Azərbaycana qarşı qərəzli bəyanatlar qəbul olunanda, «qoca qitə»də ölkəmiz əleyhinə aksiyalar keçirib, təxribatlar hazırlananda rəhmətlik müəllimimiz, millətini sevən Bəxtiyar Vahabzadənin bu sözlərini xatırlayıram. «Azərbaycana qarşı xristianların «səlib yürüşü»nün davası deyil, din davasıdır.» Sovet ideologiyasının buxovlarının məngənəsində sıxıldığımız, nəfəsimizin kəsildiyi, «dinindən, dilindən asılı olmayaraq beynəlxalq ailənin üzvü kimi yaşadığımız» bir zamanda bu sözün mənasını tam dərinliyinə qədər başa düşmürdük. Çünki müğənnilərimiz də oxuyurdular ki, «Kür, Araz, Ararat, gözəldir bu həyat. Qardaş olub Hayastan, Azərbaycan.» Heç onda da başa düşmürdük ki, İrəvan olan yerdə bu «Hayastan» nə deməkdir? Dağlıq Qarabağ məsələsində «miatsum» xəstəliyinə tutulan, öləndə də bu kəlməni deyən gorbagor erməni harsınının millətçiliyini görəndə daşnakların «böyük Ermənistan» xəyallarının qaynaqlandığı «miatsum»un ağrı- acısını gördük, həm də yaşadıq. Maraqlıdır ki, «can deyib, can eşitdiyimiz böyük ailədə» respublikaları birləşdirən imperiyanın başbilənləri də soruşmadılar ki, İrəvan olmasın, lap Ermənistan, (Armeniya) olsun. Axı sizin respublikanızın adı var. Bu, «Hayastan» haradan zühur etdi.
Demək o illərdə də Kremldə çoxluq təşkil edən ermənilər və ermənipərəstlər Qarabağ planını hazırlayarkən bizə beynəlmiləlçilik dərsi keçirmişlər. İndi, bu Avropa Parlamentinin üzdəniraq parlamentariləri də imperiyanın illərdən bəri sadiq qaldığı siyasəti yeridir. Yəni dini, dinindən olan ermənilərin sözünü deyir. Xaçı xaçından olan daşnakların başına əl çəkir.
17 yanvarda, Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnamə qəbul etdiyi gün İrəvanın «Nubaraşen həbsxanasında» 5 dekabr 2018-ci ildə aclıq elan edən jurnalist, «haynews.am» saytının rəhbəri, «Erməni qartalları: «Vahid Ermənistan Partiyası»nın sədr müavini, Paşinyanın «küçə şouları»na dəstək verməyən Mqer Yegiazaryan səhhətində yaranan problemlərə görə təcili xəstəxanaya köçürülmüşdü. Siyasi mövqeyinə görə Ermənistanın baş naziri Nikol Paşinyanın göstərişi əsasında «dələduzluq» ittihamı ilə həbs edilən jurnalist aclıq aksiyasını 44 gün davam etdirdi. Yəni Paşinyan tərəfindən siyasi baxışına görə cəzalandırılan, etdiyi müraciətlərə məhəl qoyulmayan Mqerin hüquqları pozuldu və öldü.
Bu hadisə həmin vaxta təsadüf edirdi ki, Mqerin ölüsünə ağlamayan Avropa Parlamenti heç aclıq aksiyası keçirməyən Mehman Hüseynovun diriliyinə «yas tuturdu.» Vay-şivən qoparırdı ki, qoymayın, Mehman ölümə məhkum olunub Azərbaycanda demokratiya pozulub, insan hüquqları qorunmur. Yəni, ölən Mqer olsa da AP-də müzakirəyə çıxarılan «Mehman Hüseynov məsələsi» oldu.
Əvvəllər olduğu kimi avropalı parlamentarilər yenə də Ermənistan hakimiyyətinə güldən ağır söz demədilər. «Mart hadisələri» ilə ittiham edilən, prezident seçkilərində aksiya iştirakçılarını gülləbaran edən sabiq prezident Robert Koçaryanı həbs edən Nikol Paşinyanın əməllərini «görməyən» erməniləşmiş avropalılar baş nazirin başına tumar çəkdilər.
Əslində Mehman Hüseynov məsələsi qitə ölkələrində məskunlaşan milli xəyanətkarlar, Azərbaycanın daxili düşmənləri tərəfindən süni olaraq ortaya atılan bəhanə idi. Çünki bloqqerin ailə üzvləri, həbsdə ona baş çəkən hüquq müdafiəçiləri də təsdiqlədilər ki, Mehman aclıq keçirməyib və səhhətində heç bir problem yoxdur. Mehmanın saytlarda yerləşdirilən idmançıya məxsus görkəmi də onun aclıq keçirmədiyini təsdiqləyirdi.
Mehman Hüseynovun müraciətinin araşdırılması üçün aidiyyəti orqanlara tapşırıq verən, ölkəmizdə demokratiyanın inkişafı üçün ciddi islahatlar aparan, insanların azadlıqlarının qorunmasını dövlət siyasətinin əsas amili kimi diqqətdə saxlayan Prezident İlham Əliyevin humanizmi və xeyirxahlığı nəticəsində məsələ müsbət həll olundu.
Ermənistanda isə siyasi mövqeyinin qurbanı olan, hakimiyyətə qarşı müxalif mövqedə dayanan siyasi məhbusun, jurnalistin ölümü təbii qəbul edildi. «Jurnalistin ölümü hakimiyyətin siyasi qətlidir» söyləyən erməni şərhçi Qarnika Qevorqyanın da səsi Avropa Parlamentinə «çatmadı.»
Milyondan artıq azərbaycanlı qaçqın və köçkünün Ermənistan tərəfindən pozulan hüquqlarını din qardaşlarının konyakları ilə pərdələyən, « sərxoş olub, başını itirən», «xristian həmrəyliyini» Eçmiədzin kilsəsi, erməni lobbisi tərəfindən yığılan pullar hesabına təsdiqləyən parlamentarilər növbəti dəfə kar, kor olduqlarını qərəzli qətnaməni qəbul etməklə təsdiqlədilər.
Eyni ərazidə yerləşən respublikalarda baş verən hadisələri fərqli baxışdan dəyərləndirən AP-nin gözlərinin qabağında, Fransada baş verən hadisələri də «görməməsi» bu təşkilatın bivec üzvlərdən ibarət formalaşdığını göstərir. Bu kimi antidemokratik mövqeyin nəticəsidir ki, Böyük Britaniyanın ardınca Almaniya, Fransa kimi dövlətlər də Avropa təşkilatlarında təmsil olunmaq istəmirlər. Dünya siyasətini çək- çevir, ələk-fələk edən ikili standartların söz sahibi olduğu, beynəlxalq hüqüqu arxa plana dirədiyi, bütün dövlətləri biri-birinə vurduğu bir zamanda münaqişələrin həlli ilə məşğul olmaq əvəzinə kimlərinsə maraqlarını müdafiə edərək vəziyyəti daha da gərginləşdirən avropalı «demokratların» hadisələrə ədalətli dəyər vermək missiyası əslində antidemokratik meyarları əks etdirir. Qitə dövlətlərində məskunlaşan mühacirlərlə qeyri-insani rəftar edənlərə, terrorçulara dəstək göstərilir. Yəni, Avropa Parlamentinin iç üzü budur.
Avropa Parlamenti kimi ermənipərəst qurumların qərəzli qətnamənin heç bir əsasının olmadığını bildirən Prezident İlham Əliyevin qətiyyətli sözləri həqiqəti əks etdirir: «Bizim üstünlüyümüz ondan ibarətdir ki, həmişə öz yolumuzla gedirik, öz siyasətimizi aparırıq, heç kimin sözü ilə oturub-durmuruq. Ona görə bu gün Azərbaycanda inkişaf və sabitlik var. Bəzi insanlar bu gün də belə deməkdə davam edirlər ki, biz harasa inteqrasiya etməliyik. Bəlkə özləri də dərk etmirlər ki, bu, nə deməkdir. Biz hara lazımdırsa, artıq ora inteqrasiya etmişik. Bu gün Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarda çox böyük rol oynayır və böyük rəğbət qazanıbdır. Ancaq biz hara inteqrasiya etməliyik? Bəziləri deyirlər ki, kiminsə xoşuna gəlmək üçün, yaxud da ki, donor pullarını əsaslandırmaq üçün biz Avropaya inteqrasiya etməliyik. Sual olunur, biz hansı Avropaya inteqrasiya etməliyik? Bax, bugünkü Avropa göz qabağındadır. Özləri etiraf edirlər, Avropa İttifaqının ən böyük rəhbərləri etiraf edirlər ki, indi Avropa məkanında dərin böhran yaşanır. Biz oramı inteqrasiya etməliyik, böhranamı inteqrasiya etməliyik?! «Müsəlmanlara stop» deyənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlman qaçqınlara ikili standartlar tətbiq edənlərəmi inteqrasiya etməliyik?! Biz müsəlmanları qəfəsdə saxlayanlaramı inteqrasiya etməliyik?! Bax, sual bundan ibarətdir və biz bunların hamısını deyirik. Ona görə də bəzi hallarda bizə qarşı təzyiqlər də olur, kampaniyalar da aparılır, müxtəlif iftiralar da uydurulur. Bax, biz bu reallığı bilməliyik.»
Buna baxmayaraq qarşılıqlı tərəfdaşlığa, hörmət və ehtirama sadiq qalan Azərbaycan Avropa İttifaqına üzv dövlətlərlə strateji tərəfdaşdır. Avropa Şurası Parlament Assambleyasındakı deputatların əksəriyyəti ölkəmizə qarşı ədalətsizlikləri, ikili standartları etiraf edirlər.
Amma əməkdaşlıqla inteqrasiyanı, təsir və təzyiqi qarışdıranlar əməllərinə beynəlxalq hüquq normaları əsasında yanaşıb, vicdanlarının səsinə qulaq asaraq bəyanatlara imza atsalar onda qazanan əsl demokratiya olar. «Azərbaycan xalqı heç vaxt imkan verməz ki, xaricdən idarə olunan qruplaşma ölkəmizdə hansısa mövqeyə sahib olsun. Biz bundan sonra da demokratik inkişafla bağlı səylərimizi artıracağıq, gələcək fəaliyyətimizdə də bu istiqamət önəmli yer tutacaqdır.» Bu sözlər də Prezident İlham Əliyevin ikili standartlardan yararlananları ədalətə çağırışıdır
Xuraman İsmayılqızı, «İki sahil»
Möhtəşəm ruh, inanılmaz əzm: Qarabağ və Şərqi Zəngəzur dirçəlir, çiçəklənir...