2004-cü ildən icra olunan regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası ilə ölkənin sənayeləşdirilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi aqrar sahəni də canlandırdı. Əhalinin ərzaq təhlükəsizliyi, daxili bazarda yerli məhsulların həcminin artırılması təmin olundu. “İlk növbədə, biz ərzaq təhlükəsizliyi məsələlərini həll etməli idik və bu istiqamətdə çox önəmli addımlar atılmışdır.
Bununla bərabər, biz kənd təsərrüfatının bütün ənənəvi sahələrini inkişaf etdirməli idik. Əslində 2004-cü ildə qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının da əsas məqsədi bundan ibarət idi ki, regionlar inkişaf etsin, regionlarda infrastruktur layihələri icra edilsin, sahibkarlıq üçün şərait yaradılsın və ölkə iqtisadiyyatı şaxələndirilmiş şəkildə inkişaf etsin. Bu gün tam əminliklə deyə bilərik ki, biz bu məqsədlərə çatmışıq. Çünki infrastruktur olmadan heç bir inkişafdan söhbət gedə bilməz” söyləyən Prezident İlham Əliyev əsas diqqəti kənd təsərrüfatının ən vacib sahələrinə yönəltdi.
Lənkəranda çay, çəltik, sitrus meyvələri istehsalının inkişafı məsələlərinə həsr olunmuş müşavirədə “Kənd təsərrüfatının hər bir sahəsi bizim üçün çox önəmlidir və son illər ərzində bu sahəyə göstərilən diqqət öz nəticəsini verir” söyləyən dövlət başçımız Qaxda barama, tütün və fındıq istehsalının artırılmasını diqqətə çatdırdı, qarşıda duran vəzifələrdən söz açdı. Pambıqçılığın inkişafına həsr olunmuş zona müşavirələrində daha çox ixracyönümlü olan “ağ qızıl”ın əhəmiyyətini qeyd etdi.
Bəllidir ki, planlı iqtisadiyyatın mövcud olduğu sovet hakimiyyəti vaxtında bütün İttifaq respublikalarında olduğu kimi, Azərbaycanda da əhalinin ərzaq məhsullarına - toyuq, mal ətinə, südə, şəkərə olan tələbatı başqa respublikalardan gətirilən məhsullar hesabına ödənilirdi. Müstəqillik əldə etdikdən sonra tələbatın daha keyfiyyətli, ekoloji cəhətdən təmiz yerli məhsullar hesabına ödənilməsi qarşıya əsas vəzifə kimi qoyuldu.
İqtisadiyyatımızın 80 faizdən çoxunun özəl sektorda formalaşması, bu göstəricidə aqrar sahədə çalışanların çoxluq təşkil etməsi ölkədə əmək resurslarından səmərəli istifadəni də aktuallaşdırır. Aqrar sahənin inkişafında, məhsuldarlığın artırılmasında, iri fermer təsərrüfatlarının yaradılmasında, əkinə yararlı sahələrin suvarılmasında başlıca amil olan meliorativ tədbirlərdən səmərəli istifadə xüsusi əhəmiyyət daşıyır. Son illərdə tutumu 470 milyon kubmetr olan Taxtakörpü, Şəmkirçay, Göytəpə, Tovuzçay su anbarlarının istifadəyə verilməsi əkinə yararlı torpaqların sahəsini də artırıb.
Fermerlərə güzəştli şərtlərlə subsidiyaların verilməsi, keyfiyyətli gübrə ilə təminatın 70 faizinin dövlət tərəfindən ödənilməsi, texnika ilə təchizat kənd təsərrüfatının stimullaşdırılmasına müsbət təsir göstərir.
Təkcə keçən il 5800 texnika alınıb. 17 aqropark istifadəyə verilib.
Bütün müşavirələrdə pambıqçılığın genişlənməsinə diqqətin artırılmasını vacib hesab edən dövlət başçımız bu gəlirli sahənin inkişafı üçün lazımi tədbirlərin görülməsini daim diqqətdə saxlayır. Respublikanın 24 rayonunda pambıqçılığın inkişafı ən azı 70 min insanın işlə təmin olunması deməkdir. Pambığın dövlət tərəfindən alış qiymətinin artırılması “ ağ qızıl”ın əkininə marağı kütləviləşdirib. Görülən aqrotexniki tədbirlər nəticəsində əvvəlki illərdə hər hektardan 20 sentner olan məhsuldarlıq, hazırda təqribən 30-35, bəzi rayonlarda 40 sentnerə çatdırılıb.
Gəlirli sahələrdən olan baramaçılıqda hiss olunan tərəqqi, eyni zamanda kənd əhalisinin işlə təminatı, məşğulluğa cəlbi deməkdir. Barama mövcümündə on minlərlə insan kümçü kimi bu işlə məşğul olur. Baramaçılığa göstərilən diqqət, eyni zamanda, ipəkçiliyin, xalçaçılığın inkişafını da təmin edir. Bir neçə ildən sonra ölkədə 1000 tondan artıq barama istehsalı nəzərdə tutulur ki, bu, perspektivdə insanların həyat tərzinin yaxşılaşmasını təmin edəcək, eyni zamanda dünya bazarlarında keyfiyyətinə görə fərqlənən Azərbaycan ipəyinə, xalçasına marağı artıracaq. Qax rayonunda Damazlıq Baramaçılıq Mərkəzinin yaradılması idxaldan asılılığı azaldacaq, tut tinginin yetişdirilməsindən başlamış hazır ipək parçasına qədər bütün proseslərin daxili potensial hesabına aparılmasını təmin edəcək. Təkcə Şəkidə 2018-ci ildə 48 ton barama istehsal edilib, 2851 nəfər işlə təmin olunub, kümçülər, ümumilikdə, 400 min manatdan çox gəlir qazanıblar.
Eyni sözləri tütünçülük, üzümçülük haqqında da söyləmək olar.
Üzümçülüyün, şərabçılığın Azərbaycanda çox böyük ənənələri var. Sovetlər dönəmində gəlirli sahə olan üzümçülüyün ləğvi ilə bağlı səhv siyasət yeridilsə də, məhsuldar bağlar sıradan çıxarılsa da artıq bu gəlirli sahə inkişaf etdirilir. Keçən il bağlardan 167 min ton üzüm toplanılıb ki, bu da əvvəlki illərlə müqayisədə 3 dəfə çoxdur. Burada da dövlət dəstəyi, əlbəttə ki, ön plandadır. Qeyd edək ki, şərab istehsalı 15 il ərzində 5 dəfə artıb.
“İxrac qabiliyyətli məhsulların istehsalını artırmaq üçün müxtəlif bölgələrdə böyük fındıq bağları salınacaq. Demək olar ki, mövcud fındıq bağlarından iki dəfə çox yeni bağlar salınacaq. Artıq yerlər də müəyyən edildi və işlər görülür. Səmərəsiz istifadə olunan torpaqlarda planlı şəkildə növbəli əkin təmin ediləcək” söyləyən cənab İlham Əliyev başqa ölkələrə ixrac olunan, xüsusilə qənnadı məhsullarının hazırlanmasında əvəzsiz çərəz sayılan fındıq sahələrinin artırılmasını həmişə diqqətdə saxlayır. 2016-cı ildə 40 min hektar olan, hazırda 75 min hektara çatdırılan fındıq bağlarının sahəsi qarşıdakı illərdə əlavə olaraq 9 min hektar artırılacaq. Yəni indi 20 min kəndlinin çalışdığı 84 min hektar sahədə məhsul yetişdiriləcək. Gəlirli və ixracyönümlü badam və qoz bağlarının salınması, emal fabriklərinin tikintisinin nəzərdə tutulması, zeytunçuluğa diqqətin artırılması da ölkəyə əlavə valyuta gətirəcək.
Fermerlərin torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilməsi, 200 milyon manata yaxın subsidiyanın ayrılması uzun illər diqqətdən kənarda qalan kənd təsərrüfatının bütün sahələrində canlanma yaradıb. “Biz kənd təsərrüfatında islahatları dərinləşdirməliyik. Kənd təsərrüfatı elmi əsaslarla inkişaf etməlidir. Müasir texnologiyalar, yanaşmalar tətbiq olunmalıdır. Biz ərzaq təhlükəsizliyi ilə bağlı bundan sonra da mütləq ciddi iş aparmalıyıq, bu, prioritet məsələdir. Məhsuldarlığın artırılması istiqamətində işlər görülür. Hesab edirəm ki, bu, yaxın gələcəkdə özünü göstərəcək. Biz kənd təsərrüfatı məhsullarının ixracını artırmalıyıq. Düzdür, son 15 il ərzində kənd təsərrüfatı məhsullarının ixracı təxminən 6 dəfə artıb. Ancaq potensial da böyükdür və biz yeni bazarlara çıxmalıyıq. Ticarət evləri açılır, ixrac missiyaları göndərilir, dövlət tərəfindən sahibkarlara çox böyük dəstək verilir ki, onlar öz məhsullarını xaricdə sata bilsinlər. Əlbəttə ki, aqroparkların da çox böyük əhəmiyyəti var. Artıq 250 min hektarda 51 aqropark yerləşir. Əlbəttə ki, bu torpaqlarda əvvəllər ya iş getmirdi, ya da çox ləng gedirdi” söyləyən Prezident İlham Əliyev iri fermer təsərrüfatlarında strateji əhəmiyyətə malik taxılçılıqda məhsuldarlığın hər hektardan 50 sentnerə çatdırılmasını, bu sahədə idxalın azalmasını aqrar sahənin inkişafında böyük uğur kimi dəyərləndirir. “Biz Avropa İttifaqının səviyyəsinə çatmışıq, ancaq iri fermer təsərrüfatlarında” söyləyən cənab İlham Əliyev bütün fermer təsərrüfatlarında yüksək göstəricilərə nail olmaq üçün lazımi aqrotexniki tədbirlərin görüləcəyini bildirir.
Xarici bazarlarda keyfiyyətinə görə daha çox alıcı rəğbəti qazanan meyvə və tərəvəz istehsalında dinamika daha çox hiss olunur. Keçən il ölkə üzrə tərəvəz istehsalı 1 milyon 500 min tona çatdırılıb. Dövlət başçımız ölkəmizə daha çox valyuta gətirən məhsulların istehsalının artırılmasını qarşıya məqsəd qoyur. Ən çox ehtiyac duyulan və tələbat artan pomidordan əldə olunan gəlir 177 milyon dollar olmuşdur. Xurma 114 milyon, pambıq və pambıq məmulatları 108 milyon , fındıq 100 milyon, alma 38 milyon dollar qazandırmışdır. 2004-cü illə müqayisədə (420 min ton) meyvə istehsalı 2018-ci ildə bir milyon ton olub. Yəni iki dəfədən çox. Çayçılıq, çəltikçilik, sitrusçuluq üzrə məhsuldarlıqda da irəliləyiş var. Ölkəmizdə arıçılığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər nəticəsində istehsalı artan, keyfiyyətli Azərbaycan balına xarici bazarlarda tələbat çoxdur. Ailə biznesi kimi dəyərləndirilən arıçılığın inkişafı üçün böyük potensial var. Aqrar sahənin inkişafında əsas məsələ olan ekoloji vəziyyətə nəzarətin artırılması da diqqətdə saxlanılır. Geni dəyişdirilmiş məhsulların dünyada yaratdığı problemlərin, fəsadların aradan qaldırılmasının ən səmərəli yolu kəndlinin alın təri ilə yetişdirdiyi keyfiyyətli məhsuldan səmərəli istifadədir. Dünya bazarlarında Azərbaycan brendi ilə daha geniş coğrafiyada təmsil olunmaq üçün ekoloji cəhətdən təmiz məhsulların istehsalı artırılmalı, fermerin əməyi düzgün qiymətləndirilməli, ilk növbədə daxili bazarımız yerli məhsullarla zənginləşdirilməli, dadlı, ləzzətli məhsullarımız süfrələrimizi bəzəməlidir.
Xuraman İsmayılqızı, “İki sahil”
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...