Dövlətimizin xarici siyasətinin əsasında dayanan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlar göz önündədir. Rəsmi Bakı problemin həllini şərtləndirən amillərdən bəhs edərkən beynəlxalq dəstəyin önəmini xüsusi önə çəkir. Ən yüksək tribunalardan bəyan edilir ki, Azərbaycan dövlətinin münaqişənin həlli ilə bağlı mövqeyi dəyişməzdir. İşğal altında olan torpaqlarımız azad edilməli, soydaşlarımız öz doğma yurd-yuvalarına qayıtmalıdır.
Bu günlərdə cənab İlham Əliyevin Davos İqtisadi Forumu çərçivəsində keçirdiyi görüşlərdə, həmçinin müsahibələrində diqqət göstərdiyi əsas məsələ məhz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi olmuşdur. Ölkə Prezidenti “Rossiya 1” televiziya kanalına müsahibəsində “Bu gün dünyada əsas qayda ölkələr arasında münasibətlərdə, beynəlxalq ticarətdə heç bir qaydanın olmamasıdır. Bunun təhlükəsi nədədir” sualına cavabı bu günə qədər rəsmi Bakını narahat edən və həllini gözlədiyi ikili siyasətin yaratdığı problemlərə bir daha işıq saldı. Dövlətimizin başçısı bu reallığı diqqətə çatdırdı ki, beynəlxalq təşkilatların qərarları yerinə yetirilməyəndə, yaxud qərəzli seçimlə yerinə yetiriləndə, BMT Təhlükəsizlik Şurasının qətnamələri də seçim əsasında, bəzi hallarda bir neçə gün ərzində yerinə yetiriləndə, bəzi hallarda isə 20 ildən çox müddətdə kağız üzərində qalanda, əlbəttə ki, bütün bunlar dünya nizamının pozulmasına gətirib çıxarır. Qaydaların olmaması, yaxud onların pozulması da əlbəttə ki, fəsadlara gətirib çıxarır, yəni etimad pozulur, ölkələr arasında qarşılıqlı fəaliyyətin səviyyəsi azalır. Bu da müəyyən münaqişələrə, bir çox ölkələr arasında müəyyən çətinliklərə, gərginliyə gətirib çıxarır. Buna görə də yaxşı, yaxud pis olmasından asılı olmayaraq, artıq hazırlanmış mexanizm mövcuddur. Bu, həm beynəlxalq münasibətlərə, həm iqtisadi, həm də sərmayə ilə bağlı olan məsələlərə aiddir. Biz, Azərbaycan o ölkəyik ki, həmişə qanunun aliliyinə, beynəlxalq hüququn normalarına əməl edilməsinə, o cümlədən aparıcı beynəlxalq təşkilatların bütün qərar və qətnamələrinin qeyd-şərtsiz yerinə yetirilməsinə çalışırıq. Odur ki, əlbəttə, bugünkü mənzərəni müşahidə etmək kədərlidir.”
İşğalçı Ermənistanan himayədarlarının dəstəyinə arxalanaraq, qonşu dövlətlərə ərazi iddiaları ilə çıxış etməsi və dünyanın bu günə qədər bu işğala göz yumması problemin həlli prosesinin uzanmasına, soydaşlarımızın qaçqın və köçkün vəziyyətində yaşamasına səbəb olur. Azərbaycanın bugünkü iqtisadi uğurlarından bəhs edərək daim bu reallıq diqqətə çatdırılır ki, müharibə şəraitində yaşamasaydıq bu gün daha böyük iqtisadi göstəricilərlə diqqət mərkəzində olardıq. Əhalinin sosial müdafiəsinin gücləndirilməsindən bəhs edərkən daim öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın sosial problemlərinin həllinin diqqət mərkəzində olduğu xüsusi qeyd edilir. Cənab İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində “Bir dənə də olsun çadır şəhərciyi qalmayacaq” bəyan etmişdi. Son illərin statistikasına diqqət yetirmək kifayətdir.
Dövlətimizin başçısı İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın Prezident Sarayında şəhid ailələri ilə görüşündə də ölkə Prezidenti bu kimi məqamları xüsusi diqqətə çatdırmışdır. “Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir”, eyni zamanda, “Torpaq, Vətən uğrunda canlarından keçən oğul və qızlarımız şəhidlik zirvəsinə ucalırlar” kimi fikirlərlə Azərbaycan xalqının Vətən sevgisini, vətənpərvərlik hissinin böyüklüyünü ifadə etmiş oluruq. Cənab İlham Əliyev görüşdə bu mühüm tezisləri vurğulayaraq qeyd etmişdir ki, 1990-cı illərin əvvəllərində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində minlərlə şəhid vermiş, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Cənab İlham Əliyev müstəqilliyimizin ilk illərində müşahidə olunan hakimiyyətsizlik nəticəsində torpaqlarımızın bir hissəsinin işğal olunduğunu diqqətə çatdırmışdır.
28 ilə yaxın müstəqillik tarixinə malik olan Azərbaycanın 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra əldə etdiyi uğurların miqyası genişdir. Düşünülmüş və məqsədyönlü siyasətin son 15 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində dünya inkişafın Azərbaycan modelinin mövcudluğunu dəstəkləyir və tətbiqinin vacibliyini bildirir.
İqtisadi inkişafı möcüzə kimi dəyərləndirilən Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun böyüklüyü göz önündədir. Ədalətli mövqeyi ilə dünyanın diqqətində olan ölkəmiz real faktlara, tarixi həqiqətlərə söykənən təbliğatı ilə ermənilərin yalanlarını ifşa edir, dünyaya ədalət meyarını əsas tutmaq üçün çağırış edir. Görüşdə bu gün Azərbaycanın güclü hərbi potensialı, dünyadakı nüfuzu, artan imkanları sayəsində danışıqlar prosesində mövqelərimizin kifayət qədər gücləndiyini söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirmişdir ki, bizim üçün ölkəmizin ərazi bütövlüyünün bərpası ən vacib məsələdir və münaqişə ilə bağlı qəbul olunan çoxsaylı qətnamələr ölkəmizin ərazi bütövlüyünə beynəlxalq dəstəyi təmin edib. “Azərbaycan xalqı və dövləti heç vaxt bu işğalla barışmayacaq” bəyan edən cənab İlham Əliyev son illərdə ordu quruculuğu istiqamətində böyük işlərin görüldüyünü bildirdi.
Böyük fəxr hissi ilə qeyd edə bilərik ki, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək gücündədir. Təkcə ötən il Azərbaycan Silahlı Qüvvələrinin, həmçinin Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçirilən parad, Naxçıvan qələbələri Azərbaycan Ordusunun hansı gücə malik olduğunu bir daha dünyaya nümayiş etdirdi. Cənab İlham Əliyev bu əminliyi ifadə etmişdir ki, gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.
Bu mühüm məqamı da xüsusi vurğulamaq lazımdır ki, münaqişədən əziyyət çəkən insanlara diqqət və qaygı dövlət siyasətinin əsas tərkib hissəsidir. Dövlətimizin başçısı görüşdə bu statistikanı açıqlamışdır ki, son illərdə məcburi köçkünlər üçün 100-dən çox qəsəbə tikilib. Bu kateqoriyadan olan insanlara yeni mənzillərin verildiyini və bu prosesin bu il də davam etdiriləcəyini bildirən Prezident İlham Əliyev şəhid ailələrinin də ev və avtomobillərlə təmin edildiyini diqqətə çatdırmışdır. Vurğulamışdır ki, keçən il prezident seçildikdən sonra ilk Fərman şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı olmuşdur. Bu sənədə əsasən 10 minə yaxın şəhid ailəsinə 11 min manat məbləğində birdəfəlik ödəmələrin verilməsi nəzərdə tutulub. Artıq bu proses başlayıb və 3 mindən çox şəhid ailəsi bu vəsaiti alıb.
Görüşdə dövlətimizin başçısı xalqa xidmət etməyin onun üçün böyük fərəh olduğunu bir daha diqqətə çatdıraraq, bildirmişdir ki, əsas məqsəd vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasıdır.
Cənab İlham Əliyev Azərbaycanın uğurları fonunda yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə öz ədalətli həllini tapacağına, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyini ifadə etmişdir.
Yeganə Əliyeva, “İki sahil”
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...