04 fevral 2019 11:14
1705

Tarix, ədəbiyyat, dil və dinimizə bağlılıq nümunəsi

“Azərbaycan çox zəngin mədəni irsə malik olan bir ölkədir” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki,  mədəni irsimiz dövlət tərəfindən, həmçinin beynəlxalq təşkilatlar tərəfindən qorunur. Uzun illər başqa ölkələrin tərkibində yaşamağımıza baxmayaraq  milli xüsusiyyətlərimizi, mənliyimizi qoruya bilmişik, milli identifikasiyamızı itirməmişik. Bunun başlıca səbəbi mədəniyyətdir. Ölkə Prezidenti, eyni zamanda, bildirir ki, milli dəyərlərimiz ümumbəşəri  dəyərlər əsasında qurulub.

Mənəvi dəyərlərimizin inkişafı, qorunması üçün ədəbiyyatımızın, musiqimizin çox böyük əhəmiyyəti var. Muğam həm ədəbiyyat, həm musiqi, həm də Azərbaycan dilinin saflığını qoruyan sənətdir. Dövlətimizin başçısı İlham Əliyev məhz bu kimi məsələləri önə çəkərək  Azərbaycan dilinin saflığının qorunması ilə bağlı Fərman imzalamışdır.  Əbəs yerə deyilmir ki, keçmişini sevən,  bu günü ilə qürur duyan, gələcəyə böyük ümidlərlə baxan xalq hər zaman tarixin sərt sınaqlarından üzüağ çıxar, milli varlığını, mövcudluğunu qoruyar.

Dünya sivilizasiyası xəzinəsinə böyük töhfələr verən Azərbaycanın bu  il UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməsi barədə  qərarın qəbul olunmasında da milli mənəvi dəyərlərinə,  tarixi-mədəni irsinə bağlılığı əsas yer tutur. Bu mühüm qərar, həmçinin  beynəlxalq əməkdaşlığa söykənən, elm, mədəniyyət və təhsil yolu ilə dünyanın sülh və təhlükəsizliyini qorumaq məqsədi ilə yaradılan UNESCO ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinin təhlilində də əhəmiyyətli rol oynayır. 

Tarixə söykənərək, inkaredilməz olan bu reallıq da önə çəkilir ki, bir millətin, xalqın dəyərlərinin, dilinin əlindən alınması onun məhvi deməkdir. “Biz öz tarixi köklərimizlə, milli köklərimizlə,  milli mənəvi ənənələrimizlə, böyük tariximizlə fəxr edə bilərik” söyləyən ulu öndər Heydər Əliyev  daim bu  çağırışı etmişdir ki, gələcəyimiz olan gənclər milli mənəvi dəyərlərimizi unutmamalı,  tariximizi, ana dilimizi bilməli və qorumalıdır. Bir əsas məqamı da qeyd edək ki, ulu öndər Heydər Əliyev Azərbaycan xalqının tarixi keçmişində, mənəvi mədəniyyəti tarixində iz qoymuş böyük şəxsiyyətlərin abidəyə çevrilməsinin xalqın milli varlığına, milli duyğularının güclənməsinə son dərəcə müsbət təsirini xüsusi vurğulayaraq,  Bakının ən görkəmli yerlərində xalqımızın milli varlığının daşıyıcısı olan böyük insanların əzəmətli heykəlləri ucaldılmış, böyük tarixi şəxsiyyətlərin hər biri üçün bir mədəniyyət mərkəzinə çevrilən ev-muzeyləri yaradılmışdır. Son 15 ildə bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi atılan davamlı addımlardan daha aydın görünür. Təkcə son iki ilə diqqət yetirmək kifayətdir. Cənab İlham Əliyevin Sərəncamı ilə 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi, həmçinin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında”  Sərəncamı, “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında”  Fərmanı,  2019-cu ilin “Nəsimi İli” elan edilməsi və s. kimi biri-birindən önəmli addımlar  zəngin tariximizə, ədəbiyyatımıza, mədəniyyətimizə, milli mənəvi dəyərlərimizə sahib olmağımızdan irəli gəlir.

Azərbaycan mədəniyyətinin, milli mənəvi sərvətlərinin  qorunub saxlanılmasında, həmçinin Azərbaycan-UNESCO əlaqələrinin inkişafında böyük xidmətləri olan Heydər Əliyev Fondunun da  proqram və layihələri   diqqəti cəlb edir.  Beynəlxalq səviyyəli dialoqlarda iştirakı ilə  bəşəri dəyərlərə  sadiqliyini,  Azərbaycanın dünya mədəniyyətinin bir parçası olduğunu əməli fəaliyyəti ilə təsdiqləyən  Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva “Mən bu kürsüdən istifadə edərək bir daha hamını əmin etmək istərdim ki,  Heydər Əliyev Fondu Azərbaycanın bu günü və sabahı naminə gələcəkdə də  çalışmağa hazırdır. Bu yolda bizə dəstək verən, yardım edən hər bir insana, hər bir quruma - istər dövlət, istər qeyri-dövlət qurumuna, - bizimlə birgə, əməkdaşlıq yaradan beynəlxalq təşkilatlara dərin minnətdarlığımı çatdırıram” söyləyərək,  hər bir uğurun əsasında yüksək məsuliyyət hissinin dayandığını bildirir. Ölkə daxilində  və dünya arenasında  həyata keçirdiyi layihələrin əhəmiyyətini nəzərə alan ölkə Prezidenti İlham Əliyev  Mehriban xanım Əliyevanı Vətənimizin ən ali  mükafatı -  “Heydər Əliyev mükafatı” ilə təltif edərkən  bildirmişdir ki,  Fondun bütün təşəbbüsləri milli ruha  əsaslanır: “Modernləşmə, müasirləşmə, dünya birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi, Azərbaycanın olduğu kimi dünyaya təqdim edilməsi - bütün bu şərəfli  funksiyalar bu Fondun üzərinə düşür.” Bunu da xüsusi qeyd etməliyik ki, milli sərvətimiz olan muğam sənətinin yenidən inkişafı və beynəlxalq arenaya çıxarılması məhz Heydər Əliyev Fondunun və Mehriban xanım  Əliyevanın şəxsi təşəbbüsü nəticəsində mümkün olmuşdur. Həmçinin aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin UNESCO-nun nadir, şah əsərləri sırasına daxil edilməsi Azərbaycanla bu təşkilat arasında olan əməkdaşlığın davamlılığına işıq salır. Bir sözlə, bu əməkdaşlıq Azərbaycanın sərvətlərinin beynəlxalq məkanda dəyərləndirilməsində bir körpü rolunu oynayır.

Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin ölkəmizdə “Nəsimi İli” elan edilməsi də Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə verdiyi töhfələrə işıq salmaqla yanaşı,   xalqımızın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsinin bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malik olduğunu açıqlayır. Bu mühüm addımın ölkəmizdə nəsimişünaslığın inkişafına böyük təkan verəcəyini bildirən elmi ictimaiyyət bu mühüm məqamı da önə çəkir ki,  Nəsimi yaradıcılığının mübarizliyi, haqqı bütün varlığı ilə müdafiə etməsi örnək olaraq bütün xalqımıza, xüsusilə   gənc nəslimizə öz müsbət təsirini göstərəcək. Bir sözlə,  bu kimi mühüm qərarlar  ölkəmizdə yüksək ideallara, mənəvi həyata, mədəniyyətə, şeirə, sənətə, onların inkişafına nə qədər böyük diqqət yetirildiyinin təzahürüdür. “Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında”, həmçinin 2019-cu ilin “Nəsimi İli” elan edilməsi ilə bağlı Sərəncamlarda da bu reallıqlar öz əksini tapıb ki, şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Böyük söz ustasının 600 illiyinin UNESKO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edildiyi və beynəlxalq miqyasda qeyd olunduğu həmin dövrdən etibarən Nəsimi ilə bağlı çox sayda araşdırmalar aparılmışdır. Nəsiminin yaradıcılığı artıq milli mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir.

Qısa təhlilə əsaslanaraq bu ümumiləşdirməni apara bilərik ki,  milli mənəvi dəyərlərimizə, tariximizə, ədəbiyyatımıza,  dilimizə və dinimizə bağlılığımız  Azərbaycanın müxtəlif sivilizasiyalararası və dinlərarası dialoqların keçirilməsi üçün ideal məkan seçilməsini, müxtəlif beynəlxalq qurumlarla yüksələn xətlə inkişaf edən əməkdaşlığını şərtləndirir. Bu uğurlarımız Azərbaycanı beynəlxalq aləmdə  ənənələri olan bir dövlət kimi tanıdır.

Yeganə Əliyeva, “İki sahil”