Dövlət başçısı kimi fəaliyyətə başladığı ilk günlərdən Azərbaycanın hərtərəfli inkişafı üçün regional proqramların qəbulunu qarşıya qoyulan hədəflərə nail olmağın əsas istiqaməti kimi müəyyənləşdirən Prezident İlham Əliyev “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərmanı imzalamaqla respublikamızı iqtisadi inkişaf baxımından regionun lider dövlətinə çevirmək istəyinin təməlini qoydu.
Fəaliyyətində reallığa və praqmatizmə əsaslanan cənab İlham Əliyevin hökumətə, idarəetmə strukturlarına tövsiyəsi belə idi ki, Azərbaycanı beynəlxalq iqtisadi münasibətlər sistemində yüksək rəqabət qabiliyyətinə malik ölkə kimi tanıtmaq hər bir vətəndaşın borcudur. Göstərilən məqsədə çatmaq üçün bazar iqtisadiyyatı şəraitində sağlam rəqabəti təmin edən səmərəli dövlət tənzimlənməsi, enerjidən səmərəli istifadə, yüksək əlavə dəyər yaradan ixrac yönümlü iqtisadiyyata nail olmaq, sosial-iqtisadi sahələrin inkişafına kompleks yanaşma prinsiplərinə diqqətin artırılması tələb olunurdu.
Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransda “Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı proqramlarının qəbul edilməsi mənim 2003-cü ildə prezident seçkiləri ərəfəsində verdiyim vədlərimdən biri idi” söyləyən cənab İlham Əliyev son 15 ildə görülən işləri də diqqətə çatdırdı. 2004-cü ilin fevral ayında qəbul olunan birinci Dövlət Proqramının qəbulu ilə davam etdirilən inkişafın Azərbaycan modelinin ölkəmizə qazandırdığı uğurlardan bəhs etdi.
Vədlərin nəzərdə tutulduğundan da tez müddətdə reallaşması
Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirdi
Ötən ilin aprel ayında keçirilən prezident seçkilərində cənab İlham Əliyevin mütləq qələbəsi eyni zamanda dövlət başçımızın təşəbbüsü ilə hazırlanan və ölkə iqtisadiyyatının bütün sahələrini əhatə edən Dövlət Proqramlarının icrasına xalq tərəfindən göstərilən dəstək idi. Əhalinin sosial həyat tərzinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahat və layihələrin tətbiqi ilə son 15 ildə qazanılan uğurlar təkcə statistik rəqəmlərdə deyil, real həyatda, regionların dəyişilən, müasirləşən simasında da əksini tapır.
Dövlət başçımızın “Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı dünya miqyasında rekord templərlə inkişaf etmiş, ümumi daxili məhsul 3,3 dəfə artmışdır. Bir daha demək istəyirəm, bu, dünya miqyasında rekord göstəricidir. Sənaye istehsalı 2,6 dəfə artmışdır. İxracımız 4,7 dəfə, valyuta ehtiyatlarımız 24 dəfə artıb və bu gün 45 milyard dollar təşkil edir. Yəni, bu, onu göstərir ki, Azərbaycan regionlarına və eyni zamanda, neft-qaz sektoruna, Bakı şəhərinin inkişafına böyük vəsait qoyulmasına baxmayaraq, biz öz valyuta ehtiyatlarımızı 24 dəfə artıra bilmişik. Bu, bizə imkan verir ki, gələcəyə çox böyük ümidlərlə baxaq. Azərbaycan iqtisadiyyatı bu gün dayanıqlı iqtisadiyyatdır” sözlərinin Dünya İqtisadi Forumunun, Dünya Bankının “Doing Business” hesabatlarında da təsdiqlənməsi, ölkəmizin rəqabətə davamlı iqtisadiyyatının ən böyük uğurlarının beynəlxalq səviyyədə dəstəklənməsi xalq-iqtidar birliyinin ifadəsidir. Həyata keçirilən mühüm investisiya layihələrinə və proqramlarına əsasən 15 ildə Azərbaycan iqtisadiyyatına təxminən 250 milyard dollar sərmayə qoyulması və bu sahədə xarici investisiyaların önəmli yer tutması ölkədə biznes mühitinin sağlamlaşdırılmasına göstərilən diqqəti əks etdirir. Dövlət proqramlarının qəbul olunduğu ilk illərdə valyuta ehtiyatları 1,8 milyard dollar olan, Dünya Bankının “Doing Business”in hesabatında 98-ci yerdə dayanan ölkəmizin aparılan islahatlar, həyata keçirilən mühüm əhəmiyyətli layihələr hesabına qısa müddətdə dünya miqyasında 25-ci yerdə qərarlaşması çəkilən zəhmətin, lider qətiyyətinin, düşünülmüş siyasətin məntiqi nəticəsidir. Bölgələrin inkişafına göstərilən diqqət, iş adamlarının səmərəli fəaliyyəti üçün vergi sistemində aparılan islahatlar, “bir pəncərə” prinsipləri əsasında təkmilləşən özəl sektorda yaradılan əlverişli şərait regionların inkişafını daha da sürətləndirmiş, açılan 2 milyondan artıq iş yerində özəl bölmənin rolunu artırmışdır.
Sənayeləşmə ölkə iqtisadiyyatının şaxələndirilməsi siyasətini sürətləndirir
Uğurla davam edən sənayeləşmə sahəsində qazanılan nailiyyətlərə ən önəmli nümunə kimi müxtəlif rezidentləri birləşdirən Sumqayıt Sənaye Parkını göstərmək kifayətdir. Dövlət proqramlarında nəzərdə tutulan fabrik və zavodların, müştərək müəssisələrin istifadəyə verilməsi, yaradılan aqroparkların fəaliyyəti ilə açılan iş yerlərinin, sayı, məhsuldarlıq, istehsal və ixracı daha da artılır. Hazırda sayı 17 olan, yeni proqramın icrası ilə 51-ə çatdırılacaq aqroparklar kənd təsərrüfatının inkişafında da mühüm rola malikdir. Arxada qalan illər ərzində ölkəmizin qazandığı uğurlar sırasında Azərbaycanın kosmik ailənin üzvü olması, intellektual və iradənin məhsulu olan 15 “ASAN xidmət” kimi brendinin dünyada nümunə göstərilməsi qürurvericidir. Korrupsiya hallarının və rüşvətxorluğun aradan qaldırılması üçün ən səmərəli vasitə olan bu xidmətlərin sayının artırılması ilə insanların rahatlığını təmin etmək mümkün olacaq.
İqtisadiyyatımızın əsas sahəsini təşkil edən neft-qaz sektorunda qazanılan uğurlar daha çoxdur. Daxili resurslardan səmərəli istifadə nəticəsində Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatında böyük rola malik ölkəmiz dünyanın enerji və nəqliyyat xəritəsini də yeniləşdirir.
Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin işə düşməsi ilə başlanan qlobal layihələrin davamı olan, ötən il istifadəyə verilən “Cənub Qaz Dəhlizi”, TANAP tarixi hadisə kimi dəyərləndirildi. Tələb olunan maliyyə baxımından çətinlik olsa da siyasi, beynəlxalq əməkdaşlığa töhfəsi ilə diqqət çəkən bu layihələr bölgədə sabitliyi təmin etməklə tərəfdaş ölkələr arasında münasibətləri daha da möhkəmləndirdi, Cənubi Qafqazın lider dövləti olan Azərbaycana marağı artırdı, xarici siyasətimizin beynəlxalq səviyyədə dəstəklənməsini təmin etdi. Bakı-Tbilisi-Qars dəmir yolu isə qitələri birləşdirdi, Azərbaycanı Avrasiya məkanında nəqliyyat mərkəzinə çevirdi.
İnsanlarda təşəbbüskarlıq artır, sahibkar qazanır, dövlət dəstək verir
Ən çox işçi qüvvəsini əhatə edən kənd təsərrüfatının 1,7 dəfə artımı Dövlət Proqramlarının tətbiqi ilə mümkün olmuşdur. Bölgələrdə yaradılan fermer təsərrüfatlarının səmərəli fəaliyyəti məşğulluq problemini də aradan qaldırır. İqtisadiyyatın dinamik, davamlı inkişafı sayəsində əhalinin sosial-iqtisadi müdafiəsinin daha etibarlı təminatı mümkün olmuşdur. Yola saldığımız ötən ildə başa çatan, 2014-2018-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı daha uğurlu olmuşdur. Təkcə ötən il bölgələrə 24 səfər edən, əhalinin məşğulluq səviyyəsini nəzərə alaraq rayonların iqtisadiyyatının sürətləndirilməsi üçün əlavə Tədbirlər planlarını təsdiqləyən dövlət başçımızın insanların rahatlığını təmin edəcək, yol, nəqliyyat infrastrukurunun həlli üçün Prezidentin Ehtiyat Fondundan vəsaitlər ayırması əhali tərəfindən rəğbətlə qarşılanır. Bir faktı diqqətə çatdıraq ki, bölgələrin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı imzalanan 400-dən artıq Sərəncamın həlli üçün 2,8 milyard manat vəsaitin ayrılması ötən dörd illik proqramın uğurla nəticələnməsini təmin edib. Üç mərhələ üzrə başa çatdırılan proqramlarda nəzərdə tutulan insan amilinə qayğı prinsipinə sadiqliyin nəticəsidir ki, ötən müddətdə maaşlar 7, pensiyalar 9 dəfə artıb. Şəhid, aztəminatlı ailələrin həyat səviyyəsinin yaxşılaşdırılması üçün dövlət tərəfindən müəyyənləşdirilən güzəştlərin sırasına yeni imtiyazlar əlavə olunub. Prezident İlham Əliyevin və Birinci vitse- prezident Mehriban Əliyevanın şəhid ailləri ilə görüşləri, dövlət başçımızın Sərəncamı ilə şəhid ailələri üçün nəzərdə tutulan 11min manat birdəfəlik ödəmə, bu statusdan olan ailələr uçun Prezidentin təyin etdiyi aylıq təqaüdün məbləğinin artırılaraq 300 manat müəyyən edilməsi, məcburi köçkün ailələrinin övladlarının ali təhsil haqqını ödəməkdən azad olunması dövlətin insan amilinə göstərdiyi və heç bir ölkədə alternativi olmayan ən böyük qayğıdır. Son 15 ildə 3 mindən artıq məktəbin əsaslı təmiri və ya yenidən tikilməsi, 600-dən artıq tibb müəssisəsinin inşası, gənclərin fiziki hazırlığının artırılması üçün bölgələrdə istifadəyə verilən 44 olimpiya mərkəzi sosial islahatların tərkib hissəsidir. “Bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlüdür və əldə edilmiş gəlirləri biz, ilk növbədə, sosial sahələrə yönəldirik” söyləyən Prezident İlham Əliyevə ölkə əhalisinin artan etimad və rəğbətini ifadə edən islahatlar biri-birindən mühüm və qlobal əhəmiyyətlidir.
Sahibkarlığın inkişafına ən böyük dəstək olan güzəştli şərtlərlə 2 milyard manatdan artıq kreditin verilməsi, “qaytarılan kredit” prinsipinin özünü doğrultması və iş adamlarının məsuliyyətini artırması dövlət büdcəsinin yükünü azaltmaqla yeni sahələrin təşkilinə də əlavə stimul yaradır. 7 mindən artıq ailəni əhatə edən özünüməşğulluq proqramının əhatə dairəsinin genişlənməsi, Ailə Biznesinə Asan Dəstək (ABAD) mərkəzlərinin yaradılması, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) layihəsinin icra mexanizminin müəyyənləşdirilməsi əhali arasında məşğulluq səviyyəsinin artırılması naminə həyata keçirilən layihələrdir.
“Biz isə görülmüş işlərlə kifayətlənməməliyik, daim qabağa baxmalıyıq. Baxmalıyıq ki, harada nə çatışmır, harada hansı məsələ öz həllini tapmalıdır” söyləyən cənab İlham Əliyev kənd təsərrüfatı və sənayedə potensialın yüksəlməsini, istehsalın artmasını dördüncü proqramın başlıca hədəfləri adlandırır. Təbii ki, yeni iş yerlərinin açılması, infrastruktur layihələri də diqqətdə saxlanılacaq.
Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən təsdiqlənən, icrası üçün 17 milyard manat vəsait ayrılan “Azərbaycan Respublikası regionlarının 1919-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulan vəzifələr daha möhtəşəm olacaq. “Regionların sosial-iqtisadi inkişafına dair dördüncü Dövlət Proqramının tərkibi, əsasən, yerlərdən gələn xahişlər nəticəsində formalaşıb. Mənim bölgələrə çoxsaylı səfərlərim və vətəndaşlarla söhbətlərim bu sahədə çox gözəl bir ünsiyyət yaradıb. Çünki vətəndaşların təklifləri mütləq nəzərə alınır və bölgələrdə bir çox layihələr məhz vətəndaşların təklifləri əsasında reallaşıb. Ona görə daim bu təmas olmalıdır və var ki, insanları narahat edən, bu gün hələ həllini tapmayan məsələlər həll olunsun. Bizim buna imkanımız da, iradəmiz də var” söyləyən cənab İlham Əliyev bildirir ki, möhkəm təmələ əsaslanan və həllini gözləyən, daha mühüm, sosialyönümlü və xalqın arzularına əsasən müəyyənləşdirilən vəzifələrin həlli Azərbaycanı daha da qüdrətləndirəcək.
Xuraman İsmayılqızı, “İki sahil”
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...