmişəm. Mənim media nümayəndələri ilə çoxsaylı görüşlərim bunun əyani sübutudur və həmişə çalışmışam ki, öz işimlə medianın inkişafına dəstək verim. Şadam ki, Azərbaycan mediası bu gün ölkəmizin həyatında önəmli rol oynayır. Deyə bilərəm ki, mən də öz işimdə mediadan gələn xəbərlərə istinad edirəm, bəzi hallarda mediadan bir çox məsələləri öyrənirəm, dərhal reaksiya verirəm. Bu barədə mən bir neçə dəfə öz fikirlərimi bildirmişəm və hesab edirəm ki, gələcəkdə Azərbaycan mediası ölkəmizin həyatında bundan da böyük rol oynayacaqdır.”
Prezident daha çox xarici mediaya müsahibə verməsinin səbəbini də məntiqlə əsaslandırmışdır. Onun sözlərinə görə, xarici mediada bizim mövcudluğumuz, sözlərimizin çatdırılması xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, ölkə başçısı bildirmişdir ki, mən həmişə Azərbaycan mətbuatına da açıq olmuşam, bundan sonra da belə olacaq: “Onu da bildirməliyəm ki, bəzən belə bir sual verilir, nə üçün Prezident xarici mediaya daha çox müsahibə verir? Bunun iki səbəbi var. İstərdim ki, bu barədə də öz fikrimi bildirim, Azərbaycan mediası da bunu bilsin. Birincisi, bu gün Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq xüsusi əhəmiyyət daşıyan bir məsələdir. Çünki bu gün dünyada informasiya mübarizəsi gedir. Azərbaycana qarşı bir sıra hallarda çox əsassız ittihamlar irəli sürülür, qərəzli, saxta məlumatlar dərc edilir. Bunun məqsədi ölkəmizin imicinə zərbə vurmaq, ölkəmizi inkişaf, müstəqillik yolundan döndərmək və Azərbaycanı geridə qalmış ölkə kimi təqdim etməkdir. Ona görə xarici mediada bizim mövcudluğumuz, sözlərimizin çatdırılması xüsusi əhəmiyyət daşıyır.” Prezident bildirir ki, onun yerli mətbuatdan gizli saxlayacağı ictimai əhəmiyyətli heç bir xəbər, hadisə yoxdur: “Mənim çıxışlarımın bir çoxu hesabat xarakterlidir. Nazirlər Kabinetinin müntəzəm olaraq keçirilən toplantılarında həm görülmüş işlərə qiymət verilir və ən önəmlisi görüləcək işlər haqqında danışılır. Regional inkişaf proqramlarının icrası ilə bağlı tədbirdə il ərzində görüləcək işlər haqqında çox aydın ifadələr ortaya qoyulur. Beləliklə, Azərbaycan vətəndaşları həm məndən eşidirlər ki, hansı işlər görülüb, biz harada uğurlara nail olmuşuq, harada hələ ki, həll olunmamış problemlər, nöqsanlar var və həm də görüləcək işlərlə bağlı fikirlər ortaya qoyulur. Müxtəlif mövzularla bağlı müntəzəm olaraq öz fikirlərimi çatdırıram. Yenə də deyirəm ki, bu, həm hesabat xarakterli, həm də görüləcək işlər, istiqamətlərlə bağlı, istiqamətverici çıxışlardır.”
Güclü sosial siyasət bizim gündəliyimizdə bundan sonra da
ən vacib, ən ümdə məsələlərdən biri olaraq qalacaqdır
Müsahibədə ölkəmizin iqtisadi inkişafı və hazırda aparılan islahatlar barədə ətraflı məlumat verilir. Cənab Prezident vurğulayır ki, ötənilki prezident seçkilərində xalqın ona yenidən etimad göstərməsi ölkənin inkişafı naminə yeni və genişmiqyaslı islahatların aparılmasını zərurətə çevirib. Bu islahatlar Azərbaycanın bir dövlət kimi daha da inkişafına və qüdrətlənməsinə xidmət edir: “2019-cu ildən başlayan islahatların əsas hədəfi Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirməkdir, ölkədə mövcud olan nöqsanları aradan qaldırmaqdır, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaqdır, insanların rifah halını yaxşılaşdırmaqdır, daha güclü, qüdrətli dövlət qurmaqdır.”
Ölkəmizin başçısı indiyədək aparılan iqtisadi və sosial islahatların ölkəmizə gətirdiyi uğurları da yüksək qiymətləndirərək bildirib ki, bu gün Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə yox, məhz nəqliyyat mərkəzinə çevrilib. Çünki Şimal-Cənub və Şərq-Qərb dəhlizləri ölkəmizin ərazisindən keçir: “Biz bu coğrafi vəziyyətdən çox səmərəli istifadə etdik, güclü infrastruktur yaratdıq. Bu gün Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində 10-dan çox ölkə əməkdaşlıq edir. Yalnız bir ölkə hər iki layihədə iştirak edir ki, o da Azərbaycandır.”
Müsahibədə xüsusi vurğulanır ki, aparılan islahatlara uyğun olaraq ölkəmizin maliyyə resursları davamlı olaraq artmışdır. Məhz bunun nəticəsidir ki, ötən həftə minimum əmək haqqının ciddi şəkildə artırılması reallaşmışdır. Ölkəmizin başçısının sözlərinə görə, bu, hələ son deyildir və ölkə vətəndaşlarının rifah halının yüksəlməsi istiqamətində işlər davam etdirilir: “Siz bilirsiniz ki, bu yaxınlarda minimum əməkhaqqının qaldırılması ilə bağlı çox ciddi addım atılmışdır, digər sosialyönümlü addımlar atılmışdır. Biz nəyin hesabına buna nail ola bilmişik? Ona görə ki, bu ilin birinci ayında biz əlavə gəlirlər əldə etdik. Gəlirlər məhz şəffaflıq, düzgün yanaşma hesabına əldə olundu. Bu gəlirlər bizə əlavə maliyyə resurslarının yaranmasına imkan verdi. Biz bu maliyyə resursunu müxtəlif istiqamətlərə - ehtiyatların artırılmasına, infrastruktur layihələrinin icrasına yönəldə bilərdik. Amma mən qərar verdim ki, əldə edilmiş bu əlavə maliyyə resursları, ilk növbədə, vətəndaşların rifah halının yaxşılaşmasına yönəlməlidir və biz bunu da etdik. Güclü sosial siyasət bizim gündəliyimizdə bundan sonra da ən vacib, ən ümdə məsələlərdən biri olaraq qalacaqdır”
İslahatların əsasını ulu öndər Heydər Əliyev 1993-cü ildə qoymuşdur
Prezident İlham Əliyev aparılan islahatların əsasının ulu öndər Heydər Əliyev tərəfindən onun 1993-cü ildə hakimiyyətə qayıdışından sonra qoyulduğunu bildirərək bu siyasi və iqtisadi kursun bu gün də davam etdiyini bildirib. Ulu Öndərin torpaq islahatı, senzuranın ləğvi, bütün xarici təzyiqlərə rəğmən “Əsrin müqaviləsi”nin imzalanması və sair bu kimi digər qətiyyətli addımlar atması ölkəmizin müstəqilliyini möhkəmləndirdi, onun beynəlxalq aləmdəki mövqelərini gücləndirdi: “2003-cü ildən isə islahatların yeni mərhələsi başlandı və hesab edirəm ki, o vaxt ən böyük islahat regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul edilməsi idi. Çünki bu proqram bizə imkan verdi ki, ölkəmizin müxtəlif istiqamətlər üzrə inkişaf strategiyasını müəyyənləşdirək və qısa müddət ərzində çox güclü infrastruktur bazasının yaradılması işində nəticələr əldə edək.”
Prezident müsahibədə qısa müddətdə ölkədə həyata keçirilən infrastruktur layihələr barədə məlumat verərək bildirib ki, vaxtilə ölkəmiz infrastruktur baxımından çox geridə idi. Onun sözlərinə görə, elektrik enerjisi ilə bağlı böyük problemlər, fasilələr var idi, elektrik enerjisi saatlarla verilirdi: “Bu gün Azərbaycan nəinki özünü təmin edir, eyni zamanda, böyük həcmdə elektrik enerjisini ixrac edir. Bölgələrdə qaz təchizatı yox idi. Bakı şəhərində qaz təchizatı təqribən, 50 faiz səviyyəsində idi. Bu gün ən ucqar rayonlara, hansılar ki, heç sovet vaxtında qazlaşdırılmamışdı, təbii qaz verilir və qazlaşdırmanın səviyyəsi 95 faizə çatıb. İçməli su layihələrinin icrası böyük əhəmiyyət daşıyır, böyük sosial məsələdir. 2003-cü ildə dayanıqlı və keyfiyyətli içməli su ilə təminat cəmi 20 faiz idi. Bu gün bu, 70 faizə çatıb. Düzdür, 70 faiz də bizi qane edə bilməz.”
Azərbaycanda aparılan iqtisadi islahatların beynəlxalq maliyyə təşkilatları və reytinq agentliklərinin də diqqətini çəkdiyini vurğulayan Prezident bu amilin ölkəmiz üçün əhəmiyyətli olduğunu bildirmişdir: “Biz birinci dəfə Dünya Bankının “Doing Business” hesabatına 2006-cı ildə düşmüşük. O vaxt biz təqribən, 90-cı, 95-ci və ya 96-cı yerdə idik. Bu gün biz 25-ci yerdəyik. Bu, ciddi islahatdır. Bu, biznes mühitinin yaxşılaşdırılması, sərmayə qoyuluşu üçün yeni imkanların yaradılması istiqamətində inqilabi islahatdır. Baxın, biz bir çox inkişaf etmiş ölkələrdən öndəyik. Bu, çox ciddi məsələdir. Ona görə islahatların bugünkü mərhələsi əvvəlki dövrlərdə aparılmış islahatların məntiqi nəticəsidir.”
Müsahibədə digər önəmli və diqqətçəkən məqam Prezident İlham Əliyevin ölkə vətəndaşının problemlərinə diqqət və qayğı ilə yanaşması, onların aradan qaldırılması istiqamətində mümkün vasitələrdən kifayət qədər yararlanmasıdır. O, bir dövlət başçısı kimi bu işlərə şəxsən nəzarət edir, ölkə vətəndaşının hər biri ilə təmasda olmağa çalışır, onların problemlərini onların dilindən eşitmək istəyir. Cənab İlham Əliyev müsahibədə səmimiyyətlə bildirir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Mən dəfələrlə bu barədə öz fikirlərimi bildirmişəm və bizim atdığımız addımlar dediklərimi sübut edir. Bizim imkanlarımız artdıqca, ilk növbədə, bu gün hələ də ağır vəziyyətdə, çətin şəraitdə yaşayan insanların yaşayış səviyyəsini yaxşılaşdırmağa çalışırıq. Son illər bu istiqamətdə çox böyük işlər görülmüşdür. Baxın, köçkünlər üçün 100-dən çox şəhərcik tikilmişdir. Yəni mən bilmirəm, hansı başqa ölkədə buna rast gəlinir. Mən bilirəm ki, bu məsələ ilə məşğul olan beynəlxalq təşkilatlar həmişə Azərbaycanı nümunə kimi göstərirlər. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 6500-dən çox mənzil verilmişdir. Mən eşitməmişəm, hansı ölkədə bu kateqoriyadan olan insanlara bu qədər dəstək göstərilir. Şəhid vərəsələrinə 11 min manat məbləğində birdəfəlik maddi yardım verilmişdir. Bu da dünya praktikasında analoqu olmayan bir yanaşmadır. Yəni bütün bunlar bizim niyyətimizi, siyasətimizi göstərir. Onu göstərir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır, onun maraqlarıdır, onun rifahıdır.”
Azərbaycan dövlətinin qüdrəti xalqla ölkə başçısının həmrəyliyindədir. Bu həmrəylik ölkəmizə siyasi sabitlik, sosial-rifah və yeni uğurlar gətirir. Xalq öz dövlətini və onun başçısını necə dəstəkləyirsə, dövlətimizin başçısı cənab İlham Əliyev də daim xalqın rifahının yüksəlməsi istiqamətində çalışır. Bunun bariz nümunəsi ötən həftə Şamaxıda baş verən zəlzələdən dərhal sonra Prezident İlham Əliyevin bu rayona səfər etməsi və orada evləri zərər görmüş insanlarla görüşüdür. Həmin görüşlərdə insanlar öz Prezidentinə güvəndiklərini və onun onları heç vaxt darda qoymayacağı barədə səmimi söhbətləri bütün ölkəmizdə dövlətimizə və onun rəhbərinə qarşı xoş hisslər yaratmışdır. Prezident müsahibəsində bu barədə deyib: “Dövlət-vətəndaş münasibətləri sağlam zəmində qurulub. Azərbaycan vətəndaşı bilir ki, ən ağır vəziyyətdə Azərbaycan dövləti onun yanında olacaq. Dövlət isə tam əmindir ki, vətəndaş hər zaman dövlətin arxasında olacaq.”
Ölkəmizin başçısının Şamaxıda zəlzələdən evləri zərər çəkmiş Saray nənə ilə görüşü və onların səmimi söhbəti ölkə ictimaiyyətində böyük maraqla qarşılanmışdır. Saray nənənin əllərindən öpən Prezident bir daha milli mənəvi dəyərlərimizə bağlılığını, ən ali vəzifəsindən asılı olmayaraq böyüklərə göstərdiyi hörmət və diqqətin ali təmsilçisi kimi xoş təsir bağışladı. Prezident müsahibədə həmin görüşü çox yüksək dəyərləndirərək deyib: “Saray nənə Azərbaycan qadınının ən yüksək keyfiyyətlərini özündə təcəssüm etdirir. Saray nənə kimi nənələr, analar bizim milli mənəvi dəyərlərimizi əsrlər boyu qoruyan insanlar olublar. Hər bir Azərbaycan qadını Saray nənəyə oxşamaq istəyir. Məncə, bu, belədir. Baxın, evi dağılmış 92 yaşında bir qadın, bu adamda nə qədər nikbinlik var. Çünki Saray nənədə inam var ki, dövlət onun yanında olacaq.”
Bu gün Azərbaycan həm danışıqlar masasında, həm də döyüş meydanında üstün mövqedədir.
Müsahibədə ölkəmizdəki islahatların ən dəyərli nümunəsi kimi “ASAN xidmət”i yüksək qiymətləndirən dövlət rəhbəri bildirib ki, bu xidmətin mövcudluğu ictimai davranış sahəsində, ictimai xidmətlər sahəsində, məmur-vətəndaş münasibətlərində inqilabdır: “Mən demişəm ki, hər bir dövlət məmuru vətəndaşların xidmətçisidir - Prezidentdən tutmuş aşağı səviyyəli məmura qədər.”
Müsahibədə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti barədə məlumat verən ölkəmizin başçısı deyib ki, bu gün Azərbaycan həm danışıqlar masasında, həm də döyüş meydanında üstün mövqedədir. Ölkəmizin rəhbəri son dövrlərdə Azərbaycanın haqlı mövqeyinin həm beynəlxalq təşkilatlarda, həm də ayrı-ayrı dövlətlər tərəfindən müdafiə olunduğunu bildirərək deyib ki, bütün bunlar bu münaqişə üçün hüquqi baza yaradır: “Hüquqi baza ondan ibarətdir ki, Dağlıq Qarabağ, - bunu biz hamımız yaxşı bilirik, - Azərbaycanın ayrılmaz hissəsidir. Münaqişənin həlli yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkündür.”
Prezident ordu quruculuğunu da xüsusi qeyd edərək bildirib ki, son bir neçə ildə Azərbaycan qüdrətli ordu yarada bilib. O, 2016-cı ilin aprel döyüşlərinə və iki il sonra uğurlu Naxçıvan əməliyyatına diqqət çəkərək ermənilərə ağır zərbələr vurduğumuzu qürur hissi ilə bildirdi.
Cənab Prezident həm beynəlxalq hüququn bizim tərəfimizdə olması faktından, həm də güclü orduya malik olmağımızdan haqlı olaraq bu qənaətdədir ki, Azərbaycan işğal altındakı torpaqlarını azad edəcəkdir.
Elçin Zaman, “İki sahil”
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...