29 yanvar 2019 10:22
619

Prezident İlham Əliyev: Biz daha da güclü olmalıyıq

Dövlətimizin başçısı Çinin CGTN televiziya kanalına müsahibəsində bir daha bu reallığı diqqətə çatdırmışdır ki, beynəlxalq hüquq normalarının arxa plana keçdiyi dünyada güc əsas amilə çevrilib

Hər bir beynəlxalq əhəmiyyətli tədbir ölkələrin malik olduğu imkanların təqdimatına öz töhfəsini verir. 110 ölkədən 3 mindən çox iş adamını, siyasətçini, elm və vətəndaş cəmiyyəti nümayəndəsini bir araya gətirən Davos İqtisadi Forumunun sayca 49-cu toplantısı müzakirəyə çıxarılan “Qloballaşma 4: Dördüncü sənaye inqilabı dövründə yeni infrastrukturun formalaşdırılması” mövzusuna uyğun olaraq digər ölkələr kimi, Azərbaycanın da bu istiqamətdə hansı yeniliklərə, təkmilləşməyə imza atdığına işıq saldı.

Əsas diqqət çəkən məqamlardan biri Davos İqtisadi Forumu çərçivəsində dövlətimizin başçısı İlham Əliyevin Çinin CGTN televiziya kanalına müsahibəsi, ən əsası jurnalistin ölkəmizin ayrı-ayrı sahələrdə uğurlarının yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə nə kimi təsir göstərə biləcəyi ilə bağlı sual və verilən cavabdır. “Cənab Prezident, bilirəm ki, hətta indi digər çağırışlarla yanaşı, sizin ölkəniz müəyyən ərazi mübahisəsi ilə üz-üzə qalıb. Əlaqəlilik, infrastruktur, daha yaxşı mühitin qurulması və iqtisadiyyatın insanlarla alyansı Sizə bu problemi çözmək üçün fürsət tapmağa imkan verəcəkmi” sualına cavab olaraq cənab İlham Əliyev bu əminliyi ifadə etmişdir ki, bu bizim iyirmi ildən artıqdır işğal altında qalan torpaqlarımızın azad edilməsi üçün ən effektiv yollardan biridir. Müstəqilliyimizin ilk illərində Ermənistanın təcavüzünə və işğalına məruz qaldıq. Bunun nəticəsində torpaqlarımızın 20 faizi işğal altında, bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətindədir. BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən və iyirmi beş il bundan əvvəl qəbul olunan dörd qətnaməsinə baxmayaraq, onlar icra olunmur. Buna görə də hədəfimiz olan ərazi bütövlüyümüzün bərpa edilməsi və bir milyondan artıq insanın evlərinə qayıtması üçün daha güclü, daha uğurlu və daha effektiv olmalıyıq: “Buna görə də özümüzü təminetmə, öz resurs və ehtiyatlarımıza arxalanma siyasətimiz artıq bizi uğura aparır. Biz indi yaşayış standartlarını artırırıq, bizim yaxşı beynəlxalq nüfuzumuz var. Qeyd etdiyim kimi, biz demək olar ki, 250 milyard dollar investisiya cəlb etmişik. Biz hərbi potensialımıza çoxlu sərmayə yatırmışıq və öz qonşularımızla çox uğurlu əməkdaşlıq formatını yaratmışıq. Beləliklə, torpaqlarımızın işğalını davam etdirən ölkə bütün bunları qiymətləndirməlidir. Başa düşməlidir ki, onlar da bu böyük əməkdaşlıq formatının bir tərəfi ola bilərdi, yəni, enerji, neft-qaz, nəqliyyat, bağlılıq layihələrindən asılı olub-olmayaraq. Bütün bu layihələr onlardan yan keçir, bir səbəbə görə: səbəb işğaldır. İşğala son qoyulsa, onda əlbəttə ki, bizim regionumuzda daha geniş beynəlxalq əməkdaşlıq və davamlı sülh olardı.”

Azərbaycanın əlverişli coğrafi mövqeyinin, ölkəmizdə hökm sürən dostluq və multikulturalizm mühitinin gələcəkdə də beynəlxalq münasibətlər sistemində yeri və roluna öz müsbət təsirini göstərəcəyini bildirən dövlətimizin başçısı bu mühüm məqamı da vurğulayır ki, Azərbaycan regionun mühüm enerji mərkəzinə çevrilib. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən qlobal enerji layihələri ölkəmizə çoxmilyardlı investisiyalar gətirib. Neft siyasətinin davamı kimi dəyərləndirilən qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımların uğurlu nəticələri göz önündədir. İqtisadi müstəqilliyi siyasi müstəqilliyin əsası kimi önə çəkən cənab İlham Əliyev diplomatik uğurlarımız sırasında Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini diqqətə çatdırır. 155 ölkənin dəstəyini qazanmaq böyük uğurdur. Təbii ki, bu dəstəyi düşünülmüş və məqsədyönlü siyasətimiz əsasında qazanmışıq. “Biz bundan sonra da beynəlxalq arenadakı rolumuzu fəal aparacağıq” söyləyən dövlətimizin başçısı İlham Əliyev xarici siyasətimizin önündə dayanan bu məqamı da diqqətə çatdırır: “Bizim bütün ölkələrlə qarşılıqlı hörmət və biri-birinin işinə qarışmamaq şərti ilə münasibətlərimiz qurulub. Bu münasibətləri biz möhkəmləndirəcəyik. Qonşu dövlətlərlə əlaqələrimiz daha da yüksək pilləyə qalxacaqdır. Mən buna əminəm. Çünki hazırda başladığımız və davam etdirdiyimiz iqtisadi və digər layihələr bunu deməyə əsas verir.”

Azərbaycanın Avropa ölkələri ilə münasibətləri yüksək səviyyədədir. Məlumdur ki, ötən il dövlətimizin başçısı İlham Əliyevin Belçikaya rəsmi səfəri çərçivəsində Avropa İttifaqı ilə “Tərəfdaşlığın prioritetləri” adlı sənəd imzalandı. Avropa İttifaqına üzv ölkələr Azərbaycanın əsas ticarət tərəfdaşları, investorlardır. Bu ölkələrlə siyasi, iqtisadi, enerji sahələrində əlaqələrimiz çox yüksək səviyyədədir. Ölkəmiz üçün də bu əməkdaşlıq çox önəmlidir. Dövlətimizin başçısının vurğuladığı kimi, çünki Azərbaycan müasirliyə gedən yoldadır.Ölkəmiz inkişaf etməli, ən qabaqcıl standartları milli dəyərlərimizə uyğun olan şərtlə tətbiq etməlidir. Bu çağırış da səsləndirilən tələblər sırasındadır ki, həmişə dünyaya açıq olmalıyıq.

Ölkəmizin beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyəti də təqdirəlayiqdir. Bütün mötəbər beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin mövqeyini dəstəkləyir. BMT, ATƏT, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər təşkilatlar münaqişə ilə bağlı mövqeyimizi dəstəkləyən qətnamələr, qərarlar qəbul etmişlər. Beləliklə, problemin nizamlanması üçün siyasi, hüquqi əsaslar mövcuddur. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır. Heç bir ölkə bu qondarma qurumu tanımayıb. Azərbaycanın mövqeyinin real həqiqətlərə, tarixi əsaslara söykəndiyini qeyd edən dövlətimizin başçısı İlham Əliyev daim bildirir ki, biz hücum kampaniyasını uğurla davam etdiririk. Erməni yalanlarına qarşı həqiqətlərimizi, siyasətimizi qoymaqla dünyaya reallıqlara real gözlə baxmağa çağırış edirik.

Azərbaycanın bu uğurlarına söykənərək səsləndirilən “Beləliklə, cənab Prezident, iqtisadi gücün və ölkənizin beynəlxalq arenada nüfuzunun artmasının Sizə bu problemin həllində kömək edəcəyinə inanırsınızmı” sualı ölkə Prezidenti İlham Əliyev tərəfindən belə cavablandırılmışdır: “Tamamilə belədir. Biz nəticələri görürük, biz müsbət dinamikanı görürük və səmimi desəm görürük ki, beynəlxalq təşkilatların qətnamələri icra olunmur və buna görə cəza olmur. Dünyada aparıcı beynəlxalq təşkilat olan BMT Təhlükəsizlik Şurası münaqişə ilə bağlı qətnamə qəbul edir, lakin münaqişə həllini tapmır, qətnamələr icra olunmur. Buna görə də biz əlbəttə ki, beynəlxalq hüquqa arxalanmalıyıq, lakin, eyni zamanda, biz daha güclü olmalıyıq. Biz iqtisadi cəhətdən daha güclü olsaq, biz siyasi cəhətdən də daha güclü olacağıq. Biz milli maraqlarımıza əsaslanan müstəqil xarici siyasət yürüdə biləcəyik.”

Siyasətində müstəqil olduğunu atdığı hər addımında təsdiqləyən Azərbaycan dövlətinin işğalçı Ermənistandan da tələbi budur ki, formal müstəqilliyindən əl çəkib münaqişənin həllində öz konkret mövqeyini ortaya qoysun. Dünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin görüşü qeyri-rəsmi xarakter daşısa da, bir sıra məqamlara aydınlıq gətirdi. Ermənistan baş nazirinin əvvəlki “çağırışı” ilə bugünkü durumu arasında nə kimi fərqin olduğunu geniş şərh etməyə ehtiyac yoxdur. Belə ki, aciz vəziyyətdə durumuna diqqət yetirmək kifayətdir.

Bu faktor Azərbaycan dövlətinin diplomatik uğuru kimi dəyərləndirilməlidir. Xatırladaq ki, Paşinyan və onun komandası Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimi tərəf kimi danışıqlara cəlb etmək istəyini ortaya qoymuşdur. Bu cəhdlər reallıqlarımız fonunda süquta uğradı. Rəsmi Bakı  danışıqların yalnız Ermənistan və Azərbaycan arasında aparılacağını bəyan etdi. Davos İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti ilə Ermənistan baş naziri arasında baş tutan qeyri-rəsmi görüş bir daha dünyaya bu mesajı çatdırdı ki, danışıqların başqa formatı ola bilməz.

Bu ümumiləşdirməni apara bilərik ki, dünyanın nüfuzlu məkanlarında Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması məsələsinin müzakirəsi ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunun təsdiqi, ən əsası ölkə Prezidenti İlham Əliyevin “Bu gün əfsuslar olsun ki, dünyada beynəlxalq hüquq normaları arxa plana keçibdir. İndi güc amili əsas rol oynayır. Kim güclüdür, o da haqlıdır. Biz daha da güclü olmalıyıq. Biz ölkəmizi gücləndiririk. Uzun illər iqtisadi islahatlarla, - burada digər amillər də rol oynayır, - hərbi potensialın möhkəmləndirilməsi ilə məşğuluq. Biz daha da güclü olmalıyıq. Həm siyasi, həm iqtisadi, həm hərbi gücümüz daha da artmalıdır” fikirlərinin təsdiqidir. Daim vurğulandığı kimi, işğalçı Ermənistan bu gün heç bir sahədə Azərbaycanla rəqabət aparmaq imkanında deyil. Günbəgün güclənən Azərbaycanın uğurları fonunda Ermənistanın acizliyi, zəifliyi daha aydın görünür.

Yeganə Əliyeva, “İki sahil”